Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Lara Martin's Jazz Club” tamaşası yenidən səhnədə

    Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan “Lara Martin's Jazz Club” caz tamaşası nümayiş ediləcək.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova və layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.

    “Lara Martin's Jazz Club”da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimovadır. Tamaşada Əməkdar artistlər Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev və Emil Heydərov iştirak edirlər.

    Fərqli səhnə tərtibatı ilə seçilən bu tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr təqdim olunacaq.

    Qeyd edək ki, piano ifaçısı Nərminə İsmayılova və "DJ Maqa" – Məhəmməd Məmmədov da aktyorlarla eyni səhnəni bölüşəcəklər.

    Xatırladaq ki, İradə xanım bundan əvvəl Musiqili Teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” və İlyas Əfəndiyevin “Mənim günahım” (SSRİ Xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib. Peşəkar rejissorun hazırladığı tamaşalar teatrsevərlər tərəfindən hər zaman rəğbətlə qarşılanır.

  • Ötən illə müqayisədə bu ilin doqquz ayında ölkəmizə gələnlərin sayı 2,2 dəfə çox artıb

    2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 1162,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,6 faizi Türkiyə, 11,0 faizi İran, 7,4 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 3,1 faizi Hindistan, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Küveyt, 1,5 faizi Özbəkistan, 1,4 faizi Oman, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,4 faizini kişilər, 25,6 faizini qadınlar təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99,0 dəfə, Pakistandan 25,4 dəfə, Hindistandan 16,0 dəfə, Qazaxıstandan 5,7 dəfə, İsraildən 5,5 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 5,2 dəfə, Bəhreyndən 4,8 dəfə, ABŞ-dan 3,4 dəfə, Almaniyadan 2,9 dəfə, Fransadan 2,7 dəfə, Böyük Britaniyadan 2,0 dəfə, Türkiyədən 1,7 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiya Federasiyasından 1,7 dəfə, İrandan 1,6 dəfə, Gürcüstandan 25,5 faiz artıb.

    2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55,8 min, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olub.

    2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,7 dəfə artaraq 1110,8 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 21,2 faiz artıb. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi İrana, 8,5 faizi Gürcüstana, 15,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

  • “Müharibənin səsi” kitabının təqdimatı olub

    Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Zəfər Günü münasibətilə yazıçı və şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nərminə Məmmədzadənin “Müharibənin səsi” kitabının təqdimatı olub.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, kitab “Olmayan müsahibə” layihəsi çərçivəsində üç dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr edilib və 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərinin xatirəsinə həsr olunub.

    Təqdimat mərasimində bildirilib ki, kitaba daxil olunmuş 50-dən çox qısa müsahibə real hadisələrə əsaslanır. Müəllif hər müsahibədə bir şəhidin ruhu ilə söhbət aparır. Hər bir hekayə bir igidin səsidir, o şəhidlərimizin nurlu simalarını bizə açır və əbədi yaşadır. Müsahibələrdə qəhrəmanların kim olduğu, onların uşaqlıq illəri, yaxınları, dostları, ailələri, arzu və istəkləri haqqında danışılır.

    Tədbirdə həmçinin şəhidlərin ailə üzvləri və digər iştirakçılar çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

    Vurğulanıb ki, müəllifin böyük ürək yanğısı ilə yazıldığı kitabda yer alan hər bir yazı göz yaşı, qəlb ağrısı ilə oxunsa da, lakin bu əsərin qəhrəmanlarının hər biri xalqımızın yaddaşında, qəlbində xilaskar döyüşçü, şərəf və ləyaqət sahibləri kimi daim yaşayacaq.

    Tədbirdə kitabdan hekayələr oxunub.

    İştirakçılara minnətdarlığını bildirən Nərminə Məmmədzadə kitabı yazarkən keçirdiyi hissləri bölüşüb.

    Tədbir bədii hissə ilə davam edib.

  • Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş virtual sərgi açılıb

    12 Noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual sərgi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin konstitusiyamız haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilib.

    Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

    Hakimiyyətlərin bölgüsü, insan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırır. Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilib. Konstitusiyamız həm insan və vətəndaş hüquqlarının dönmədən həyata keçirilməsi, həm də dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsini təmin edir.

  • Bakının Məsud Əlizadə küçəsi təmir edilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Məsud Əlizadə küçəsinin təmirini başa çatdırıb.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, təmir işləri çərçivəsində frezlənmə, piyada səkilərinin bərpası, səki daşlarının yenilənməsi işləri aparılıb, küçəyə yeni asfalt-beton örtüyünü döşənib.

