Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə 16,9 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 52,8 % çoxdur.
Report bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, indiyə qədər Azərbaycanda 75 mindən çox yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin oktyabr ayına qədər istehlakçılara ümumilikdə 771 milyondan çox kassa çeki üzrə 319,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-sentyabr aylarında isə 147,2 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Report xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, ümumilikdə “ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada olduqda isə 10%-i istehlakçılara geri qayıdır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, “ƏDV geri al” layihəsi çərçivəsində 2022-ci ilin 9 ayı üzrə nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 46,2 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,2% çoxdur.
Nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması üçün növbəti ildə vergi qanunvericiliyinə dəyişikliklərdə nağdsız ödənişlər üzrə geri qaytarılan vəsaitlərin faiz dərəcəsinin bir qədər də artırılması nəzərdə tutulur.
“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” Milli Mükafatının builki qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, mükafatlara genişmiqyaslı fəaliyyətləri və böyük uğurları ilə ölkəmizin mədəni həyatında mühüm rol oynayan incəsənət xadimləri layiq görülürlər.
Beləliklə, “Humay” Milli Mükafatının rəmzi olan “Humay” ilahəsi Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri - o cümlədən, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov ("Qarabağ Trilogiyası"na görə), Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov (elmi-nəzəri ifaçılıq müsabiqələrinin və konfransların təşkilinə görə) və musiqişünas-publisist Raya Abbasovaya ("Dialoq" kitabına görə) təqdim olunub.
Qeyd edək ki, bəstəkar Cəlal Abbasovun “Qarabağ Trilogiyası"na 3 əsər daxildir: Şuşaya həsr olunmuş "Bir daha səni görə bilsəydim..." adlı 4 saylı Simfoniya, Milli Qəhrəman Albert Aqarunovun və Qarabağ şəhidlərinin əziz xatirəsinə "İn memoriam" Rekviyemi və Vətən müharibəsindəki Qələbəmizə həsr olunmuş “Şanlı Azərbaycan” odası. Bu əsərlər dəfələrlə müxtəlif tədbirlərdə səslənib.
Musiqişünas-publisist Raya Abbasovanın görkəmli rəssam Tahir Salahova həsr olunmuş "Dialoq" kitabının ilk təqdimatı Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan pavilyonunda böyük müvəffəqiyyətlə keçib.
Professor Tərlan Seyidovun rəhbərliyi ilə müntəzəm olaraq keçirilən elmi-nəzəri ifaçılıq müsabiqələri və konfranslar gənc musiqiçilər nəslinin hazırlanması sahəsində mühüm əhəmiyyət kəsb edir.
Dörd ölkə “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Eurovisionwolrd.com” məlumat yayıb.
Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstan Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəklər.
Monteneqronun yerli yayım şirkəti RTCG bu qərarı ölkənin iştirak etmək üçün kifayət qədər büdcəsinin olmaması ilə əlaqələndirib.
Şimali Makedoniyanın MRT telekanalı ölkədə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə müsabiqədə iştirak etməyəcəklərini açıqlayıb.
2017-ci ildən müsabiqəyə qatılmayan Bosniya və Herseqovina “Avroviziya-2023”də də iştirak etməyəcək.
Bolqarıstan isə müsabiqənin onlar üçün maraqlı olmadığını açıqlayıb.
“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Firidun bəy Köçərliyə həsr olunub.
Firidun bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikri tarixində məşhur "Azərbaycan alimi, tənqidçi və pedaqoqu" kimi dəyərləndirilən Firidun bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir. 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. 1886-cı ildə ilk teatr tamaşasını qoyub.
1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilib. M.F.Axundzadənin, Cəlil Məmmədquluzadənin və başqa yerli və xarici yazarların əsərlərini digər dillərə tərcümə edib.
1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürüb, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılıb. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. Sonradan Qazaxda ilk uşaq evi açır.
“Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənməsində Firidun bəyin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş edib, nəzəri materialı, hekayələri artırıb, metodika və stilistikasını dəyişdirərək zənginləşdirib. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınıb.
Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967, 1972 və 2013-cü illərdə çap edilib.
İordaniya Haşimilər Krallığında şahzadə Bəsmə bint Talalın himayəsi altında “Beynəlxalq Diplomatik Bazar” adlı xeyriyyə tədbiri keçirilib.
Ölkəmizin İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, ənənəvi xarakter daşıyan tədbirin məqsədi toplanan vəsaiti şahzadə Bəsmə bin Talalın rəhbərlik etdiyi, 1978-ci ildə yaradılmış “Um Əli” Xeyriyyə Fondunun himayəsində olan kimsəsiz və ehtiyacı olan uşaqların tələbatının qarşılanmasına yönəltməkdir.
