Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür

    Yaradıcılıq axtarışları və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardan biri də Xalq yazıçısı İmran Qasımovdır. O, çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xətti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirib. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq yazıçısı İmran Qasımovun anadan olmasının 104-cü ildönümü tamam olur.

    Dramaturq və kinossenarist İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində anadan olub. O, açıqfikirli bir ailədə böyüyüb, savadlı, məlumatlı, zəkalı insanlardan müsbət cəhətlər əxz edib. Adını daşıdığı əmisi - İmran Qasımov qüdrətli sənətkarlarla - Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Cəlil Məmmədquluzadə, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə və başqa şəxsiyyətlərlə çiyin-çiyinə işləyərək Azərbaycanda musiqili teatrın yaranmasında, inkişafında böyük rol oynayıb. 1914-cü ildə vəfat etmiş əminin adını dörd il sonra dünyaya gələn qardaşı oğluna vermişlər.

    Yazıçının atası Həşim Qasımov ötən əsrin əvvəllərində Azərbaycanın Peterburqda ali təhsil almış ilk mühəndislərindən biri idi. Anası Mələk xanım da dövrünün nəcib, geniş dünyagörüşə malik qadınlarından olub.

    İ. Qasımov 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub.

    Azərbaycan ədəbiyyatının, kino və teatrının inkişafında əvəzsiz xidmətləri olan İ.Qasımov uzun müddət Moskvada kinossenaristlər şöbəsinin rəisi, Azərbaycan kinematoqrafiya nazirinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb.

    Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna "Xəzər neftçiləri haqqında dastan", "Dəniz cəsurları sevir" (H.Seyidbəyli ilə birlikdə), "İnsan məskən salır" , "Arzu", "Xəzər üzərində şəfəq" və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.

    İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən "Uzaq sahillərdə" filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.

    Onun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. "Onun böyük ürəyi", "İnsan məskən salır" və s. filmləri bu gün də sevilərək baxılır.

    Nasir, dramaturq, ssenarist və publisist İmran Qasımov çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdəndir. Onun yaradıcılığı haqqında müxtəlif monoqrafiya və əsərlər qələmə alıb. İmran Qasımov ömrü boyu müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərə imza atıb. Yazdığı əsərlər oxucular tərəfindən maraqla qarşılanıb.

    Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi.

    O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrdə səfər edən yazıçı müxtəlif görüşlər keçirib, maraqlı adamlar haqqında xatirələr yazıb.

    İmran Qasımov 63 il ömür yaşayıb. O, zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Yazıçı 1981-ci il aprelin 20-də vəfat edib.

  • “Quççi”nin kreativ direktoru vəzifəsini tərk edib

    Alessandro Mikele “Quççi”nin (“Gucci”) kreativ direktoru vəzifəsini tərk edib.

    Report xəbər verir ki, müvafiq bəyanat noyabrın 23-də brendin sahibi olan Fransanın “Kerinq” (“Kering”) şirkətlər qrupunun saytında dərc olunub.

    “Quççi” şirkəti bu gün Alessandro Mikelenin “Quççi”nin kreativ direktoru vəzifəsindən getdiyini elan edir. Alessandro Mikele 21 yanvar 2015-ci ildən Evin yaradıcılıq sükanı arxasındadır və Evin məşhur kodekslərinə sadiq qalaraq öz qabaqcıl yaradıcılığı ilə brendin bugünkü halına gəlməsində fundamental rol oynayıb”, - bəyanatda deyilib.

    Qeyd edək ki, 1962-ci ildə yaradılan “Kerinq” qrupu fransalı milyarder Fransua Pinoya məxsusdur. O, “Quççi”, “İv Sen Loran” (“Yves Saint Laurent”), “Botteqa Veneta” (“Bottega Veneta”), “Balensiaqa” (“Balenciaga”), “Aleksandr Makkvin” (“Alexander McQueen”) və başqaları da daxil olmaqla, əsasən moda dünyasından müxtəlif dəbdəbəli brendlərin sahibidir.

