Azərbaycanlı rejissor Şamil Əliyevin “Yaradanlar” ( CREATORS) filmi 95–ci Oskar Akademiyasının mükafatına namizədlərin siyahısına daxil olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020–ci ildə “Salnamə” kinostudiyasında lentə alınan “Yaradanlar” filmi beynəlxalq festivallarda zəfər yürüşünü uğurla davam etdirir.
Ekran əsəri XX əsrin görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist–bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir.
Qeyd edək ki, 95–ci “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2023–cü ilin martın 12–də keçiriləcək.
Filmin ideya müəllifi professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında “Qadın və uşaq hüquqlarının müdafiəsi”nə həsr olunmuş sərgi təşkil olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə insan hüquq və azadlıqlarının bütün sahələrindən bəhs edən müxtəlif dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materiallarına baxış keçirilib.
Daha sonra tədbir iştirakçıları insan hüquqlarının müdafiəsinin təbliği, cəmiyyətdə hüquqi düşüncənin və hüquq mədəniyyətinin inkişafı kimi məsələləri müzakirə ediblər.
Sabah saat 08:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində - 150 metr məsafədə bir hərəkət zolağı üzrə (digər 2 hərəkət zolağı açıqdır) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb ərazidə yerüstü piyada keçidinin tikintisidir.
Agentlik sürücülərə sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edib.
Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Azərbaycanın elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.
Reportun nazirliyə istinadən verdiyi məlumata görə, bu barədə nazir müavini Samir Vəliyev ilə EBRD-inin Qafqaz üzrə regional direktoru Katarina Bjorlin Hansenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirilib.
Görüş zamanı Anlaşma Memorandumu ətrafında fikir mübadiləsi aparılıb və sənədin yaxın gələcəkdə imzalanmasına dair razılıq əldə olunub.
Görüşdə Azərbaycan və EBRD arasında elektroenergetika, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrinin inkişafı istiqamətində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib.
Bankla birgə həyata keçirilən layihələrin icra vəziyyəti, aşağı karbonlu elektroenergetika sektorunun inkişafı, kiçik miqyaslı bərpa olunan enerji layihələri üzrə görülən işlər nəzərdən keçirilib, “Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsinə dəstək layihəsi” çərçivəsində hazırlanan sənəd layihələri barədə məlumat mübadiləsi aparılıb.
Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, bu ərazilərdə 2050-ci ilədək "sıfır emissiya" zonasının yaradılması, eləcə də dənizdə külək enerjisi layihələrinin reallaşdırılması istiqamətində görülən tədbirlərdən bəhs edilib. Bərpa olunan enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan potensial enerji layihələri barədə müzakirələr aparılıb.
Noyabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun həyat və yaradıcılığına həsr olunmuş “Ömrün zirvələri” xalçası haqqında maraqlı mühazirə təqdim ediləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirə bu sənət nümunəsinin müəllifi, Lətif Kərimovun nəticəsi, muzeyin Ənənəvi texnologiya şöbəsinin müdiri Əfşan Rzayeva tərəfindən keçiriləcək.
İştirakçılar öncədən https://forms.gle/nEv2w4vtHr8ZiE2h6 linkindən qeydiyyatdan keçməlidirlər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi “Shusha is the pearl of Karabakh!” adlı videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanmış videoçarxda Şuşanın qədim tarixi, işğaldan əvvəlki və sonrakı dövrləri, azad olunma tarixi haqqında məlumatlar ingilis dilində verilib və müxtəlif dövrlərinə aid fotolar yer alıb. Videoçarxda: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Şuşa Qarabağın incisidir, Azərbaycanın qəlbidir. Şuşa istedadlar məskənidir” sözlər xüsusi olaraq qeyd olunub.
Bu gün Xalq artisti Xumar Zülfüqarovanın doğum günüdür
Bu gün müasir Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, baletmeyster, Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 95-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, milli rəqs adət-ənənələrinin qorunması və təbliği, gənclərə milli rəqsin professional öyrənilməsi hissinin aşılanmasında Xumar Zülfüqarovanın böyük xidmətləri olub.
Xumar Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və Konsert üzrə Birliyinin ilk baş baletmeysteri olub. Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurub, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış edib, kinofilmlərdə rol alıb. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında rəqqasə qismində mahircəsinə çıxış edib. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olub, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ edib.
1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının Xalq və Əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələridir.
Xumar Zülfüqarovanın xoreoqrafiya və rəqs sənəti sahəsindəki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülüb.
Xumar Zülfüqarova 2017-ci il iyulun 2-də ömrünün 90-cı ilində vəfat edib.
Görkəmli rəqs ustası, tanınmış baletmeyster və səmimi insan Xumar Zülfüqarovanın əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.
Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Bu barədə Reporta Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Belə ki, Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilib. Konfransda Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və ölkəmizin Koreyadakı səfirliyinin məsul şəxsləri iştirak ediblər.
Noyabrın 16-dək davam edəcək konfrans "İcmaya əsaslanan gələcəyə yönəlik tarixi şəhər" mövzusunda keçirilir. Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyət protokolu imzalanıb.
Həmçinin, konfransda iştirak edən Türkiyənin Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin başçısı Mehmet Dündar və TŞL-nın baş katibi, Yaponiyanın Kyoto şəhərinin meri Daisaku Kadokava ilə də ikitərəfli görüşlər keçirilib.
Azərbaycan Milli Xalça Muzeyi “Şuşa İli” çərçivəsində xalqımız üçün böyük mənəvi dəyərə malik bir şəhərin tanınmış soylarını, onların tarixdəki rolunu təbliğ etmək məqsədilə yeni başladığı layihəni davam etdirir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “Şuşanın tanınmış soyları - Mehmandarovlar” adlı mühazirə keçiriləcək.
Tədbirdə Mehmandarovlar nəslindən olan, Kərim bəy Mehmandarovların şəcərəsinin davamçısı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinın dirijoru Mustafa Mehmandarov və “Şuşa” qəzetinin redaktoru, publisist Vasif Quliyev mövzu ətrafında çıxış edəcəklər.
Qeyd edək ki, mühazirədən öncə qonaqların iştirakı ilə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş “Ləçək-turunc” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi olacaq.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filminin qatılacağı növbəti festivalın adı məlum olub.
AZƏRTAC xəbər verir ki, ekran işinin Asiya premyerası noyabrın 20-28-də Hindistanda beynəlxalq film festivalında reallaşacaq. Festival çərçivəsində müsabiqə iştirakçıları “Qızıl tovuzquşu” mükafatı uğrunda mübarizə aparacaqlar.
“Mərmər soyuğu”nun Avropa premyerasını isə “PÖFF | Tallinn Black Nights” (“Qara Gecələr”) Film Festivalında davam edir. Bu ekran əsəri festivalın əsas müsabiqə proqramında iştirak edən 23 filmdən biridir və bu, filmin dünya premyerasıdır. Noyabrın 27-dək davam edəcək festival Estoniyanın paytaxtı Tallin şəhərində keçirilir.
Ekran işi bir rəssamın sevgi hekayəsinə fokuslanır. Uzun illər həbs həyatını yaşamış atanın evə qayıdışı və ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışması filmin əsas süjet xəttini təşkil edir.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov, Natavan Abbaslı çəkiliblər.