Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • İstanbulda Qarabağ Zəfərinin ikinci ildönümü, “Şuşa İli” və Fikrət Əmirovun yubileyi münasibətilə tədbir keçirilib

    İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin ikinci ildönümü, “Şuşa İli” və görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, mərasim Xarıbülbül Vizyon Teatr Dərnəyi və İstanbulun Ümraniye bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

    Tədbirdən əvvəl bələdiyyə binasının qalereyasında təşkil olunan “Xarıbülbül Azərbaycan Zəfər sərgisi”nin açılışı olub.

    Sərginin açılışında iştirak edən bələdiyyə sədri İsmet Yıldırım Azərbaycan ilə Türkiyə arasındakı tarixi bağlara toxunaraq, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladıb.

    Bələdiyyə sədri bildirib ki, Azərbaycanın şanlı Qarabağ Zəfəri tarixi torpaqların öz sahiblərinə geri qaytarılması ilə yanaşı, həm də Türk dünyasının birləşməsinə imkan verib. Bu, onu göstərir ki, biz bir olsaq, heç bir qüvvə bizə qalib gələ bilməz.

    Qarabağ Zəfərini və Türkiyə-Azərbaycan qardaşlığını özündə əks etdirən sərgidə Lətifə Refikqızının hazırladığı Azərbaycan və Türkiyənin milli geyimləri və əl işləri, azərbaycanlı rəssamlar Sadiq Babayev, Ceyran Səttarova, türkiyəli rəssam Canan Tepebaşının əsərləri nümayiş etdirilir.

    Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

    Mərasimdə çıxış edən Xarıbülbül Vizyon Teatr Dərnəyinin rəhbəri Kamalə Kamal, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Baş katibi Hülya Ağasoy, Ümraniye bələdiyyəsi sədrinin müavini Mesut Özdemir və ölkəmizin İstanbuldakı baş konsulluğunun vitse-konsulu Murad Balacayev Şuşa Zəfəri və Qələbəmizə gedən yol, Şuşanın tarixi, eləcə də Fikrət Əmirov yaradıcılığı haqqında danışıblar.

    Çıxış edənlər iki qardaş ölkə arasındakı tarixi əlaqələrə diqqət çəkərək, bu münasibətlərin hər gün daha da möhkəmləndiyini vurğulayıblar.

    Tədbirdə Fikrət Əmirov, Qarabağ Zəfəri və Türkiyə-Azərbaycan qardaşlığını özündə əks etdirən qısametrajlı sənədli filmlər nümayiş olunub.

    Mərasimdə TADEF-in sədr müavini Pərviz Məmmədzadə, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev, dərnək sədrləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

    Tədbir bədii hissə ilə davam edib.

    Mərasimdə “Xarıbülbül Azərbaycan Zəfər Sərgisi” kataloqu ictimaiyyətə təqdim edilib.

    Mərasimin sonunda tədbirin təşkilində əməyi olanlara xüsusi təşəkkür plaketləri verilib.

  • Azərbaycan Respublikasının Kino Agentliyinin nizamnaməsi təsdiq edilib

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev noyabrın 16-da Azərbaycan Respublikası Kino Agentliyinin nizamnaməsinin təsdiq olunması haqqında Fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Agentlik Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.

    Azərbaycan Respublikasının Kino Agentliyi Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

    Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və Baş direktordur. Şura sədr və onun iki müavini daxil olmaqla, 3 (üç) üzvdən ibarətdir. Şuranın üzvlərini mədəniyyət naziri vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.

    Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondunun məbləği 100 000 (bir yüz min) manatdır.

  • Azərbaycan Xankəndiyə qaz kəməri çəkəcək

    2025-ci ilə qədər Ağdamdam Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır.

    Report xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

    Tikinti işlərini Dövlət Neft Şirkəti (SOCAR) icra edəcək. Digər icraçılar isə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

  • Bakıda VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

    Noyabrın 24-25-də Bakıda "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi, Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.