  • KİV: “Conni Depp Cek Sərçə roluna qayıdacaq”

    Conni Depp “Karib dənizinin quldurları”nın son filmindən 5 il sonra seriyanın yeni buraxılışında kapitan Cek Sərçə roluna qayıdacaq.

    Report xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” tabloidi mənbələrə istinadən yazıb.

    “Karib dənizinin quldurları”nın yeni filmindəki qonaqlar siyahısında Conni Deppin kapitan Cek Sərçə kimi geri döndüyü göstərilir”, - nəşr qeyd edib.

    Tabloid bildirib ki, Depp daha əvvəl bu il franşizaya qayıtmayacağını söyləmişdi.

    Qəzetin mənbələrinə görə, yeni filmin adı “Dənizdə bir gün”dür. Çəkilişlərin 2023-cü il fevralın əvvəlində Böyük Britaniyada gizli bir yerdə başlaması planlaşdırılır.

    Məqalədə həmçinin vurğulanıb ki, franşiza sahibi olan “Disney” “hər şeyi mümkün qədər gizli saxlamaq” istəyir.

    “Hər şey ilkin mərhələdədir və “Dənizdə bir gün” adlanan layihənin hələ də rejissoru yoxdur. Conninin istehsal tam başlamazdan əvvəl fevralın əvvəlində sınaq çəkilişi edəcəyi gözlənilir”, - mənbə bildirib.

    Qeyd edək ki, “Karib dənizinin quldurları” seriyasının ilk filmi “Qara mirvarinin lənəti” 2003-cü ildə ekranlara çıxıb. Buraxılışdan sonra film bütün zamanların ən çox gəlir gətirən filmləri siyahısında 22-ci yeri tutub.

  • Məşhur rəssam Vinsent Van Qoqun tablosu zədələyənlər cəzalandırılıb

    İqlim fəalları Londondakı muzeydə məşhur rəssam Vinsent Van Qoqun tablosunun çərçivəsini zədələyib.

    AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, tutduqları əmələ görə 24 yaşlı Emili Broklbank və 22 yaşlı Luis MakKençi 3 həftəlik həbs cəzasına məhkum edilib.

    Belə ki, hakim Van Qoqun “Çiçəkləyən şaftalı ağacları” əsərini əhatə edən 18-ci əsrə aid çərçivənin zədələndiyini açıqlayıb.

    Qeyd edək ki, iqlim fəalları bir müddət öncə Almaniyanın Potsdam muzeyində Klod Monenin, həmçinin Avstraliyadakı muzeylərin birində saxlanılan Pablo Pikassonun tablosunu da zədələmişdilər.

  • Filarmoniyada I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert keçiriləcək

    Dekabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Braziliyanın müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert proqramı təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, Braziliya səfirliyinin təşkil etdiyi konsertdə Azərbaycan Dövlət Simli Kvarteti və Azərbaycan Dövlət Fortepiano Triosu çıxış edəcək.

    Qeyd edək ki, son bir neçə ildə Braziliya Xarici İşlər Nazirliyinin Gimaraes İnstitutunun, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Braziliyanın Bakıdakı səfirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyası arasında yaranan uğurlu əməkdaşlıq davam etməkdədir. Festival çərçivəsində konsertlərin ilin sonunadək davam edəcəyi bildirilib.

  • Teatr Muzeyinin “Cənnətim Qarabağ” rubrikası davam edir

    “Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan realist nəsrinin görkəmli nümayəndəsi sayılan, milli dramaturgiyamızın inkişafında, peşəkar teatrımızın təşəkkülündə və tərəqqisində müstəsna rolu olan yazıçı-dramaturq, nasir və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevə həsr olunub.

