Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xalq şairi Cabir Novruzun anadan olmasından 91 il ötür

    Sevdi, sevildi, qəlbini göynədən ağrıları ağ vərəqlərdə “göyərtdi”, insanları və insanlığı sevməkdən yorulmadı. Sadədən-sadə olmağa çalışdı, sözdən halallıq adlı ölməz nəğmələr yaratdı, gecəsini gündüzünə qatıb təkcə öz taleyini deyil, həm də mənsub olduğu millətin ağrı-acısını, dərdini, kədərini qələminin gücü, istedadının gözü ilə gələcək nəsillərə çatdırmağı özünə borc bildi.

    Sağlığında qiymətini ala bilməyənlərin, haqqı tapdananların, min bir ləkə vurularaq zindanlar küncündə işığa həsrət qalanların haqqını qaytarmaq üçün “Sağlığında qiymət verin insanlara” harayı ilə minlərin-milyonların qəlbində ümid, inam tonqalı qaladı. Sadə, inandırıcı, adi, lakin təsirli dedi. Elə dedi ki, ilk andan insanlar bunu bir şüar kimi, Azərbaycan poeziyasının Cabir Novruz həqiqəti kimi qəbul edib, dəyərləndirdilər.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun anadan olmasından 91 il ötür.

    Şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir.

    Cabir Novruz öz yolu, öz sözü, öz ədəbi taleyi olan şairdir. Xalqımızın min illər bundan əvvəl başlayan bədii şüur hərəkətində, qüdrətli poeziya marafonunda onun yaradıcılığı, poetik nəfəsi seçilir, orijinal sənət yolundan xəbər verir. Bu sənət yolunu izlədikcə, Cabir Novruz şeirlərinin işığı önündə düşündükcə, bir həqiqətə inanırsan. O, həmişə özü ilə üz-üzə dayanıb, qəlbini, duyğularını, taleyini sınaq meydanına çevirib, həmişə narahat, özündən narazı olub, hər an sənətin dəlisov tufanlarına, şıdırğı leysanına can atıb, rahatlığı, duyğu xoşbəxtliyini sözlə döyüşdə, əlbəyaxa vuruşda tapıb.

    Xızı rayonunun Upa kəndində dünyaya göz açan Cabir Novruz orta məktəbi bitirdikdən sonra Sabir adına Pedaqoji Texnikumda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının (AYİ) tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirərək Vətənə dönüb.

    “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz müxtəlif vaxtlarda “Azərbaycan” ədəbi-bədii jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb və AYİ-nin idarə heyətinin katibi olub.

    C.Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Vətən əbədi qopuqdur”, “Özünü qoru, xalqım”, “İnsanı tanımaq olmur” və digər şeirlər və poemalar kitabları ədəbiyyatsevərlər tərəfindən böyük məhəbbətlə qarşılanıb.

    Onun şeirləri, poemaları əsrimizi, müasirlərimizi düşündürən aktual problemlərə - insan ömrünün mənasına, müharibənin bir nəslin taleyinə vurduğu yaralara, gündən-günə çiçəklənən ölkəmizin qüdrətinə, zəhmət adamlarının mənəvi dünyasına yazılmış nəğmələrdir, himnlərdir. O, elə ilk şeirlərindən sadə insanların tərənnümçüsü olmuşdur. Şairin tərcümeyi-halı poeziyası ilə ahəngdardır. O, müharibənin ağrı-acılarını öz taleyində daşıyan nəslin nümayəndəsidir.

    C.Novruz poeziyası sadəliyi və emosionallığı ilə diqqəti cəlb edir. Elə buna görədir ki, onun şeirlərinə çoxlu mahnılar yazılıb. Şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb. Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.

    Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində, xüsusilə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

    Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, Xalq şairi, “Əməkdar incəsənət xadimi” fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb.

    Duyan qəlb, düşünən ürək, sadəliklə səmimiyyət arasındakı məsafəni böyük insanlıqla fəth edən Cabir Novruz 2002-ci il dekabrın 12-də vəfat edib. Bu gün şeirləri dillər əzbəri olan Cabir Novruzu bütün zamanların adamları aşağıdakı misralarla daha çox xatırlayacaqlar:

    Bir arzum var, ay adamlar, qoyun deyim,

    Sağlığında qiymət verin insanlara,

    Yaxşılara sağlığında yaxşı deyin,

    Sağlığında yaman deyin yamanlara…

  • Baharın müjdəçisi - Yel çərşənbəsi

    Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir.

