Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Rumın rejissorundan “Yanımda” filmi ilk dəfə böyük ekranda nümayiş olunacaq

    Noyabrın 24-də “CinemaPlus Dəniz Mall”da XII Avropa Film Festivalı çərçivəsində “Yanımda” (Beside me) dramı nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, 2018-ci ildə çəkilən filmin rejissoru Tedi Nekula, ssenari müəllifi Aleksandra Aksintedir.

    Bir neçə sərnişin metro stansiyasında qalıb. Onlar bir-birlərini tanımırlar və hər birinin öz marşrutu var. Ancaq sərnişinlər bir-birlərilə ünsiyyətə girdikcə hadisələrin axarı dəyişir və sonda onların təyinat məntəqəsi kəsişir.

    Rollarda Yulian Burçu, Qrumazesku Sezar, Viktoria Kosias və başqaları çəkilib.

    Film rumın dilində ingilis altyazıları ilə nümayiş olunacaq.

  • İstiqlal Muzeyində növbəti tədbir - “Bir amal uğurunda”

    Azərbaycan İstiqlal Muzeyində “Bir amal uğurunda” adlı tədbir təşkil ediləcək.

    AZƏRTAC xəbər verir ki, “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində reallaşan tədbir ölkəmizin ərazi bütövlüyü uğurunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunacaq.

    Muzeyin təşkilatçılığı ilə gerçəkləşəcək tədbir çərçivəsində eyni mövzulu sərginin açılması da nəzərdə tutulur.

  • Milli Kitabxanada “Emin Sabitoğlu” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

    Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, gözəl mahnılar müəllifi, təkrarolunmaz melodiyalar ustası Emin Sabitoğlunun 85 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Emin Sabitoğlu” adlı Elektron məlumat bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Könülləri fəth edən Sənətkar”, “Rəsmi sənədlər”, “Emin Sabitoğlunun həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər və sənət dostları Emin Sabitoğlu haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirə lövhəsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

    Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/E.Sabitoglu/index.html linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, ötən yüzillikdə Azərbaycan musiqisi tarixində layiqli iz qoyub getmiş Emin Sabit oğlu Mahmudov milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkarın kino və tamaşalarda səslənən musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. Onun filmlərə yazdığı musiqilər yüksək mədəniyyət, zəngin dünyagörüşü və yaradıcı intellektin məhsuludur. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır. Emin Sabitoğlu musiqisi emosional ekran poeziyası kimi baxımlıdır. Bəstəkarın kino musiqisi tamaşaçını filmlərdəki hadisələrə daha çox ürəkdən təmas etməyə, daxilən obrazlarla ünsiyyət qurmağa təkan verir, hətta film bitdikdən sonra da tamaşaçını özünün emosional təsirində saxlayır.

    Görkəmli bəstəkar Azərbaycan musiqisinə öz adını qızıl hərflərlə yazdırıb. Onun hər bir mahnısı, hətta ən kiçik melodiyası belə dillər əzbəri olub, həm Azərbaycanda, həm də ölkə xaricində yayılıb. O, 500-dən artıq mahnının müəllifidir. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Kəpənək”, “Alagözlüm”, “Çiçək yağışı”, “Şükriyyə”, “Payız gəldi”, “Ağ çiçək”, “Sıravi Əhməd”, “Mən sizə gələcəm” və dillər əzbəri olan neçə-neçə mahnıları onun yaradıcılığını əbədiyaşar edir.

  • “Min bir gecə” baleti və ya min illərə sığmayan sənət dünyası

    Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 100 il ötür

    Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs gətirib. Dünyaca məşhur sənətkarın irsi hər zaman diqqətdədir və tədqiq olunur.

    Zəmanəmizin görkəmli bəstəkarı Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb.

    Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasından 100 il ötür.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunur.

    Xüsusi ilə qeyd etməliyik ki, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley noyabrın 3-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilib.

    Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.

    Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məşhur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.

    Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə oldu. Belə ki, ondan sonra Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, V.Adıgözəlov “Segah”, T.Bakıxanov “Humayun”, “Nəva” və s. simfonik muğamlar yazıblar.

    Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.

    Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlər bu gündə böyük maraq və sevgi ilə dinlənilir. “Sevil” operası, “Ürəkçalanlar”, “Gözün aydın” musiqili komediyaları, “Nəsimi” dastanı, “Min bir gecə”, “Nizami” baletləri, “Azərbaycan süitası”, “Simfonik rəqslər”, “Azərbaycan qravürləri”, fortepiano üçün “12 miniatür” uşaq pyesləri, skripka ilə fortepiano üçün “Muğam poema”, “Sonata” müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.

    Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. Bu mənada bəstəkarın çoxlu sayda xalq mahnıları və rəqsləri əsasında işləmələrini, bu nümunələrdən öz əsərlərində istifadə etməsini misal göstərə bilərik. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.

    Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.

  • İordaniyada Beynəlxalq Sağlamlıq Turizmi Forumu təşkil edilib

    İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində Kral II Abdullah ibn Al Hüseynin himayəsi ilə postpandemiya dövründə dünyanın ən böyük sağlamlıq turizmi tədbirlərindən sayılan İHTF-2022 Beynəlxalq Sağlamlıq Turizmi Forumu keçirilib.

    AZƏRTAC xəbər verir ki, forumda 50-dən artıq ölkədən 700-dək nümayəndə iştirak edib. Ölkəmizi bu tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü Ruslan Quliyev təmsil edib. Tədbirin ilk günündə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə İordaniya Özəl Sağlamlıq Qurumları Assosiasiyası (PHA) arasında qurumun sədri Feyzi Al-Hammori, İordaniya Haşimilər Krallığının səhiyyə naziri Dera Al-Hashari, digər hökumət və dövlət nümayəndələrinin iştirakı ilə uzunmüddətli qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

    Forum zamanı Qlobal Sağlamlıq Turizmi Təşkilatının təqdimatı çərçivəsində Azərbaycanın bu quruma rəhbərlik etdiyi dövrdə görülən işlər, bu sahədə Azərbaycanın mövcud təcrübəsi haqqında forum iştirakçılarına geniş məlumat verilib. GHTC stendində İordaniya Haşimilər Krallığının səhiyyə naziri və İordaniya Turizm Bürosunun birinci şəxslərinə Azərbaycanda sağlamlıq turizmi imkanlarını, o cümlədən Naftalan, Duzdağ, Qalaaltı və digər təsislər haqqında ətraflı məlumatların əks olunduğu reklam-çap məhsulları təqdim olunub.

    Sonra forum öz işini panel müzakirələrlə davam etdirib. Panellərdə əsasən qanunvericilik, səhiyyə əməkdaşlığının gücləndirilməsində diplomatların rolu, ürək-damar xəstəliklərinin idarə edilməsində mükəmməllik, səhiyyənin optimallaşdırılmasında beynəlxalq təşkilatların rolu, medianın səhiyyə səyahətinə təsiri kimi vacib mövzulara toxunulub.

    Tədbirin 2-ci günü Qlobal Sağlamlıq Turizmi Şurasının qapalı toplantısı keçirilib. Toplantıda 2023-cü ilin 26-27 aprelində Xorvatiyada Qlobal Sağlamlıq Turizmi Şurasının növbəti 5-ci Zirvə görüşünün keçirilməsi qərara alınıb. Eyni zamanda yeni ölkələrin bu təşkilata üzvlük məsələsi müzakirə olunub. Toplantıda həmçinin Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sağlamlıq turizmi potensialı barədə quruma üzv ölkələrin nümayəndələrinə məlumat verilib.

    Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevə Azərbaycanın Qlobal Sağlamlıq Turizmi Təşkilatına rəhbərlik etdiyi dövrdə qlobal sağlamlıq turizminin inkişafında göstərdiyi xidmətə görə xüsusi təşəkkür plaketi təqdim olunub.

    Forumun sonunda iştirakçı və çıxışçılara təşkilatçılar adından sertifikat və hədiyyələr verilib. Tədbirin sonuncu günü iştirakçılar üçün Amman və Ölü dənizin İordaniya hissəsində fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə tanışlıq turu təşkil edilib.