    Əbdürrəhim bəy Əsəd oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Şuşanın Ağbulaq kəndində bəy ailəsində dünyaya göz açıb. Atasını çox erkən itirməyinə baxmayaraq ailəsi və qohumları onun təlim-tərbiyəsinə xüsusi diqqət göstəriblər. Bu qayğının təsiri ilə elmə həvəsi artan Əbdürrəhim 1890-cı ildə Şuşa şəhərindəki altıillik realnı məktəbini bitirdikdən sonra Tiflis Rеalnı Məktəbinin sonuncu sinfinə daxil olur. Bir il burada oxuduqdan sonra ali təhsil almaq məqsədilə 1891-ci ildə Peterburqa gələrək imtahanla Yol Mühəndisləri İnstitutuna qəbul olunur. O, burada səkkiz il ərzində tədris dərslərindən əlavə universitetin Şərq fakültəsində də azad müdavim kimi mühazirələr dinləyir. Şəhərin ədəbi və mədəni həyatı Haqverdiyevdə sənətə, teatra olan həvəsi daha da artırır. Hələ tələbəlik illərində bir sıra pyeslər yazan Əbdürrəhim bəy Haqverdiyev Şuşaya qayıdan kimi müxtəlif tamaşalar təşkil edərək öz vətənində teatrın təşkili və inkişafı üçün çalışır. Xatirələrində ədibin özünün yazdığına görə 1884-cü ildə Şuşada tamaşaya qoyulan Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan” komediyası onun ədəbi yaradıcılığa başlamasına təsir edən ilk amillərdən biri olub. Belə ki, teatra yeni qədəm qoyan gənc yazıçı, 1897-ci ildə Şuşada dahi şair Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında “Məcnun Leylinin qəbri üstündə” musiqili muğam səhnəciyini hazırlayır. Bu musiqili pyesin tamaşaya qoyulması Azərbaycanın və bütün Qafqazın mədəni həyatında dönüş nöqtəsinə çevrilir. Bu hadisə həmin vaxt səhnədə xorda iştirak edən 12 yaşı olan Üzeyir bəy Hacıbəylinin gələcəkdə “Leyli və Məcnun” operasını yazmasına təkan verir.

    Cəhalətin hökm sürdüyü bir zamanda teatrlarımız aktyor kasadlığından və büdcə yoxsulluğundan əziyyət çəkirdi. Belə çətin vəziyyətdə dramaturq müxtəlif mövzulu əsərlərin səhnələşdirilməsində lazımi bütün tədarüklərin görülməsi üçün canla-başla iştirak edir, ətrafına teatra meyli olan fədailəri və bacarıqlı gəncləri toplayırdı. Xatirələrə görə, Şuşada tez-tez “Şərq konsertləri” kimi məclislər qurub xanəndə və musiqiçiləri ora cəlb edən Ə.Haqverdiyev idi. 1901-ci ildə Şuşadan Bakıya gələn ədib “Bakı müsəlman dram truppasını” yaradaraq milli teatrda ilk baş rejissor kimi tarixə düşür. O, öz dəstəsinə Murad Muradov, Salah bəy Sadıqbəyov, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Səməd Mənsur, Mehdi bəy Hacınski kimi teatr həvəskarlarını cəmləyir. Bakıda Həsənbəy Zərdabi, Nəcəfbəy Vəzirov, Cahangir Zeynalov, Hüseyn Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanışlığı gənc yazıçının inkişafı üçün geniş imkanlar yaradır. Bir müddət fərqli vəzifələrdə çalışmasına baxmayaraq teatrla, ədəbiyyatla əlaqəsini kəsmir. 1905-1907-ci illərdə səhnəmizdə milli qadın aktrisaların yoxluğu ucbatından H. Ərəblinskinin təklifi ilə qadın obrazlarının olmadığı “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaqla səhnə sənətimizin bu sarıdan problemini həll etməyə çalışır. Bir maarifpərvər ziyalı olaraq Əbdürrəhim bəy xalqın maariflənməsində teatrın rolunun əvəzsiz olduğunu hesab edərək belə yazırdı: “Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsidir”.

