Bir neçə gündən sonra XVII Bakı Beynəlxalq Caz Festivalı başlayır. Builki festivala dünyaca məşhur caz ustaları dəvət olunub. Onların sırasında “Yogev Şetrit” triosu da var.
AZƏRTAC xəbər verir ki, noyabrın 19-da Yogev Şetrit trio yoldaşları Amir Solomon (bas) və Devid Şitritlə (fortepiano) Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək.
Bəstəkar və zərb ifaçısı Yogev Şetrit 1978-ci ildə İsraildə anadan olub. Yerusəlim İvrit Universitetində Musiqiologiya üzrə bakalavr dərəcəsi alıb. Şetrit dünyaca məşhur “Coolooloosh” qrupunun yaradıcısı və üzvü olub, Çuçito Valdes, Tia Fuller, Arni Lourens, Paulo Morello və Kevin Mahogany kimi görkəmli sənətçilərlə eyni səhnəni bölüşüb. Bəstəkar qəlbli Şetrit orijinal əsərlərini ifa etmək üçün 2016-cı ildə öz triosunu yaradıb. Qrup rəhbəri kimi ilk studiya albomu "New Path"ı buraxıb. O vaxtdan “Yogev Şetrit” triosu “Beynəlxalq Panama Caz Festivalı”, “The Kennedy Center”, “Casa Del Jazz”, Roma, Vaşinqton da daxil olmaqla dünyanın 30-dan çox ən böyük festival və məkanlarında çıxışlar edib.
Sentyabrda keçirilməsi nəzərdə tutulan XVII Bakı Beynəlxalq Caz Festivalı şəhidlərin xatirəsinə ehtiramla əlaqədar ləğv edilib və noyabr ayına təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu musiqi janrının pərəstişkarlarının gözlədiyi dinamik festival noyabrın 15-dən 20-dək keçiriləcək.
Yenilənmiş proqramda tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları yer alıb. Bu, ilk növbədə, “Grammy” mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Son onillikdə Qreqori müasir caz dünyasının geniş spektrində unikal və cəlbedici səsə çevrilib. Layihələrində əməkdaşlıq etdiyi musiqiçilərin siyahısı bunu deyir: Herbi Hancock, Pat Metheni, Kassandra Vilson, Markus Miller. Noyabrın 15-də festival çərçivəsində Qriqori Maret Azərbaycan musiqiçiləri ilə eyni səhnəni bölüşəcək. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edəcək.
Noyabrın 16-da braziliyalı Eloiza Lourenso hərarətləndirici proqramla çıxış edəcək, daha sonra festival günləri hollandiyalı virtuoz pianoçu Mayk Del Ferronun, İsrailin Yogef Şetrit qrupunun, alman eksperimental caz vokalçısı Mixael Şifelin triosunun konsertləri olacaq. XVII Bakı Beynəlxalq Caz Festivalının proqramını əfsanəvi Kenni Uilerin yeni "Sweet Time Suite" tamaşasının solisti seçilmiş gitaraçı Federiko Kasaqrande və truba ifaçısı Fulvio Siqurtanın italyan dueti bağlayacaq.
Noyabrın 17-də gənc caz ifaçıları üçün illik “I am Jazzman” müsabiqəsinin ikinci turu, noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması və “Ekalogic”in yekun konserti keçiriləcək. Qeyd edək ki, bu il iştirak üçün müraciət edənlərin sayı 63 nəfər olub və bu, müsabiqənin təsis edildiyi vaxtdan rekorda imza atıb.
Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Bu il istedadlı müasir rəssam Ramina Saadathan rəsmlər yaratdı və onları “Rəqs edən Caz” adlı layihədə birləşdirdi. Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış bu rəsmlərə baxa biləcəklər. Noyabrın 17-də “QGallery”də “Dancing Jazz” sərgisinin açılışı olacaq.
Növbəti maraqlı tədbirlərdən biri tanınmış kinoşünas Ülvi Mehdinin aparıcılığı ilə YARAT Yaradıcılıq Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı ilə yadda qalacaq.
