Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Azərbaycan haqqında rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Nyu-Yorkda fəaliyyət göstərən “Mənim yolum” (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdlərinin ərsəyə gətirdiyi əsərlər nümayiş etdirilib.
Mərkəzinin rəhbəri Alyona Bədəlova bildirib ki, ənənəvi olaraq keçirilən sərgidə bu il xüsusi ilə Azərbaycanın tarixi zəfərini tərənnüm edən hadisələr öz əksini tapıb. Diqqətə çatdırılıb ki, mərkəzdə ABŞ-da yaşayan azərbaycanlı ailələrin övladları və amerikalı şagirdlər təhsil alır. Şagirlər ABŞ-da, qonşu ölkələrdə və Azərbaycanda sərgilərə qatılır və çoxsaylı mükafatlar alırlar. Onlar artıq 7 ildir ki, hər il Nyu-York və Bruklin meriyasında keçirilən sərgilərdə iştirak edilər.
Qeyd edək ki, “Mənim yolum” Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdləri Nyu-Yorkda keçiriləcək növbəti sərgiyə hazırlaşır. Növbəti sərgi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidə həsr olunacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı G.Süleymanova Milli Dirçəliş Günü ilə əlaqədar videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığı vurğulanıb.
Videoçarxda bildirilir: “Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərdən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb və müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşub. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirib. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlanıb. O vaxt bütün xalq bir yumruq kimi birləşib. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılıb. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır”.
Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə noyabrın 25-30-da Bakı şəhərində keçiriləcək İkinci “4.4 Qısa Tamaşalar Festivalı”nın (QTF) başlanmasına sayılı günlər qalıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırlıq işlərinin ilk mərhələsini başa çatdıran Təşkilat Komitəsi artıq festivalın proqramını müəyyənləşdirib. Göndərilən 20-dən artıq tamaşadan 12-si festivalın müsabiqə proqramına daxil edilib. Bu tamaşaların 6-sı Bakıda, 4-ü bölgələrdə fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür. Maraqlıdır ki, builki festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb.
Qeyd olunub ki, festivalın proqramında müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.
Zəngin festival proqramı yalnız tamaşalarla bitmir. Əlliyə yaxın xarici qonağın qatılacağı festival ərzində teatrsevərlər tanınmış teatr mütəxəssislərinin fərqli ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak edə biləcəklər.
Qeyd edək ki, festivalın proqramı ilə Teatro.az sənət portalında, festivalın veb-saytında və sosial media hesablarında tanış olmaq mümkündür.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi “Milli Qəhrəmanları unutmuruq” layihəsini davam etdirir.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində informasiya-resurs şöbəsi tərəfindən “Noyabr ayında doğulan Azərbaycanın Milli qəhrəmanları” adlı informasiya məktubu hazırlanıb.
İnformasiya məktubu Azərbaycanın Milli qəhrəmanları – Oqtay Güləliyev və Mehman Sayadovun yubileylərinə həsr olunub. Məktubda onların həyat yolu və qəhrəmanlıqları haqqında materiallar toplanıb.
"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, növbəti təqdimat Şuşanın memarlığı və memarlıq abidələrinə həsr olunub.
Şuşa şəhərinin memarlığını və memarlıq abidələrini tədqiq edən Elturan Avalov şəhərin memarlıq-planlaşdırma inkişafını üç mərhələyə bölür.
Birinci mərhələ Şuşa şəhərinin əsasının qoyulması dövründən (1753–1754) başlayır. Həmin dövrdə Şuşa qalası, qala daxili qəsrlər və xan sarayları inşa edilmiş, şərq sektorunun aşağı hissəsinin inşasına başlanılıb və 9 Aşağı məhəllə formalaşdırılıb.
İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1759–1806) əhatə edir. Bu dövrdə şərq sektorunun yuxarı hissəsi inşa edilmiş və 8 Yuxarı məhəllə formalaşdırılıb.
Üçüncü mərhələ Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra (1805) şəhərin intensiv genişləndirilməsi ilə əlamətdardır. Bu dövrdə şəhərin qərb və yuxarı hissələri inşa edilmiş və həmin ərazilərdə 12 məhəllə formalaşdırılıb.
Şuşanın işğalından əvvəl şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin əksəriyyəti XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilib.
1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar.
