“Bakı Caz Festivalı – 2022” başa çatıb.
Report xəbər verir ki, festival Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə yekunlaşıb.
Konsertdə çıxış edən israilli musiqiçi Yoqef Şetrit Azərbaycanın İsraildə səfirliyinin açılışından və ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsindən danışıb.
Proqramda iştirakçıların çıxışlarından və beynəlxalq münsiflər heyətinin qərarından sonra qaliblərin adları açıqlanıb:
Alade Vilson - vokal - 1-ci yer (Nigeriya)
Rüstəmzadə Əli - fortepiano - 2-ci yer (Azərbaycan)
İslamov Aslan - tuba - 3-cü yer (Azərbaycan).
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığına səfəri çərçivəsində Rabat şəhərində, ICESCO-nun qərargahında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Reporta Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təşkilatın Baş direktoru Salim Məhəmməd əl-Malik nümayəndə heyətini salamlayaraq, 2021-ci ilin yanvarında və cari ilin mayında ölkəmizə gerçəkləşən səfərlərindən söz açıb. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini, habelə ölkəmizin Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətlərini və ICESCO-nun elan etdiyi “Qadınlar İli” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də keçirilmiş videokonfrans formatında tədbirdə çıxışını məmnunluqla xatırlayıb. Hər iki səfərində ölkəmizin işğaldan azad edilmiş ərazilərini ziyarət etdiyini deyən Salim Məhəmməd əl-Malik Azərbaycana hər zaman sevə-sevə gələcəyini bildirib.
ICESCO-nun yeni strategiyasının təşkilatın beynəlxalq nüfuzunun artmasına ciddi təsir etdiyini bildirən nazir Anar Kərimov qlobal böhranlar dönəmində sülh, ədalət və inkişaf dəyərlərinə sadiq qalmağın önəmindən bəhs edib. Nazir, bəzi təşkilatlardan fərqli olaraq, dini, milli və s. mənşəyinə rəğmən mədəni irsin qorunmasını siyasiləşdirməyən ICESCO-nun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələn ilk beynəlxalq təşkilat olduğunu minnətdarlıqla qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən elan edilmiş mədəniyyətlərarası dialoq naminə “Bakı Prosesi” çərçivəsində həyata keçirilən tədbirlərdə ICESCO-nun strateji tərəfdaş kimi iştirakından söz açan Anar Kərimov ölkəmiz tərəfindən 2021-ci ildə, postmüharibə dövründə elan edilmiş “Mədəniyyət naminə sülh” qlobal kampaniyasında da təşkilatın tərəfdaşlığının bizim üçün əlamətdar olduğunu deyib.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın bu il 270 illiyinin qeyd edilməsi haqqında məlumat verən nazir ICESCO-ya təqdim edilmiş “Şuşa – İslam Dünyasının Mədəniyyət Paytaxtı 2024” nominasiyasının da uğurlu olacağına ümidvar olduğunu bildirib.
Azərbaycan-ICESCO münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nazir Prezident İlham Əliyev tərəfindən təşkilatın ölkəmizdə Regional Ofisinin açılması ilə bağlı sazişə dair müvafiq sərəncamın artıq imzalandığını məmnunluqla diqqətə çatdırıb.
Görüşdə ICESCO-nun müxtəlif bölmə rəhbərləri Azərbaycanla həyata keçirilən ortaq layihələrə dair nazirə məlumat veriblər.
Görüşdən sonra Salim əl-Malik nazir Anar Kərimovu ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib. Bir neçə zaldan ibarət geniş və müasir muzeyin ekspozisiyasında Məhəmməd Peyğəmbərin həyatına, ailəsinə, həyat tərzinə, eləcə də Məkkə və Mədinə şəhərlərinə həsr olunmuş dəyərli eksponatlar, ədəbiyyatlar, tarixi kitablar əyani və rəqəmsal formada sərgilənir. Ekskursiyanın sonunda Anar Kərimov ölkəmiz adından muzeyə Azərbaycan dilində Qurani-Kərim hədiyyə edib. Qeyd edək Anar Kərimov yeni açılmış muzeylə tanış olan ilk xarici mədəniyyət naziridir.
Sonda ICESCO tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib.
Noyabrın 22-də Tovuzda Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gənc Sahibkarların III Forumu keçiriləcək.
