Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev noyabrın 16-da ölkəmizdə səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mədəniyyət nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Vaqif Əliyev ölkələrimiz və xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün yüksək səviyyəyə çatmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlıq xüsusilə mədəniyyətin müxtəlif sahələrində həyata keçirilən layihələrdə öz təsdiqini tapır. Azərbaycanın türk respublikaları ilə mədəni əlaqələrində Özbəkistanla olan münasibətlər xüsusi yer tutur.
Vaqif Əliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabr ayının əvvəlində Özbəkistana dövlət səfəri, keçirilən görüşlər və qatıldığı tədbirlər iki ölkə arasında əlaqələrin yüksək inkişafının bariz göstəricisidir.
Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov görüşə görə təşəkkür edib. Bildirib ki, Özbəkistan nümayəndə heyətinin Azərbaycana gəlişi Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının Bakıya qastrol səfəri ilə bağlıdır. Səfər çərçivəsində kollektiv özbək bəstəkarı Ənvər Erqaşovun “Humo” və italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operalarını nümayiş etdirəcək.
Göstərilən qonaqpərvərliyə və yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən Bahadır Əhmədov bu kimi mədəni layihələrin davamlı olmasına inamını ifadə edib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Noyabrın 18-də Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş “Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi” adlı kitabın təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təqdimat Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin təşkilatçılığı ilə təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından olan Fikrət Əmirov musiqinin bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaradıb ki, bu da dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır.
Bu gün Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 116-cı ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.
Lətif Kərimov 1906-cı il noyabrın 17-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünyaya göz açıb. Onun nəsli - bütün “Allahverənlər” tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olublar. Onun atası Məşədi Hüseyn papaqçı, anası Telli Hacı Nəsib qızı isə Qarabağın tanınmış xalçaçılarından olub. 1912-ci ildə Kərimovlar ailəsi İranın Məşhəd şəhərinə köçüb. Burada Lətif Kərimov klassik Şərq sənəti olan kalliqrafiya üzrə təhsil almaqla yanaşı, rəssamlıq bacarığını da təkmilləşdirib.1922-ci ildə məktəbi bitirdikdən sonra Mirzə Hüseyn Ələkbərzadənin xalça emalatxanasında əvvəlcə təlimatçı köməkçisi, sonra təlimatçı, daha sonra isə rəssam kimi fəaliyyət göstərərək püxtələşib və xalça sənətinə mükəmməl yiyələnib. 1929-cu ildə Azərbaycana qayıdan Lətif Kərimov bir müddət sonra “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində çalışıb.
Lətif Kərimov 1930-cu illərdə xalq ənənələrinə əsaslanaraq klassik xalça rəsmləri hazırlayıb və xalça sənətinə bir sıra yeniliklər gətirib. Onun təşəbbüsü ilə 1937-ci ildə Bakıda mərkəzi boyaqçılıq emalatxanası yaradılıb. Rəssam ilk dəfə olaraq xalça üçün rəng şkalasını yaradıb. O, 1945-ci ildən ömrünün sonlarına kimi Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət şöbəsinə (1984-cü ildən etibarən isə xalça sənəti şöbəsinə) rəhbərlik edib. Lətif Kərimov “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə 1950-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb.
Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.
Dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.
Lətif Kərimov ilk olaraq xalçaçılıq sənətinin özəl dəyəri, onun xalqın tarixi mədəniyyəti ilə qədim bağlılığı haqqında fikir söyləyib. Sənətkar Azərbaycan xalçalarının bir çox unudulmuş milli ornament növlərini və kompozisiyalarını bərpa edib. Lətif Kərimovun xalq ənənələrinin dirçəlməsi, inkişafı və zənginləşməsində rolu olduqca böyükdür. O, xalçaçılıq sənətinin başlıca bədii istiqamətlərini, onların üslub xüsusiyyətlərini müəyyən edib, Azərbaycan xalçalarının dəqiq təsnifatını verib ki, bu da onun “Azərbaycan xalçası” üçcildlik fundamental kitabında öz əksini tapıb. Azərbaycan xalçaları uzun müddət “Qafqaz xalçası” adı altında təqdim edirdilər. Lətif Kərimovun elmi araşdırmaları bu inciləri vətənə qaytardı, sübut etdi ki, dünya muzeylərində “Qafqaz xalçaları” adlandırılan xalçaların azı 90 faizi Azərbaycan xalçalarıdır.
Böyük sənətkarın təşəbbüsü ilə 1967-ci ildə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub, 26 il sonra isə muzeyə milli mədəniyyət və incəsənətinin görkəmli xadimi Lətif Kərimovun adı verilib. Muzey yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi yeganə müəssisə idi. Bu mədəniyyət ocağında xalqımızın qiymətsiz sərvəti olan Azərbaycan xalçalarının və xalça məmulatlarının ən mötəbər və rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir.
Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlayıb. Bu xalçalarda şairin “Xəmsə”sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilib.
Böyük xalçaçı rəssam uzun illər M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. O, çoxsaylı xalça çeşniləri, bir sıra memarlıq tikililərinin bədii tərtibatı, divar bəzəkləri, zərgərlik əsərləri, parça naxışları və digər nümunələrin müəllifidir.
Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Butalı”, “Bahar”, “Heyvanlar aləmində”, “Şəbi-hicran”, “Zərxara”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əcəmi” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.
Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat edib.
Bu gün Azərbaycanda "PM7" sisteminə əsaslanan televiziya reytinqlərini ölçən yeni TAM (Televiziya Audio-vizual Ölçüm) sistemi təqdim edilib.
Report xəbər verir ki, bu sistem “MARSA” şirkəti tərəfindən təqdim edilib.
Şirkətin baş tədqiqatlar meneceri Anar İbrahimov qeyd edib ki, “MARSA” Azərbaycanda beynəlxalq televiziya ölçmələri şirkəti olan “Kantar”ın rəsmi texnologiya tərəfdaşıdır: "Bu sistem dünyanın bir çox ölkələrində illərdir tətbiq edilir. Təxminən bir il bundan əvvəl "MARSA" şirkəti yeni TAM sisteminin tətbiqinə başladığını qeyd etmişdi və elə görünürdü ki, bütün bunlar uzaq gələcəkdir, proses illərlə uzana bilər, amma 12 aydan sonra biz öz nəticələrimizi təqdim etməyə hazırıq".
O əlavə edib ki, Azərbaycan regionda ən son müasir texnologiyalar əsasında sıfırdan ölçmə aparan ilk ölkədir: "Panelimiz 950 ailədən, 4 000-ə yaxın insandan ibarətdir. Bu panel yalnız paytaxtımızı deyil, ölkənin 12 iqtisadi rayonunu, 29 şəhərini və 200-ə yaxın kəndini də əhatə edir. Türk və rus kanalları da daxil olmaqla 50 kanalı ölçürük, 17 Azərbaycan kanalının monitorinqini aparırıq. "PM7" texnologiyası bütün siqnal növlərini ölçür. Bu, sadəcə olaraq bir başlanğıcdır və mən güman edirəm ki, qısa müddətdə yüksək keyfiyyətli Data Azərbaycan media bazarının inkişafına dəstək verəcək".
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən noyabrın 19-20-də “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Reportun nazirliyə istinadən verdiyi məlumata görə, Bakı və Abşeron ərazisində keçiriləcək yarmarkaların təşkilində əsas məqsəd fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini yerli, təbii və mövsümi kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkalarda məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq.
Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 80-ə yaxın fermer 50-ə yaxın regionu təmsil edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara daşınacaq.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Turizm yönümlü tədris proqramları həyata keçirən “Turizm.edu.az” Təlim-Tədris Mərkəzinin ilk məzunları ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov arasında görüş keçirilib.
AZƏRTAC ATAA-ya istinadən xəbər verir ki, görüşdə Göydəniz Qəhrəmanov məzunların tədris dövründə əldə etdikləri bilik və bacarıqları, qazandıqları təcrübələri ilə maraqlanıb, onlara turizm sahəsində çalışmağın əhəmiyyətindən və bu sahənin müsbət tərəflərindən bəhs edib. Müzakirələr çərçivəsində Assosiasiya sədri məzunların təkliflərini dinləyib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, “Turizm.edu.az” Təlim-Tədris Mərkəzi tərəfindən həyata keçirilən proqram zamanı iştirakçılara tərəfdaşlar və müştərilərlə ünsiyyətin qurulması, viza mütəxəssisinin hazırlanması, transfer xidmətləri və səyahət sığortasının yazılması, turmenecer proqramının və müştəri portfoliosunun yaradılması, eləcə də bronlama sistemləri ilə işləmək qaydaları tədris olunur.
Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq sertifikatlarla təltif olunacaqlar.
Noyabrın 18-də “Artım” layihə məkanında “Mənim fotohekayəm” adlı vorkşop təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək vorkşopun məqsədi – hər bir iştirakçının özünün doğma şəhəri ilə bağlı fotoşəkillər çəkərək, onları gündəlik və ya açıqcalar silsiləsi üsulunda hazırlamaq və bununla da yaddaşı əbədiləşdirməkdir. Yaddaş – bir ev, sevimli məkanlar və ya əziz olan əşyaların fotoşəkilləri ola bilər – seçim etmək üçün heç bir məhdudiyyət yoxdur.
