Şəhər mobilliyi prinsipləri əsas götürülməklə 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti-M.Hadi küçəsi-Q.Qarayev prospekti-Z.Bünyadov prospekti-Moskva prospekti-Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılır.
Report Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, paytaxtda müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalarda səmərəliliyin artırılması və gündəlik ictimai nəqliyyatdan istifadə edən 1.5 milyon sərnişinin rahatlığının təmin edilməsi üçün tədbirlər davam etdirilir.
"Qeyd olunan küçə və prospektlərin hər biri ictimai nəqliyyat üçün əsas hərəkət dəhlizi hesab olunur. Gündəlik olaraq bu dəhlizdən 70 müntəzəm marşrut xətti üzrə 1000-dən artıq avtobusla 830 min nəfərdən dən çox sərnişin daşınır. Dəhliz boyunca avtobusların maneəsiz və rahat hərəkəti təmin ediləcəyi halda avtobusların orta istismar sürətinin pik saatlarda 10 km/saatdan 21 km/saata qalxacağı proqnozlaşdırılır. Sərnişinlərin səfər müddəti isə pik saatlarda 46 dəqiqədən 22 dəqiqəyə enəcəyi ehtimal edilir.
Avtobusların hərəkət cədvəllərində stabilliyin təmin olunması ictimai nəqliyyatdan istifadəsini stimullaşdıracaq, əhalinin mobillik imkanları və ictimai nəqliyyata olan inamı artacaq ki, bu da öz növbəsində qanunsuz sərnişindaşıma halları və şəxsi nəqliyyat vasitələrindən istifadənin azalması baxımından əhəmiyyətlidir. Zolaqların təşkili ekoloji mühitin yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək. Belə ki, gündəlik təqribən 4 000 kq-dan artıq zərərli qazın (CO2) ətraf mühitə buraxılmasının qarşısını almaq mümkün olacaq", - məlumatda deyilir.
BNA-dan bildirilib ki, zolaqların təşkili ilə həmçinin ümumi istifadədə olan nəqliyyat vasitələri ilə yanaşı operativ nəqliyyat vasitələrinin də həmin zolaqlarla hərəkəti maneəsiz hərəkəti təmin oluacaq ki, həyati vacib sahələrə müsbət təsir göstərəcəkdir: " Layihənin uğurlu olması və avtobus zolaqlarının marşrutların fəaliyyətinə effektiv təsirinin artırılması üçün digər nəqliyyat vasitələri sürücüləri avtobus zolağının tələbinə riayət etməlidir".
Bu gün Hüseyn Cavidin anadan olmasından 140 il ötür
Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir. Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirərək demişdir: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümü tamam olur.
Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.
Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. Musiqini, muğamatı yaxşı bilən, məlahətli səsi ilə tanınan atasının qəzələ vurğunluğu gələcəyin söz ustadı Hüseynə də keçib. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində), Təbrizin “Talibiyyə” mədrəsəsində, İstanbul Universitetində təhsil alıb. İstanbuldan yazdığı məktubunda “Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” fikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət və məhəbbətin mənasını isə onun vətənini, millətini azad və xoşbəxt görmək arzusu təşkil edirdi.
İstanbuldan qayıdan Hüseyn Cavid Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olan “Ana” və “Keçmiş günlər” Tiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin “Təcəddüd” qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı “Ədəbiyyat dərsləri” ortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardandır.
Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı cərrahiyyə əməliyyatı olunur. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır... Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığında “məfkurəvi tərəddüd və böhran” adlandırıb. Halbuki o, bu illərdə “Peyğəmbər” və “Topal Teymur” əsərlərini yazıb.
1937-ci il iyunun 4-ü və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilməyib.
Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub.
“Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.
Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar “Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini “Hərb və fəlakət” şeirində qələmə alaraq “İttihad! İştə ən böyük ideal” yazıb.
Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran şairin:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü -
kəlmələri bu gün də aktualdır. Bu misralar zamanın gərdişini dərindən duyan dahi sənətkarın münaqişə, müharibə və digər qanlı olayların hələ uzun illər düşüncələrə hakim kəsiləcəyini şair qəlbi ilə hiss etdiyinin nişanəsidir.
Hüseyn Cavid 1938-ci ildə həbs olunaraq “əks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib.
Ölümündən sonra Hüseyn Cavidə 1956-cı il martın 6-da bəraət verilsə də, ona ehtiyatla yanaşılıb. Dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə hazırlıq gеtdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə onun nəşinin Sibirdən Azərbaycana gətirilməsi qüdrətli söz ustasına böyük sevgi və ehtiramın təzahürü idi. Ulu Öndərin bu qətiyyətli addımı ilə təkcə dahi sənətkarın ruhu deyil, onu sevən milyonlarla insanın qəlbi rahatlıq tapdı.
Ulu Öndərin Hüseyn Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikasında çap olunub, anadan olmasının 125, 130 və 135 illiyi dövlət səviyyəsində keçirilib.
