Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Ömər Faiq Nemanzadə – 150” adlı virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, fotolar, Ömər Faiq Nemanzadənin müəllifi olduğu əsərlər, eləcə də həyat və yaradıcılığı haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Omer_Faiq_Nemanzade_150/index.htm linkindən istifadə edə bilərlər.
Ömər Faiq Nemanzadə Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideyaların möhkəmlənməsində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. Ömər Faiq Nemanzadə türk xalqlarının gələcəyi üçün dərindən narahatlıq keçirən əsl vətənpərvər ziyalı idi. O, türk dünyasının bir ziyalısı kimi mənsub olduğu xalqın taleyini düşünürdü. Öz həmvətənlərini dünyanın azad, demokratik düşüncəli, yüksək elmə, maarifə və mədəniyyətə mənsub xalqları sırasında görmək istəyirdi. Ö.F.Nemanzadə bütün ömrü boyu türk dilinin təmizliyi və saflığı uğrunda mübarizə aparıb. O, millətin və xalqın tərəqqisində dilin önəmli bir məsələ olduğunu həmişə diqqət mərkəzində saxlayır, ziyalılarımıza səslənərək xalqın anlayacağı bir dildə yazmağın vacibliyini ön plana çəkirdi. Ədibin dil məsələsinə olduqca həssas və milli təəssübkeşliklə yanaşması bütövlükdə həm də “Molla Nəsrəddin” jurnalının ana dili ilə bağlı əsas ideoloji mübarizəsini özündə əks etdirirdi.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində milli kriptoqrafik alqoritmin yaradılması müzakirə edilib.
Report bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Dövlət Xidmətində İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri İlqar Musayev dünyada və regionda ümumi gərginlik, müharibələr fonunda informasiya təhlükəsizliyinin rolunu və əhəmiyyətini xüsusi vurğulayaraq dövlət qurumlarına olan kiberhücumların aidiyyəti qurumlarla birgə daima nəzarətdə saxlanıldığını, onların analiz edildiyini və qarşısının alınması üçün tədbirlər görüldüyünü qeyd edib.
Daha sonra informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan təkliflər; milli kriptoqrafik alqoritmin yaradılması, bu sahədə milli kadrların hazırlanması mexanizmləri, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması, onlardan hərbi xidmət müddətində sahə üzrə effektiv istifadə imkanları və mexanizmlərinin araşdırılması, eləcə də informasiya texnologiyaları sahəsində yeniyetmələr üçün təlim-tədris mərkəzlərin inkişaf etdirilməsi, riyazi-kripto analitika və proqram mühəndisliyi ixtisasları üzrə təhsil proqramlarının yenidən işlənilməsi, yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktiv edilməsi, bir sıra şirkətlərin telekommunikasiya həllərinin istismarının informasiya təhlükəsizliyinə təhdid kimi müxtəlif ölkələrdə məhdudiyyətlərin gətirilməsi faktlarını nəzərə alaraq Azərbaycanın kritik informasiya infrastrukturlarında belə şirkət həllərinin mövcud vəziyyəti və yaratdığı mümkün təhdidlərin qiymətləndirilməsi, dövlət qurumlarında informasiya təhlükəsizliyi biliklərinin artırılması üçün həyata keçirilən “Kibergigiyena” layihəsinin tətbiq sahəsinin genişləndirilməsi, cinayət-prosessual qanunvericiliyin “Kibercinayətkarlıq haqqında” beynəlxalq tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi, bir sıra elektron informasiya ehtiyatında “Fərdi məlumatlar haqqında” qanunun tələblərinin pozulması halları, BMT hesabatında Azərbaycanın mövqeyinin zəifləmə səbəbləri və müvafiq göstəricilərin inkişaf etdirilməsi, uşaqların zərərli informasiyadan qorunması məqsədi ilə provayderlərdə “təhlükəsiz internet” paketlərinin formalaşdırılmasının vacibliyi və təşviqi, informasiya texnologiyalarının tətbiqi ilə bağlı texniki şərtlərin hazırlanması, layihələrin, işlərin icrası, təhvil-təslimi üçün qəbul aktlarının nümunəvi formalarının hazırlanması, o cümlədən bir sıra xüsusi əhəmiyyətli informasiya təhlükəsizliyi məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Ro-Ro tipli “Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub.
Report ASCO-ya istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, mexanizmləri təmizlənərək rənglənib.