Silsilə vorkşopun ilk günündə iştirakçılar fotoqraf Lali Binyatova ilə görüşəcək və onun "Təhlükəsiz zona" qrup sərgisinin bir hissəsi olan "Bratsk" fotolayihəsinin yaradılması ilə tanış olacaqlar. İştirakçılar həmçinin fotoqrafiyaya dair öz baxışları və bu sənətə olan maraqları barədə danışmaq imkanı əldə edəcəklər. Birinci günün sonunda iştirakçılar ev tapşırığı olaraq növbəti günlər ərzində müstəqil olaraq "ev" adlandırdıqları yerləri gəzib, xatirələri olduğu məkan və ya əşyaları fotokadr ilə əbədiləşdirəcəklər.
İkinci gün iştirakçılar öz təəssüratlarını bölüşəcək, fotolarını təhlil edəcək və tyutorun rəhbərliyi altında vahid fotohekayə yaratmağı öyrənəcəklər. Yekun hekayə yarandıqdan sonra iştirakçıların seçilmiş fotoşəkilləri çap olunacaq.
Vorkşopun son günü fantaziya və yaradıcılıq uçuşuna səbəb olacaq. İştirakçılar köhnə qəzetlərdən tutmuş qəhvə ilə hopdurulmuş karton kağızlara qədər müxtəlif materiallardan istifadə edərək, yaddaşlarında həkk olunmuş öz "evlərini" açıqcalar və ya gündəlik üsulunda yaradıb, əsərlərini herbari, parıltı və hətta lazımsız fotoplyonkalar ilə bəzəyəcəklər.
Turizm sahəsində əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri noyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbovla Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov arasında keçirilən görüşdə müzakirə olunub.
ATAA-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən Fərid Qayıbov nazirliyin tabeliyində olan şimal, cənub, şərq və qərb regionlarında fəaliyyət göstərən idman kompleksləri, burada mövcud olan hotel, kotec, hostel tipli obyektlər və yaradılan infrastruktur haqqında məlumat verib. Nazir regionlardakı bir sıra komplekslərin ərazisində mövcud olan yerləşdirmə obyektlərində təmir-bərpa və infrastruktur işlərinin aparıldığını da qeyd edib.
Müzakirələr zamanı Göydəniz Qəhrəmanov assosiasiyanın fəaliyyəti haqqında məlumat verərək qurumun dövlət-özəl sektor arasında qarşılıqlı işbirliyinin qurulmasında və tərəfdaşlıq əlaqələrinin artırılmasında maraqlı olduğunu bildirib.
Assosiasiya sədri regionlarda yerləşən komplekslərin turistlərin yerləşdirilməsi baxımından potensialını yüksək qiymətləndirərək bu istiqamətdə birgə fəaliyyətin regional turizmin inkişafına töhfə verəcəyini qeyd edib.
Görüş çərçivəsində tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi, ölkədə keçirilən beynəlxalq idman tədbirlərinin təşkilində birgə əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xətai Sənət Mərkəzində təşkil olunan “ZƏFƏR – 44” Uşaq Rəsm Yaradıcılıq Turnirinin yekun sərgisi 7 saylı Bakı “ASAN xidmət” mərkəzində davam edəcək.
AZƏRTAC xəbər verir ki, "ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı ilə reallaşacaq sərgi beş gün ərzində ziyarətçiləri qəbul edəcək.
Qeyd edək ki, uşaq rəsm yaradıcılıq turnirində 500-dən çox yeniyetmə və gənc iştirak etmişdi və təyin olunan seçim heyəti ərsəyə gələn əsərlərin arasından müəllifin yaşı nəzərə alınmaqla 44 günlük Zəfərin şərəfinə 44 əsər sərgilənmək üçün seçilmişdi.
Xatırladaq ki, turnir Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub.
Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfərinə gəlib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində özbəkistanlı sənət ustaları bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçılara özbək bəstəkarı Ənvər Erqaşevin “Humo” baletini, noyabrın 17-də isə italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasını nümayiş etdirəcəklər.
Xatırladaq ki, “Humo” baletinin premyerası 2005-ci ildə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının səhnəsində gerçəkləşib. 2007-ci ildə tamaşaya yazdığı musiqiyə görə müəllif 1-ci dərəcəli Dövlət mükafatı laureatı adına layiq görülüb.
Qastrol səfərində Özbəkistanın Böyük Teatrının aparıcı solistləri, Xalq artistləri, vokalçıların və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları iştirak edəcəklər. Qastrol qrupuna simfonik orkestr, solistlər, xor artistləri və balet truppası daxildir.