Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dövlət Səs Yazıları Arxivi tərəfindən Şuşa şəhərinin 270 ili münasibətilə videoxülasə hazırlanıb

    Dövlət Səs Yazıları Arxivi tərəfindən Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Qala-270” adlı videoxülasə hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanan videoxülasə 2022-ci ilin "Şuşa İli" və Şuşa şəhərinin 270 illiyinə həsr olunub.

    Videoxülasədə adıçəkilən arxivin fondlarında mühafizə edilən və Şuşa şəhərinə aid olan sənədlər - ulu öndər Heydər Əliyevin Şuşa şəhəri haqqında çıxışları, o cümlədən Şuşa şəhərində doğulmuş, orada fəaliyyət göstərmiş görkəmli mədəniyyət ustalarının ifaları yer alıb. İşğaldan əvvəlki dövrlərdə keçirilmiş “Xaribülbül” festivalları, o cümlədən işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə keçirilmiş eyniadlı festival haqqında məlumat verilib.

  • “Balıqlara xütbə” filmi Almaniyada mükafata layiq görülüb

    Rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) tammetrajlı bədii filmi Almaniyada – 32-ci Cottbus Film Festivalının (FFC) əsas müsabiqə proqramında nümayiş olunub.

    AZƏRTAC xəbər verir ki, ekran əsəri festivalın münsiflər heyətinin fəxri mükafatına layiq görülüb.

    Nümayişdən sonra filmdə rol alan Orxan İsgəndərli tamaşaçıların suallarını cavablandırıb.

    Qeyd edək ki, “Balıqlara xütbə” filmi bu ilin avqustunda 75-ci Lokarno Film Festivalında (İsveçrə) münsiflər heyətinin “Xüsusi diqqət” (“Special Mention Pardo Verde WWF”) və gənc münsiflər heyətinin mükafatlarına layiq görülüb.

    Azərbaycan, Türkiyə, Meksika və İsveçrə kinematoqrafçılarının iştirakı ilə ərsəyə gələn ekran əsərinin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır.

    Film müharibələrdə, onun ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.

  • Şirvanşahlar Sarayı Kompleksində “Qurama” adlı kitabın təqdimatı olub

    Noyabrın 22-də Şirvanşahlar Sarayı Kompleksində “Milli Qurama Festivalı” çərçivəsində “Qurama” adlı kitabın təqdimatı olub.

    Qoruq idarəsindən AZƏRTAC-a bildirilib ki, iki dildə təqdim olunan “Qurama” adlı kitabın müəllifi "İçərişəhər" Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovadır.

    Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) İdarə Heyətinin sədri Şahin Seyidzadə, həmçinin bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin deputatı Soltan Məmmədov, məşhur fotojurnalist Reza Deqati də çıxış edərək qurama sənətinin tarixindən, bu sənət növünün yayılmasında görülən tədbirlərdən bəhs ediblər.

    Tədbir çərçivəsində sərginin açılışı da olub.

    Xatırladaq ki, 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Milli Qurama Festivalı” keçirilib.

  • Həyatımıza rəng qatan zərif varlıqların “Rəngli həyat” adlı rəsm sərgisi açılıb

    “NUR Art House” qalereyasında “Granation” xanımlar klubunun “Rəngli həyat” adlı rəsm sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərgidə klub üzvləri tərəfindən çəkilmiş 53 əsər nümayiş olunub. Mövzu müxtəlifliyi, zəngin rəng həlli ilə seçilən əsərlər sənətsevərlərə nikbin ruh və özünəinamı təlqin edib. Sərgidə iştirak edən müxtəlif sahələrin təmsilçisi olan xanımlar incəsənət üçün nə yaşın, nə də zaman və məkan anlayışının olmadığını bir daha nümayiş etdiriblər.

    “Granation” xanımlar klubu 2016-cı ildə yaradılmış ictimai birlikdir.

  • Stiven Spilberq Berlin Film Festivalında fəxri “Qızıl ayı” mükafatı alacaq

    Amerikalı rejissor Stiven Spilberq 2023-cü ilin fevralında keçiriləcək 73-cü Berlin Beynəlxalq Film Festivalında fəxri “Qızıl ayı” mükafatını alacaq.

    AZƏRTAC daily.afisha.ru saytına istinadla xəbər verir ki, rejissor yaratdığı “Çənələr”, “Yadplanetlilər” və “Yura dövrünün parkı” kimi filmlərlə dünya kinosuna verdiyi töhfələrə görə təltif olunacaq. Festival zamanı rejissorun yeni filmi olan "Fabelmanlar" adlı yarımavtobioqrafik dramı da nümayiş etdiriləcək.

    Ekran əsəri kinematoqrafçının formalaşmasına və onun kinoya olan sevgisinə həsr olunub. Filmdə əsas rollarda Qabrielle LaBelle, Mişel Uilyams və Pol Dano çəkilib.

    “Fabelmanlar” artıq Toronto Film Festivalında tamaşaçıların rəğbətini qazanıb. Rejissor bu ekran əsərini karyerasının “ən şəxsi filmi” adlandırıb.

    Qeyd edək ki, dünyaşöhrətli rejissor Stiven Spilberq həmçinin 100-dən çox film və serialın ssenari müəllifi, eləcə də prodüseri olub. O, 19 dəfə “Oskar” mükafatına namizəd olub və 3 dəfə mükafata layiq görülüb.

  • Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq

    Kənd Təsərrüfatı Nazirliyi noyabrın 26-27-də Bakı şəhəri və Abşeron rayonu ərazisində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil edəcək.

