Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının əməkdaşları tərəfindən "Qadın zorakılığına qarşı mübarizə günü" ilə əlaqədar tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə filialın müdiri Türkünaz İsmayılova tədbirdə iştirak edən 10 saylı peşə məktəbinin şagirdlərinə məlumat verərək, dünyada hər üç qadından birinin fiziki zorakılığa məruz qaldığını qeyd edib: “Heç bir ölkədə qadınlar zorakılıqdan azad deyil. Bunun əsas səbəbləri kimi maddi vəziyyətin aşağı olması, narkotik və içki aludəçiliyi göstərilir. Dünya ictimaiyyətinin narahatlığına səbəb olan ən ağrılı problemə qarşı birgə addımların atılması üçün BMT Baş Assambleyası 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Təşkilata üzv olan Azərbaycanda da bu beynəlxalq günə aid, eləcə də bəşəriyyətin daim üzləşdiyi qadın zorakılığına qarşı müxtəlif tədbirlər həyata keçirilir”.
Sistem inzibatçısı Mehparə Məmmədova keçirilən belə tədbirlərin məqsədinin şiddətə məruz qalmış qadınlara dəstək göstərmək, xanımlara əzm hissini aşılamaq, psixoloji durumunda müxtəlif pozuntular olan insanları, xüsusilə qadına şiddət göstərənləri, eləcə də gələcək nəsli maarifləndirmək olduğunu vurğulayıb: “Məqsəd dünya ictimaiyyətinin diqqətini qadına qarşı zorakılığa yönəltməkdən ibarətdir. Qadın zorakılığına qarşı mübarizə bütün dünyada olduğu kimi, Azərbaycanda da daim diqqətdə saxlanılır”.
Sonra şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Lənkəran şəhərində yerləşən "Dairəvi qala" ( "Zindan qalası") abidəsi dövlət vəsaiti hesabına təmir olunacaq.
Report xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli rəsmi KİV-ə bildirib.
Xidmət rəisi vurğulayıb ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı və dövlət mühafizəsinə götürülən Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli "Dairəvi qala" (Zindan) (İnventar № 4810, XVIII əsr) abidəsində təmir-bərpa işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə 2019-cu ildə layihə-smeta sənədləri hazırlanıb, o cümlədən ekspertiza rəyi və qiymətqoyma sənədi tamamlanıb:
“Hazırda "Dairəvi qala"nın dövlət əsaslı vəsait qoyuluşu hesabına bərpası ilə əlaqədar müvafiq tədbirlər görülməkdədir”.
Qeyd edək ki, "Dairəvi qala" "Zindan qalası" kimi də tanınır. Bu abidə XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. "Zindan qala" 1869-1959-cu illərdə həbsxana kimi istifadə olunub. Burada 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib.
Dekabrın 1-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Milli Kitabxanada qeyd olunacaq tədbir çərçivəsində görkəmli alimin “Seçilmiş əsərləri”nin 11 və 12-ci cildlərinin, “Azərbaycanda və İraqda Bayatlar” və “Xilaskarlar” kitablarının, habelə Sərvaz Hüseynoğlunun “Ömrün Qəzənfər Paşayev modeli” kitabının təqdimatı da olacaq.
Mədəniyyət naziri Anar Kərimov Mingəçevirdə mədəniyyət müəssisələrində işin müasir tələblərə uyğun qurulması ilə bağlı tapşırıq verib.
Bu barədə Reporta nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazir noyabrın 28-də Mingəçevir şəhərinə səfər edib. Nazirin səfəri Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə hazırlanmış müvafiq plana uyğun olaraq gerçəkləşir.
Anar Kərimov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əvvəlcə şəhərdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Səfər çərçivəsində mədəniyyət naziri bir sıra mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb.
Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və müxtəlif eksponatlar nümayiş olunur.
Mingəçevir Dövlət Rəsm Qalereyasına gələn nazirə məlumat verilib ki, 1987-ci ildə yaradılan mədəniyyət ocağında hazırda 231 eksponat mühafizə edilir.
Səfər çərçivəsində Mingəçevir Şəhər Tarix Muzeyinə baxış keçirilib. Qeyd olunub ki, 1968-ci ildə yaradılan muzeyin əsas fondunda 15561 eksponat saxlanılır. Burada e.ə. III-I minilliklərə aid maddi mədəniyyət nümunələri də qorunur. 2009-cu ildə istifadəyə verilən binada 2017-ci ildə cari təmir işləri həyata keçirilib.
Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə tanışlıq zamanı kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Kitabxana 1956-cı ildən oxuculara xidmət göstərir.
Anar Kərimov mədəniyyət müəssislərində fəaliyyətin daha da canlandırılması, işin müasir tələblərə uyğun qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Dekabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti-2022” tədbiri keçiriləcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.
Bakı Konqres Mərkəzində reallaşacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.
