İçərişəhər və Qala qoruğunda bayram ovqatı davam edir. Ziyarətçilər çərşənbə tonqalının yandırılması ilə yanaşı, digər bayram adətlərinin həyata keçirilməsində iştirak edirlər.
Bu barədə AZƏRTAC-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Həmçinin, Novruz bayramı və Ramazan ayının eyni vaxtda insanlara ikiqat şən əhval-ruhiyyə bəxş etdiyi bir dövrdə ziyarətçilər üçün İçərişəhərdə “Ramazan turu” və Qala Qoruğunda “Novruz turlar"ı təşkil olunur.
Həftənin şənbə günləri keçirilən “Ramazan turu” zamanı qonaqlar bələdçilərin müşayiəti ilə Şirvanşahlar Saray məscidləri, Sıratağlı Dini-memarlıq kompleksi, Seyid Yəhya Bakuvi türbəsi, Məhəmməd, Bəylər, Cümə və İçərişəhərdəki digər məscidləri ziyarət edərək onların tarixi ilə tanış ola bilərlər.
Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksində çərşənbə axşamı günləri və martın 20-26-da tətil günlərində təşkil olunan “Novruz turları” zamanı ziyarətçilər qurama sənətinin incəlikləri ilə tanış ola, ağac qorxutma, bacadan şal sallama, “Qodu -qodu” mərasim nəğməsi söyləmə, buğda qovurma (qovurğa), yumurta döyüşdürmə və digər ənənəvi çərşənbə adətləri ilə yanaşı, birlik və bərabərlik rəmzi olan yallı rəqsində iştirak edə bilərlər.
Martın 15-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrında “Naxışlı Novruz” adlı konsert proqramı təqdim edəcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert xalqımızın özünəməxsus adət-ənənəsini əks etdirən Novruz bayramının gəlişinə həsr olunub.
Proqramda Azərbaycanın bəstəkar və xalq mahnıları səslənəcək.
Azərbaycan tamaşaçıları onu daha çox “Uzaq sahillərdə” filmində oynadığı “Mixaylo” obrazı ilə yadda saxlayıb. Rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı bu filmdə Nodar Şaşıqoğlu Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə — “Mixaylo” rolunun öhdəsindən məharətlə gəlib.
Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlu sənət aləminə qədəm qoyduğu ilk günlərdən istedadlı aktyor kimi tanınıb, böyük peşəkarlıq və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapıb. O, teatr və kino aktyoru olaraq oynadığı müxtəlif rolları ilə tamaşaçıların hüsn-rəğbətini qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anadan olmasından 97 il ötür.
Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumi şəhərində anadan olub. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə B.Şukin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb.
Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950–1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957–1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962–1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981–1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.
Nodar Şaşıqoğlunun sovet teatr sənəti tarixində həm görkəmli şəxsiyyətlərin, həm də müasirlərimizin yaddaqalan obrazları ilə özünəməxsus yeri var. Onun dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin yaddaşına həkk olunub. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib.
“Mosfilm”, “Odessa” və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında “Azərbaycanfilm” kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. Aktyorun çəkildiyi çox sayda filmlərdə məharətlə canlandırdığı surətlər kinematoqrafiya tarixinin parlaq səhifələrini təşkil edir. Nodar Şaşıqoğlu yüksək əxlaqi-mənəvi keyfiyyətlər təlqin edən romantik xarakterli qəhrəmanların obrazlarının mahir ifaçısı kimi tanınırdı. Azərbaycan kinosunun unudulmaz qəhrəmanlarının uğurlu ekran həyatı məhz onun bənzərsiz ifası ilə bağlıdır. Misilsiz ustalıqla yaradılan həmin obrazlar sənətşünaslar tərəfindən həmişə yüksək qiymətə layiq görülüb. Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən bu dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olub.
Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.
O, 2013-cü il aprelin 12-də Bakıda vəfat edib.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr edilmiş musiqili tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və yerli qonaqlar iştirak ediblər.
Bayram tədbirini giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara Azərbaycan xalqının əziz bayramı Novruz barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində kiçikdən-böyüyə hamının əziz bayramı olan Novruzla bağlı tədbirlər artıq ötən həftədən başlayıb və həm avstriyalı məktəblilər üçün mərkəzə ekskursiya çərçivəsində, həm də mərkəzin nəzdindəki həftəsonu kurslarının iştirakçıları ilə bayram tədbirləri keçirilib. Həmçinin vurğulanıb ki, Mədəniyyət Mərkəzi Avstriya Milli Kitabxanasında Novruzu milli bayram kimi qeyd edən ölkələrin tədbirində Azərbaycan milli mətbəxini, suvenir və təbliğat materialları, xüsusilə də milli musiqi və rəqsləri ilə təqdim edəcək.