    Bu barədə Reporta ABA-dan bildirilib.

    Məlumata görə, tədbir "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" şüarı ilə baş tutacaq.

    Forumda dövlət qurumlarının, kommersiya banklarının, yerli və xarici biznes strukturlarının, beynəlxalq maliyyə institutlarının, ictimai təşkilatların rəhbərlərinin, eləcə də ABŞ, Türkiyə, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən 200-ə yaxın beynəlxalq təşkilat və nüfuzlu şirkət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

    Tədbirdə “Postpandemiya dövründə bankçılıq: çağırışlar və imkanlar”, “Açıq bankçılıq: gələcək daha əlaqəlidir”, “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru”, “Rəqəmsal aktivlər: bizi nə gözləyir”, “Müxbir münasibətlər”, “Kibertəhlükəsizlik trendləri” mövzularında panel müzakirələri aparılacaq, 50-dən çox spikerin çıxış edəcəyi panellərə 1 000-dən çox iştirakçının dinləyici kimi qoşulacağı gözlənilir.

    Bu forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Fintex Sammit”dir.

  • “AzInTelecom”un Müştəri Xidmətləri Mərkəzi 6 günlük iş rejiminə keçib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin məhsul və xidmətləri ilə bağlı dəstək xidməti göstərən Müştəri Xidmətləri Mərkəzi 6 günlük iş rejiminə keçib.

    Reportun nazirliyə istinadən verdiyi məlumata görə, bu addım vətəndaş məmnunluğunun artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə davam etdirilən təkmilləşdirmə işləri çərçivəsində atılıb.

    “Şəbəkə” ofisində yerləşən Müştəri Xidmətləri artıq həftənin şənbə günü də daxil olmaqla saat 09:00-dan 18:00-dək vətəndaşların qəbulunu həyata keçirir. Daha öncə Mərkəz bayram günləri daxil olmaqla, həftə içi 5 gün saat 09:00-18:00 arası fasiləsiz iş rejimində fəaliyyət göstərirdi.

    Vətəndaşlar “AzInTelecom” MMC-nin təqdim etdiyi xidmət və məhsullarla bağlı dəstək xidmətinin göstərilməsi üçün Müştəri Xidmətləri Mərkəzinə müraciət edə bilərlər.

    Qeyd edək ki, “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, biznes həlləri, İnformasiya Təhlükəsizliyi Xidmətləri və mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.

    Bir müddət öncə “AzInTelecom” MMC-yə məxsus Müştəri Xidmətləri Mərkəzinin xidmət operatorlarının sayı artırılıb və texniki imkanları gücləndirilib. Həmçinin “AzInTelecom” MMC-nin “157” Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçib.

  • Milli Kitabxanada Beynəlxalq Tolerantlıq Günü münasibətilə sərgi açılıb

    Beynəlxalq Tolerantlıq Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

    Qeyd edək ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib.

    Bəyannamədə dözümlülük (tolerantlıq) dedikdə, dünya mədəniyyətlərinin zəngin müxtəlifliyi, bizim özünüifadə formaları və insan fərdiliyini ifadə etmək üsullarına hörmət, qəbul və doğru anlaşma nəzərdə tutulur. Bəyannamədə insanların öz təbiətinə görə xarici görünüşü, mövqeyi, danışığı, davranışı və dəyərləri baxımından fərqli olduqlarını, barışıq içində yaşamaq və fərdiliyini qorumaq hüquqlarına sahib olduqlarını elan edir.

    Bəyannamədə insanlara qarşı dözümsüzlüyün yaratdığı təhdidlər araşdırılır, dözümsüzlüyə qarşı mübarizə metodları və proqramları təqdim olunur. Bu günün təsis edilməsində məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır.

    Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

    Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

  • Soltan Hacıbəyov “Şuşa musiqiçiləri” rubrikasında

    “Şuşa İli” çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında hazırladığı “Şuşa musiqiçiləri” rubrikası davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, rubrikanın növbəti təqdimatı bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Soltan Hacıbəyova həsr edilib.

