Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı ilə Şəki şəhəri Heydər Əliyev Mərkəzində “İrsin qorunması bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim təşkil olunub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə ölkəmizin müxtəlif regionlarında çalışan 80-ə yaxın abidə mühafizəçisi iştirak edib.
Təlim tarix-mədəniyyət abidələrinin bərpası, hüquqi maarifləndirmə, böhran vəziyyətində operativ tədbirlərin görülməsi və digər mövzuları əhatə edib.
Abidə mühafizəçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimin davamlı keçirilməsi nəzərdə tutulur.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Zəfər Gününə həsr olunmuş konsert təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də təşkil olunacaq musiqili gecədə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellasının ifasında yerli bəstəkarların əsərləri səslənəcək.
Konsertin biletlərini iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Bakı Metropoliteni” QSC gələn il sərnişinlərə təmassız ödəniş etmək imkanı yaratmağı planlaşdırır.
Bunu Reporta açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq bunun üçün sınaq işləri aparılıb: "Hazırda texniki dizayn istiqamətində işlər sürətlə davam etdirilir. Sistem istifadəyə veriləndən sonra sərnişinlər "ağıllı" smart saatlardan, mobil cihazlardan, QR kodlardan, bank kartlarından istifadə etməklə ödəniş edə biləcəklər",- deyə o qeyd edib.
Metro sözçüsü sistemin tətbiqində hər hansı tələskənliyin yolverilməz olduğunu xüsusi vurğulayıb: "Nəzərə almaq lazımdır ki, metropoliten kütləvi sərnişindaşıma vasitəsidir. Ondan gündəlik istifadə edən sərnişinlərin sayı 700 mindən çoxdur. Müəyyən stansiyaların sərnişin axını kifayət qədər çox olduğundan təmassız ödənişlər xüsusi detallı öyrənilməlidir ki, istifadə müddətində hər hansı texniki problem yaşanmasın. Çünki burada digər nəqliyyat vasitələrindən fərqli olaraq istənilən cüzi axsama sərnişindaşıma prosesinə əhəmiyyətli drəcədə mane ola bilər. Buna görə proseslər tam öyrənildikdən və onun tətbiqinə əminlik yarandıqdan sonra sistem istifadəyə veriləcək".
Azərbaycan Milli Xalça Muzeyində “İki Yulius” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin adı Gülbenedə anadan olan iki məşhur rəssamın - Yulius Maderniks və Yulius Straumenin yaradıcılığına həsr edilən və 2018-ci ildən etibarən hər il bu şəhərdə keçirilən festivalın adından götürülüb.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ötən əsrin birinci yarısında Latviya peşəkar tətbiqi sənətinin və dizaynının əsaslarını qoymuş bu məşhur sənətkarlardan Yulius Straumenin adı Azərbaycan xalçaçılığı ilə də sıx bağlıdır. Qafqaz Kustar Komitəsində rəssamlıq şöbəsinin müdiri kimi onun tabeliyində bir çox yerdə, o cümlədən müasir Azərbaycan ərazisində emalatxanalar fəaliyyət göstərirdi. Straume Qafqazda mütəmadi olaraq etnoqrafik ekspedisiyalar aparır, əksəriyyətini xalça ornamentləri təşkil edən milli əl işi nümunələrinin saysız-hesabsız eskizlərini və fotoşəkillərini toplayırdı. Texniki tapşırıq kimi toxuculara paylamaq üçün eskizləri qrafik kağız üzərində çəkmək fikri ona aiddir.
Bildirib ki, Yulius Straume Azərbaycanda pedaqoji fəaliyyətlə də məşğul olub. O hətta Şuşada rəssamlıq məktəbində dərs deyib.