    AZƏRTAC AMEA Folklor İnstitutu, “Qərbi Azərbaycan folklor” şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin Yel çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir.

    Novruz bayramı ölkəmizdə xüsusi mərasim, adət-ənənələr və təmtəraqla qeyd edilən, xalqımızın ən qədim və milli bayramıdır. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində bu bayramın xüsusi yeri var. Novruz bayramından əvvəl dünyanın yaranmasında iştirak edən dörd ünsürün adı ilə adlandırılan çərşənbələr qeyd edilir. Bu gün həmin dörd ünsürdən birini simvolizə edən “Yel çərşənbəsi”dir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. İnanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir.

    Yel çərşənbəsi günü həyətlərdə tonqal qalanır, evlərdə plov, südlü plov, lobyalı aş, bulğur aşı və bir çox yeməklər bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnanca görə, Yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.

    “Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqət çəkir. Yel Azərbaycan mifik təfəkküründə həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı obrazında peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır.

    Bölgələrdə, xüsusilə də Naxçıvanda Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın-qohum əqrabanın yada salınması günü kimi də qeyd edilir. Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov, halva olur. Ehsan qohum-əqrabalara, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də “yasdan çıxarma” sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır.

    Qədim zamanlarda hələ xırmanın mövcud olduğu vaxtlarda yellə bağlı keçirilmiş mərasimlər də var. Mərasim “Yel baba” adlanırdı və taxıl biçilib xırmana yığılandan sonra keçirilirdi. Məlumdur ki, keçmişdə kombayn olmadığından taxıl əllə biçilərək dərz bağlanar, at, öküz arabaları ilə xırmana daşınardı. Dərzlər xırmanda döyüləndən sonra buğdanın, arpanın və digər dənli bitkilərin sovrularaq samandan, çör-çöpdən, kol-kosdan təmizlənib, ayrılması üçün küləyə ehtiyac var idi. Ona görə də keçmişdə insanlar xırmanda taxılın sovrulması zamanı “Yel baba, gəl, ağ atına arpa, saman apar” deyərək küləyi, yeli müxtəlif nəğmələrlə köməyə çağırardılar:

    A Yel baba, yel baba,

    Tez gəl baba, gəl baba.

    Sovur bizim xırmanı,

    Atına ver samanı.

    Dən yığılıb dağ olsun.

    Yel babamız sağ olsun.

    Taxılımız yerdə qaldı,

    Yaxamız əldə qaldı.

    A Yel baba, yel baba,

    Tez gəl baba, gəl baba.

    İnanclara görə, bu mərasimdən sonra yel əsər və insanlar taxılı rahat sovurardı.

    Küləklə, yellə bağlı bəzi miflər, rəvayətlər də mövcuddur. Rəvayətə görə, qədim zamanlarda Fatı (Fatma nənə) qarı yeddi rəngdə ip əyirib, yumaqları dizinin altına qoyaraq, hanada toxuculuq işinə hazırlıq edirmiş. Birdən yel əsir və yumaqlardan biri diyirlənib, açılır və ip dolaşır. Fatı qarı bundan qəzəblənir, “Azarım, bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı? İplərimi dolaşdırdı” deyib yelə qarğış edir. Yel baba qarğışdan hirslənir, daha bərkdən əsir və bütün yumaqlar diyirlənərək açılır. İplər bir birinə dolaşaraq, göyə qalxır və yel yumaqları üfüqlərə kimi aparır. Fatı qarı da qəzəbindən qarğışı-qarğışa calayır, əl ağacı ilə Yel babanın arxasınca düşüb onu vurmağa çalışaraq, yumaqlarının ardınca qaçır, amma yumaqlarını tuta bilmir. Deyilənə görə, elə o vaxtdan da Fatı qarının ipləri yeddirəngli qurşağa dönərək göydən asılır. Fatı qarı da nə Yel babanı vura bilir, nə də ipləri tuta bilir. Yağışdan sonra yeddirəngli göy qurşağı görünəndə ona el arasında “Fatı qarının hanası” və ya “Fatma nənənin saçaqları” da deyirlər.

    Azərbaycanda martın 19-da Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunacaq.

    Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

    Küləyin xalqımızın üzərindən hüznlü, qəmli günləri uzaqlara aparması, xoş günləri, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyi ilə Yel çərşənbəniz mübarək olsun!

