Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum tərəfindən yaxın zamanlarda həyata keçiriləcək tədbirlərdən, təşkilatın üzv və müşahidəçi dövlətlərini əhatə edən çoxəsirlik türk mədəniyyətinin qorunmasına yönəlmiş gələcək layihələrdən, eləcə də Macarıstan ilə mümkün yeni əməkdaşlıq istiqamətlərindən bəhs edib.

    Səfiri Tamaş Yojef Torma Avropanın 2023-cü il üçün mədəni paytaxtlarından biri olan Macarıstanın Vezprem şəhəri və Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı olan Azərbaycanın Şuşa şəhəri arasında əlaqələrin gücləndirilməsi məqsədilə bir sıra qarşılıqlı səfər və tədbirlərin keçirilməsi planları haqqında məlumat verib, həmçinin Fondu bu proseslərə dəstək verməyə dəvət edib.

    Bununla yanaşı, görüşdə Fond və Macarıstan arasında qədim türk mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

  • Görkəmli maarifçi Həsən bəy Zərdabiyə həsr edilmiş videoslayd hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının metodika-biblioqrafiya şöbəsi Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabiyə həsr edilmiş videoslayd hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda görkəmli maarifçi Həsən bəy Zərdabinin həyatından və yaradıcılığından söhbət açılıb.

    Videoçarxda qeyd olunub ki, ilk təhsilini mollaxanada alan H.Zərdabi orta təhsilini Tiflisdə tamamlayıb və Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan H.Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov, həmçinin Əsgər ağa Adıgözəlovla birgə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub. Görkəmli maarifçi 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib. 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan "Əkinçi"nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun çəkmir və 1977-ci il sentyabrın 29-da nəşri dayandırılır. 1880-1890-cı illərdə Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə H.Zərdabinin Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur. Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində çalışıb. Görkəmli mütəfəkkir, maarifçi alim 1907-ci il noyabrın 28-də vəfat edib və əvvəlcə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Sonradan 1957-ci ildə məzarı Fəxri xiyabana köçürülür.

  • Bakıdakı Rus Evində tatar mədəniyyəti sərgisi açılıb

    Bakıdakı Rus Evində tatar mədəniyyəti sərgisi açılıb.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sərgiyə gələnlərə dəri mozaikası, üzərində ənənəvi tatar naxışları olan keçə xalça yaradılması və muncuqla tikmə üsulu ilə milli baş geyimlərinin hazırlanması üzrə ustad dərsləri təqdim edilib. Dərsləri Tatarıstan Respublikasının xalq tətbiqi sənət ustaları nümayiş etdiriblər. Bundan əlavə, Volqa Bulqariyasında İslam dininin qəbul edilməsinin 1100 illiyinə həsr edilmiş “Bizi düz yol ilə apar” adlı fotosərgi, habelə “İbn Fədlan” sənədli-bədii filmi nümayiş etdirilib.

    Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova və “Yaşlek” Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov qonaqları – Azərbaycan Tatar İcmasının nümayəndələrini salamlayıblar.

  • Milli Kitabxananda “Fikrət Əmirov – 100” adlı virtual sərgi açılıb

    Görkəmli bəstəkar, Xalq artisti, Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Milli Kitabxananda “Fikrət Əmirov – 100” adlı virtual sərgi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Fikrət Əmirovun zəngin yaradıcılığı haqqında kitablar, rəsmi sənədlər, fotolar, mükafatlar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş edilir.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fikret_Emirov_100/index.htm linkindən istifadə edə bilərlər.

  • Bakı və Gəncə şəhərlərində “Rauf Hacıyev-100” adlı musiqi festivalı keçiriləcək

    Dekabrın 3-dən 27-dək Bakı və Gəncə şəhərlərində “Rauf Hacıyev-100” adlı musiqi festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, festival Prezidenti İlham Əliyevin bəstəkarın 100 illiyi haqqında imzaladığı müvafiq Sərəncama əsasən Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.