Həmçinin gəminin baş mühərrikləri, soyuducuları, nasosları və digər mexanizmləri təmir olunub, iki ədəd köməkçi mühərrik isə dəyişdirilib. Gəmidə gövdə-qaynaq, boruquraşdırma, avtomatika və elektrikquraşdırma işləri ilə yanaşı, köməkçi buxar qazanında və köməkçi qazanda təmir işləri həyata keçirilib.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir tip “İnmarsat-C” peyk rabitə terminalları, orta/qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, qəza radio mayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyaları, NAVTEKS cihazı, girokompas quraşdırılıb.
Bundan başqa, sərnişin kayutları, dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib. Sınaq üzüşündən uğurla çıxan “Bəstəkar Fikrət Əmirov” gəmisi artıq istismara qaytarılıb.
Təmirdən sonra gəminin ilk səfərinin “Türkmənbaşı” limanına həyata keçirilməsi planlaşdırlır.
Noyabrın 29–dan dekabrın 5–dək Moskva şəhərində MDB ölkələrinin 4–cü Beynəlxalq “Moskva premyerası” kino festivalı keçiriləcək.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev bu forumun keçirdiyi 4–cü kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.
Bu barədə AZƏRTAC-a ARKİ-dan bildirilib.
Qeyd edək ki, bu festivalın tarixi 2003–cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019–cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb.
Noyabrın 29-dan dekabrın 5-dək Rusiyanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalın proqramına Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistandan olan filmlərin, o cümlədən Azərbaycan və Rusiya-Azərbaycan istehsalı olan 5 filmin - “Bir cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “İstintaq”, “Qobelen”, “Alisanın bir günü” (qısametrajlı film) nümayişi daxildir.
Budəfəki festivala 11 ölkədən 120-yə yaxın iştirakçı və qonaq toplaşıb. Açılış mərasimi noyabrın 30-da saat 19.00-da “DomJur” kino mərkəzində təşkil olunacaq.
Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı 2003-cü ildən keçirilir. Festivalın birinci prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019-cu ildən bəri kinoforum beynəlxalq status alıb. “Moskovskaya premyera”nın vəzifəsi keçmiş SSRİ ölkələrinin vahid mədəniyyət və kinematoqrafiya məkanını inkişaf etdirməkdir.
Daha ətraflı məlumat əldə etmək üçün Festivalın “mpfest.ru” rəsmi saytına müraciət edə bilərsiniz.
Kitabxana işi üzrə aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalarda peşəkar insan resurslarının formalaşdırılması və əmək bazarında şəffaf rəqabətin yaradılması məqsədilə həmin müəssisələr üzrə vakant vəzifələrin tutulmasının müsabiqə əsasında həyata keçirilməsi qərara alınmışdır.
Test və müsahibə mərhələlərindən ibarət olan müsabiqə əsasında Nazirliyin sistemində olan kitabxanalara işə qəbul zamanı “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq hər bir vəzifənin əmək funksiyalarına dair müəyyən edilmiş normativlər üzrə həmin vəzifəyə iddia edən şəxslərin bilik səviyyəsinin və peşə hazırlığının, o cümlədən məntiqi təfəkkürünün və dünyagörüşünün yoxlanılması həyata keçiriləcəkdir.
Mədəniyyət Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə noyabrın 28-də Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak edib.
Test imtahanın nəticələri dekabrın 2-də namizədlərin iş nömrəsi və topladığı bal qeyd olunmaqla nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda, nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcək.
Məlumat üçün bildiririk ki, keçirilən test imtahanı üçün tərtib olunmuş sual kitabçası kitabxana işinə dair normativ hüquqi aktlar əsasında hazırlanmış 50 sualı özündə ehtiva edib.
Namizədlər Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 70 faiz (35 düzgün cavab), Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 60 faizi (30 düzgün cavab) və digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 50 faizi (25 düzgün cavab) müsbət nəticə əldə etməlidirlər.
Dekabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fuad İbrahimov, solist violin ifaçısı Ceyla Seyidova) çıxış edəcək.
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. R.Hacıyev həmçinin respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə də nüfuz qazanıb.
Qeyd edək ki, bəstəkarın 100 illiyi ölkə başçısının müvafiq Sərəncam ilə silsilə tədbirlərlə qeyd olunur.