Bu barədə Reporta Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.
Forumun keçirilməsində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərinin öyrənilməsidir.
Qeyd edək ki, Gənc Sahibkarların I və II Forumları müvafiq olaraq 2019-cu və 2021-ci illərdə Bakı şəhərində təşkil olunub.
Forumlarda dövlət qurumlarının, gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin bu sahəyə maraq göstərən gənclər iştirak edib.
Bakıda elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib.
Report xəbər verir ki, bu barədə Energetika və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yaydığı birgə məlumatda deyilir.
Elektromobil və hibrid avtomobillərlə yürüşü Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin təşkilatçılığı, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə baş tutub.
İştirakçılar yürüşün start götürdüyü Müşfiqabad qəsəbəsi ərazisində ağac əkməklə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına töhfə veriblər.
Ekoloji təmiz avtomobillərdən istifadənin təşviqinə hədəflənən avtoyürüş Qobustan Hibrid Elektrik Stansiyasına qədər davam edib. Burada tədbir iştirakçılarına karbon emissiyalarında elektroenergetika sektorunun payı, atmosferə atılan tullantıların azaldılması tədbirləri, elektrik enerjisi istehsalında şərti yanacağa qənaət, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə kimi istiqamətləri əhatə edən təqdimat nümayiş etdirilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 10 noyabr 2022-ci il tarixli Qərarı ilə elektromobillər və onların enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib. Ölkəmizdə ekoloji cəhətdən təmiz elektromobillərin təşviqi ilə bağlı tətbiq edilən bu və digər stimullaşdırıcı tədbirlər ekoloji təmiz avtomobillərə marağın artırılmasına, ətraf mühitə təsirlərin minimuma endirilməsinə, o cümlədən istixana effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə öz müsbət töhfəsini verə bilər.
Azərbaycan İstiqlal Muzeyi 2018–ci ildə Rusiya Federasiyası Qələbə Muzeyi ilə imzaladığı memoranduma uyğun olaraq qarşılıqlı əməkdaşlıq etmiş müxtəlif layihələr çərçivəsində sərgi və yarışmalarda iştirak edib.
AZƏRTAC xəbər verir ki, Qələbə Muzeyi tərəfindən “Muzeylər Qələbə haqqında” beynəlxalq videomüsabiqə keçirilib. Azərbaycan İstiqlal Muzeyi qeyd olunan yarışmada videoçarxla iştirak edib. Qələbə Muzeyinə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Moldovanın 120-dən çox muzeyindən XX əsrin ortalarında hərb tarixinin hadisələri ilə bağlı muzey ekspozisiyalarından bəhs edən 130-dan çox videoçarx daxil olub. Müsabiqənin məqsədi İkinci Dünya müharibəsi illərində sovet xalqının hərbi və əmək şücaətinə aid muzey ekspozisiyalarını təbliğ etməkdir.
Qeyd olunan tarixlərdə Qələbə Muzeyinin rəsmi internet saytında onlayn səsvermə keçirilib və bu səsvermədə 60 mindən çox internet istifadəçisi muzey videolarına səs verib. Onlayn səsvermənin nəticələrinə əsasən “Tamaşaçıların Seçimi” mükafatı 10 mindən çox səs toplayan Azərbaycan İstiqlal Muzeyinə verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən daimi mühafizə məqsədi ilə 751 saxlama vahidi kinosənəd Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, 2020-2022-ci illəri əhatə edən kinosənədlər agentliyin balansında olan və olmayan avtomobil yollarının, respublikanın şəhər və rayon mərkəzlərinin prospekt və küçələrinin, kənddaxili küçə və yolların, o cümlədən Bakıətrafı qəsəbələrin küçə və yollarının, işğaldan azad olunmuş ərazilərimizdə yolların yenidən qurulmasını, körpülərin, tünellərin tikintisini əks etdirir.
Dünyaşöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən musiqi festivalı keçirilir. Noyabrın 23-dək təşkil edilən festivalın konsert və tamaşa nümayişləri davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konsert proqramı təqdim olunub.