Azərbaycanın İordaniyadakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin, eləcə də diaspor fəallarının iştirak etdikləri tədbirdə ölkəmizin zəngin mədəniyyətinə və kulinariyasına aid nümunələr şahzadə Bəsmə bint Talalın və yerli ziyarətçilərin böyük marağına səbəb olub.
Diplomatlarımız ölkəmizin mədəniyyəti, kulinariyası və xalqımızın adət-ənənələri ilə bağlı sualları ətraflı cavablandırıblar.
“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimatımız Azərbaycan peşəkar musiqi sənəti tarixində özünəməxsus yeri olan, xalqın görkəmli tar ustası, Xalq artisti Qurban Pirimova həsr olunub.
Qurban Baxşəli oğlu Pirimov 1880-ci ilin oktyabr ayında indiki Ağdam rayonunun Gülablı kəndində dünyaya göz açıb. Keçmiş Şuşa qəzasının tərkibinə daxil olan Abdal-Gülablı kəndi hələ o vaxtlardan Qarabağ mahalında xalq aşıqlarının yetişdiyi məskənlərindən biri kimi tanınırdı. Qarabağ hər zaman Qafqazın ən böyük musiqi mərkəzlərindən biri olub. Bir çox görkəmli xanəndələrimizi, məşhur musiqiçilərimizi yetirən bu torpaqda milli -mənəvi irsimiz illərlə şəcərədən- şəcərəyə ötürülüb. Bu qan yaddaşı Q.Pirimovun da taleyində özünü göstərirdi. Əslən XVIII əsrin adlı-sanlı saz-söz sənətkarı Aşıq Valehin şəcərəsinə mənsub olan Q. Primovun atası özü də el aşığı idi. Balaca Qurban hələ uşaq yaşlarından musiqiyə həvəs göstərərək saz, balaban, nağara, zurna kimi çalğı alətlərimizdə ifa etməyi öyrənmişdi. Oğlunun bu bacarığını görən Baxşəli kişi onu Şuşa şəhərinə müasir Azərbaycan tarının yaradıcısı Mirzə Sadığın (Sadıqcanın) yanına şagirdliyə göndərir. Ustadı Sadıqcandan tarda sərbəst çalmağı öyrənən yeniyetmə Qurban artıq 15 yaşından Qarabağda tarzən kimi tanınmağa başlayır. 1903-cü ildən musiqi məclislərində xanəndə İslam Abdullayevi tarda müşayiət edərək ölkənin bir çox bölgələrinə toylara gedir. Həmin toylardan birində dövrünün ən nüfuzlu xanəndəsi olan Cabbar Qaryağdıoğlu ilə tanış olur və onun dəvəti ilə 1905-ci ildə Bakıya köçür. Tezliklə xanəndə mükəmməl ifası ilə sənət xiridarlarının rəğbətini qazanan bu gənc tarzəni özünün yaratdığı üçlüyə qəbul edir. Çox çəkmir ki, həmin bu üçlüyün səs-sorağı nəinki bütün Qafqaza, hətta onun hüdudlarından kənara yayılır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirərək müxtəlif yerlərdə- Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olur. Onların ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində müxtəlif səs yazma şirkətləri tərəfindən qrammofon vallarına yazılır.
Ömrünün düz 40 ilini Azərbaycan Opera və Balet Teatrına sərf edən Q. Pirimov milli opera sənətinin yaranmasında bilavasitə yaxından iştirak edib. O, əsl bir dost kimi dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həyatının ilk sınağında böyük mənəvi dəstək göstərib. Belə ki, 1908-ci il yanvar ayının 12-də Tağıyev teatrında oynanılması nəzərdə tutulan "Leyli və Məcnun" operasının ilk tamaşasına hazırlıq prosesində heyət ciddi maneələrlə rastlaşıb. Bir çoxlarının bildiyi kimi həmin çətinliklər yalnız qadın rolları üçün aktyor axtarışı, kostyum tədarükü, dekorasiyalar və s. deyil, həm də musiqiçiləri bir araya yığmaqda idi. Xalq artisti Əfrasiyab Bədəlbəyli öz xatirələrində yazır ki, tamaşa qoyulduğu gün orkestrdə tar partiyasını çalmalı olan tarçı dəstəsi gündüz öz aralarında baş verən bir mübahisəni bəhanə gətirib axşam tamaşaya gəlməkdən boyun qaçırıblar. Bu xəbəri eşidən bəstəkarın dostları onu tək qoymayaraq tamaşanın ərsəyə gəlməsi üçün öz yardımlarını əsirgəməyiblər. Hüseyn Ərəblinskinin quruluş verdiyi operanın tamaşasına dirijorluğu Əbdürrəhim bəy Haqverdiyev edib. Orkestrdə skripkanı Üzeyir bəyin özü, tarda soloları isə tarzən Qurban Pirimov ifa edib.