    Bu il Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.

  • “Zəfər sədası” musiqi festivalı rəngarəng konsert proqramları ilə yadda qaldı

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə üç gün davam edən “Zəfər sədası” musiqi festivalı başa çatıb.

    AZƏRTAC xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə paytaxt və bölgələrimizin bir sıra mədəniyyət ocaqlarında gerçəkləşən festival konsertlərində zəfər soraqlı musiqilər səslənib.

    “Zəfər sədası” musiqi festivalının paytaxtda əsas konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim olunub.

    Konsert proqramında Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Oqtay Zülfüqarovun əsərləri, eləcə də şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalib əsərləri yer alıb.

    Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Sonra Fikrət Əmirovun möhtəşəm “Azərbaycan süitası” səsləndirilib. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunan əsər ilk dəqiqələrdən salona sanki bir qələbə ruhu çiləyib.

    Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova tamaşaçıları salamlayaraq Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, ötən il Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi keçirilib. Bu gün həmin müsabiqənin qalibi olan əsərləri də dinləmək imkanı əldə edəcəyik.

    Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə xalqımıza şanlı Qələbə yaşadan Ali Baş Komandan və şanlı Ordumuzun şücaətindən söz açıb, bu Zəfərin mədəniyyətimizə təsirindən danışıb: “Bəstəkarlar İttifaqı olaraq gənc bəstəkarları öz sıralarımıza qəbul edirik, cığır açırıq. Onların akademik yolda uğur qazanmaları aldıqları təhsil və öz içlərindən gələn duyğulara bağlıdır. Müasir və akademik musiqi ilə məşğul olmaq çətindir. Bizim musiqi sənətimiz həmişə yüksəklərdə olub. Ötən il keçirilən müsabiqəyə 26 partitura daxil olmuşdu və onlardan 15-i qəbul edilərək dinlənildi. Bu gün biz 3 qalibi mükafatlandıraraq bütün gənc bəstəkarlara uğurlar arzulayırıq”.

    Sonra müsabiqənin qalibləri elan edilib.

    Müsabiqənin birinci mükafatı Tural Məmmədliyə təqdim edilib. İkinci yerə Vətən müharibəsi qazisi, bəstəkar Vüqar Məmmədazdə, üçüncü yerə isə Elvin Quliyev layiq görüldü. Gənc bəstəkar Üzeyir Məmmədova həvəsləndirici mükafat verilib.

    Mükafatlandırmadan sonra konsert proqramı davam edib. Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) və orkestr vətənpərvərlik notlu əsərləri böyük sevgi və coşqu ilə ifa ediblər. Gecədə Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım”, Qara Qarayevin “Zamanın bayraqdarı”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru səslənib, eyni zamanda, müsabiqə qalibləri Tural Məmmədlinin “Şuşa fəthi”, Vüqar Məmmədzadənin “İnsan”, Elvin Quliyevin “Qayıdış” əsərləri də boyum maraqla qarşılanıb.

    “Zəfər sədası” musiqi festivalı çərçivəsində daha bir konsert proqramı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təqdim edilib.

    Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra aparıcı Günay Məmmədova Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qalibiyyətdən söz açıb. Qeyd edib ki, Azərbaycan tarixinin şanlı səhifələrinin yazıldığı salnamənin zəfər tacı 8 noyabr 2020-ci ildə mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi oldu.

    Vurğulanıb ki, Vətən müharibəsində tarixi Zəfərin ikinci ildönümü mədəniyyət ocaqlarında silsilə tədbirlərlə qeyd edilir. Dövlət Mahnı Teatrının instrumental ansamblı da “Zəfər sədası” musiqi festivalı çərçivəsində bayram konserti ilə sizin görüşünüzə gəlib. Ansamblın rəhbəri tarzən Mirxalid Salayevdir.

    Sonra konsert proqramı təqdim edilib. Ansamblın solistləri Fəxri Kazım-Nicat, Fərhad Allahverdiyev, Aşıq Ramin, Ayşən Mehdiyeva, Anar İlhamlı, Rövşən Qəhrəmanov, Metin və Aynur İsgəndərlinin ifasında “Nə gözəldir”, “Azərbaycan”, “Vətən yaxşıdır”, “Yol verin, Turan gəlir”, “Tək ümid qalsın” , “Azərbaycan bayrağı”, “Bura vətəndir”, “Qarabağ” və başqa mahnılar səslənib. Çıxışlar alqışlarla qarşılanıb.