Şirin Məlikova qeyd edib ki, Azərbaycanla Latviya arasında mədəni körpü quran Yulius Straumenin eskizləri Azərbaycanın xalçaçılıq tarixini özündə qoruyub saxlayan nadir, qiymətli irsdir. Sərgidə Yulius Straumenin Qafqaz və Şərq incəsənətinin, həmçinin art-deko üslubunun, milli romantizmin təsirini özündə əks etdirən eskizlərinin reproduksiyaları nümayiş olunur. Eskizlərin orijinalları Köhnə Druvyena Məktəb-Muzeyi (Latviya), Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi (Latviya), Latviya Milli İncəsənət Muzeyi (Latviya) və Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyində (Gürcüstan) qorunur.
Nümayiş olunan eksponatlar haqqında məlumat verən Şirin Məlikova bildirib ki, sərginin əsas hissəsini Straume və Maderniksin eskizləri əsasında hazırlanmış müasir tekstil və çini əsərləri təşkil edir. Bunlar “Saxsa” Xalq Tətbiqi Sənəti Studiyasının (Latviya) üzvləri və onun direktoru Biruta Akmentina tərəfindən yaradılmış şərflər, dəsmallar, corablar və əlcəklər, rəssam İnes Brantsın (Latviya) naxışlarla bəzədiyi çini qablar, eləcə də Təbriz İslam İncəsənət Universitetinin professoru Kərim Mirzəyi və onun tələbələri tərəfindən yaradılmış xalça, balış və süfrələrdir.
“Sərgi çərçivəsində Dekorativ İncəsənət və Dizayn Muzeyinin Latviya toxuculuq kolleksiyasının kuratoru Ruta Rinkanın Latviya tekstilinə dair mühazirəsi keçiriləcək, həmçinin Gülbene İncəsənət Məktəbinin və Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssislərinin xüsusi olaraq bu sərgi üçün hazırladığı uşaqlar üçün proqramlar yer alacaq”, – deyə Şirin Məlikova əlavə edib.
Latviyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini, müvəqqəti işlər vəkili Viya Buşa deyib: “Biz bu sərgini çoxdan gözləyirdik. Sərgini təşkil etdiyi üçün Xalça Muzeyinə təşəkkür edirəm. Yulius Straume incəsənət sahəsində müəllim işlədiyi dövrlərdə Azərbaycan xalqının rəğbətini qazanıb. O həyatını böyük bir hissəsini Azərbaycan xalçalarının çeşnilərini toplamağa həsr edib. Onun eskizləri dünyanın bir neçə ölkələrində saxlanılır”.
Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyinin direktoru Valda Darqais sərgi haqqında Latviyada keçirilən festival zamanı məlumat aldığını söyləyib: “Şirin Məlikova məni Bakıya dəvət edərkən məmnuniyyətlə “İki Yulius” sərgisində iştirak edəcəyimə söz verdim. İndi Yulius Maderniks və Yulius Straumenin eskizlərinə baxmaqdan zövq alıram”.
Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva sərgi çərçivəsində başlanan konfransın əhəmiyyətindən danışıb, bu cür sərgilərin bölgə muzeylərində də keçirilməsinin vacibliyini söyləyib.
Qeyd edək ki, sərgi Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Latviya Milli İncəsənət Muzeyi, Gülbene İncəsənət Məktəbi, Gürcüstan İncəsənət və Mədəniyyət Tarixi Muzeyinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi, Latviya Dövlət Mədəniyyət Kapitalı Fondunun dəstəyi keçirilir.
Sərgi gələn il yanvarın 6-dək ziyarətçilər üçün açıq qalacaq.
eynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin oktyabr konsertində “Mahur-hindi” muğamı təqdim olunub.
Konsertdə BMM-nin solistləri Əməkdar artist Səbuhi İbayev və Muğam Televiziya Müsabiqəsinin qalibi Könül Xəlilzadə çıxış ediblər. Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Çinarə Heydərova, kamançada Əməkdar artist Toğrul Əsədullayev, nağarada Soltan Əliyev, udda Vasif Yusifli və balabanda Rafael Əsgərov müşayiət ediblər.
Qeyd edək ki, 2017-ci ildən həyata keçirilən layihənin beynəlxalq mediada işıqlandırılmasında “Baku” jurnalının rolu böyük əhəmiyyət kəsb edib. "Muğam axşamları"nın konsertləri İctimai Radio ilə dinləyicilərə təqdim olunur.