  • "Azərsu" "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində görəcəyi işləri açıqlayıb

    "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda “Azərsu” ASC-yə 2026-cı ilin sonuna qədər işğaldan azad edilmiş 97 qəsəbə və kənddə su təchizatı və kanalizasiya sisteminin layihələndirilməsi və tikinti işlərinin yekunlaşdırılması tapşırılıb.

    Bu barədə Reportun sorğusuna cavab olaraq qurumun İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı məlumat verib.

    "Bu məsələdə koordinasiyanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi edir. Artıq bukomitədən “Azərsu”ya 28 qəsəbə və kəndin su təchizatının yaxşılaşdırılması layihələrinin hazırlanması ilə bağlı sifariş daxil olub. Bunlara Xocavəndin Hardrut və Tuğ qəsəbələri, Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi, Şuşanın Daşaltı kəndi, Laçının 5, Kəlbəcərin 3, Cəbrayılın 3, Qubadlının 3, Zəngilanın 3, Füzulinin 3 və Ağdamın 3 kəndi aiddir. Bu istiqamətdə işlər davam edir. Növbəti mərhələdə digər 69 kənd və qəsəbənin su təchizatının yaxşılaşdırılması layihələrinin icrası ilə bağlı işlər görüləcək. Bundan sonra da hansı ərazi ilə bağlı sifariş olsa, o ərazi üzrə layihələri hazırlayıb təqdim edəcəyik", - o qeyd edib.

  • “Şuşa mədəniyyətinin inciləri”: maestro Niyazi

    Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı maestro Niyaziyə həsr olunub.

    Dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Əslən Şuşalıdır.

    O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır.

    “Xosrov və Şirin" operasının, "Zaqatala süitası”, "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının, "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin və sairə musiqi əsərlərinin müəllifidir.

    Niyazi Z. Hacıbəylinin "Aşıq Qərib", Ü. Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb.

    Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazıb, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirib. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb.

    İfaçılıq sənəti tanınmış sənətkarlar D. Şostakoviç. Ş. Q. Şarayev, K. Sekki, B. Tarcan, V. Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilib.

    Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C. Cabbarlının "Almas", S. Vurğunun "Vaqif”, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılan musiqilərin müəllifidir.

    Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat edib.

  • “Mezzo” telekanalının efirində Fikrət Əmirovun əsərləri səslənəcək

    “Mezzo” telekanalında görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş Monte-Karlo Filarmoniya Orkestrinin iştirakı ilə Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında konsert proqramı nümayiş etdiriləcək.

    AZƏRTAC xəbər verir ki, konsert proqramına görkəmli bəstəkarın “Kürd-ovşarı” və “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, “Şeyx Sənan” dramatik tamaşasından “Kor ərəbin mahnısı” (məşhur xanəndə Alim Qasımovun ifasında), "Azərbaycan kapriççiosu" kimi əsərləri daxil edilib. Konsert dekabrın 1, 2, 7-də nümayiş olunacaq.

    Xatırladaq ki, qeyd olunan proqram bundan əvvəl “Mezzo” telekanalında nümayiş etdirilib.

    Qeyd edək ki, “Mezzo” incəsənəti, musiqini təbliğ edən Fransa telekanalıdır. Kanalın musiqi proqramları daha çox keçmiş illərdə canlı konsertlər, festivallar zamanı hazırlanmış çəkilişlərdən ibarətdir. Yayım cədvəlinə həmçinin konsertlərin canlı yayımları, opera və balet tamaşaları, musiqi və ifaçılar haqqında sənədli filmlər daxildir.

  • Tarzən Arslan Növrəsli ABŞ və Türkiyədə silsilə konsertlərlə çıxış edəcək

    Azərbaycan musiqisinin təbliği yolunda yorulmadan çalışan, dünya səhnələrini fəth etmiş tarzən Arslan Növrəsli 2022 –ci ilin noyabr–dekabr aylarında ABŞ və Türkiyədə silsilə konsertlərlə çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Amerikanın Washington”, “Oklahoma və New- York” kimi mərkəzlərində, Türkiyənin İstanbul və Ankara şəhərlərində ifası gözlənilən tarzən Azərbaycan və xarici bəstəkarların əsərlərini, caz və milli janrlı kompozisiyaları öz repertuarına daxil edib.