Musiqişünas, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı qonaqları salamlayaraq bildirib ki, bu axşam təqdim olunacaq musiqi əsərləri hər birimizin könlünü oxşayacaq: “Fikrət Əmirov bu əsərləri sevə-sevə qələmə alıb. Onun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın məşhur dirijorlarının bədii rəhbərliyi ilə orkestrlər tərəfindən ifa olunub. F.Əmirov “Sevil” operası ilə Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. Bəstəkarın “Min bir gecə” baleti isə dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. Sənətkar, həmçinin musiqi mədəniyyətimizə “Şur”, “Kürd-ovşarı” və “Gülüstan, Bayatı-Şiraz” kimi simfonik muğamlar bəxş edib. “Nizami” baleti, “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” bəstəkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir”, - deyə musiqişünas vurğulayıb.
Sonra konsert proqramı təqdim olunub. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri – Mahir Ordubadi) müşayiəti ilə solistlər – Xalq artisti Simarə İmanova, Əməkdar artistlər Nigar Şahmuradova, Günel Şeyxova, Nigar Rzayeva (hər üçü rəqqasə), xanəndələr Almaz Orucova, Ehtiram Hüseynov, Nuriyyə Hüseynova, ifaçılar Nurlan Əzizbəyli, Taleh Yəhyayev, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Rəvanə Qurbanova və Rauf Məsimov (kamança) çıxış ediblər.
Orkestr əvvəlcə F.Əmirovun “Gözün aydın” musiqili komediyasından rəqsi ifa edib. Sonra “Gülərəm, gülsən”, “Böyük dayaq” kinofilminə yazdığı “Pərişanın mahnısı”, “Reyhan”, “Bir gül seçdim”, H.Cavidin “Şeyx Sənan” pyesinin tamaşasına yazdığı “Kor ərəbin mahnısı”, “Mən səni araram”, xalq mahnısı “Gözəlim sənsən” (F.Əmirovun işləməsi ilə), “Laylay”, “Göygöl” və “Gülür ellər” təqdim edilib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Bakı Caz Festivalı – 2022” çərçivəsində “I am jazzman!” (“Mən cazmenəm!”) adlı gənc caz ifaçıları müsabiqəsi də təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi ölkədə caz sənətinin təbliği və gənc istedadların üzə çıxarılmasıdır. “I am jazzman!” bu sahədə ilk addımlarını atan musiqiçilər üçün gözəl fürsətdir.
Noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində müsabiqə iştirakçılarının ikinci tur dinləmələri keçirilib. Gənclərin əksəriyyəti ilk dəfə idi ki, müsabiqəyə qatılmışdı. Onlar dünyanın məşhur caz ifaçılarının repertuarından müxtəlif kompozisiyalar ifa ediblər.
Müsabiqənin növbəti turu və qala-konserti noyabrın 19-da keçiriləcək.
Məşhur “Simpsonlar” serialının prodüseri və ssenari müəllifi Al Jean tviter hesabında "Trumpstatic Journey" adlı qısa epizoddan kadr paylaşıb.
AZƏRTAC xəbər verir ki, Al Jean tərəfindən paylaşılan görüntüdə serialın əsas personajlarından olan Homer Simpsonun uçuşu zamanı arxa planda üzərində “Trump 2024” yazılan plakat diqqət çəkib.
Bununla bağlı “New York post” qəzetinə açıqlama verən Al Jean komediya serialının Trampın 2024-cü il seçkilərində namizədliyini irəli sürəcəyini proqnozlaşdırdığını qeyd edib. Sabiq prezident "Amerikanı yenidən böyük və şanlı etmək üçün mən bu axşam Birləşmiş Ştatların prezidentliyinə namizədliyimi elan edirəm",- deyə söyləmişdi.
Trampın açıqlamasından sonra Al Jean həmçinin pərəstişkarlarına da serialın hər hansısa bir şəkildə hadisələrin gedişatını təxmin edə bilməsini xatırladıb.
Rejissor Kventin Tarantino "Bir zamanlar Hollivudda" filmini özünün ən yaxşı filmi hesab etdiyini deyib.
AZƏRTAC xəbər verir ki, sözügedən filmdə Leonardo Di Kaprio və Bred Pitt baş rollarda çəkilib.
Qeyd edək ki, filmin premyerası 2019-cu il mayın 21-də Kann Film Festivalında olub. Filmdə Al Paçino, Lyuk Perri, Marqot Robbi və digər məşhur sənətçilər də rol alıblar.