    “Zəfər sədası” musiqi festivalı çərçivəsində Bərdə Regional Mədəniyyət İdarəsi (RMİ) Bərdə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) “Zəfər sədası” adlı bayram konserti keçirilib.

    Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

    Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistləri – Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Nərgiz Kərimova, “Muğam” Televiziya müsabiqələrinin iştirakçıları Rəvanə Qurbanova, Səbinə Ərəbli, Məftun Səfərli, beynəlxalq və respublika müsabiqələrinin qalibləri Vaqif Təhməzov, Süleyman Süleymanov və Taleh Yahyayevin ifasında bayram ab-havalı bəstəkar və xalq mahnıları səsləndirilib.

    Festivalın növbəti konserti Ağdam Muğam Mərkəzində (Quzanlı qəsəbəsi) təşkil edilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağcabədi RMİ-nin rəisi Qalib Həsənov çıxış edərək rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən söz açıblar. Bildirilib ki, Zəfər Günü Azərbaycanının ən əziz, qürur verən bayramlarından biridir. Bu şanlı Qələbəni bizə qazandıran şəhidlərimizin xatirəsi həmişə uca tutulacaq.

    Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlərinin ifasında bəstəkar və xalq mahnılarından ibarət rəngarəng musiqi nömrələri təqdim olunub.

    Zəfər soraqlı festivalın daha bir ünvanı Sumqayıt Dövlət Dram Teatrı olub. Tədbir iştirakçılarını salamlayan Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev Zəfər Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb.

    Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz musiqiyə verilib.

    Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı və solistləri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

    F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası da “Zəfər sədası”na qoşulub. Gəncə Dövlət Kamera Orkestri (bədii rəhbəri və dirijor – Xalq artisti Rafael Bayramov) və “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Sahil Quliyev) birgə hazırladığı bayram konserti böyük maraqla qarşılanıb.

    Musiqi axşamının tamaşaçıları arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov da olub.

    Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Zəminə Nuriyeva, Rövşən Məmmədov, Əlizadə Malasov, Xəyal Əliyev, Elmir Pişnamazzadə, Vasif Bayramov, Şirxan Cahangirov, Azər Verdiyev və baletmeyster Sənan Cavadov rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

    Xatırladaq ki, “Zəfər sədası” musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında da konsert keçirilib.

    Festivalın bütün tədbirləri Zəfər Gününə və 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə sənət töhfəsi kimi yaddaşlara yazılıb.

  • Xalça Muzeyində mühazirə - Kimononun tarixçəsi

    Noyabrın 12-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində mühazirə keçiriləcək.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, “Kimononun tarixçəsi” adlı mühazirə “SOAC Art Consultancy & Curation”nin təmsilçisi, sənətşünas Sumiyo Okumura tərəfindən təqdim olunacaq.

    Mühazirə türk dilində deyiləcək.

    İştirak etmək istəyənlər https://forms.gle/DnUtoeF8gzhK6WcDA linkindən qeydiyyatdan keçməlidirlər.

  • Ölkəmizdə “Fikrət Əmirov – 100” Musiqi Festivalı başlayır

    Prezident İlham Əliyevin görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi “Fikrət Əmirov – 100” Musiqi Festivalına start verir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində noyabrın 12-dən 23-dək Bakı və Gəncə şəhərində silsilə konsertlər, tamaşalar və müvafiq tədbirlərin icrası planlaşdırılır. Belə ki, noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Nizami” baleti, noyabrın 13-də teatrın kollektivi F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bəstəkarın “Sevil” operasını təqdim edəcək. Noyabrın 18-də eyni məkanda Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.

    Azərbaycan Dövlət Akademik Filarmoniyasında noyabrın 15-i Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, 17-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək. Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Vokal musiqisi axşamı təşkil olunacaq.

    Noyabrın 22-də Heydər Əliyev Sarayında bəstəkarın 100 illik yubileyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək. Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “1001 gecə” baleti nümayiş olunacaq.

  • Elektromobillər üçün II və III səviyyə enerji doldurucuları idxal rüsumundan azad edilib

    Azərbaycanda elektrik mühərrikli avtomobillər üçün II və III səviyyə elektrik enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib.

    Reportun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov ötən gün Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Hökumət başçısının imzaladığı yeni qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

  • Bakının Hətəm Allahverdiyev küçəsi təmir edilir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunun Zığ qəsəbəsinin Hətəm Allahverdiyev küçəsini təmir edir.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, uzunluğu 1 000, eni ortalama 6 metr təşkil edən sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb. Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

    Ötən il Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12,5 kilometr təşkil edir.