Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Jurnalistlər “CinemaPlus”da “Kendi Yolumda” türk komediyasını izləyiblər

    “28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinema Distribution” kompaniyasının dəstəyi ilə media nümayəndələri üçün “Kendi Yolumda” türk musiqili komediya filminin nümayişi keçirilib.

    Report xəbər verir ki, Ömer Faruk Sorakın rejissorluğunu etdiyi filmdə baş rollarda müğənni Gökhan Özoğuz, aktrisa Gökçe Bahadır və Ferit Aktuğ çəkilib.

    Filmin məzmununa gəlincə, Gökhan Özoğuz Adanada getdiyi təmir sexində ustanın şagirdi Ömər Əli ilə tanış olur. Ömər Əlinin ona dinlətdirdiyi mahnını bəyənir və ona bu işi atmamasını deyir. Zalım atası ilə işləyən gənc mexanik Gökhandan “Mənim kimi ailədə, mənim kimi təmirxanada doğulsaydın, Athena Gökhan olardın?” deyə soruşur. Gökhan bu sualdan təsirlənir və maşının təmirini gözləyərkən yuxuya gedir. Komediya və dram janrını birləşdirən film Gökhanın özünü Adananın çətin məhəllələrində böyüyən bir mexanikin şagirdi kimi gördüyü yuxu ilə davam edir.

  • Dağ yəhudilərinin Azərbaycan sevgisi “Peyğəmbər Yereminin göz yaşları”nda

    Almaniyanın Münhen şəhərində Yəhudi Mədəniyyət Mərkəzində “Peyğəmbər Yereminin göz yaşları” filminin təqdimatı olub.

    AZƏRTAC xəbər verir ki, Rüfət Əsədov və Vüsal Nazımoğlunun rejissorluğu ilə çəkilən film əslən Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin Azərbaycana olan məhəbbətindən bəhs edir.

    Təqdimat mərasimi Almaniyadakı Azərbaycan diasporunun fəallarından biri, əslən bakılı olan dağ yəhudisi Emin Salimov tərəfindən təşkil olunub.

  • Sazın böyük bilicisi

    Aşıq Kamandar Əfəndiyev sənətdə mogikan idi. O, bu sənətə sanki sirli bir aləmdən gəlmişdi, sənətdə öz sözünü dedi və sonda yenə də gəldiyi yerə döndü. Aşıq Kamandar sazın böyük bilicisi, böyük ifaçı idi. Nadir hallarda aşıqlar elə saz çala bilir. Yəni həm gözəl oxumaq və gözəl dastan danışmaqla yanaşı, həm də gözəl saz çalmaq hər aşığa qismət olan keyfiyyət deyil. O, çox gözəl saz çalmaqla yanaşı, həm də havalara özünəməxsus əlavələr edirdi. Məsələn, “Turacı” havası üzərində Aşıq Kamandar elə gözəl işlədi, elə əlavələr etdi ki, sonunda yeni hava yaratdı və adını da “Fəxri” qoydu. Mən hesab edirəm ki, Aşıq Kamandarın musiqi sahəsindəki fəaliyyəti ayrıca tədqiq olunmalıdır. Aşıq Kamandarın xidmətləri olduqca böyükdür, misilsizdir.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

    Xəzər Universiteti və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azad olunması uğurunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbirin aparıcısı, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ustad sənətkar Kamandar Əfəndiyevin ömür yolu haqqında qısa məlumat verib. Vurğulayıb ki, 1932-ci ildə Borçalıda – indiki Marneuli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn Aşıq Kamandar fitri istedadı sayəsində qısa müddətdə özünəməxsus bənzərsiz ifa tərzi ilə Azərbaycanda və bütün türk dünyasında sevilən sənətkara çevrilib. Öz sənəti ilə böyük el məhəbbəti qazanan Aşıq Kamandarın sənətdəki xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, o, Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb. Doğma yurdunda ev-muzeyi yaradılıb, büstü ucaldılıb.

    Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Aşıq Kamandar böyük ustad, unudulmaz və əvəzolunmaz sənətkar kimi xarakterizə edib.

    Tədbirin bədii hissəsində tanınmış və gənc aşıqların ifaları dinlənilib.

  • Yeni şeir kitabı – “Sunayın rəng dünyası”

    Uşaq yazarı Mehriban Nağıyevanın yeni şeir kitabı işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, "Sunayın rəng dünyası" adlı kitabda balaca oxucular üçün bir-birindən maraqlı şeirlər yer alıb. Bu kitab müəllifin sayca 13-cü kitabıdır. Rəngarəng şəkillərlə dolu kitabdakı rəsmlərin müəllifi isə 275 nömrəli tam orta məktəbin sinif şagirdi Sunay Salmandır. Sunay rəsm çəkməyi çox sevir. Sinif rəhbəri Mədinə Məmmədova Sunayın bu istedadını görərək maraqlı təşəbbüs irəli sürüb. O, bu şəkilləri toplayaraq uşaq yazarı Mehriban Nağıyevaya göndərib və Sunayla bərabər kitab hazırlamaq ideyasını irəli sürüb. Nəticədə uşaqlar üçün çox maraqlı bir kitab ərsəyə gəlib. Kitabda yer alan “Xarıbülbül”, “Zəfər nəğməsi”, “Sunayın rəng dünyası” və digər şeirlər balaca oxucuların marağına səbəb olacaq.

  • Mədəniyyət Nazirliyi təkzib edir: “Odda - İki bacı” filminə yayım vəsiqəsi verilməyib

    “Odda - İki bacı” filminə Mədəniyyət Nazirliyi tərəfindən yayım vəsiqəsi verilməyib. İstər nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

    “Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur. Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə, bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”, - deyə məlumatda qeyd olunur.