Ağdaşda 10-dan çox abidənin üzərində qanunsuz yerləşdirilən reklam lövhələri sökülüb.
Bu barədə Reporta Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən Ağdaş şəhərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə monitorinq həyata keçirilib.
Monitorinq zamanı 10-dan çox abidənin üzərində qanunsuz yerləşdirilən reklam lövhələrinin obyekt sahibləri tərəfindən sökülməsi təmin olunub: "Bir daha mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri abidələrimizin, eləcə də şəhərlərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq".
Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qloballaşan dünyada musiqi ənənələri” beynəlxalq elmi-praktik konfrans keçirilib.
AMK-dan AZƏRTAC-a bildirilib ki, rektor, Xalq artisti Siyavuş Kəriminin nitqi ilə iki gün davam edəcək konfrans açıq elan olunub. Konfransın aparıcı moderatoru, Elmi işlər üzrə prorektor, professor Lalə Hüseynova çıxış edərək tədbirin məqsədi və proqramı haqqında geniş məlumat verib, iştirakçıların işinə uğurlar arzulayıb.
Tələbə xoru Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib. Daha sonra konservatoriyanın iki əsas konfrans zalında proqram üzrə çıxışlara start verilib.
İlk günün yekun tədbiri AMK-nın böyük zalda olub. Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş AMK-nın tələbələrindən ibarət xalq çalğı alətləri orkestrinin (bədii rəhbər – Ellada Məmmədova) konserti keçirilib.
Tədbirdə konfrans iştirakçıları, konservatoriyanın professor müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Növbəti gün hər iki konfrans zalında iclaslar keçirilib, iştirakçılar məruzə ilə çıxış ediblər. Proqram üzrə iclaslar davam edib. Mövzular ətrafında geniş müzakirələr aparılıb.
Günün sonunda final konserti ilə konfransa yekun vurulub. AMK-ın tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin konserti olub.
Qeyd edək ki, konfransa dünyanın 10-dan çox ölkəsindən iştirakçılar qatılıb.
“Azərbaycan xalçaçıları” İctimai Birliyi həyata keçirdiyi “Regionlarda xalça sənətinin inkişafına dəstək” layihəsi çərçivəsində noyabr ayında Qərb regionunda xalça sənətinin inkişafını təşviq etmək məqsədilə üç məlumatlandırıcı sessiya və müxtəlif mövzularda ustad dərsləri təşkil edib.
AZƏRTAC xəbər verir ki, ustad dərsləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə gerçəkləşib.
Layihə ilə bağlı məlumat verən İctimai Birliyin sədri, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyeva bildirib ki, Qazax, Ağstafa və Şəmkir rayonlarının Heydər Əliyev mərkəzlərində gənclərlə, yerli peşə təhsili mərkəzlərinin müəllim və tələbə heyəti, mədəniyyət işçiləri ilə uğurlu görüşlər, maraqlı müzakirələr və tanınmış rəssam, xalçaçıların iştirakı ilə ustad dərsləri təşkil olunub. Üç rayonda tədbir iştirakçılarının sayının 70-ə yaxınlaşması qan yaddaşımız və milli dəyərimiz olan xalça sənətinə dövlət qayğısının, böyük marağın və isti münasibətin nişanəsidir.
Məlumatlandırıcı sessiyalar zamanı təlimçi Günel Aslanova tədbir iştirakçılarına milli mədəni irsimizin incisi olan Azərbaycan xalça sənətinin tarixi, Qazax rayonuna və ümumilikdə regiona xas xalça ornamentləri və bunlarla bağlı zəngin ənənələrdən danışıb. Sonra tədbir iştirakçıları mövzu ilə bağlı suallar verib, fikir mübadiləsi aparıb, xalça sənətinin inkişafı istiqamətində qarşıya çıxan problemlərdən danışıblar. Onların fikirləri, arzu və təklifləri, qarşılaşdıqları problemlər sorğu vərəqələrində öz əksini tapıb. İştirakçılara problemlər və onların həlli istiqamətində müvafiq addımlar atılacağı bildirilib.
Əsərləri ölkəmizin hüdudlarından kənarda sərgilənən tanınmış rəssam, dizayner, batika ustası Mehriban Əliyeva Qazax və Ağstafa rayonlarında tədbir iştirakçılarına keçə sənəti üzrə ustad dərsi keçib, keçə sənətinin müasir tələbatından danışıb və gənclərlə birlikdə keçə nümunələri hazırlayıb.
