Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dünyaşöhrətli gitara ifaçısı Rövşən Məmmədquliyev Bakıda konsert verəcək

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli gitara ifaçısı, beynəlxalq müsabiqələr laureatı Rövşən Məmmədquliyevin solo konserti olacaq.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək konsertdə Dionisio Aquado, Aqustin Barrios, Eytor Villa-Lobos, Nikita Koşkin, Fikrət Əmirov, Firəngiz Əlizadə, Fransisko Tarreqo kimi bəstəkarların əsərləri səslənəcək.

    Müasir dövrün virtuoz gitara ifaçılarından biri olan Rövşən Məmmədquliyev geniş repertuarı ilə dünyanın bir çox məşhur konsert salonlarında çıxış edib.

    Oktyabrın 19-da Rövşən Məmmədquliyevin Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi də təşkil olunacaq. O, həvəskar və peşəkar gitara ifaçıları ilə öz bilik və bacarıqlarını paylaşacaq.

    Oktyabrın 20-də isə tanınmış müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti təşkil ediləcək. Onun əsərləri bir çox ölkələrdə səslənmiş, MDB, Аvrоpа və АBŞ-dа kеçirilən müхtəlif bеynəlхаlq fеstivаl və kоnfrаns iştirаkçısı оlmuş, kulturoloq kimi bir çox ölkələrdə mühazirələri keçmiş, Pro Helvetia, Goethe Institut və s. kimi təşkilatlardan yaradıcılıq sifarişi almışdır. Elmir Mirzəyevin Beynəlxalq Muğam Mərkəzində baş tutacaq Allegoria Sacra (“Müqəddəs Allegoria”) adlı müəllif konsertində yaradıcılığının 20 illik bir dövrünü (1995-2015) əhatə edən, fərqli janrlarda yazılmış kamera-instrumental və səhnə əsərləri yer almaqdadır. Müəllif konserti dirijor Orxan Həşimovun rəhbərliyi ilə Cadenza orkestri və müxtəlif solistlər tərəfindən təqdim olunacaq.

    Oktyabrın 26-27-də bəstəkar Elmir Mirzəyevin Bakıya səfəri çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində mühazirələr təşkil olunacaq. Mühazirələr dövrün aktual məsələlərinə həsr olunub. Oktyabrın 26-da Arseni Avraamovun (1886-1944) "Fitlərin simfoniyası"(1922) adlı əsəri haqda məlumat veriləcək. Bundan başqa, oktyabrın 27-də isə "Avanqard" Sovet musiqisində yeni dövrün əlamətləri (1970-80-ci illər bəstəkarların yaradıcılığı) barədə maraqlı fikir mübadiləsi aparılacaq.

  • Bakıda 4 illik fasilədən sonra beynəlxalq əmlak sərgisi keçiriləcək

    Noyabrın 19-20-də "Baku Expo Center"də “United Property Expo 2022” - beynəlxalq əmlak sərgisi keçiriləcək.

    Report xarici mətbuata istinadən xəbər verir ki, sərgi ölkədən xaricdə əmlak almaq, icarəyə vermək istəyənlər üçün platforma rolunu oynayacaq.

    Sərgidə 70-dən çox tərtibat, dizayn və memarlıq şirkəti iştirak edəcək.

    Xatırladaq ki, sonuncu dəfə Bakıda bu cür sərgi koronavirus (COVID-19) pandemiyasından əvvəl - 6-7 aprel 2018-ci ildə keçirilib.

  • Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

    Bu ilin sentyabr ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 33,95 MB/S sürətlə avqustda olduğu kimi 61-ci pillədə qərarlaşıb.

    Bu barədə Report “Speedtest Global Index”ə istinadən xəbər verir.

    Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 115-ci yerdə qərarlaşıb ki, bu da avqust ayı ilə müqayisədə 7 pillə irəliləmədir. Sentyabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 26,35 MB/S olub.

    Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 181 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (217,43 MB/S), sonuncu yerdə isə Kuba (1,82 MB/S) qərarlaşıb.

    Mobil operatorlarla bağlı siyahıda isə Norveç 126,94 MB/S sürətlə birinci, Haiti isə 4,44 MB/S sürətlə sonuncu 139-cu yerdə qərarlaşıb.