Q. Pirimovun yaradıcılığının xüsusiyyəti ondan ibarətdir ki, bir çox məşhur əsərlər məhz onun bənzərsiz ifasının təsirindən yaranıb. O, məharətlə ifa etdiyi muğamlarla hər kəsin qəlbinə yol tapa bilib. Azərbaycan operasının təşəkkül dövründən başlayaraq görkəmli tarzən-solist kimi tanınan Q. Pirimov öz çalğısı ilə bütün bir orkestrın işini görür, vokalistləri məharətlə müşayiət edirdi. 1934 – cü ildə səhnəyə qoyulan “Şahsənəm” operasının bəstəkarı Reynqold Qliyer öz əsərinin ən gözəl leytmotivlərini Q. Pirimovun “Arasbarı” və “Qarabağ şikəstəsi” çalğısından ilhamlanaraq yaradıb. Həmçinin Üzeyir Hacıbəyli özünün şah əsəri “Koroğlu”, Müslüm Maqomayev isə “Nərgiz” və “Şah İsmayıl” operalarında bir çox musiqi parçalarını tarzənin bənzərsiz ifasına uyğun bəstələyiblər. Bundan əlavə bəstəkar Fikrət Əmirov da “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları üzərində işləyərkən bir peşəkar kimi Q. Pirimovun köməyinə müraciət edib.
Sənətkarın yaradıcılığında klassik ifaçılıq sənətinin ali cəhətləri ilə müasir musiqi mədəniyyətinin ənənələri çox parlaq şəkildə birləşmişdi. Dahi bəstəkarımız SSRİ xalq artisti Qara Qarayev Q. Pirimovun sənətini belə səciyyələndirirdi ki, onun tarı sanki adi taxtadan və sümükdən düzəldilmiş bir alət deyil, xalqımızın ürəyinin atəşindən yaranmışdı. Bəstəkar ardınca tarzənin çalğısında füsunkar bir gözəllik olduğunu, vurduğu hər mizrabda neçə ürəyin arzularından xəbər verdiyini, neçə qəlbin tellərini titrətdiyini ifadə edərək yazır ki, bu qocaman sənətkarın ifasına həyəcansız qulaq asmaq mümkün deyildi.
Q. Pirimov mahir bir tarzən olduğu kimi, həm də uzun illər peşəkar müəllim kimi də fəaliyyət göstərib. 1925-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında yaxından iştirak edərək öz sənət dostları ilə birlikdə milli musiqimizin fəal təbliğatçılarından biri olub. Onun Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın və başqa görkəmli xanəndələrin, Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov kimi Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələrinin yetişməsində xidməti danılmazdır.
Yaradıcılığının ilk illərindən başlayaraq ömrünün sonuna kimi vətəninə, xalqına ləyaqətlə xidmət edən sənətkar 1929-cu ildə Əməkdar artist, 1931-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Yetmiş illik yaradıcılıq yolunda mədəniyyət tariximizdə unudulmaz izlər qoymuş Qurban Pirimov 1965-ci il avqustun 29-da Bakı şəhərində vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, Q. Pirimovun qızı Sara xanım Azərbaycanın ilk qadın pianoçularındandır. Sara xanımın həyat yoldaşı dramaturq və ictimai xadim, Xalq yazıçısı Mirzə İbrahimov, övladları isə bəstəkar, professor Xalq artisti Sevda İbrahimovadır.
Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə “İncəsənət məktəblərində islahat prosesləri: nailiyyətlər və məqsədlər” mövzusunda müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimovun son zamanlar uşaq musiqi və incəsənət məktəblərində aparılan islahatlar barədə geniş məlumat verib.
Bildirib ki, Mədəniyyət Nazirliyinin əsas islahat istiqamətlərindən biri qurumun tabeliyindəki 210 incəsənət məktəbinin rəqəmsallaşdırmasını təmin etməklə idarəetmə, habelə müəllimlərin işə qəbul, eyni zamanda təhsil alan şagirdlərin qeydiyyat proseslərinin təkmilləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsinə nail olmaqdır.