XVII Bakı Beynəlxalq Caz Festivalının proqramı musiqi və incəsənətin parlaq elementlərindən yığılmış möhtəşəm “tapmaca” olacaq və payız mövsümünü gözəl şəkildə tamamlayacaq.
Quba rayonunun Digah kəndində yerləşən qəbiristanlıq ərazisində, dəfn məqsədilə qazıntı aparılan zaman, çaydaşlarından və bişmiş kərpicdən ibarət, eni 80 santimetr qalınlığında olan divar aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, bundan əlavə, ərazidən müxtəlif keramika nümunələri və dəyirman daşı da tapılıb.
Ərazi Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Sakinlərdən əldə olunan məlumata görə, ərazidən daha öncə də sikkələr, kəmər, saxsı qablar və s. maddi mədəniyyət nümunələri aşkar olunub.
Ərazinin kompleks tədqiq olunmasına ehtiyac var. Bununla bağlı tədbirlərin görülməsi planlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinədək olan hissəsini əsaslı təmir edib.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, uzunluğu 500, eni ortalama 12 metr olan adıçəkilən hissənin təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, zəruri olan yerlərdə mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenilənib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Bu zaman 10 313 kvadratmetr sahəyə asfalt örtüyü döşənib, piyada səkiləri bərpa olunaraq 2 350 kvadratmetr sahəsi asfaltlanıb, əraziyə 2 312 p/m yeni səki daşları düzülüb.
Eyni zamanda küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunub.
Əlcəzairin “alharir.info” xəbər və İraqın “alnoor.se” ədəbiyyat və mədəniyyət portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Şahmarın ərəb dilinə tərcümə edilmiş “İtki” hekayəsinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirlib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən hər iki portal, əsasən, Herman Hesse, Ernesto Sabato, Qabriel Qarsia Markes, Federiko Qarsia Lorka, Tomas Lav Pikok kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının IX toplantısında çıxışı zamanı söyləyib.
“Zirvə çərçivəsində TDT-da sədrlik Özbəkistana təhvil verilir. Bu şərəfli və məsuliyyətli işin yerinə yetirilməsində Özbəkistana uğurlar arzu edirik. Əminik ki, Özbəkistan bu müddət ərzində həm qardaş türk dövlətləri, həm də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da daxil olmaqla, Türk Əməkdaşlıq Təşkilatları ilə bütün sferalarda əməkdaşlığın inkişafına töhfə verərək, bu vəzifənin öhdəsindən layiqincə gələcəkdir”,-deyə Fondun prezidenti vurğulayıb.
Günay Əfəndiyeva türk xalqlarının qədim mədəni irsini öyrənən, qoruyan, dünya miqyasında təbliğini və təşviqini həyata keçirən rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışaraq deyib: “Fond gənc olmasına baxmayaraq, yarandığı tarixdən etibarən türk dünyasında mədəni bağların möhkəmləndirilməsi yönündəki müxtəlif layihələri ilə irəliləmiş, fərqli ölkələrdə təşkil etdiyi tədbirlər, konfranslar, dəyirmi masalar, yayımladığı kitablar ilə türk xalqlarının inteqrasiyası prosesində fəal iştirak etmişdir. Bu il təşkilatın büdcəsi təsdiqlənmiş və üzv ölkələrdən olan əməkdaşların təyin olunması ilə beynəlxalq heyət formalaşmışdır. Fond olaraq, üzv dövlətlər tərəfindən təşkilatın fəaliyyətinin dəstəklənməsi yönündəki bu mühüm addımları yüksək qiymətləndirərək, gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.