  • Emi Uaynhausun həyatı serial olur

    Dünyaca məşhur britaniyalı müğənni Emi Uaynhausun həyatı 8 seriyalı film olaraq ekrana uyğunlaşdırılacaq.

    AZƏRTAC xəbər verir ki, Halcyon Studio 2021-ci ildə Uaynhaus ölməzdən əvvəl 2010-cu ildə Daphne Barak tərəfindən yazılmış "Saving Amy" kitabının hüquqlarını əldə edib.

    Şirkətin meneceri bildirib ki, bu layihəni həyata keçirmək şərəfdir.

  • Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində tədbir - “Həyatını məhv etmə”

    Oktyabrın 19-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin mənzil-muzeyi ilə birlikdə “Həyatını məhv etmə” adlı tədbir keçiriləcək.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” proqramı çərçivəsində keçirilən tədbir maarifləndirmə xarakteri daşıyır.

    Tədbirdə “Azad həyat” reabilitasiya mərkəzinin rəhbəri Həmid Yunusov, BDU və OYU-nun müəlliməsi, “Yaşam” psixologiya və təlim mərkəzinin rəhbəri, psixoloq Könül Cəfərova, “Step” reabilitasiya mərkəzinin rəhbəri, kimyəvi asılılıqlar, narkomaniya, alkoqolizm üzrə mütəxəssis İlqar Xəlilov iştirak edəcəklər. Həkimlər şəhərimizin müxtəlif məktəblərindən dəvət olunmuş şagirdlərlə maarifləndirici söhbətlər aparacaqlar.

  • “Füzuli bizimdir, Qarabağ Azərbaycandır!” adlı videoçarx təqdim edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi “Füzuli bizimdir, Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Füzuli şəhəri və rayonun böyük hissəsinin azad olunma tarixi və əhəmiyyəti haqqında informasiya, həmçinin Füzulinin işğaldan əvvəl və sonrakı dövrünə aid fotoları nümayiş etdirilib.

  • Azərbaycanda ilk dəfə rejissor İnqmar Berqmanın filmlərinin retrospektivi keçiriləcək

    İsveç Krallığının Bakıdakı səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Cinema Plusda dahi isveç rejissoru İnqmar Berqmanın filmlərinin retrospektivi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, proqrama rejissorun 4 filmi - "Pıçıltılar və qışqırıqlar", "Yeddinci möhür", "Persona" və "Fanni və Aleksandr" daxildir. Filmlər orijinal dildə, Azərbaycan və ingilis altyazıları ilə nümayiş etdiriləcək.

    Nümayişlər noyabrın 1-8-15-22-də olacaq. Giriş sərbəstdir.

  • Xalq şairi Ramiz Rövşənlə görüş təşkil ediləcək

    Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Əmircan qəsəbə Mədəniyyət evində Xalq şairi Ramiz Rövşənlə görüş təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də keçiriləcək görüş zamanı Xalq şairi yeni şeirlərini oxuyacaq, yaradıcılığı ilə bağlı suallara cavab verəcək, Azərbaycan və dünya poeziyası haqqında fikirlərini bölüşəcək.

  • Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir

    Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstünün açılış mərasimi keçirilib.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.

    Əvvəl Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərində iştirak edən nümayəndə heyəti və tədbir iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər abidə kompleksini ziyarət ediblər.

    Sonra tədbir iştirakçıları Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın həyatı və yaradıcılığı ilə bağlı hazırlanmış videofilmə baxıblar.

    Qeyd edək ki, ötən il Azərbaycanın Əməkdar artisti, Özbəkistanın “Dostluq” ordeni mükafatçısı Kaykeb Aliyevanın dünyasını dəyişməsi ilə əlaqədar rəhbərlik etdiyi “Azərbaycan qızları” rəqs ansamblına tanınmış rəqqasənin adı verilib.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Kaykeb Aliyevanın həyatı və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Kaykeb Aliyeva 1989-cu ildən Özbəkistanda Azərbaycan rəqslərinin təbliğini həyata keçirib, onun tərəfindən yaradılan və Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblı Özbəkistanın mədəni həyatında aktiv iştirak edib. Kaykeb Aliyeva ansamblla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzində təşkil etdiyi rəqs dərnəyində yüzlərlə yeniyetmə gəncə rəqs sənətinin sirlərini öyrənib.