Azərbaycan mədəniyyətinin gündən-günə inkişaf etdiyinin, dünyada tanındığının və qəbul olunduğunun şahidi kimi qürurla deyə bilərik ki, Hüseyn Cavidin vaxtilə məfkurə davasını insanların beyninə, milli zehniyyətinə aşılamaq məqsədilə qələmə aldığı
Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! -
arzuları da bu gün gerçəkləşib.
"Həqiqət istərəm, yalnız həqiqət", - deyə bütün ömrü boyu çarpışan, yazıb yaradan Hüseyn Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir. Doğum günün mübarək, böyük ustad! Gələcəyə doğru mətin bir yürüşlə elə zirvədəsən ki, sənə nə əl çatar, nə söz yetər! Hər kəsin qəlbində varsan! Böyüklük, ucalıq, əbədiyaşarlıq budur!
Prezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Əhməd Bakıxanovun 130 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda deyilir: “Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmışdır. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir”.
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, "Allegoria Sacra" (“Müqəddəs Allegoria”) adlı E.Mirzəyevin müəllif konsertində bəstəkarın yaradıcılığının 20 illik bir dövrünü (1995-2015) əhatə edən, fərqli janrlarda yazılmış kamera-instrumental və səhnə əsərləri yer alıb. Müəllif konserti dirijor Orxan Həşimovun rəhbərliyi ilə Cadenza orkestri və müxtəlif solistlər tərəfindən yüksək peşəkarlıqla təqdim olunub. Proqrama daxil edilən əsərlər Azərbaycan müasir bəstəkarlıq məktəbinin layiqli nümunələri sırasındakı mövcudluğunun təsdiqidir.
Xatırladaq ki, oktyabrın 26-27-də Elmir Mirzəyevin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində mühazirələri təşkil olunacaq.
Qeyd edək ki, bəstəkar 1994-2009-cu illərdə Almaniya, Fransa, Hollandiya, Belçika, İtaliya, İsveçrə, İsveç, Çexiya, Polşa, Bolqarıstan, Türkiyə, Estoniya, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan, İndoneziya, Monqolustan, Yaponiya, ABŞ və Meksikada keçirilən müxtəlif beynəlxalq festivalların (habelə beynəlxalq görüşlər, konfranslar, simpoziumlar və s.) iştirakçısı olub.
“Bakı” kinostudiyasının 1957-ci ildə istehsalata buraxdığı “Mahnı belə yaranır” tammetrajlı bədii filminin çəkilişindən 65 il ötür.
AZƏRTAC xəbər verir ki, yazıçı, kinodramaturq Roman Fatuyevin ssenarisi əsasında çəkilən filmə görkəmli rejissorlar Rza Təhmasib və Mikayıl Mikayılov quruluş verib.
Film XX əsrin məşhur Dağıstan şairi, xalq aşığı Süleyman Stalskinin (Süleyman Həsənbəyov) həyatı, yaradıcılığı və ictimai fəaliyyətindən bəhs edir.
Filmdə rolları Konstantin Slanov (Süleyman Stalski), Vladimir Txapsayev (Qara Maqoma), Afanasi Koçetkov (Maksim Qorki), Məmmədəli Vəlixanlı (Bədirxan), Z.Abihəsənova (Məriyat), Abbas Rzayev (Xanapi), Ş.Montaşev (Harun), Z.Qalazova (Ayna), A.Qurumov (Hizri), Ələkbər Hüseynzadə (Mola Hacımed), Əli Qurbanov (kor aşıq), Fateh Fətullayev (Bədirxanın adamı) və başqaları canlandırıb.
Azərbaycan Sakit Okean Asiya Səyahət Assosiasiyasının (PATA) oktyabrın 25-27-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras-Əl-Xayma şəhərində keçiriləcək illik zirvə toplantısında iştirak edəcək.
Report bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, tədbir 3 illik fasilədən sonra ilk dəfə baş tutacaq. Toplantıya Azərbaycanla yanaşı Kamboca, Kataloniya, Çin Taypeyi, Xorvatiya, Quam, Hindistan, Yaponiya, Cənubi Koreya, Malayziya, Maldiv adaları, Nepal, Filippin, Sinqapur, İspaniya, Tayland və Vyetnamdan nümayəndələr qatılacaq.
Ədliyyə Nazirliyinin "Mobil notariat" tətbiqi ilə ödənişlərdə, o cümlədən müraciətlərin göndərilməsi üçün ödənişlərdə çətinliklər yaranıb.
Report xəbər verir ki, bu barədə nazirliyin istifadəçilərə müraciətində bildirilir.
Qurum bəyan edib ki, problem “ASAN Ödəniş” sistemində aparılan optimallaşdırma işləri ilə bağlıdır.
Xatırladaq ki, həm “Appstore”dan, həm də “Google Play”dan mobil cihazlara ödənişsiz yüklənən bu proqram təminatı vasitəsilə şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin elektron versiyasının vahid mənbədə mobil telefonda saxlanılması, onların qüvvədən düşməsi barədə məlumatın dərhal alınması, habelə həmin sənədlərdən istifadə etməsi mümkündür. Həmçinin, "Mobil notariat" vasitəsilə vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada videoyazı vasitəsilə həftənin bütün günləri 24 saat ərzində əldə edə bilərlər.
