Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Əkrəm Məmmədlinin yaradıcılıq gecəsi keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gecədə ifaçıları Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu AMEA Folklor İnstitutu nəzdində “Qorqud” ansamblı müşayiət edəcək.
Ustad tarzən, bəstəkar-pedaqoq, Prezident təqaüdçüsü Əkrəm Məmmədli 50 ilə yaxındır ki, tar ifaçılığı və onun tədrisi ilə məşğuldur. Onun “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vasitələridir. Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, tarzən-pedaqoqun muğamlarımızın və yallılarımızın nota köçürülməsində xidmətləri böyükdür. Naxçıvanda yaşayıb-yaradan sənətkar bütün ömrünü milli musiqi mədəniyyətimizin inkişafına, muğamlarımızın, musiqi xəzinəsinin zənginləşməsinə, xalqımızın musiqi təhsili sahəsində ləyaqətli, intellektual musiqiçilər nəslinin yetişməsinə sərf etmişdir.
Azərbaycan Televiziyası “Əmanət” adlı qısametrajlı filmlər silsiləsini davam etdirir.
AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a bildirilib ki, növbəti film “Əsgər bağı” adlanır.
Filmin baş qəhrəmanları Vətən müharibəsi iştirakçısı Elnur Əkbərov və şəhid kəşfiyyatçı, Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Mirzəyevin 3 övladından biri olan Əsma Mirzəyevadır.
E.Əkbərov 2020-ci il oktyabrın 3-də Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
E.Mirzəyev isə 2020-ci il oktyabrın 10-da Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun 3 qız övladı – Gülay, Əsma və Aylin Azərbaycan xalqına əmanət qalıb.
Filmin süjet xəttini şəhid övladının qaziyə göstərdiyi diqqət, qazinin isə onun şəhid övladı olduğunu öyrənməsi təşkil edir.
Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.
Rolları qazi Elnur Əkbərov və Elçin Mirzəyevin qızı Əsma Mirzəyeva canlandırıb.
Azərbaycan musiqi sənətinin korifeylərindən olan Fikrət Əmirovun anadan olmasının 100 illiyini Fransanın Mezzo televiziyası da qeyd edib.
AZƏRTAC xəbər verir ki, televiziya kanalının internet səhifəsində bəstəkarın balet və simfonik konsertlərinin yayımlanacağı ilə bağlı proqram açıqlanıb. Proqrama əsasən musiqisevərlərə cari il dekabrın 1-dən 23-dək Monte-Karlo operasında Rauf Abdullayevin dirijorluğu ilə Monte-Karlo Filarmonik Orkestrinin ifasında bəstəkarın “Kürd-Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” kimi simfonik muğamları, “Azərbaycan kapriççiosu” və “Şeyx Sənan” operasından “Kor ərəbin mahnısı” kimi bəstələri təqdim ediləcək. “Şeyx Sənan” operasından “Kor ərəbin mahnısı” xanəndə Alim Qasımovun ifasında yayımlanacaq.
Həmçinin Mezzo televiziyası tviter hesabında Fikrət Əmirovun 100 illiyinin qeyd edilməsi ilə bağlı məlumat yayıb və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında lentə alınmış “Min bir gecə” baletindən bir parçanı səhifəsində yerləşdirib.
“NUR Art House” qalereyasında “Azərbaycan xalçaçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Regionlarda xalça sənətinin inkişafına dəstək" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Ağdam, Bərdə, Qazax, Ağstafa və Şəmkir rayonlarında, Mingəçevir şəhərində gənclərin, peşə təhsili mərkəzlərinin müəllim və tələbə heyətinin, mədəniyyət işçilərinin iştirakı ilə bir sıra görüşlər keçirilib. Canlı ünsiyyət formatında baş tutan məlumatlandırıcı sessiyaların məqsədi gənclərin xalça sənətinə və ümumilikdə mədəni irsimizə marağını artırmaq, bu sahəni inkişaf etdirmək üçün problemləri öyrənmək və müvafiq tövsiyələri verməklə gənc nəslə dəstək olmaqdır. Tədbirlər tanınmış rəssamların, xalçaçıların ustad dərsləri ilə müşayiət olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Tofiq Abbasov küçəsini əsaslı təmir edib.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir işləri küçənin Azər Manafov və Əli Vəliyev küçələri arasında yerləşən 640 metrlik hissəsində aparılıb. Təmir işləri 8 min kvadratmetrə yaxın sahəni əhatə edib. Bu zaman frezlənmə, yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud piyada səkilərinin bərpası, yeni səki daşlarının düzülməsi, üfüqi nişanlanma xətlərinin, piyada zolaqlarının çəkilməsi işləri icra olunub. Bundan başqa küçə xüsusi parking yerləri ilə təmin olunub.
Bu il Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometri təşkil edən 9 küçə təmir edilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər sabah saat 16:00-da satışa çıxarılacaq.
Report nazirliyə istinadən xəbər verir ki, sərnişinlər biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Biletlər alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Bu günə qədər ümumilikdə 432 reys həyata keçirilib, 19 950 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərinə səfər edib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bir sıra abidələrə baxış keçirib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin olaraq Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən sənaye borusuna baxılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ələt azad iqtisadi zonası üzrə layihələndirmə işlərini aparan şirkətin əməkdaşları ilə birgə keçirilən baxış zamanı ətrafında tikinti işlərinin aparılması planlaşdırılan, abidə kimi reyestrə daxil olmayan sənaye borusunun mühafizəsi istiqamətində fikir mübadiləsi aparılıb.