Günay Əfəndiyeva Fond tərəfindən TDT-nın IX Zirvə Görüşü çərçivəsində Səmərqənddə həyata keçirilən layihələrin məqsədinin bu təqdirəlayiq hadisəyə töhfə vermək olduğunu bildirib: “Biz Səmərqənddə türk dövlətlərinin Böyük İpək Yolu üzərində əməkdaşlığına həsr olunmuş simpozium təşkil etdik. Fondun nəzdində yaradılan və 7 türk ölkəsinin qadın musiqiçilərindən ibarət “Yeddi gözəl” qrupu türk dünyasının əsrarəngiz musiqisini burada ilk dəfə nümayiş etdirir”.
Təşkilat tərəfindən il ərzində həyata keçirilən layihələr haqqında məlumat verən Günay Əfəndiyeva qeyd edib ki, hər il olduğu kimi, bu il də türk dünyasının ümumbəşəri dəyərlərə əvəzsiz töhfələr vermiş böyük mütəfəkkirlərinin, yazıçılarının, musiqiçilərinin beynəlxalq aləmdə, o cümlədən Avropada tanıdılması yönündə Fond tərəfindən müxtəlif tədbirlər, konfranslar həyata keçirilib, eləcə də kitablar, poçt markaları və digər nəşrlər çap olunub: “Bu çoxsaylı fəaliyyətlərə “Manas” dastanı ilə bağlı geniş araşdırmanın nəşri, Nizami Gəncəvi, Yunus Əmrə, Jambul Jabayev, Əlişir Nəvai, Ömər Seyfəddin, Mikloş Radnoti, Fikrət Əmirov, Azərbaycanın XII-XX əsrlərdə yaşamış bir çox görkəmi qadın şairələri, o cümlədən bu il 190 illiyi qeyd olunan Xurşidbanu Natəvanın yaradıcılığının təbliği və ildönümlərinin keçirilməsi daxildir.
Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Sofiyada dahi bəstəkarın məşhur “Min bir gecə” baleti uğurla səhnələşdirilib. Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adı altında silsilə tədbirlərdə türk dünyası mədəniyyəti almandilli oxuculara təqdim olunub. Varşavada təşkilatçılarından biri olduğumuz, Türkoloji Konqres çərçivəsində müxtəlif ölkələrdən türkoloq alimlər bir araya toplanıb, türk ölkələrinin musiqiləri səsləndirilib”.
Günay Əfəndiyeva Fondun əsas məqsədləri sırasında türk etnik kökənli azsaylı xalqların tarixinin, mədəniyyətinin mühafizəsinin və təbliğinin yer aldığına toxunaraq, diqqətə çatdırıb ki, bu istiqamətdə Litva, Polşa, Rumıniya ilə əlaqələr genişləndirilməkdədir: “Bu ilin əvvəlində Litvanın birinci xanımı Diana Nausedienenin iştirakı ilə Litvada yaşayan və ölkənin ən kiçik etnik qrupu olan karaimlərə həsr olunmuş sərgi açılmışdır. İki həftə öncə, Litva karaimlərinin nümayəndələri Fondun tədbirlərində iştirak etmək üçün gəldilər, özünəməxsus zəngin irsini təqdim etdilər”.
Fondun prezidenti Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsini nəzərə çatdıraraq deyib: “Bununla əlaqədar, biz bu ilin Mədəniyyət Paytaxtı qədim Bursada “Şuşa Günləri”nin keçirilməsini təklif etdik. Bu tədbir mədəniyyət paytaxtı statusunun bir şəhərdən digərinə ötürülməsi üzrə yeni ənənənin başlanğıcı olacaqdır. “Şuşa Günləri”nin təşkili tərəfimizdən ilin sonuna planlaşdırılıb.
Ümidvaram ki, Türk Əməkdaşlıq Təşkilatları olaraq, qarşılıqlı işbirliyinə əsaslanan fəaliyyətimizlə türk dövlətləri arasındakı əlaqələrin genişlənməsinə, türk xalqlarının yaxınlaşmasına öz töhfəmizi verəcəyik”, - deyə Günay Əfəndiyeva bildirib.