Mədəniyyət naziri Anar Kərimov Mingəçevir şəhərində bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olduqdan sonra mədəniyyət işçiləri ilə görüş keçirib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri və nazirliyin məsul əməkdaşları iştirak ediblər.
Nazir çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyən etmək, mədəniyyət və incəsənət sahəsində çalışan şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda bu sahədə fəaliyyət göstərən insanların nazirlik tərəfindən aparılan islahatlara cəlb edilməsi, mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə vermələrinə nail olmaq da əsas vəzifələrdəndir.
Görüş zamanı Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar, nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlər, gələcək planlar barədə danışılıb, həmçinin yerlərdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.
Anar Kərimov qeyd edib ki, mədəniyyət işçiləri dövrün tələbləri, eləcə də nazirliyin qarşısında qoyulan vəzifələrə uyğun olaraq işlərində dönüş yaratmalıdırlar. Peşəkarlıq səviyyəsi və təşəbbüskarlığın olmağı mühitdə inkişafa nail olmaq çətindir. Qeyd edilən bu nüanslar daim diqqətdə saxlanılmalıdır.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Görüşdən sonra mərkəzin foyesində konsert proqramı təşkil edilib. Konsertdə Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin “Banu” rəqs qrupu “Zəfər” rəqsi, “Kamera” ansamblı “Aşıqsayağı”, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına Onbirillik Musiqi Məktəbinin müəllimlərdən ibarət vokal qrupu “Gülür ellər”, VIII “Muğam” Televiziya Müsabiqəsinin iştirakçısı Sabir Hüseynov "O xal nə xaldır", Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət “Xarıbülbül” xor kollektivi “Cənnətim Qarabağ” musiqi nömrələrini təqdim ediblər.
“TEAS Press” nəşriyyat evinin gənc yazıçılar üçün təşkil etdiyi roman müsabiqəsinin ikinci seçim mərhələsinin nəticələri bəlli olub.
Nəşriyyat evindən AZƏRTAC-a bildirilib ki, münsiflər heyəti ikinci mərhələnin qısa siyahısını müəyyənləşdirib. İlk beşliyə Əfrail Abbaszadənin “Mənguberdi”, Əşrəf Əşrəfovun “Gecənin ən qaranlıq anı”, Seymur Həmzəyevin “Nikolas Bonnet – Şərqə aparan hekayə”, Elay İsmayılovun “Günah kolleksioneri” və Pərvin İsmayılovun “Xanədan” əsərləri daxil edilib.
Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaq. Birinci yerin sahibinə 2000 (iki min) AZN məbləğində pul mükafatı veriləcək, müəllifin əsəri “TEAS Press” nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək. İkinci yerin sahibinə 1500 (min beş yüz), üçüncü yerin sahibinə isə 1000 (min) AZN məbləğində pul mükafatı veriləcək.
Müsabiqənin nəticələri dekabrın 15-də təşkil olunacaq mükafatlandırma mərasimində açıqlanacaq.
Qeyd edək ki, “TEAS Press” nəşriyyat evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi yeni imzaların üzə çıxarılmasına və gənc yazıçıların tanıdılmasına dəstək olmaqdan, həmçinin ümumbəşəri dəyərləri təbliğ edən mövzuları roman janrı vasitəsilə oxuculara çatdırmaqdan və ədəbi rəqabət mühitinin inkişafına töhfə verməkdən ibarətdir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialının əməkdaşları tərəfindən şəhid Arif Bəxtiyar oğlu Allahverdiyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filial müdiri Aynur Babayeva tədbirə qatılan hər kəsə təşəkkür edərək, özünün də şəhid ailəsi olaraq şəhidlərin xatirəsini daim yad etdiyini bildirib.
Kitabxana nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb.
Daha sonra şəhid Arif Allahverdiyevin bacısı Sevinc Allahverdiyeva tədbirin təşkilatçılarına, eləcə də iştirakçılarına minnətdarlığını bildirib, həmçinin şəhid qardaşının ömür və döyüş yolu haqqında bəzi məqamları yada salıb. Bildirib ki, həyatını ərazi bütövlüyümüz uğrunda fəda etmiş qardaşı şəhid Arif Bəxtiyar oğlu Allahverdiyev könüllü olaraq 1993-cü ildə Qarabağa yollanıb və Vətən uğrunda döyüşlərdə şəhadətə yüksəlib.
Sonda qazi və şəhid ailələrinə fəxri diplom və təşəkkürnamə təqdim olunub.