    Rubrikada Soltan Hacıbəyovun həyat və yaradıcılığı haqqında geniş məlumat verilir.

    1919-cu ildə Şuşada anadan olan Soltan Hacıbəyov 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun yaradıcılığında simfonik musiqi janrı əsas yer tutur. Əsərlərindən “Gülşən” baleti (1950) və “Karvan” (1945) simfonik lövhəsi daha çox şöhrət qazanıb. “Qızıl gül” musiqili komediyasının, uşaqlar üçün “İsgəndər və çoban” operasının, Xalq Çalğı Alətləri Orkestri və böyük simfonik orkestr üçün əsərlərin, mahnı və romansların, dram tamaşalarına musiqinin müəllifidir.

    1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

    Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.

    1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan Soltan Hacıbəyov 1974-cü ildə dünyasını dəyişib.

  • Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd ediləcək

    Noyabrın 17-də dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi münasibətilə tədbir keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin kolleksiyasına yeni daxil olan eksponatların - XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid iki cüt sırğanın təqdimatı olacaq. Tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığı, həmçinin görkəmli alim, xalçaçı-rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun anadan olduğu tarixdə keçirilir.

    Qarabağa aid bədii tikmə nümunəsi kompozisiyasının quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütün əsas xüsusiyyətləri özündə əks etdirir. XVI əsrə aid bu cür kompozisiyalı tikmələr Səfəvi saray emalatxanalarında hazırlanır və dövrün yüksək dəyərli dekorativ-tətbiqi sənət əsəri sayılırdı. XVII–XVIII əsrlərdə bu tikmələrə olan böyük tələbatı nəzərə alaraq, Bərdə, Naxçıvan, Şamaxı kimi bir çox şəhərlərin emalatxanalarında onlardan bəhrələnməklə yeni nümunələr yaradılıb.

    Muzeyin öz hesabına “Bonhams” hərrac evindən aldığı qızıl sırğalar isə mina və basmaqəlib texnikasında Təbrizdə hazırlanıb. Öz dövründə çox məşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli bu növ sırğaları varlı, dəbli xanımlar taxar və baş örtüyündən nümayişkaranə çıxarardılar. Qadınlar yeridikcə sırğanın asmalarının zərif cingiltili səsi eşidilər, qədim inanca görə isə bu səs şər qüvvələri onlardan uzaqlaşdırardı.

    Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi ötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imza atıb. Təqdim olunan nadir sənət nümunələri muzeyin 2022-ci ildə bu istiqamətdə fəaliyyətini uğurla davam etdirdiyini göstərir.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

    "Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bugünkü təqdimat Şuşada dövlətin müstəqillik atributlarından biri olan pul vahidinə həsr olunub.

    XVIII əsrin ortalarında paytaxtı Şuşa qalasına köçən Qarabağ xanlığı da öz pulunu dövriyyəyə buraxıb. Xanlıq qalaya köçəndən sonra Pənahəli xanın göstərişi ilə yaradılan zərbxanada pul kəsilməyə başlanılıb. Qarabağ xanlığının təkcə pul yox, çəki və ölçü vahidləri də olub.

    Qarabağ xanlığının pul vahidi və dövlət atributlarından biri olan “pənahabadi” Pənahabbadda (Şuşada) kəsilir və şəhərin adı ilə adlandırılırdı, xalq arasında “pənabad”, yaxud “pənavat” da deyilirdi. Pənahabadi bir misqal vəzində, çar Rusiyasının köhnə gümüş pulu ilə 5 qəpik dəyərində və İran pulu ilə yarım qran olan gümüş pul idi. Sikkənin bir üzündə “pənahabadi”, o biri üzündə isə “La İlahə illəllah və Muhəmmədun rəsulullah” sözləri yazılmışdı.