Çıxışın sonunda Fond tərəfindən nəşr olunan Azərbaycanın gənc şairi Fərid Hüseynin Özbəkistanın Səmərqənd və Xivə şəhərlərinə həsr etdiyi şeirlər kitabı tədbir iştirakçılarına təqdim olunub.
Gənc Tamaşaçılar Teatrı “İnanıram” monotamaşasını hazırlayır.
Bu barədə Reporta teatrdan məlumat verilib.
Bildirilib ki, teatrın 95-ci mövsümündə ərsəyə gələn növbəti səhnə əsəri müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. Həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi həmin ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.
Tamaşa Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib.
Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını aktrisa Zemfira Əbdülsəmədova canlandırır. İlk tamaşa dekabrın 16-da göstəriləcək.
Qeyd edilib ki, yeni tamaşa Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının təşkil etdiyi II “4.4 Qısa Tamaşalar Festivalı”nda (QTF) nümayiş etdiriləcək. “Şuşa ili”nə ithaf olunmuş festival milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır.
Azərbaycanın ornitoloji turizm üzrə potensialının nümayiş etdirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən 9-14 noyabrda Türkiyə, İsveç, İsveçrə, Finlandiya və Böyük Britaniyadan olan media nümayəndələri və quş müşahidəsi üzrə ixtisaslaşmış turoperatorlar üçün tanıtım səfəri təşkil edilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində yerləşən quşların Qafqaz dağları ilə Xəzər dənizi arasından keçid yolunu əhatə edən “darboğaz” ziyarət edilib, payız miqrasiyası müşahidə edilib.
Həmçinin Azərbaycanda əsas quş müşahidəsi əraziləri kimi tanınan Şirvan, Qızılağac, Hirkan və Ağgöl Milli Parkları, Mahmudçala və Varvara gölləri, eləcə digər ərazilərə səfər həyata keçirilib, Azərbaycanda olan nadir quş növləri müşahidə edilib.
Proqram çərçivəsində ornitoloji turizmlə birgə Azərbaycanda inkişaf etmiş digər turizm növləri haqda təqdimatlar keçirilib, səfər iştirakçıları Azərbaycanın milli mətbəxi nümunələri, çay və sitrus plantasiyaları, onların yetişdirilmə və istehsalat prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət Qoruğu və digər müvafiq ərazilərdə ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi və təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
“Azərbaycanda skolioz mərkəzi açılmalıdır”.
Report xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Elşən Musayev deyib.
“Bu gün bu xəstəlik Azərbaycanda geniş yayılıb və müalicə xərcləri kifayət qədər çoxdur”, - deyə o, qeyd edib.
Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinskinin “Bella Çao” adlı filminin çəkilişlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə çəkilən film İkinci Dünya müharibəsi zamanı İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya qəhrəmanı Tahir İsayevin keçdiyi həyat yoluna fokuslanır. Filmin çəkilişləri Qazax rayonunda – qəhrəmanın ev-muzeyində lentə alınıb.
Qeyd edək ki, Tahir İsayev 1942-ci ildə Mozdokun ətrafındakı ağır döyüşlərdə yaralanaraq əsir düşüb və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə qoşulub. Döyüş yoldaşları tərəfindən “Serafino” adlandırılan T.İsayev “Fiamma Verdi” beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşub.
1945-ci ilin aprelin 25-də Milan şəhərinin faşistlərdən təmizlənməsində qəhrəmanlıq göstərib. O, Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində qəhrəmanlıq, yenilməz şücaət nümayiş etdirib. Həmyerlimiz İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunub.
Diqqətə çatdıraq ki, “Bella Çao” II Dünya müharibəsində İtaliya partizanlarının marş ya himn kimi ifa etdikləri, italyan xalq mahnısıdır. 1940–cı illərin dillər əzbərinə çevrilən bu mahnı bütün dünyada məşhurlaşır. Onun bir həkim və ya feldşer olan bir naməlum partizan tərəfindən bəstələndiyi zənn edilməkdədir.
Filmin ilk nümayişi aprelin 28-də baş tutacaq.