    Olduqca zəngin həyat yolu keçən Əbdürrəhim bəy Haqverdiyev istər inqilabdan əvvəl, istərsə də sovet hakimiyyəti illərində yazdığı bütün əsərlərində ailə tərbiyəsi, əxlaq, təhsil kimi məsələlərin vacibliyinə toxunub. Onun bir sıra hekayə və dramlarında gənc nəslin mənəviyyatının, dünyagörüşünün formalaşması motivləri mərkəzdə durur. Milli-mənəvi dəyərlər, vətənə sevginin aşılanması ədibin ən ali məqsədlərindən idi. Onun "Yeyərsən qaz ətini, görərsən ləzzətini", "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri cadu", "Köhnə dudman", "Baba yurdunda", "Ac həriflər", "Millət dostları", "Qırmızı qarı", "Padşahın məhəbbəti", "Ağac kölgəsində", "Qoca tarzən", "Ədalət qapıları", "Səhnə qurbanı", "Məşədi Qulam qiraət öyrənir", "Qadınlar bayramı", "Kamran", "Sağsağan", "Yoldaş koroğlu", "Çox gözəl", "Daşçı", "Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Marallarım" silsilə hekayələri, "Xortdanın cəhənnəm məktubları" və s. əsərləri klassik irsimizin nadir incilərindəndir.

    Bunlarla yanaşı, dramaturq həm də "Həyat" qəzetində və "Molla Nəsrəddin" dərgisində çeşidli janrlarla çıxış edib. Bu satirik jurnal nəşrə başladıqdan dərhal sonra Əbdürrəhim bəy orada Ceyranəli, Xortdan, Həkimi-nuni-səğir, Lağlağı, Mozalan, Süpürgəsaqqal və başqa imzalarla hekayə, felyeton və publisist məqalələr çap etdirib və məcmuənin fədakar əməkdaşlarından biri olub.

    Ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq 1928-ci ildə Ə.Haqverdiyevə Əməkdar incəsənət xadimi fəxri adı verilib. O, 1933-cü il dekabr ayının 11-də Bakıda vəfat edib, birinci Fəxri xiyabanda dəfn olunub.

    Bu gün ədibin əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində müxtəlif dillərdə çap olunur. Dramaturqun əsərlərinə istər paytaxt, istərsə də bölgə teatrlarında hələ də müraciət olunur.

  • Milli Kitabxanada Ömər Faiq Nemanzadə haqqında elektron məlumat bazası hazırlanıb

    Bu il Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.

    Ömər Faiq Nemanzadənin 150 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “İctimai xadim, maarifçi Ömər Faiq Nemanzadə” adlı Elektron məlumat bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin”, İtkin tarixi şəxsiyyətlərimiz”, “Əsərləri”, “Haqqında”, “Təxəllüsləri”, “Molla Nəsrəddin felyetonları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

    Elektron məlumat bazası ilə http://anl.az/el/emb/O.F.Nemanzde/index.htm linkindən tanış olmaq olar.

    Qeyd edək ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyllərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparıb. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ö.F.Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil edib.

  • YARAT-da performans üzrə ustad dərsi keçiriləcək

    Noyabrın 28-də YARAT Müasir İncəsənət Mərkəzində türk rəssam Nezaket Ekicinin iştirakı ilə “Qısa, lakin intensiv” adlı performans üzrə ustad dərsi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, dərslər zamanı rəssam, bəzi əsərlərini performansın fraqmentləri kimi nümayiş etdirəcək və iştirakçılarla birgə çıxış edəcək. Performansda diqqət konsentrasiyası üzrə tapşırıqlar iştirakçılara məkanda mövcudluğu inkişaf etdirməyə kömək edəcək. İştirakçılar öz bədənlərinin köməyi ilə diqqət konsentrasiyasını artırmaq və onu hərəkətə çevirməklə bağlı strategiyaları öyrənəcəklər. Performans vasitəsilə öz ideyalarını təqdim etməyi və müəyyən mənada, sənət əsərini həyata keçirməyi öyrənəcəklər, çünki performans, mahiyyət etibarilə, bir fikrin zamanla idarə edilməsi və bir sənət əsərinin "hərəkətə gətirilməsini" ehtiva edir.