Tarixi abidələri ilə məşhur olan Şəmkir rayonunda isə ustad dərsini zərif barmaqları ilə təbiətin gözəlliklərini ilmələrə köçürən, İctimai Birliyin üzvü Nazilə Əbilova qonaqlara xovlu və xovsuz xalçaların toxunmasını, bu gün də aktuallığını saxlayan xalça məmulatlarının hazırlanmasını hana arxasında nümayiş etdirib. Çeşni və eskizlərlə işləmə qaydasından söz açıb. Təlimlər auditoriyanın böyük marağına səbəb olub
İctimai Birlik üzvləri həmçinin, Qazax rayon Heydər Əliyev Mərkəzində xalça və dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərgi ilə tanış olub.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində (MSXƏEBM) görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Ey güli-süsən, səni bir Natəvan çəkmiş məgər?” adlı ədəbi tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC bildirilib ki, tədbir Xurşidbanu Natəvanın obrazının canlandırıldığı “Üzeyir ömrü - Uzun ömrün akkordları” filmindən fraqmentin nümayişi ilə başlayıb.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov çıxış edərək, Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, şəcərəsi haqqında ətraflı məlumat verib. Bir çox tarixi mənbələrdən, məktublardan, xatirələrdən toplanmış maraqlı faktları qeyd edib.
Mərkəzin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova bildirib ki, mərkəzə rəhbərlik etdiyi dövrdə Xurşidbanu Natəvana məxsus bir sıra muzey əşyaları mərkəzdə bərpa edilərək muzeylərə qaytarılıb.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova deyib: “Görkəmli şairəyə məxsus əlyazmalar rəhbərlik etdiyi muzeyin toplusunda böyük dəyərlə qorunub saxlanılır. Dəfələrlə digər muzeylərin ekspozisiyalarında nümayiş olunub. Əlyazmalar hazırda Milli İncəsənət Muzeyində sərgilənməkdədir”.
Mərkəzin şöbə müdiri Xatirə Tağıyeva dahi şairənin əlyazmalarını bərpaya qəbul edərkən üzərində aparılan araşdırmadan, bərpa prosesindən bəhs edərək, çıxışını Natəvanın “Könlüm” qəzəlinin misraları ilə sonlandırıb.
Azərbaycanın Əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər namizədi Məhəbbət Mehdiyeva Xan qızı ləqəbli Natəvanın ədəbiyyat tariximizdə olan müstəsna rolundan bəhs edərək deyib: “Şairənin üslubu və dərin mənalı qəzəlləri iki əsrə yaxın müddət keçsə belə, yenə aktuallığını itirmir. Azərbaycan xalqı nadir xalqlardandır ki, hər əsrdə öz sözünü demiş, dünyada tanınmış savadlı və istedadlı qadın yazarlar, şairələr yetişdirib”.
Mərkəzin direktor müavini İranə İbrahimova Xurşidbanu Natəvana məxsus geyimlərdən söz açaraq, onların mürəkkəb bərpa prosesi haqqında məlumat verib və bu prosesi əks etdirən videoçarx təqdim edib.
Ədəbi tədbirin sonunda yenə “Üzeyir ömrü - Uzun ömrün akkordları” filmindən fraqmentdə Xurşidbanu Natəvan obrazının dilindən “Qərənfil” şeiri səsləndirilib və Azərbaycanın Xalq artisti Samir Cəfərovun ifasında görkəmli bəstəkar Vasif Adgözəlovun bu şeirə bəstələdiyi mahnı dinlənilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin cari il aprelin 21-də elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı Tural Cəfərli Bəhrəm oğlunun, Rəhman Qurbanov Habil oğlunun və Babək Cəfərov İlqar oğlunun apellyasiya şikayətlərinə baxılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclas zamanı B. Cəfərovun müsahibə ilə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzinin məktubları ilə təqdim edilib, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəylər müzakirə olunub. T.Cəfərli və R.Qurbanov Şuranın iclasında iştirak etmədiyindən onunla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onun iştirakı olmadan müzakirə edilib. Sonda Apellyasıya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair qərarlar qəbul edilib.
Hər üç şəxsin şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.