“Mədəniyyətimizin təməlində həm də gələcəyimiz olan uşaqların musiqi və incəsənət məktəblərində keyfiyyətli təhsili durur. Bu sahədə fəaliyyətimizi təkmilləşdirməsək, mədəniyyətimizin, incəsənətimizin, milli musiqimizin inkişafından danışa bilmərik. Ona görə də, biz islahatlarımızı məhz bu sahədən başladıq. Bildiyimiz kimi artıq bir ildən çoxdur ki, bu sahədə yoxlamalar aparılır və nəticədə çox ciddi pozuntular aşkar olunub. Ən çox pozuntular da məhz uşaq musiqi və incəsənət məktəblərində aşkarlanıb. Burda, sirr deyil ki, korrupsiya halları da var. Həmçinin musiqi məktəblərində nəzarət sisteminin olmaması, "ölü canlar" və digər bu kimi pozuntu halları aşkarlanıb. Bu pozuntular musiqi məktəblərinin fəaliyyətinə mənfi təsir göstərir”.
Nazirin sözlərinə görə, onlardan da ən vacibi incəsənət məktəblərində elektron sistemi məsələsidir. “210 uşaq musiqi və incəsənət məktəblərində müəllimlərin və şagirdlərin qeydiyyatı və siyahısının elektron sistemə keçirilməsi yekunlaşıb. Bu islahatdan sonra müəllimlərin və şagirdlərin qeydiyyatı FİN kod vasitəsilə həyata keçiriləcək. Nəticə etibarilə, bir şagirdin formal olaraq bir neçə məktəbdə təhsil alması və yaxud da hansısa bir müəllimin bir neçə məktəbdə dərs deməsi mümkün olmayacaq”.
Onun sözlərinə görə, müəllim və şagirdlərin davamiyyətinin yoxlanılması üçün hər bir məktəbdə barmaq izləri ilə bağlı cihazlar quraşdırılıb: “Bunun nəticəsində həmin məktəblərdə şagirdlərin və müəllimlərin dərsə gəlib-getməsi prosesinə nəzarət ediləcək. Həmçinin bu nəzarət digər bir problemin aradan qaldırılması deməkdir. Bəzən olub ki, musiqi və incəsənət məktəblərində tədris olmadığı halda müəllimlər maaş alıblar”.
Nazir bildirib ki, musiqi və incəsənət məktəblərində şagirdlərin qəbulunda da yeni sistem üçün hazırlıqlar aparılır. Eyni zamanda, musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin iki mərhələli attestasiyası da aparılacaq. Bu ilin sonuna kimi attestasiyanın birinci mərhələnin keçirilməsi planlaşdırılır.
Sonra həyata keçirilmiş islahatların müsbət tərəfləri və qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində görüləcək işlər müzakirə edilib.
Dövlət Tərcümə Mərkəzinin beynəlxalq internet məkanında Azərbaycan, ingilis, türk, alman, fransız, ispan, rus, ərəb, fars, çex, gürcü və ukrain dillərində yayımlanan rəsmi aztc.gov.az saytının 13-cü italyan dili versiyası fəaliyyətə başlayıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, İtaliya sosial şəbəkələri və KİV ilə əməkdaşlıq çərçivəsində yayımlanacaq italyan dili versiyasının, aztc.gov.az-ın yayın hüdudlarını daha da genişləndirəcəyi, Azərbaycan tarixini, ədəbiyyatını, ictimai-siyasi, mədəni həyatını əks etdirən mətn və materialların, videoçarxların İtaliyanın aparıcı ədəbiyyat, mədəniyyət, xəbər portalları vasitəsilə beynəlxalq aləmə çatdırılmasına geniş imkanlar yaradacağı nəzərdə tutulur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Fikrət Hacıyevə həsr olunmuş “Torpağına baş ǝyǝrǝm" filmi nümayiş etdirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 233 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri və müəllim kollektivi iştirak edib.
Tədbirin aparıcısı Gülzar Tağıyeva Milli Qəhrəman Fikrət Hacıyevin şərəfli həyat yolu haqqında geniş məlumat verib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən vətənpərvərlik mövzusunda, Birinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş Azərbaycanın Milli Qəhrəmanları haqqında 40-dan çox sənədli film çəkilib. “Torpağına baş ǝyǝrǝm” filmi də bu filmlər sırasındandır. Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədovadır.
Fikrət Hacıyev 1964-cü il mayın 19-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. 1978-ci ildə səkkizinci sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnib. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Ufa şəhərində keçib. Bakı Kooperativ Texnikumunda təhsilini başa vurub. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edib. Goranboy döyüşlərində 1992-ci il 5 mayda qəhrəmancasına həlak olub. Qızılhacılı kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Fikrət Əli oğlu Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub.