Bakı Limanının II fazası ilə bağlı texniki-əsaslandırma işləri gələn ortalarına qədər başa çatdırılacaq.
Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib.
“I faza ilə bağlı işləri Niderland şirkəti görmüşdü, II faza da ona həvalə edilib. Limanın Baş Planına görə, onun 2 fazadan ibarət inkişaf strategiyası var. Birinci fazasının 15 milyon ton yük, 100 min konteyner ötürmə qabiliyyəti var. Son hadisələrdən sonra konteynerlə yüka şırılmasında ciddi artım müşahidə edilir. 30 %-dən çox artım var. Bu tendensiya davam etdiyi halda I faza kifayət etməyəcək. Ona görə də, Prezident İlham Əliyev müvafiq tapşırıqlar verib və II faza üçün hazırlıq prosesi gedir. Gələn ilin ortalarına qədər ikinci fazanın hansı formada olması müəyyən olacaq və bundan sonra, onun işlədilməsi ilə bağlı qərarlar qəbul ediləcək. Bakı Limanından 25 milyon tona qədər yük aşırıla biləcək. İlkin təxminlərə görə, II fazadan sonra illik 500 min konteyner Bakı Limanından keçə biləcək”, - deyə o qeyd edib.
Xatırladaq ki, Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon ton olub. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.
Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini artırır və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanının cəlbediciliyini artır. Hazırda Liman, gələn yük həcmini qarşılamaq imkanında olsa da, yaxın gələcəkdə bu həcmin daha çox artacağı ilə bağlı real proqnozlar, ikinci fazanın tikintisinə qısa zamanda başlanılmasını zəruri edir.
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Report xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu il Bakının Nərimanov rayonu üzrə 7,6 kilometr uzunluğunda 7 küçə təmir edib.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, bu çərçivədə Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Xətai prospektinə qədər olan 350 metr vəTəbriz küçəsindən Aşıq Alı küçəsinədək olan 284 metrlik hissələri, Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinədək olan və Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən ümümi uzunluğu 1,5 kilometr olan hissələri, uzunluğu 1 830 metr təşkil edən Müzəffər Nərimanov, 476 metr uzunluğa malik Ülvi Bünyadzadə, 340 metr uzunluğunda olan Tələt Şıxəliyev, 1 620 metr uzunluğa malik Məsud Əlizadə, uzunluğu 1 230 metr təşkil edən Əliəşrəf Əlizadə küçələri əsaslı şəkildə təmir olunub.
Ötən il rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.
Nazirlər Kabineti "Goranboy şəhərinin 2039-cu ilədək inkişafına dair Baş planı”nı təsdiq edib.
Report xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərar “Goranboy şəhərinin 2039-cu ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli qanunun tətbiqi barədə” ölkə prezidentinin 4 sentyabr 2012-ci il tarixli fərmanının 4.2-ci bəndinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin isə bununla bağlı yaydığı məlumatda deyilir ki, yeni sənədi qurumun sifarişi ilə “Integris" MMC hazırlayıb. Şəhərin Baş planı layihələndirilərkən şəhər sakinlərinin iş yerləri, rekreasiya əraziləri və yaşayış sahələrinə tələbatının təmin edilməsi prioritet götürülüb.
Planlaşdırma sənədinin hazırlanma mərhələsində şəhər üzrə demoqrafik göstəricilər təhlil edilib, əhali sayının mövcud 10,5 mindən hesabat dövrü ərzində 12,6 min nəfərə qədər artacağı proqnozlaşdırılıb. Əhalinin artımına uyğun olaraq yaşayış fondunun 305,4 min m2-dən 478,8 min m2-dək artırılması təklif edilir.
Həmçinin şəhərin inkişafına uyğun olaraq küçə və yolların uzunluğunun mövcud 116,65 km-dən 158,57 km-dək artırılması, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Sənəddə şəhər əhalisinin məşğulluq imkanlarının artırılması üçün ümumşəhər əhəmiyyətli magistral küçələri boyunca ümumi sahəsi 77,2 ha olan ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır.
Hazırda əhalinin səhiyyə və təhsil müəssisələri ilə təminat səviyyəsi qənaətbəxşdir. Baş plan layihəsi ilə hesabat müddəti ərzində əhalinin artımı nəzərə alınmaqla yeni sosial yönümlü obyektlərin yerləşdiriləcəyi ərazilər müəyyən olunub.
Goranboy şəhərinin Baş plan layihəsi ilə rekreasiya ərazilərinin sahəsinin 67,3 ha-dan 203,3 ha-dək qədər artırılması təklif edilir. Bu ərazilər əsasən şəhərin şimal-qərb sərhədindən keçən Gorançayın sahili boyunca olan sahələrdir.
Baş plan layihəsi ilə ərazi üzrə külək rejimi nəzərə alınmaqla sənaye zonasının şəhərin şərq hissəsində, M-2 respublika əhəmiyyətli avtomobil yoluna çıxışı olan ərazidə layihələndirilib. Bu zonada əsasən yüngül sənaye müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (İB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şuşa İli”nə həsr olunan “270-ci səhifə” adlı sənədli filmi ərsəyə gətirib.
İB-dən AZƏRTAC-a bildirilib ki, əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək olan sənədli filmdə Şuşada işğal vaxtı ermənilər tərəfindən dağıdılmış mədəniyyət abidələri, məktəblər və tədris mərkəzləri, eləcə də bu şəhərdə mövcud olmuş mədəni mühit və milli irsimiz barəsində ətraflı söz açılır. Filmin adı Qarabağımızın mirvarisi Şuşa şəhəri bu il 270 yaşını qeyd etdiyinə görə rəmzi olaraq “270-ci səhifə“ adlanır. Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır. Yaradıcı heyət film boyu sanki bu kitabı vərəqləyir.
Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edir. Filmdə azad olunandan sonra gözəl Şuşanın artıq dirçəldilməsindən də bəhs olunur.
Ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.
Qeyd edək ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin “Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” adlı layihəsi bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olub. “270-ci səhifə“ adlı film bu layihə çərçivəsində hazırlanıb. Filmin tezliklə həm yerli ictimaiyyətə, həm də xarici dillərdə beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur.
Azərbaycanın turizm potensialı Özbəkistanın Daşkənd şəhərində keçirilən “Daşkənd Beynəlxalq Turizm Sərgisi – TİTF 2022”də tanıdılır.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə sərgidə ölkəmizin turizm imkanları, xüsusilə müalicəvi və sağlamlıq turizm potensialı təbliğ olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “İpək Yolu turizmi” mövzusuna həsr edilmiş sərginin ilk günündə baş tutmuş plenar sessiya zamanı Agentlik sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın turizm sahəsindəki bu günədək olan təcrübələr və gələcək planlar haqqında təqdimatla çıxış edib.
Dekabrın 2-dək davam edəcək sərgidə Özbəkistandan olan turizm şirkətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün B2B (Biznesdən biznesə) görüşlər təşkil olunur, Azərbaycanın turizm məhsulları, müalicəvi kurortlar və hotellər haqqında məlumat verilir.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.
YARAT Müasir İncəsənət Mərkəzində türk rəssam Nezaket Ekicinin iştirakı ilə “Qısa, lakin intensiv” adlı performans üzrə ustad dərsi keçirilib.
Bu barədə AZƏRTAC-a YARAT-dan bildirilib.
Dərslər zamanı rəssam, bəzi əsərlərini performansın fraqmentləri kimi nümayiş etdirib və iştirakçılarla birgə çıxış edib. Performansda diqqət konsentrasiyası üzrə tapşırıqlar iştirakçılara məkanda mövcudluğu inkişaf etdirməyə kömək edib. İştirakçılar öz bədənlərinin köməyi ilə diqqət konsentrasiyasını artırmaq və onu hərəkətə çevirməklə bağlı strategiyaları öyrəniblər.