Tədbirdə iştirak etmək üçün dekabrın 4-də saat18:00-dək https://bit.ly/3GNPmsb linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Samirə Abbasova “Azərbaycan musiqisinin dahi simaları və notlar” adlı videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda musiqimizin dahi simalarının yaradıcılıqlarını əks etdirən kitablar təqdim edilib.
Oxucular həmçinin görkəmli sənətkarların möhtəşəm əsərləri ilə yaxından tanış olmaqdan ötrü kitabxanada təqdim edilən kitabları əldə etmək imkanına sahibdirlər.
Qeyd edək ki, təqdim olunan videoçarxla qurumun sosial şəbəkə səhifələrindən tanış olmaq olar.
Ölkəmizin 2021-ci ildə irəli sürdüyü “Mədəniyyət naminə sülh” qlobal çağırışı müsbət qiymətləndirilib
Mərakeş Krallığının Fəs şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) IX Qlobal Forumu keçirilib. Mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti forumda iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində Sivilizasiyalar Alyansının “Dost nazirlər qrupu”nun yüksək səviyyəli görüşü keçirilib. Mərakeş xarici işlər, Afrika əməkdaşlığı və mərakeşli emiqrantlar naziri Nasir Burita və BMTSA-nın ali nümayəndəsi Migel Angel Moratinosun sədrliyi ilə keçirilən iclasda giriş nitqləri ilə BMT-nin Baş katibi Antonio Quterreş, İspaniyanın xarici işlər naziri Jose Manuel Albaros və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış ediblər.
Sonra “Dostlar qrupu”na daxil olan ölkələrin nazirlərinin çıxışları dinlənilib.
Nazir Anar Kərimov IX Qlobal Forumunun aktual mövzuya həsr olunduğunu deyib, hazırda dünyanı cənginə alan böhranlar dövründə dialoq və sülhün önəmini vurğulayıb.
Azərbaycanın mədəniyyətlərarası dialoqu ən fəal təbliğ edən ölkələrdən biri olduğunu qeyd edən nazir 2016-cı ildə Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirildiyini xatırladıb. Anar Kərimov həmçinin 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində iki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlardan birinin BMTSA olduğunu diqqətə çatdırıb.
Nazir eyni zamanda bildirib ki, Azərbaycan bu cür universal ideyaları təşviq etsə də, öz mədəni irsinin qorunması üçün qlobal institutlardan lazımi diqqət görməyib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında saxladığı dönəmdə həmin torpaqlardakı mədəni irsimizin dağıdılmasının qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlara edilən çoxsaylı müraciətlərə lazımi reaksiya verilməyib. Nəticədə Qarabağın çoxəsrlik mədəni irsi tamamilə dağıdılıb, şəhər və kəndlərimiz viran qoyulub. Bu gün işğaldan azad edilmiş şəhər və kəndlərimiz, xüsusilə Ağdam şəhəri “Qafqazın Xirosiması” adlandırılır.
Anar Kərimov çıxışının sonunda dünyada bir daha mədəni irsə qarşı bu cür vandalizm əməllərinin yaşanmaması üçün Azərbaycan Respublikası tərəfindən 2021-ci ildə irəli sürülmüş “Mədəniyyət naminə sülh” qlobal kampaniyası barədə danışıb. Qeyd edib ki, ölkəmiz “Bakı Prosesi”nin ənənəvi tərəfdaşları olan ICESCO və BMTSA kimi beynəlxalq təşkilatların sözügedən kampaniyaya dəstək verməsini alqışlayır.
Azərbaycanın irəli sürdüyü “Mədəniyyət naminə sülh” qlobal təşəbbüs noyabrın 23-də forum çərçivəsində keçirilən “Sülh mədəniyyəti vasitəsilə çoxtərəfliliyin dirçəlişi: mədəniyyət naminə sülh kampaniyası” adlı 7-ci panelin əsas mövzusunu təşkil edib. Panelin moderatoru “Var olma siyasəti: yeni inkişaf paradiqması üçün müdriklik və elm” kitabının müəllifi Tomas Legrand tədbiri açaraq Azərbaycanın elan etdiyi qlobal kampaniya haqqında ətraflı məlumat üçün sözü mədəniyyət naziri Anar Kərimova verib.
Nazir Anar Kərimov çıxışında BMT tərəfindən qəbul edilmiş “Sülh mədəniyyəti” konsepsiyası ilə “Mədəniyyət naminə sülh” konsepsiyaları arasında prinsipial fərqləri açıqlayaraq yeni dövrün fərqli, daha effektiv yanaşmalara tələbatı ortaya çıxardığını bildirib. Anar Kərimov ötən ildən kampaniya çərçivəsində həyata keçirilən işlər, o cümlədən bu ilin may ayında Nyu-Yorkda BMTSA ilə imzalanmış Fəaliyyət Planı və onun əsas istiqamətləri haqqında iştirakçılara ətraflı məlumat verib.