    Azərbaycan və ABŞ münasibətlərinin 30 illiyi, bu dövlətlər arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin yaradıcılıq bağları ilə də əlaqələnməsi, Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin ölkə başçısının Sərəncamı ilə qeyd olunması, CSO ADA Ankara konsert salonundan Arslan Növrəsli adına xüsusi dəvətlə keçiriləcək tədbirlər planı bu yaradıcı səyahətin əsas dayaq nöqtələridir. Bununla yanaşı, ifaçının çıxış edəcəyi hər şəhərdə ustad dərslərinin də keçirilməsi nəzərdə tutulub.

    Arslan Növrəslinin musiqiçi dostları sırasında Azərbaycanın dəyərli və professional ifaçıları ilə yanaşı, Amerika musiqiçilərinin olacağı da maraqlı məqamlardandır. Əməkdar artist, pianoçu Nərgiz Əliyeva, kamança ifaçısı Elnur Mikayılov Azərbaycan folkloru və bəstəkar yaradıcılığının təbliğinə köklənmiş konsertdə, pianoçu Nicat Aslanov, Əməkdar artist, bass ifaçısı Ruslan Hüseynov və zərb alətləri ifaçısı Elvin Bəşirov “jazz band” tərkibi ilə tarzəni müşayiət edəcəklər.

    Arslan Növrəslinin solo layihələrində diqqət çəkən vacib məqamlarından biri də tək Azərbaycan musiqisinin ifası deyil, həm də sözlə təbliğ etməsidir. Belə ki, artıq dünyanın bir sıra konsert salonlarında “Azərbaycan musiqisinin sözdə və musiqidə təbliği” şüarı budəfəki konsertlər silsiləsinin də əsas məqamlarındandır.

    Konsertlərin giriş sözü sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsliyə məxsusdur. O, həmçinin Ankarada keçiriləcək milli musiqimizin təbliğinə, Azərbaycanda tar aləti ifaçılığının təkamülü və tarzən Arslan Növrəslinin ifaçılıq prinsiplərinin müzakirəsinə həsr olunacaq dəyirmi masanın da təşkilatçısı və çıxışçısıdır.

  • Bakıda "Kəlağayı muzeyi"nin açılışı olub

    “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Güllü Eldar Tomarlının təşəbbüsü və rəhbərliyi ilə yaranan “Kəlağayı muzeyi”nin açılış mərasimi keçirilib.

    Bu barədə AZƏRTAC-a “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin humanitar məsələlər üzrə sədr müşaviri Vüsal Sehranoğlu bildirib.

    Açılışda Azərbaycanla yanaşı, Özbəkistandan gəlmiş tanınmış elm adamları - Özbəkistan Respublikasının Ali və Orta ixtisas Təhsil Nazirliyinin, Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin nümayəndələri iştirak ediblər. Qonaqlar muzeyə Özbəkistan milli baş örtüyünü və üzəri xüsusi bəzəklə işlənmiş qab hədiyyə ediblər.

    Muzeyin ekspozisiyası 40 kvadratmetri əhatə edir. Ekspozisiyada qədim Azərbaycan kəlağayıları, müxtəlif əl işlərindən ibarət ümumilikdə 150 dən çox eksponat yer alıb.

    Şair-publisist Güllü Eldar Tomarlı qonaqlara Azərbaycanın kəlağayısının qədimliyindən, təbliğindən danışıb. Bildirib ki, bu il “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi olaraq kəlağayıdan bəhs edən "Azərbaycan kəlağayısı min illərin yadigarı" kitabı nəşr etdirilib və eyni zamanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə eyni adlı sənədli film ekranlaşdırılıb. O, noyabrın 26-da Azərbaycan kəlağayısı gününə də xüsusi konsert proqramla hazırlaşdıqlarını qonaqların nəzərinə çatdırıb.

    Sonda Özbəkistandan gələn xanım qonaqlara Azərbaycan kəlağayısı hədiyyə edilib.

    Aşıq Ramin Qarayev, aşıq Gözəl Kəlbəcərlinin ifalarında saz havaları və təbrizli müğənni Arif Mehmandostun ifasındakı mahnılar qonaqlar tərəfindən alqışlarla qarşılanıb.