    Festival çərçivəsində R.Hacıyevin “Qafqazlı qardaşqızı” operettası, estrada və caz, kamera və simfonik əsərlərindən ibarət konsertlər, eləcə də bəstəkarın xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya baş tutacaqdır. Tədbirlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Heydər Əliyev Sarayı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Gəncə Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Konsertlərdə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, R.Behbudov adına Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, “Qaya” Dövlət Ansamblı, Xalq artistləri – Adilə Əliyeva, Salman Qəmbərov, Azər Zeynalov, Əməkdar artist Afaq Abbasova, ifaçı Fərid Əliyev, tanınmış estrada müğənniləri Zaur Əmiraslanov, İlhamə Qasımova, Rövşən Qəhrəmanov, tanınmış caz kollektivləri “Bakustik Caz”, “Səbinə Hacıyevanın Caz Triosu”, “DiHaj”, “H3 Collective”, Vüsal Rzasoyun rok qrupu və başqa heyətlər iştirak edəcəkdir.

  • “Şuşa mədəniyyətinin inciləri”: “Balıq” xalçası

    Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Balıq“ xalçasına həsr olunub.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Qarabağ qrupuna aid “Balıq” adlı məşhur xalça kompozisiyası öz adını ara sahəsində balıq formasına bənzəyən naxışdan alıb. Xalçanın əsas istehsal edildiyi yer Bərdə şəhəri, XVIII əsrin II yarısından isə Şuşa olub.

    Xalça “Əfşan” kompozisiyası əsasında qurulub. Təqdim olunan “Balıq” xalçasının ara sahəsində naxışların tərtibatı simmetrik və fasiləsiz rapport əsasında verilib. Burada ara sahə və haşiyə quruluşları naxış tərtibatı ilə yanaşı, həm də Qarabağ xalçaçılığına məxsus xüsusi rəng ahəngdarlığına malikdir.

    Bir qayda olaraq, bu xalçalar böyük və uzunsov ölçüdə toxunur. Bu kompozisiyalı dəst xalı-gəbələr XIX əsrdə Qarabağda çox məşhur idi.

  • Kamera və Orqan Musiqisi zalında konsert - “Ötən illərin xatirəsi”

    Dekabrın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Ötən illərin xatirəsi” adlı Abonement №2 konserti təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, gecədə Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu bir-birindən gözəl musiqi nömrələri ilə çıxış edəcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrin 30 illiyi qeyd olunacaq

    Dekabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin 30 illiyinə həsr olunmuş təntənəli konsert təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, gecədə orkestrin (dirijor Yusif Axundzadə) ifasında yerli və dünya musiqisindən nümunələr səsləndiriləcək.

  • “İkiqat döngə” filmi böyük ekranlarda

    “CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “İkiqat döngə” filmi nümayiş olunur.

    AZƏRTAC xəbər verir ki, döyüş, hərbi, dram janrında çəkilmiş filmin rejissoru Castin Dillarddır.

    Koreya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin iki pilotu yaxın dost və "silah qardaşı" olurlar. Növbəti tapşırığın yerinə yetirilməsi zamanı pilotlardan biri düşmən ərazisi üzərində vurulur. Komandanlıq xilasetmə əməliyyatına ehtiyac görmür, lakin həqiqi sədaqət digər əsgərin yoldaşını çətin vəziyyətdə qoyub getməsinə imkan verməyəcək.

    Rolları Conatan Mejors, Qlen Pauell, Serinda Svon və başqaları canladırır.

  • Bakının “Baksol yolu”nun daha bir hissəsi təmir edilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonun “Baksol yolu”nun daha 1 100 metrlik hissəsində təmir işlərini yekunlaşdırıb.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, təmir işləri çərçivəsində 15 min kvadratmetrdən çox sahəyə yeni asfalt-beton örtüyü döşənib.

    Sözügedən hissədə zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi, köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılıb. Bundan başqa yeni piyada səkiləri inşa edilib, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

    “Baksol yolu”nun 1 400 metrlik hissəsində də anoloji işlər aparılıb.

    Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yol təmir edilir.