  • “Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edilib

    Martın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl teatrın foyesində uşaq və yeniyetmələrin “Bahar” və “Novruz” ilə bağlı rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.

    Tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı və Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev bütün iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər. Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri gələcək nəslə ötürməkdir.

    “Novruzlu nağıl bağı” adlı tamaşa boyu uşaqlar milli-mənəvi dəyərləri özündə ehtiva edən, xalqımızın ən gözəl bayramlarından olan Novruz ilə bağlı bir-birindən maraqlı kompozisiya və rəqslərlə çıxış edib.

    Tədbirdə 1 saylı uşaq evi, 1 və 2 nömrəli Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, SOS Uşaq Kəndinin, həmçinin Bakı şəhəri üzrə Ümumtəhsil məktəblərinin şagirdləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Kitab Mərkəzi, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev, Gəncliyə Yardım Fondu, Səssiz ünsiyyət İB əməkdaşları və Uşaq yazarlarından Sevinc Nuruqızı və Solmaz Amanova iştirak ediblər.

  • Vətən müharibəsinə həsr olunmuş kitab Çin dilində nəşr edilib

    "Regional İnkişaf" İctimai Birliyi və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə 7 dildə nəşr olunan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib.

    “Report” xəbər verir ki, tədbirin əvvəlində 44 günlük müharibədə əldə edilən qələbə və kitabın ərsəyə gəlməsinə həsr edilən videoçarx nümayiş olunub.

    Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, Prezident İlham Əliyev hər zaman verdiyi sözə əməl edib, xalqına hansı vədi veribsə, onu sona kimi yerinə yetirib: “Odur ki, gənclər də dövlət başçısının dediyi hər sözə sona kimi inanmalı və hər zaman ona dəstək olmalıdır”.

    Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib ki, Azərbaycan tarixində konkret tarixi hadisə haqqında yazılan kitab qısa zaman kəsiyində 7 dildə çap olunan ilk nəşrdir: “Gənclərin müzakirəsinə çıxarılan kitab nəinki ölkəmizdə, eyni zamanda ölkə xaricində oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan Azərbaycan, türk, ingilis, rus, ərəb, fars və çin dillərində nəşr edilib. Hazırda kitabın urdu dilində tərcüməsi üzərində işlər davam edir”.

    “Regional İnkişaf” İctimai Birliyin nümayəndəsi Murad Qasımlı, Vətən müharibəsi qazisi Qadir Daşdəmirov, çinli tələbə Zhikai Cao və başqaları çıxışlarında vurğulayıblar ki, kitabda Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbləri və ölkənin öz torpaqlarını işğaldan azad etməsi istiqamətində həyata keçirdiyi işlərin geniş təhlili verilib. Kitabda ​Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılıb.

  • Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı müsabiqə elan edir

    Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı Qərbi Azərbaycanın tarix və mədəniyyətinə müraciət etməklə mədəni irs və tarixi abidələrin dağıdılmasına diqqət çəkməklə yanaşı, onları təsviri sənət əsərlərində yaşatmaq imkanlarını nəzərə alaraq “Vətənim Qərbi Azərbaycan” mövzusunda müsabiqə elan edir.

    "Report" xəbər verir ki, müsabiqə təsviri incəsənətin rəngkarlıq və qrafika növlərində keçirilir.

    Müsabiqənin keçirilməsində əsas məqsəd İrəvan xanlarının portretlərinin, bədii obrazlarının yaradılması, Qərbi Azərbaycanın tarix və memarlıq abidələrinin təsvir müstəvisində yenidən canlandırılmasıdır. Burada diqqət yetirilməli olan əsas məqamlar portret janrında yaradılacaq obrazların realistik üslubda, xanlıq dövrünün geyim, obraz, aksesuar, silah və digər atributlarının tarixi materialları əsaslı şəkildə öyrənilməklə həqiqəti əks etdirməsi, unikal olması, peşəkarlıq baxımından qüsursuz işlənilməsi, xanların obrazlarının xalq təsəvvüründəki ümumi obrazlara uyğunluğu və dövrün tarixi materiallarına cavab verilməsidir.