    S.Abbasov Azərbaycan və Özbəkistan dövlətinin daim Kaykeb Aliyevanın yaradıcılığına xüsusi diqqət göstərdiklərini, ölkə başçılarımız tərəfindən K.Aliyevanın Azərbaycanın “Əməkdar artisti” fəxri adına, Özbəkistanın “Dostluq”, “Şöhrət” və “Müstəqillik” ordenlərinə layiq görüldüyünü bildirib.

    “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov bildirib ki, Kaykeb Aliyevanın yaradıcılığı haqqında danışaraq, onun yorulmaz fəaliyyəti nəticəsində Özbəkistanda Azərbaycan rəqsləri tanıdılıb, təbliğ edilib və sevilib. Erkin Nuriddinov Kaykeb Aliyevanın “Mehrcon” Hamilər Şurasının həmsədri kimi Özbəkistandakı uşaq evləri və internat məktəblərinin tədbirlərində yaxından iştirak etdiyini, daim onlara hamilik etdiyini vurğulayaraq, bu işin ona ümumrespublika hörmətini qazandırdığını bildirib.

    Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, mədəni əlaqələri haqqında danışaraq, bu il iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfərinin iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açdığını qeyd edib.

    Qənirə Paşayeva 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Özbəkistanda səfərdə olarkən o vaxt Kaykeb Aliyevanın “Bülbüllər” adlanan rəqs ansamblının ifasını gördükdən sonra onları Azərbaycana qastrol səfərinə dəvət etdiyini qeyd edib.

    O, dostluq əlaqələrimizin inkişafı, rəqs sənətimizin Özbəkistanda təbliği ilə bağlı Kaykeb Aliyevanın xüsusi xidmətlərini vurğulayıb və onun rəhbərlik etdiyi ansamblın Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri tədbirlərində yüksək səviyyədə çıxışlarını xatırlayıb.

    Qənirə Paşayeva Azərbaycan dövlətinin Kaykeb Aliyevanın yaradıcılığına verdiyi qiymətdən danışıb, 2010-cu ildə Özbəkistanda mədəniyyətimizin təbliğ olunması sahəsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Kaykeb Aliyevaya Azərbaycanın “Əməkdar artisti” fəxri adı verildiyini vurğulayıb.

    Q.Paşayeva bu ilin əvvəllərində Özbəkistana səfər edərkən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Kaykeb Aliyevanın yaşadığı binaya onun barelyefinin də vurulduğunu söyləyib.

    Sonra Kaykeb Aliyevanın büstünün üzərindəki ağ örpək çəkilib. Büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Xalq rəssamı Mariya Borodinova tərəfindən hazırlanıb.

  • Çin şirkətləri keramika üzrə Azərbaycanda böyük müəssisənin tikintisinə sərmayə qoyur

    "Çin şirkətləri Cənubi Qafqazın keramika istehsalı üzrə ən böyük müəssisəsinin tikintisinə sərmayə qoyur".

    Bunu “Report”a müsahibəsində Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib.

    “COVID-19 pandemiyası, dünya iqtisadiyyatının ləng bərpası, istehsal və logistika zəncirlərinin qeyri-sabitliyi kimi bir çox mənfi amillərə baxmayaraq, Çin və Azərbaycan arasındakı ticarət sabit inkişaf tendensiyasını qoruyub. Çin Azərbaycanın ticarət tərəfdaşları arasında beşinci yerdədir və idxalın üçüncü ən böyük mənbəyidir”, - səfirliyin müşaviri bildirib.

    Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq neft və qazın kəşfiyyatı və istismarı, neft-qaz xidmətləri, informasiya və rabitə, emal və istehsal, alternativ və bərpa olunan enerji mənbələri, transsərhəd daşımaları kimi sahələrdə inkişaf edir. Çin şirkətləri Cənubi Qafqazın keramika istehsalı üzrə ən böyük müəssisəsinin tikintisinə sərmayə qoyur, Zəngilan rayonunda “ağıllı kənd” üçün şəbəkə infrastrukturu və qabaqcıl həlləri təqdim edir: “Həmçinin yaxın gələcəkdə Çin şirkətlərinin inşa edəcəyi ümumi quraşdırılmış gücü 470 MVt olan alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edən iki yeni elektrik stansiyası layihəsinin icrasına başlanılacaq”.