"Mobil notariat" tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.
Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları Turan Yunus və Elgün Pirverdiyev Böyükdaş dağının aşağı səkisində monitorinqə başlayıblar.
Qoruqdan AZƏRTAC-a bildirilib ki, monitorinqin məqsədi aşınma, eroziya və antropogen təsirlərə məruz qalmış qayaüstü təsvirlərin müəyyən olunması, inventarlaşdırılmış qayaların 3D modellərinin hazırlanması, müasir kompüter proqramları vasitəsilə gözlə görünməsi çətin olan, indiyə qədər qeydə alınmamış yeni qayaüstü təsvirlərin aşkara çıxarılması, ümumilikdə Böyükdaş dağındakı təsvirli qayaların pasportlaşdırılması və kataloqunun hazırlanmasıdır.
Qeyd edək ki, monitorinq nəticəsində 3 D modelləri hazırlanmış qayalar üzərində yeni qayaüstü təsvirlər aşkar olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin hazırladığı Vahid Elektron Xidmətlər Portalında növbəti xidmət istifadəyə verilib.
Report nazirliyə istinadən xəbər verir ki, bu, Dövlət Radiotezliklər İdarəsinin (DRİ) təqdim etdiyi “Radioelektron vasitələrinin qeydiyyatı və icazə vərəqəsinin verilməsi” xidmətidir.
Hazırda xidmət tam rəqəmsallaşdırılıb. İstifadəçilər radioelektron vasitələrin qeydiyyatı və icazə vərəqəsinin verilməsi ilə bağlı xidmətdən istifadə üçün tələb olunan məlumatları elektron formada doldurmaqla portal üzərindən DRİ-yə müraciət edə biləcəklər.
Bu xidmətdən istifadə üçün istifadəçinin portala elektron qeydiyyatlı girişi tələb olunmur. Fərdi sahibkarlar və hüquqi şəxslər özləri haqqında şəxsi məlumatları və VÖEN-i daxil etdikdən sonra tələb olunan sənədləri əlavə edərək müraciət göndərə bilərlər.
Müraciətlərə 15 iş günü ərzində baxılaraq vətəndaşlara nəticə barədə məlumat verilir.
“Radioelektron vasitələrinin qeydiyyatı və icazə vərəqəsinin verilməsi” xidmətinin elektronlaşdırılması xidmətin əldə edilməsini daha da əlçatan etməklə yanaşı, bu işə sərf olunan vaxtı minimuma endirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müxtəlif internet resursları üzərindən vətəndaşlara təqdim etdiyi rəqəmsal xidmətlər indi vahid portalda toplanılır. Ümumilikdə 20 xidmət portala inteqrasiya edilib.
Portalda təqdim edilən qeydiyyatlı elektron xidmətlərdən vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün isə, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.
Portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli elektron xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması və tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.
Həmçinin portalın yaradılması elektron xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin, şəffaflığın və interaktivliyin daha da artırılmasına təkan verəcək.
"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti təqdimatı Şuşa məhəllələrinin formalaşması tarixinə həsr olunub.
Şəhərin ən qədim məhəlləsi olan "Aşağı məhəllə" Pənahəli xanın hakimiyyəti dövründə salınmışdı. Bu ərazi yaxınlıqda yerləşən Şuşakəndin əkin yeri və otlaqları idi. Sonralar şəhərin relyefinə uyğun olaraq adlandırılmış "Aşağı məhəllə" ilk dövrdə "Təbrizli" adlandırılmış və xanlığın ləğv edilməsinə qədər bu adla tanınmışdı. Bunun səbəbi vaxtilə Şuşaya ilk köçürülən sakinlərin arasında Təbriz və Ərdəbildən gəlmiş sənətkarların üstünlük təşkil etməsi ilə izah olunur. Şuşanın bu ilk böyük məhəlləsi aşağıda adları çəkilən kiçik məhəllələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Hacı Yusifli, Merdinli, Qazançalı və Çöl qala. 1823-cü il məlumatına görə bu məhəllələrdə 162 ailə yaşayırdı.
Şuşanın sonralar "Yuxarı məhəllə" adlandırılan ikinci məhəlləsi İbrahimxəlil xanın dövründə salınmışdı. Birincidən fərqli olaraq, II məhəllənin salındığı ərazi bu iş üçün o qədər də yararlı deyildi. Dağ yamacında yerləşib və sıx meşə ilə örtülü olduğundan ərazi meşələrdən təmizlənərək məhəllələr salınırdı. 1763 - 1806-cı illər ərzində Şuşada 8 yeni kiçik məhəllə salındı: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamqabağı, Təzə.
Şəhərin dağlıq ərazisində salınmış “Qazançalı” adlanan üçüncü böyük məhəlləsinin tikintisinə 1806-cı ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra başlanıb. Şuşanın ən çox əhali yaşayan "Qazançalı" məhəlləsi 12 kiçik məhəllədən ibarət olmuşdur: Çiləbörd, Dərə, Bağlar və s.