    “Pənahabadi”nin 6-sı bir manat, 8-i isə “Qarabağ tüməni” adlanırdı. Eyni zamanda, bu pul “təklik” və “cütlük” ilə 30 qəpik hesab olunurdu. “Pənahabadi” demək olar ki, bütün Azərbaycan xanlıqlarında və Yaxın Şərq ölkələrində dövriyyə vasitəsi kimi işlənirdi, iqtisadi əlaqələr və ticarətin inkişafında əsas vasitəyə çevrilmişdi. XVIII əsrin ortalarından dövriyyə buraxılmağa başlayan “pənahabadi” XX əsrin 30-cu illərinə qədər Yaxın Şərq ölkələrində və Orta Asiyada pul vahidi kimi işlənirdi.

    Qarabağda pul vahidi olan “sahibqran” Şuşada kəsilirdi. İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Şuşada qətlindən sonra İbrahimxəlil xan Cavanşir ədəb qaydasında və İranla münasibətləri yoluna qoymaq üçün “sahibqran” -35,5 qəpik dəyərində gümüş pul kəsdirməyə başladı. “Sahibqıran” bəzi hökmdarların, o cümlədən də Əmir Teymurun titulu idi. Qarabağ xanlığında həmin pul İran hökmdarı Fətəli xan Qacarın şərəfinə “Fətəlişahi” da adlandırılırdı.

  • Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun “Nizami Gəncəvi medalı” ilə təltif edilib

    Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt Özbəkistana səfəri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib və Mərkəzin direktoru Samir Abbasovla görüşüb.

    AZƏRTAC xəbər verir ki, görüşdə Nizamettin Aykurt dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyilə əlaqədar dahi şairin irsinin, yaradıcılığının türk dünyasında, Özbəkistanda təbliği işinə verdiyi xüsusi töhfəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova Fondun təsis etdiyi “Nizami Gəncəvi medalı”nı təqdim edib.

    Nizamettin Aykurt çıxışında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Nizami İli” çərçivəsində mühüm əhəmiyyətə malik və çoxsaylı layihələrin həyata keçirilməsini xüsusi qiymətləndirdiklərini qeyd edib.

    O, ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsilə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsərin Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən özbək dilinə tərcüməsinin uğurla həyata keçirildiyini və “Xəmsə”nin nəfis şəkildə nəşr edildiyini qeyd edib.

    Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycan və Türkiyə fondlarında saxlanılan unikal əlyazmalarının surətlərinin elektron versiyası əldə edilərək Özbəkistanın Əlyazmalar və Şərqşünaslıq İnstitutlarının Fondlarına hədiyyə edildiyini və bu əsərlərin gələcəkdə tədqiqatçılar üçün mühüm əhəmiyyətə malik olduğunu söyləyib.

    O, Nizami Gəncəvinin irsi, yaradıcılığının türk dünyası ədəbiyyatının zirvəsi və dünya ədəbiyyatına verdiyi töhfələrlə bağlı elan olunan müsabiqə nəticəsində Özbək alimləri tərəfindən çoxsaylı tədqiqat əsərlərinin yazıldığını, iki monoqrafiyanın hazırlandığını və Daşkənddə çap olunmasını mühüm hadisə kimi qiymətləndirib.

    Fondun rəhbəri Nizamettin Aykurt Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanda “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində Özbəkistan şairləri, ədəbiyyatsevərləri, tələbələrinin iştirakı ilə şeir gecəsinin keçirilməsi, türk dünyası alimlərinin iştirakı ilə beynəlxalq konfransların, çoxsaylı rəsm sərgiləri, kitab təqdimatları, Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanan konsert proqramının təqdim olunmasını dahi Nizami Gəncəvinin irsinin təbliğinə mühüm töhfə olduğunu qeyd edib.

    Görüşün sonunda Samir Abbasov ona göstərilən dəyərə görə Nizamettin Aykurta təşəkkürünü bildirib.