Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirilib

    3 Dekabr Beynəlxalq Əlillər günü münasibətilə eşitmə məhdudiyyətli uşaqlar üçün inkluziv kukla teatrı tamaşası təşkil olundu. Nağılçı və bloqqer Aytac Qəmbərovanın səhnələşdirdiyi tamaşa həm eşitmə və nitq məhdudiyyətli uşaqlar, həm də tədbirə qoşulan digər uşaqlar tərəfindən böyük maraqla izlənilib. Jest dili pedaqoqunun iştirakı ilə baş tutan tədbirdə 50-dən çox uşaq yer alıb. Tədbirin əsas məqsədi əyləncə və sosiallaşma yolu ilə uşaqlara qarşılıqlı qayğı hissini aşılamaq olub. Tamaşa “Libraff” kitab mağazasının uşaq oxu zalında keçirilib.

    Qeyd edək ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətidir. “Bu Dünyanı Nağıl Edək” layihəsi çərçivəsində baş tutan tamaşanın video çarxı bütün uşaqların izləməsi üçün jestdili.az saytında yerləşdiriləcək.

    Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

  • Bakının Fərid Ələkbərov küçəsinin bir hissəsi təmir edilir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Fərid Ələkbərov küçəsinin Ələsgər Ələkbərov küçəsindən Mətbuat prospekti ilə kəsişməsinə qədər olan 565 metr uzunluğa malik hissəsini təmir edir.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yeni asfalt-beton örtüyü döşənir, köhnə səki daşları yenisi ilə əvəz edilir. Küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da nəzərdə tutulub. Sonda küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunacaq.

    Bu il rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçə təmir edilib.

  • “SOCAR Petroleum” Sumqayıtda yeni YDM istifadəyə verib

    Sumqayıt şəhərində “SOCAR Petroleum” QSC-yə məxsus yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

    Reportun “SOCAR Petroleum”a istinadən verdiyi məlumata görə, yeni açılan YDM ilə birlikdə ölkə ərazisində “SOCAR” brendli YDM-lərin sayı 44-ə çatdırılıb.

    Şirkət nümayəndələrinin iştirak etdiyi açılış tədbirində “SOCAR” brendi altında fəaliyyət göstərən YDM şəbəkəsinin aktiv şəkildə genişləndiyi vurğulanıb, yeni YDM-in Sumqayıt şəhərində artan tələbatın və təkliflərin nəzərə alınmaqla istifadəyə verildiyi qeyd edilib.

    YDM-lərin ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyi, bu xüsusda Sumqayıt şəhəri, Sülh küçəsi və Koroğlu prospektinin kəsişməsində yerləşən yeni məntəqədə 29 yeni iş yerinin yaradıldığı diqqətə çatdırılıb.

    Daha sonra tədbir iştirakçıları YDM-in strukturu, burada yaradılan şərait və tətbiq olunan müasir avadanlıqlarla tanış olublar.

    Türkiyə istehsalı olan son model yanacaqpaylayıcı kalonkaların quraşdırıldığı məntəqədə ümumilikdə 6 yanacaqpaylayıcı kalonka istifadəyə verilib. "Aİ-92", “Premium”, “Super” və “Dizel” tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi YDM-də nağdsız satış üçün POS-terminallar fəaliyyət göstərəcək.

    Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalına və şəbəkəsinə sahib olan “SOCAR Petroleum” ekoloji baxımdan əlverişli olan CNG yanacağının satışında ölkə üzrə liderdir. Şirkətin starateji inkişaf planı və müştəri məmnuniyyəti nəzərə alınaraq gələcəkdə YDM-lərin sayının artırılacağı gözlənilir.

  • “Qarabağın dünəni, bu günü, sabahı”: Şuşanın təbiəti

    “Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşanın təbiətinə həsr olunub.

    Təqdimatda şəhərin təbiəti haqqında ətraflı məlumat verilir.

    Şuşanın təbiəti, əsrarəngiz mənzərəsi, möhtəşəmliyi ilə insanları heyran edir. Şuşanın dağları, bu yerlərin gözəlliyinə rəng qatan flora və faunası həyat mənbəyidir.

    Təbiətin yaşıl “ciyəri” adlandırılan bu meşələr, yaşıllıqlar quşların sığınacaq yeri, insanların mənalı istirahət guşəsi, qələm və fırça ustalarının ilham mənbəyidir.

    Ərazisinin 20 faizə qədəri meşə zolaqları ilə örtülən Şuşanın flora və faunası olduqca zəngindir. Sanki ana təbiət bu torpaqlardan heç nəyini əsirgəməyib, yeraltı sərvətləri tükənməz xəzinə olduğu kimi, yerüstü sərvətləri də canlı və zəngin təbiət muzeyidir.

    Bu ərazidə ən yüksək zirvə 2725 metr hündürlüyündə olan Qarabağ dağ silsiləsinə aid Böyük Kirs dağıdır. Keçəldağ aşırımı da Şuşa rayonunun inzibati ərazisinə daxildir. Burada müxtəlif növ bitki və ağaclar, Turşsu və Şırlan kimi keyfiyyətli mineral su mənbələri var. Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir.