Mühəndis tikililəri tipinə daxil olan belə borular, inşa texnikasına, dayanıqlı konstruksiyasına və maraqlı kompozisiyasına görə diqqəti cəlb edir. Bu kimi tikililər ölkəmizin sənaye tarixinin mühüm elementlərindəndir.
Daha sonra Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Karvansara və ovdanlara baxış keçirilib.
Xidmət rəisi həmin abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Milli Azərbaycan Tarix Muzeyində “Şuşa İli” çərçivəsində təşkil olunmuş “Xarıbülbülün Vətəni – Şuşa” adlı sərgi ilə tanış olublar.
İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə Şuşa qalasının XIX əsrə aid gümüş açarları, Qarabağ xanlığının sikkələri, Qarabağ xanlarının silah kolleksiyası, şəhərin məşhur xadimlərinin əşyaları, etnoqrafiya nümunələri, qızıl, gümüş zinət əşyaları, ticarət və sənətkarlıq həyatını əks etdirən materiallar nümayiş olunub. Bununla yanaşı, sərgidə Birinci və İkinci Qarabağ müharibələri zamanı Şuşa şəhərinin müdafiəsində qəhrəmancasına şəhid olmuş əsgərlərin şəxsi əşyalarıda sərgidə yer alıb.
Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT tərəfindən təşkil olunmuş ənənəvi “Beynəlxalq bazar”da iştirak edib.
AZƏRTAC xəbər verir ki, hər il BMT-nin Cenevrə şəhərindəki bölməsində – Millətlər Sarayında təşkil olunan “Beynəlxalq bazar”ın keçirilməsində məqsəd ölkələr tərəfindən onların mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsi və dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələr verilməsidir.
Builki “Beynəlxalq bazar” “Uşaqlar naminə ittifaq” şüarı altında təşkil edilib. Tədbirdə Cenevrə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş daimi nümayəndələr, BMT-nin Cenevrə bölməsinin baş direktoru, Cenevrə kantonunun və şəhərinin rəhbərliyi, diplomatlar, ictimaiyyətin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Azərbaycanın daimi nümayəndəliyinin ənənəvi olaraq iştirak etdiyi “Beynəlxalq bazar”da milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən eksponatlar nümayiş olunub. Eyni zamanda, Azərbaycanın turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitablar, jurnallar və digər materiallar iştirakçılara paylanıb. Azərbaycana aid nümunələr böyük maraqla qarşılanıb. Bununla yanaşı qonaqlara Azərbaycandan gətirilmiş peşəkar aşpazların hazırladığı Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.
Ötən illərdən fərqli olaraq, builki tədbirdə Cenevrədə Mariya Xan Xoyskayanın rəhbərliyi altında fəaliyyət göstərən azərbaycanlı uşaqlardan ibarət “İrs” rəqs qrupu tərəfindən Azərbaycanın xalq rəqsləri qonaqlara nümayiş etdirilib.
Tədbirin sonunda Azərbaycan Respublikası hökuməti adından müəyyən məbləğdə maliyyə vəsaiti BMT-nin aidiyyəti xeyriyyə fonduna köçürülüb. Həmin maliyyə vəsaiti dünyanın müxtəlif yerlərində əlverişsiz şəraitdə yaşayan uşaqların xeyrinə layihələrin həyata keçirilməsi üçün sərf olunacaq.
“Beynəlxalq bazar”dan hər il toplanan təxminən 300 min İsveçrə frankı məbləğində vəsait dünyanın müxtəlif ölkələrində 100 minə yaxın uşağa yardım məqsədilə sərf olunur.
Növbəti “Beynəlxalq bazar”ın 2023-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.
Mərakeş Krallığının Fəs şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) IX Qlobal Forumu işə başlayıb.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov forumda iştirak etmək üçün Mərakeşdə səfərdədir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Forum çərçivəsində Fasın Dar-Bata Muzeyində “Mədəniyyət: sülh üçün olmazsa olmazdır. Muzeylər möcüzə, kəşf, açıqfikirlilik və mədəniyyətlərarası dialoq məkanı kimi” mövzusunda panel keçirilib. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos, mədəniyyət naziri Anar Kərimov, alim, kollektor və xeyriyyəçi Nasser Xəlili və başqa qonaqlar iştirak ediblər.
Paneldə çıxış edən nazir Anar Kərimov mədəniyyətin dünyada sülhün bərqərar olmasında oynadığı roldan söz açıb. Bildirib ki, muzey və abidələr xalqların mədəni kimliyinin əsas göstəricisidir. Böhranlar və müharibələr zamanı muzeylərin bəzi hallarda hədəf alındığını təəssüflə qeyd edən Anar Kərimov Azərbaycanın bu sahədə ən çox zərər çəkən ölkələrdən olduğunu bildirib. Diqqətə çatdırıb ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərində tarixi-mədəni irsə qarşı misli görünməmiş vandalizm həyata keçirilib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” barədə məlumat verib, bu qlobal çağırışın əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Bakı Prosesi” çərçivəsində BMT də daxil olmaqla bir sıra aparıcı təşkilatların tərəfdaşlığı ilə ölkəmizdə Dünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilib.
Anar Kərimov çıxışında 2021-ci ildə Azərbaycan Respublikası tərəfindən elan edilmiş “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası barədə də məlumat verib. Deyib ki, bu çağırışın əsas istiqaməti postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.
Xatırladaq ki, ölkəmiz 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən VII Qlobal Forumuna ev sahibliyi edib.