Layihəsinin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.
Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Piperiqkos Beynəlxalq Muğam Mərkəzini (BMM) ziyarət edib.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov səfirə mərkəzin fəaliyyəti haqqında məlumat verib.
Görüşdə mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərdən söz açılıb. Görüş zamanı səfirliklə birgə mədəni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda BMM və Yunanıstanın ölkəmizdəki səfirliyi arasında mədəni əməkdaşlıq sahəsində Anlaşma memorandumu imzalanıb.
Sənədi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov və səfir Nikolaos Piperiqkos imzalayıb.
Direktor Murad Hüseynov memorandumun mədəni əməkdaşlığa mühüm töhfə olacağına əminliyini ifadə edib.
“Buker” mükafatının builki qalibi məlum olub.
AZƏRTAC xəbər verir ki, “Buker” mükafatının builki qalibi “Maali Almeydanın yeddi ayı” romanı ilə Şehan Karunatilaka olub.
Şehan Karuntilaka 1975-ci ildə Şri-Lankada doğulub. Onun “Çinli” adlı debüt əsəri 2011-ci ildə “Commonwealth Book Prize” mükafatına layiq görülüb. “Maali Almeydanın yeddi ayı” əsəri isə müəllifin ikinci romanıdır.
“Maali Almeydanın yeddi ayı” romanında əsərin qəhrəmanı gözünü açıb, özünü səmavi bir viza ofisində, təxminən, əraf kimi bir yerdə görür. Onun parçalanmış cəsədi göldə batır və qətlin kim tərəfindən törədildiyi məlum deyil. Onu öldürə biləcək şəxslərin siyahısı çox uzundur, ancaq Maali Almeydanın vaxtı azdır. Onun sevdiyi qadın və kişiylə əlaqə saxlamaq, eləcə də Şri-Lankanı sarsıdacaq fotoların olduğu fləş karta yönləndirmək üçün yeddi ayı var.
Münsiflər heyətinin sədri Nil Makqreqor romanı “metafizik triller” və “axirətlə bağlı nuar” adlandırıb.
Qeyd edək ki, Karunatilaka Şri-Lankadan “Buker” mükafatı alan ikinci müəllifdir. Laureat 50 min funt-sterlinq (97 min AZN) məbləğində pul alacaq.
Bakı Nəqliyyat Agentliyi paytaxtın Qəzənfər Musabəyov, Cəfər Xəndan və 22-ci Dağlıq küçələrinin kəsişməsində hərəkətin təşkilinə dair dəyişiklik edib.
Report bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, 6 küçənin kəsişdiyi mürəkkəb yolayrıcında kəsişmənin həndəsi quruluşuna uyğun olaraq ilk dəfə taktiki urbanizm elementlərindən istifadə olunmaqla dairəvi hərəkət təşkil edilib.
Nəticədə kəsişmədə olan xaotik vəziyyət aradan qaldırılıb, hərəkət növbəliliyi təmin edilib, kəsişmədə qəza halları dəfələrlə azalıb, piyadaların təhlükəsizlik səviyyəsi artırılıb.
Azərbaycanda 10 hektar və daha çox sahədə payızlıq taxıl əkən fermerlər subsidiya almaq üçün öz sahələrini mütləq qaydada sığortalamalıdır.
Report Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun kənd təsərrüfatı istehsalçılarına müraciətində bildirilir.
Qurum bəyan edib ki, fermerlər əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) bəyan etdikdən sonra aqrar sığorta üçün müraciət etməlidirlər. Bu barədə onların EKTİS-də qeydiyyata düşən əlaqə nömrəsinə Fond SMS göndərir.
Fermerlər istənilən vaxt telefonla 1651 qısa nömrəsinə zəng edib, elektron müqavilə bağlaya bilərlər.
Oktyabrın 18–i Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunur.
Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, ölkəmizin müstəqillik tarixi, təhsil sistemi, inkişaf yolu, xarici siyasəti və s. ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.