    Reportun nazirliyə istinadən verdiyi məlumata görə, yarmarkaların təşkilində əsas məqsəd fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli, təbii və mövsümi kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkalarda məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq.

    Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 80-ə yaxın fermer 50-ə yaxın regionu təmsil edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

    Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaq. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara daşınacaq.

    Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

    “Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

    - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

    - Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

    "Şuşa İli" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bugünkü təqdimat Şuşanın qədim məişət əşyaları haqqındadır.

    Şuşada XX əsrin əvvəllərinə qədər mis qablardan geniş istifadə olunurdu. Bu qablar öz formasının gözəlliyi, adətən, bütün səthini örtən zərif və yüksək zövqlü bədii naxışları ilə insanı valeh edirdi. Onlarda ustanın adına və hazırlanma tarixinə, həmçinin də sifarişçinin adına tez-tez rast gəlinirdi. Görünüşünə görə o məişətdə işlənməsi islam dini tərəfindən qadağan olunmuş gümüş qaba çox oxşayır, qiymətinə görə isə əhalinin bütün təbəqələri üçün əlverişli idi. Mis asanlıqla oksidləşdiyinə görə bu cür qabdan istifadə edilməsi zəhərlənməyə gətirib çıxa bilərdi. Bu səbəbdən məişətdə istifadə edilən mis qablar qalaylanırdı. Qalaylama və mis qab hazırlanma emalatxanaları demək olar ki, Şuşanın bütün məhəllələrində var idi.

    Şuşalıların evlərində bürünc və tunc qablar da işlədilirdi. Bu qablar qalaylı mis qablardan xeyli baha idi və varlı ailələrdə istifadə olunurdu. Yerli ustaların hazırladıqları cürbəcür camları və piyalələri, adi çaydanları, həvəngdəstələri və sürmə qablarını hər evdə tapmaq mümkün idi.

    Şuşalılar məişətdə gil, saxsı və çini qablardan da istifadə etmişdilər. Şuşanın ətrafında dulusçuluq lap qədimlərdən inkişaf etmişdi. Gil qablardan və gil qab-qacaqdan Şuşada əsasən ərzaq saxlamaq üçün istifadə edilirdi. Burada sənətşünasların “qubalı” adlandırdığı şirli qablar da istifadə edilirdi.

  • "Su və rəng ahəngi 2022” adlı akvarel sərgi açılacaq

    Dekabrın 3-də Xətai Sənət Mərkəzində ənənəvi "Su və rəng ahəngi 2022” adlı akvarel sərgi açılacaq.

    AZƏRTAC xəbər verir ki, dekabrın 6-dək davam edəcək sərgidə 76 rəssamın 100 sənət əsəri nümayiş olunacaq.

    Qeyd edək ki, sərgi Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Dövlət Rəsm Qalereyası dəstəyi, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə ölkəmizdə akvarel janrının inkişafına dəstək və bu texnika ilə çəkilmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədilə elan olunub.

  • Bu gün Xalq artisti Həsən Məmmədovun anadan olmasından 84 il ötür

    O, milli kinomuzda Mirzə Səfər, Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski və başqa neçə-neçə unudulmaz obrazlar yaradıb. “Böyük dayaq” filmində çəkildiyi ilk rolu - Qaraş obrazı ilə kino aktyoru kimi özünün böyük potensialı olduğunu sübut edib. Yaratdığı rolların xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəmanlardan ibarət olması idi...

    AZƏRTAC xəbər verir ki, bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Dövlət mükafatı laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 84-cü ildönümü tamam olur.

    Görkəmli aktyor Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib, 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar fasilələrlə burada çalışıb.

    Kino aktyoru kimi ildən-ilə məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilib. O, 1989-cu ildə Cəmil Əlibəyovun “Gülüstanda qətl” dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

    Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

    Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.

    Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.

    Görkəmli aktyor 2003-cü ildə vəfat edib.

  • Mədəniyyət naziri ICESCO-nun konfransında iştirak edib

    İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Mərakeşin qədim paytaxtı Fəs şəhərində BMT-nin Sivilizasiyalar Alyansının bu gün öz işinə başlayacaq 9-cu Qlobal Forumu ərəfəsində muzeylərin sivilizasiyalar arasında dialoqun və sülhün təmin edilməsində roluna həsr olunmuş konfrans keçirib. Tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, forumda giriş nitqi söyləyən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik müxtəlif mədəniyyətlər və qədim sivilizasiyaların zəngin irsini qoruyub saxlayan muzeylərin fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, COVID-19 pandemiyası muzeylərin fəaliyyətinin yeni çağırışlar fonunda və yüksək texnoloji nailiyyətlər əsasında qurulmasının zəruriliyini göstərdi.

    Azərbaycanın mədəniyyət naziri çıxışında ölkəmizdə muzeylərin fəaliyyəti, dövlətin bu mühüm mədəniyyət obyektlərinə diqqət və qayğısından danışıb. O, həmçinin Ermənistanın işğalı dövründə Azərbaycan xalqının qədim irs nümunələri olan muzeylərin dağıdılması, eksponatların qarət olunması barədə məlumat verib. Nazir diqqətə çatdırıb ki, hazırda azad olunmuş ərazilərdə mədəniyyət obyektlərinin bərpası işləri aparılır.

    BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi çıxış edərək, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. O qeyd edib ki, mədəni irsin təbliğinin sivilizasiyalar arasında dialoqda rolu məsələləri Alyansın 9-cu Qlobal Forumunda da müzakirə ediləcək.