    Müsabiqənin şərtləri aşağıdakılardır:

    - Qərbi Azərbaycan ərazisində tanınma rəmzlərinə çevrilmiş tarixi abidələr, ziyarətgahlar, tikililər, o cümlədən bölgənin təbiət mənzərələri təsvir müstəvisində əks olunmalı, reallığı əks etdirməli və gerçək tarixə, faktlara söykənməlidir;

    - Əsərlərin ölçüləri rəngkarlıq əsərləri üçün 70 x 90 sm-dən, qrafika əsərləri üçün A3 formatından aşağı olmamalıdır;

    - Müsabiqəyə müxtəlif texnikada, portret və mənzərə janrlarında, fərqli ölçülərdə (yuxarıda göstərilən ölçü tələbləri nəzərə alınmaqla) işlənmiş rəngkarlıq, qrafika əsərləri təqdim olunmalıdır;

    - Əsərlərinin materialı və icra texnikasına dair tələblər: rəngkarlıq əsərləri - kətan üzərində yağlı boya, qrafika əsərləri - kağız və qrafikanın növündən asılı olaraq sərbəst texnikada işlənə bilər;

    - Əsərlər 2024-cü ilin 10 sentyabr tarixinədək Qərbi Azərbaycan İcmasına təqdim olunmalıdır. Sərginin açılış tarixi 2024-cü il 24 sentyabr ayında nəzərdə tutulur;

    - Əsərlər Qərbi Azərbaycan İcmasına çərçivəyə salınmış halda sərgiyə hazır vəziyyətdə təqdim olunmalıdır;

    - Müsabiqənin şərtlərinə uyğun gəlməyən əsərlər qəbul olunmayacaq və münsiflər heyətinin baxışına təqdim edilməyəcək.

    22 yaşdan yuxarı, portret və mənzərə janrlarında iş təcrübəsi olan peşəkar rəssamlar müsabiqədə iştirak edə bilərlər. ​​​​​​​

  • Bakı Su Həftəsi işə başlayıb

    Bu gün Azərbaycanda ilk dəfə Bakı Su Həftəsi işə başlayıb.

    "Report" xəbər verir ki, bununla əlaqədar paytaxtda bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçirilir.

    Tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilib. Məqsəd bu sahənin ölkədə bundan sonrakı inkişafı, mövcud çətinliklər və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etməkdir.

    Bakı Su Həftəsinin təşkil edilməsində isə məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiya, avadanlıq və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.

    Bakı Su Həftəsində 16 ölkədən 100-ə yaxın şirkət iştirak edir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İsveçrə, Avstraliya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Türkiyə və Rusiya daxildir.

  • Avtomobilsiz "28 May" metrostansiyası və dəmiryolu vağzalının qarşısı

    Bu gündən metronun "28 May" stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub.

    “Report” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

    Belə ki, artıq şəxsi avtomobillər sözügedən əraziyə buraxılmır. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

    Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırır.

    Bildirilib ki, məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat habının yaradılması, ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır. Qərarın icrası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçiriləcək.

  • Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 99 il ötür

    Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlar elə bil onun “əyninə biçilmişdi”, onun üçün yazılmışdı. Başqa biri heç vaxt bu obrazları onun kimi yarada bilməz və ya yaratsa belə, bu qədər böyük tamaşaçı alqışı qazanmaz. O, təkcə rollarına görə deyil, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə də daim seçilib-fərqlənib. İllər, qərinələr ötsə də Azərbaycan sənət tarixinə adı böyük hərflərlə yazılan, cəmi 44 il ömür yaşamış Bəşir Səfəroğlu hər zaman hörmət və rəğbətlə yad ediləcək.

    AZƏRTAC xəbər verir ki, bu gün sevimli sənətkarımızın anadan olmasının 99-cu ili tamam olur.

    Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli rollarda çıxış edib. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və başqa obrazlar tamaşaçı qəlbinə yol tapıb.

    Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb.

    Görkəmli aktyorun yumoru sərtdir, çevikdir, bitkindir. Komik ampluanın bu qolu yalnız Bəşir Səfəroğlu yaradıcılığı üçün xasdır. Sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək, tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifovun məsləhəti ilə müntəzəm olaraq teatrın tamaşalarına baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.

    Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu tez-tez həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bununla da dili açılır. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

    Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.

    Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

    Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.

    Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o hər kəlməni müxtəlif intonasiyalarla mənadəyişiminə məruz qoyurdu. Bəşir Səfəroğlu qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı və oyununda gözgörəsi ifşa - özünüifşa yox idi. O, sadəcə qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı.

    Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilib və o, 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

    Bəşir Səfəroğlu dünən olduğu kimi, bu gün də, sabah da bənzərsiz obrazları ilə qəlblərdə yaşayacaq.

    Onun ölməz sənət yolunu bu gün qızı, Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı uğurla davam etdirir. Atasından qalan sevinci insanlarla bölüşmək, onun arzularını həyata keçirmək, ən əsası isə Bəşir Səfəroğlunun yarımçıq qalmış obrazlarını, rollarını tamamlamaq üçün...

  • “Xarıbülbül” Azərbaycan Vizyon Teatrı Türkiyədə yeni layihəyə başlayır

    Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi yeni layihəyə start verir. Layihə çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 və görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyləri qeyd ediləcək.

    Bununla bağlı AZƏRTAC-a eksklüziv müsahibə verən teatrın rəhbəri Kəmalə Kamal Cabbarova layihə barədə danışıb.

    “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin nəzdində yaradılan Azərbaycan teatrının artıq doqquz ildir Türkiyədə fəaliyyət göstərdiyini xatırladan Kəmalə Kamal deyib: “Birliyimizin əsas məqsədi Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini Türkiyədə daha çox və daha geniş tanıtmaqdır. Bu məqsədlə biz tamaşalarla yanaşı sərgilər, yaradıcılıq gecələri, görüşlər təşkil edir, sənədli filmlər çəkirik. Burada məqsədimiz ölkəmizə xidmət etməklə yanaşı, iki qardaş ölkə mədəniyyətini bir dam altında birləşdirməkdir. Elə bu səbəbdən də kollektivimizdə həm azərbaycanlılar, həm də türklər var. Belə olduğu halda mədəniyyətin qarşılıqlı tanıdılması da asanlaşır. Hazırda biz “Mehtaplı gecə” layihəmiz üzərində çalışırıq. Uzun zamandır bununla bağlı iş gedirdi. Layihənin ilk iki proqramını da Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncamlardan irəli gələrək hazırlayırıq. Azərbaycan Diasporuna Dəstək Fondunun bizə göstərdiyi dəstəklə ərsəyə gələn layihə çərçisində Məhəmməd Füzuli və Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan sənədli filmlər hazırlanacaq, sərgilər və teatrlaşmış tədbirlər keçiriləcək. İlk mərhələdə Azərbaycanın dahi şairlərindən olan Məhəmməd Füzuliyə həsr edilən tədbirlər keçiriləcək”.

    Onun sözlərinə görə, tədbirlərə dəvət olunacaq qonaqlara xüsusi diqqət ayrılacaq: “Fikrimcə, hədəflərimizə çatmaq üçün bu, çox vacibdir. Biz burada hansısa tədbiri keçirmək deyil, məqsədə çatmaq istəyirik. Əsas məqsədimiz isə dediyim kimi, ölkəmizi həm Türkiyə, həm də bu ölkədə qonaq olan digər ölkə vətəndaşlarına tanıtmaqdır. Dövlətimiz tərəfindən göstərilən bu dəstəyə və etimada görə minnətdaram. Layihənin uğurlu alınacağına inanıram”.

    Layihənin ərsəyə gəlməsində Kəmalə Kamal Cabbarova, Lətafət Ramazanova, Minə Bayrakeri, Elçin İmanov, Bəhram Afsalov, Süleyha Kara, Bülent Altay, Engin Aybirdi, Tamilla Cabbarova, Yunus Soyupək iştirak edirlər.

  • Xalq artisti Naibə Allahverdiyevanın yubileyi qeyd olunub

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa, Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi münasibəti ilə "Gerçəkləşməyən arzular" adlı benefis nümayiş olunub.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, benefisdə Uilyam Şeksprin "Romeo və Culyetta", "Hamlet", "Antoni və Kleopatra", Cəfər Cabbarlının "Sevil", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyeslərindən istifadə edilib.

    Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisentləri Fuad Cavadzadə, Günay Qasımovadır.

    Səhnə əsərində Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artistlər Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Elşən Şıxəliyev, Elgün Yəhyayev, Könül Əbilova, Mirsənan Kazımlı, İlhan Sadıqov, Araz Pirimov iştirak ediblər.

    Mirvari Rəqs Ansamblının tələbələrinin də iştirak etdiyi benefisdə rəqslərin quruluşu Əməkdar artist Nailə Məmmədzadəyə məxsusdur.