Nezaket Ekici Berlin, Ştutqart və İstanbulda yaşayır və fəaliyyət göstərir. Lüdviq Maksimilian Universitetində incəsənət təhsili üzrə magistr dərəcəsinə yiyələnib, eyni zamanda, Təsviri İncəsənət Akademiyasında heykəltaraşlıq üzrə incəsənət təhsili alıb. O, 4 qitənin 60-dan çox ölkəsində 300-dən çox performans əsəri təqdim edib. Braunşveyq Təsviri İncəsənət Universitetində Marina Abramoviçdən performans sənətini öyrənən Nezaket Ekici öz çıxışları ilə fiziki baxımdan mümkün olan sərhədləri aşır. Onun performans və instalyasiya kimi təqdim olunan əsərlərində yerdəyişmə, məkan, material, vücud, hərəkət, qarşılıqlı təsir kimi cəhətlər mühüm rol oynayır.
“Şuşa İli” çərçivəsində tədbirlər planına uyğun olaraq, mədəniyyət müəssislərində təşkil edilən tədbirlər davam edir.
Bu məqsədlə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində respublikanın ali təhsil müəssisələri, elmi təşkilatları və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Milli mədəniyyətimizin Şuşa salnaməsi” adlı elmi-praktiki konfrans keçirilib.
Bu barədə Azərbaycan Dövlət Teatr Muzeyindən AZƏRTAC-a bildirilib.
Konfransda muzeyin direktoru Sevinc Milkayılova çıxış edərək, mövzunun aktuallığından və əhəmiyyətindən danışıb. Ardınca Qarabağ və Şuşa mövzusuna aid muzey eksponatları əsasında hazırlanmış videoçarx izlənilib.
Konfransda sənətşünaslıq doktoru, professor Aydın Talıbzadə “Dilin tanıtdığı müqəddəs Şuşa - semantik rekonstruksiya”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “Şuşa musiqiçilərinin irsi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin interpretasiyasında”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Mərziyyə Nəcəfova “Azad Şuşa obrazı - Vətənpərvərliyin və milli qürurun poetik ifadəsi”, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Zeynalova “Koroğlu, Qaçaq Nəbi və Osmanlı paşalarının obrazları Şuşada toxunmuş Qarabağ xalçalarında”, Xəzər Universitetinin müəllimi Mədinə Karahan “Əhməd bəy Ağaoğlu şəxsiyyət kimi”, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli “Qarabağda aşkarlanmış muzey sərvətlərində erməni saxtakarlığı”, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Quruçay mədəniyyəti və onun yayılma arealı”, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin böyük elmi işçisi Əli Abuzərov “Şuşa şəhərinin muzey turizmi potensialı” və digər mövzularda məruzələr dinlənilib.
Konfrans məruzələr ətrafında diskussiyalarla davam edib.
Azərbaycan Televiziyası - AzTV arxivindən uzun müddətdir işıq üzü görməmiş yeni kadrlar yayımlayıb.
Televiziyadan AZƏRTAC-a bildirilib ki, “AzTV Tarix” yutub kanalında yayımlanmış arxiv materiallarda Xalq şairi Məmməd Arazın unikal görüntüləri var. Görüntülər AzTV-nin 2006-cı ildə M.Arazın xatirə gününə həsr etdiyi “Məni şeirində gəz…” sənədli filmində yayımlanıb. Filmdə Azərbaycan Televiziyasının xalqımızın maddi-mənəvi sərvəti hesab olunan arxivinə müraciət olunub, Xalq şairinin müxtəlif vaxtlarda çəkilmiş kadrlarından istifadə olunub.
Sənədli filmdə Məmməd Arazın məşhur “Azərbaycan” şeiri səsləndirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bu istiqamətdə işlərə başlanılıb.
Azərbaycanın Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanla birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” nominasiyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.
AZƏRTAC UNESCO-nun rəsmi saytına istinadən xəbər verir ki, qərar bu gün Mərakeş Krallığının Rabat şəhərində keçirilən, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında verilib.