    Nezaket Ekici Berlin, Ştutqart və İstanbulda yaşayır və fəaliyyət göstərir. Lüdviq Maksimilian Universitetində incəsənət təhsili üzrə magistr dərəcəsinə yiyələnib, eyni zamanda, Təsviri İncəsənət Akademiyasında heykəltaraşlıq üzrə incəsənət təhsili alıb. O, 4 qitənin 60-dan çox ölkəsində 300-dən çox performans əsəri təqdim edib. Braunşveyq Təsviri İncəsənət Universitetində Marina Abramoviçdən performans sənətini öyrənən Nezaket Ekici öz çıxışları ilə fiziki baxımdan mümkün olan sərhədləri aşır. Onun performans və instalyasiya kimi təqdim olunan əsərlərində yerdəyişmə, məkan, material, vücud, hərəkət, qarşılıqlı təsir kimi cəhətlər mühüm rol oynayır.

  • Şuşada Tarixi Yerlər və Abidələr Beynəlxalq Simpoziumu keçirilib

    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Şuşa şəhərində Tarixi Yerlər və Abidələr Dördüncü Beynəlxalq Şuşa Simpoziumu keçirilib.

    AZƏRTAC xəbər verir ki, simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Şimali Makedoniya, Gürcüstan, İran, Rusiya və digər dövlətlərdən 70-dən çox alim və tədqiqatçı Şuşanın tarixi-mədəni irsi haqqında məruzə ilə çıxış edib.

    Simpoziumun açılışı və plenar iclası Şuşa şəhərində Bülbülün ev-muzeyində reallaşıb. Əvvəlcə Simpoziumun təşkilat komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Simpoziumun Şuşa şəhərində keçirilməsinin əhəmiyyətindən, alimlərin tədqiqat əsərlərinin zənginliyindən danışıb. O, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, Bülbülün Memorial muzeyi və Şuşa şəhərindəki ev-muzeyinə minnətdarlıq edib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra Bülbülün ev-muzeyinin direktoru Fəxrəddin Hacıbəyli, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, professor Eynulla Mədətli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri professor Kübra Əliyeva, İtaliyadan bərpaçı-memar, professor Luici Skrinzi, Şimali Makedoniyadan antropoloq, professor Rubin Zemon, Ağsu rayonu Gəgəli kəndindən şəhid valideynləri Əli İbişov, Pərviz Quliyev, Aqil Süleymanov, şuşalı etnoqraf, dosent Pərvin Ahənçi, arxeoloq, dosent Vəfa Mahmudova və digər natiqlər çıxış ediblər.

    Simpoziumun məruzəçilərinin bütün çıxışları videolentə alınıb, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yutub kanalında və feysbuk səhifəsində yayımlanıb. Simpoziumun materialları kitabı nəşrə hazırdır və yaxın günlərdə təqdimatı keçiriləcək.

    Simpozium iştirakçıları Şuşa şəhərinin tarix-memarlıq abidələri ilə tanış olublar. Onlar əvvəlcə Cıdır düzü və Molla Pənah Vaqifin məqbərəsi, sonra İkimərtəbəli karvansaray, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Güllələnmiş heykəllər memorialı, Xurşidbanu Natəvanın evinin qalıqları, Gəncə qapısı və qala divarları ilə tanış olublar.

    Simpoziumun sonunda qətnamə qəbul olunub. Bütün iştirakçılara sertifikatlar təqdim olunub.

  • Rusiyada yenidən ölkəmizin turizm nümayəndəliyi açılacaq

    Azərbaycan Rusiyada yenidən turizm nümayəndəliyi açmağı planlaşdırır.

    AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev news.ru nəşrinə müsahibəsində deyib.

    Bir neçə ölkədə belə nümayəndəliklərin olduğunu bildirən DTA-nın sədri qeyd edib ki, koronavirus pandemiyası səbəbindən iş sxemində dəyişiklik olunub və onların fəaliyyəti dayandırılıb: “Ancaq biz onları yenidən açmağı planlaşdırırıq, o cümlədən Rusiyada”.

    Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi müxtəlif ölkələrin turoperatorları ilə əməkdaşlıq edir: "Noyabr ayından etibarən rusların xizək kurortlarımıza gəlməsi üçün kampaniyaya start verilib".