     

  • Ölkəmiz Minsk Beynəlxalq Milad Opera Forumunda təmsil olunacaq

    Dekabrın 13-dən 18-dək ənənəvi Minsk Beynəlxalq Milad Opera Forumu keçiriləcək. Belarusun Böyük Teatrı artıq 12-ci dəfə təşkil etdiyi sənət bayramı ilə klassik musiqi xiridarlarını sevindirəcək.

    AZƏRTAC xəbər verir ki, bir neçə ölkə təmsilçisinin, yaxın-uzaq ölkə teatrlarının qatıldığı Opera forumunda Azərbaycan sənətçiləri də iştirak edəcək.

    Dekabrın 14-də “Gelikon-opera”nın təqdim edəcəyi C.Puççininin “Turandot” operasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

    Dekabr 16-da isə səhnəyə Q.Donisettinin “Sevgi şərbəti” tamaşasında Sankt-Peterburq Mariinski Teatrının solisti Məhərrəm Hüseynov çıxacaq. O, tamaşada sərgərdan təbib Dulkamaranın partiyasını ifa edəcək. Qeyd edək ki, həmyerlimiz forumun qala-gecəsində də digər 6 ölkə təmsilçisi ilə eyni səhnəni bölüşəcək.

  • Azərbaycanla Venesuela arasında turizm körpüsü

    Azərbaycanlı turizmçilər Venesuelada “FITVEN 2022” turizm sərgisində iştirak edib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə 15 dövlətin səfiri, 9 diplomatik nümayəndəlik, 230 turoperator iştirak edib. Müxtəlif ölkələrdən olan hava yolları, hotellər, turizm şirkətləri də sərgiyə qoşulanlar sırasında olub.

    Ölkəmizi təmsil edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov və jurnalist Rəhim Qədirov səfər zamanı bır sıra görüşlər keçirib, yerli turizm şirkətləri ilə bir sıra razılığa gəliblər.

    Səfərin ilk günü Venesuela dövlət başçısı Nikolas Maduroya şəxsən ilk dəfə Azərbaycandan nümayəndə heyətinin sərgiyə qatılacağı barədə məlumat verilib. Ölkənin turizm naziri Ali Padron ilə bir neçə dəfə görüş baş tutub. 2023-cü ildə Azərbaycanı təmsil edən turizm şirkətlərinin Venesuelaya infoturunun təşkili barədə razılıq əldə olunub.

    Əhməd Qurbanov sərgidə müxtəlif stendlərin qarşısında Azərbaycan haqqında ətraflı məlumat verdiyini söyləyib: “Sərgini ziyarət edərkən 5 müxtəlif hava yolları şirkətinin nümayəndələri ilə görüşdük. Birbaşa və ya İstanbul və Moskva üzərindən uçuşları müzakirə etdik. Ən əsası, Azərbaycan-Venesuela arasında çarter uçuşları barədə danışıqlar apardıq. Bundan əlavə 6 ölkənin Turizm nazirliklərini təmsil edən yüksək vəzifəli məmurlarla görüşdük. Kubanın Turizm Nazirinin müavini və Kuba Turoperatorları Assosiasiyasının sədri ilə 2023-cü ilə dair planları müzakirə etdik. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin növbəti il Kubaya səfərlərinə dair ilkin razılıq əldə olundu. Azərbaycan-İordaniya arasında turizm əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində müzakirələrimiz oldu. Hondurasa, Cənubi Afrika Respublikasına və Seneqala dəvət aldıq”.

    Əhməd Qurbanov Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün həm hotellər, həm gediləcək yerlər, həm də Venesuelada fəaliyyət göstərən turoperatorlar barədə kifayət qədər məlumat topladığını, əlaqələr qurduğunu söyləyib.

    “Sərgiyə ziyarətçi qismində gələn onlarla yerli insanla Azərbaycan barədə söhbətlər apardıq. Mətbəximizi, qonaqpərvərliyimizi və doğma Bakımızı göstərdik”, - deyə Əhməd Qurbanov əlavə edib.

    Qeyd edək ki, “FITVEN 2022” turizm sərgisi Venesuelanın çimərliklərilə tanınan Anzoategi ştatında keçirilib.

  • Ölkəmiz “MDB ölkələrində Avrasiya mədəni irsi” adlı beynəlxalq konfransda təmsil olunur

    Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev “MDB ölkələrində Avrasiya mədəni irsi” adlı beynəlxalq konfransda ölkəmizi təmsil edir.

    Bu barədə AZƏRTAC-a Qobustan Milli Tarix-Bədii Qoruğundan məlumat verilib.

    Bildirilib ki, Özbəkistanda reallaşan konfrans çərçivəsində Vüqar İsayev “Qobustan qoruq-muzeyinin fəaliyyətində müasir tendensiyalar” mövzusunda təqdimatla çıxış edib.

    Qeyd edək ki, 8 ölkədən 50-dən çox nümayəndənin qatıldığı konfrans dekabrın 3-dək davam edəcək.

  • Mədəniyyət naziri Sumqayıtda vətəndaşlarla görüşəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 16-da saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Zülfü Hacıyev 53) Sumqayıt, Şuşa şəhərlərindən və Abşeron, Xızı, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

    Mədəniyyət Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar dekabrın 11-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

     

  • “Kədər üçbucağı” filmi nümayiş olunacaq

    Dekabrın 1-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Kədər üçbucağı” filmi nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, dram, komediya janrında çəkilmiş filmin rejissoru Ruben Estlunddur.

    Rolları Harris Dikinson, Çarlbi Din Krik, Vudi Xarrelson və başqaları canlandırır.

    Qeyd edək ki, film Azərbaycan subtitrləri ilə rus dilində göstəriləcək.