    Burada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16-19 dərəcə, illik yağıntı isə 700-800 mm olur. Rayon ərazisindən məşhur Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür.

    Şuşanın şimal-şərqində Qarabağ dağ silsiləsinin yamacında yerləşən Çaxmaq meşəsi də bu diyarın nadir sərvətlərindəndir. Kirs, Şırlan, Armudlu, Əylis, Çınqıllı, Quşçular, Malıbəyli meşələri, Zarıslı və Xəlifəli çayları boyu uzanıb gedən, dağların ətəklərinə qədər geniş bir sahəni əhatə edən meşələr bu yerlərin əvəzsiz bəzəyi kimi göz oxşayır.

  • Beynəlxalq Muğam Mərkəzində poeziya gecəsi - “Sözün melodiyası - Keçmişə səyahət”

    Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində “Sözün melodiyası - Keçmişə səyahət” adlı poeziya gecəsi təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, gecədə piano ifaçıları Ülviyyə Kazımova və Nərmin Rzayevanın, həmçinin tarda İsmayıl Zülfüqarov, kamançada Mədinə Şahgəldiyevanın müşayiəti ilə bədii qiraətçi Hüseynağa Aslanov çıxış edəcək.

  • Şəki Xan məscidi-qəbiristanlıq kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub

    Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi-qəbiristanlıq kompleksində aparılmış bərpa işləri ilə tanış olublar.

    Report xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • "Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Dünya İrs siyahısına salınıb

    "Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

    “Report” təşkilatın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.

    Bu nominasiya Azərbaycan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və Qazaxıstan tərəfindən irəli sürülüb.

  • Azərbaycanın zorxana idman növü UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

    Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

    “Report” xəbər verir ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.

    “Bu mədəni irs idmançılar tərəfindən nəsildən-nəslə ötürülən ənənəvi fiziki məşqlərin müxtəlifliyinə aiddir”, - Azərbaycanın UNESCO yanında Nümayəndəliyinin tviter səhifəsində məlumat verilib.

  • Məşhur gülüş ustasının yeni macəraları - “Recep İvedik 7”də

    Komediya ustası Şahan Gökbakarın səbirsizliklə gözlənilən yeni filmi “Recep İvedik 7” üçün geri sayım başlayıb. Çəkilişləri Türkiyənin məşhur Ayvalık bölgəsində baş tutan "Recep İvedik 7"nin treyleri yayımlanıb.

    AZƏRTAC xəbər verir ki, rejissor Şahan Gökbakar rəqəmsal platformada yayımlanacaq yeddinci filmi şəhər həyatından yorulan və kəndə getməyə qərar verən Recep İvedikin macəralarından bəhs edir. Ekran işində Rəcəb İvedik şəhər həyatının xaosundan və iqtisadi şəraitdən bezir və bunun çarəsi kimi ən yaxın dostu Nurullahla nənəsindən miras qalan kəndə getməyə qərar verir. Bununla da Recep İvedikin kəndlilərlə həyəcanlı və gülməli macəraları başlayır.

    Yeni bir macəra ilə izləyicilərə təqdim olunacaq film dekabrın 9-da “Disney Plus” platformasında nümayiş olunacaq.

  • Unudulmayan nəğmələr...

    Heydər Əliyev Sarayında təntənəli konsert proqramı - "Şövkət Ələkbərova 100"

    Bakı, 1 dekabr, Emil Məlikov, AZƏRTAC

    Elə bir ev yoxdur ki, orada Şövkət Ələkbərovanın mahnıları səslənməsin. Hər sənətkar oxuduğu mahnıya öz imzasını qoya bilmir. Onun ifasında səslənən hər bir muğam və mahnı Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrilib. İnsanlar indi də bu qüdrətli sənətkarın oxuduğu “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamları, Azərbaycan bəstəkarlarının “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran”, “Dərələr” mahnısını unutmurlar və sevərək dinləyirlər. Elə bu mahnıların sehri və xalqın Şövkət xanıma olan sonsuz sevgisinin göstəricisi idi ki, Heydər Əliyev Sarayına üz tutanlar çoxluq təşkil edirdi.

    AZƏRTAC xəbər verir ki, dekabrın 1-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli ifaçı, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş “Şövkət Ələkbərova 100” adlı xatirə gecəsi keçirilib.

    Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, eləcə də Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin instrumental ansamblının müşayiəti ilə tanınmış və gənc müğənnilər Şövkət Ələkbərovanın repertuarından mahnılar ifa ediblər.

    İfaları dinlədikcə bir daha əmin olursan ki, milli ifaçılıq ənənələri əsasında öz məktəbini yaratmış Şövkət Ələkbərova mahnı janrının ustadı, peşəkar vokalçı olmaqla yanaşı, həm də mahir pedaqoq olub. O, gənc ifaçılar nəslinin yetişdirilməsi işinə bütün səy və bacarığını sərf edib. Azərbaycanın bir çox tanınmış müğənniləri məhz Şövkət məktəbinin yetirmələridir, onun zəngin təcrübəsindən bəhrələniblər. Bu gün bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.