Mövzu ətrafında çıxış edən Latviyanın keçmiş prezidenti Valdis Zatlers, ICESCO-nun baş direktoru Salim əl-Malik, BMTSA-nın ali nümayəndəsi Migel Angel Moratinos sülhün, inklüzivliyin, müxtəlifliyin və bu dəyərləri təşviq edən təşəbbüslərin qlobal əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, tədbirdə iştirak edən Ermənistan nümayəndəsinin ənənəyə uyğun olaraq təxribat yaratmaq cəhdləri növbəti dəfə iflasa uğrayıb. Belə ki, paneldə moderatorun mövzuya dair suallar üçün auditoriyaya müraciətindən istifadə edən Ermənistan Mədəniyyət Nazirliyinin təmsilçisi ölkəmizə qarşı cəfəng iddialarla dolu uzun nitq söyləyərək pozitiv mühiti pozmağa çalışıb.
Bu təxribat cəhdinə cavab olaraq nazir Anar Kərimov çıxış edərək sülhün ilk öncə insanların şüurundan başladığını diqqətə çatdırıb: “Sülh dəyərlərindən uzaq nitqdə səsləndirilən utopik iddiaların dayanıqlı gələcəyə deyil, özünüməhvə aparan bir düşüncə yoludur. Təəssüf ki, müharibədən sonra Azərbaycanın təqdim etdiyi sülh prinsiplərinə bu günədək Ermənistan tərəfindən müsbət cavab verilməyib”.
Panelin digər iştirakçıları da ermənilər tərəfindən pozitiv gündəmin dəyişdirilməsi cəhdlərini pisləyiblər.
Rəsmi bağlanış mərasimi ilə BMT-nin Sivilizasiyalar Alyansının IX Qlobal Forumu özü işini başa vurub.
Noyabrın 28-də "Masal prodakşn"ın istehsalı olan "Sarəng" sənədli filminin təqdimat mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində reallaşacaq sənədli filmin tanınmış bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığından bəhs edir.
Ekran əsəri Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə reallaşacaq.
Ekran əsərinin ideya və ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Məsləhətçisi Nurəddin Ədiloğludur.
Filmdə Mir Kazım Aslanlı obrazını Cəmaləddin Əliyev canlandırıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Günel Eyvazova "Dövrü mətbuatdan sətirlər" adlı yeni layihəyə başlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, "Dövrü mətbuatdan sətirlər" adlanan layihədə mətbuatda dərc edilmiş maraqlı hekayələr videoçarx vasitəsilə oxucularla paylaşılacaq.
İlk olaraq videoçarxda Sevil Gültənin "İşıq" jurnalında dərc edilmiş "Kitabsız evlər" hekayəsi səsləndirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşı Səidə Rəcəbova tərəfindən “Şuşa İli” mövzusunda növbəti videoçarx təqdim edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Sən ellər gözəlisən Şuşa” adlı videoçarxın başlanğıcında Şuşalı Şahlar babanın “Günəşim Şuşam” şeirindən bir parça səsləndirilib. Daha sonra isə Şuşa şəhərinin dünəni, bu günü, tarixi, təbiəti, füsunkar gözəlliklərindən bəhs olunub.
Kitabxanaçı hazırladığı videoməlumatda Şuşanın XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazda böyük mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi, bununla yanaşı şəhər əhalisinin musiqi və incəsənətə xüsusi önəm verməsi və dahi bəstəkar Üzeyir Hacıbəylinin əməyi sayəsində Şuşada peşəkar musiqi təhsilinin bünövrəsinin qoyulması haqqında ətraflı məlumat verib. Milli mədəniyyətimizin və incəsənətimizin əsas diyarı sayılan Şuşanın “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası” adlandırıldığını izləyicilərin diqqətinə çatdırıb.
Bundan əlavə videoçarxda, Qarabağın döyünən ürəyi, bənzərsiz incisi olan Şuşanın aydın səması, ulduzlu gecələri, şəfalı bulaqları, ağappaq qarlı qışı, mürgülü payızı, sevdalı baharı, hay haraylı, toy büsatlı yay axşamları təsvir edilib. Şuşanın hər daşı, kəsəyi, yolu, cığırı ayrıca bir tarixi özündə yaşadan əfsanəvi şəhər olduğu vurğulanıb.
Həmçinin nümayiş etdirilən videoçarxda ümummilli lider Heydər Əliyevin Şuşa şəhərinə gəlişi, sakinlərlə görüşü şəhər haqqında söylədiyi “Şuşa Qarabağın ən əziz və qədim tarixə malik olan bir guşəsidir”, “Şuşa tək Qarabağın deyil bütünlükdə Azərbaycanın döyünən ürəyidir”, “Şuşa əcdadlarımızın yaratdığı böyük tarixi bir abidədir” dəyərli fikirləri səsləndirilib.
Videoçarx “Çırpınırdın Qara dəniz” instrumental musiqisi ilə müşayiət olunub.