Tədbirin bədii hissəsində görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu səhnəyə çıxıb.
Konsertdən əvvəl M. İbrahimov “Qarabağ” qrupu ilə dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbir və konsertlərdə iştirak etdiyini bildirib. Deyib ki, bu konsertlərdə Azərbaycan mədəniyyətini və muğamını xüsusi qürur və fəxr hissi ilə təqdim edirlər. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib və torpaqlarımız işğaldan azad olunub. “Qarabağ” muğam qrupunun üzvlərinin hamısının Qarabağdan olduğunu diqqətə çatdıran Xalq artisti dövlətimizin rəhbərliyinin səyləri nəticəsində Azərbaycanın regionda sülh və əmin-amanlıq istiqamətində ciddi işlər görüldüyünü bildirib.
Musiqi proqramında Xalq artisti Mənsum İbrahimov və xanəndə Sədəf Budaqovanın ifasında “Rast” və “Segah” təsnifləri, “Misri” kompozisiyası, Azərbaycan xalq mahnıları, “Qarabağ” və “Yaşa mənim xalqım” mahnıları ifa olunub. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar muğamlar ifa olunarkən Füzulinin qəzəllərinə xüsusi yer verilib. Xanəndələri Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.
Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri “Naz eləmə”, “Sarı gəlin”, “Qaytağı”, “Qarabağ yallısı” və digər rəqslərimizi ifa ediblər.
Konsertdən sonra qonaqlar bayram süfrəsinə dəvət edilib və onlara Novruz hədiyyələri təqdim olunub.
Martın 15-də Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açılacaq. Novruza və bu bayramın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 15-ci ildönümünə həsr olunan sərgi Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ekspozisiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistana aid ənənəvi qadın geyimləri, həmçinin zərgərlik əşyaları nümayiş etdiriləcək.
Bu sənət nümunələri təyinatına, üzərindəki naxışlara, hazırlandığı materiala əsasən tamaşaçılarda türk xalqlarının milli xüsusiyyətləri, adət-ənənələri, məskunlaşdıqları ərazinin təbii-coğrafi şəraiti, düşüncə və həyat tərzi barədə zəngin təəssürat yaradacaq.
Təqdim olunan eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin, Türk Mədəniyyəti və İrsi Fondunun kolleksiyalarından, Macarıstan Xalq Sənətkarları Assosiasiyası və şəxsi kolleksioner Virciniya Morqan-Hayata aiddir.
Martın 31-dək davam edəcək sərgi çərçivəsində ustad dərsi və mühazirə də keçiriləcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vaqif Mustafazadənin ev-muzeyində “Novruz görüşü” layihəsinin ikinci tədbiri olub.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl qonaqlara Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib, muzeydə yerləşən eksponatlarla tanışlıq olub.
Sonra Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri, pianoçu, bəstəkar Emil Əfrasiyab iştirakçılara ustad dərsi keçib.
Görüş interaktiv müzakirə formatında davam edib.
Tədbirin təşkilində əsas məqsəd musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.
Azərbaycanla Xorvatiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin yüksək səviyyədə olması ölkə başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun açılışında deyib.
"Azərbaycan və Xorvatiya arasında iqtisadi-ticari əlaqələr son illərdə bir neçə dəfə artıb. Xorvatiyalı iş adamlarının Azərbaycanda biznes qurmaları üçün ölkəmizdə böyük potensial var", - deyə nazir müavini əlavə edib.
Fərid Cəfərov qeyd edib ki, gələn il Zaqrebdə Azərbaycan mədəniyyət günləri keçiriləcək.
Azərbaycan Milli İncəsənət Muzeyində XX əsrin görkəmli ədibi, alimi, pedaqoqu, professor Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin dahi şairimiz və mütəfəkkirimiz Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq keçirilən tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutub.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev çıxışında "Füzuli sənətkarlığı” kitabının qiymətli mənbə olduğunu qeyd edib. "Füzulişünaslığın elmi-metodoloji tətbiqinə baxdıqda görürük ki, Füzuli poetik xüsusiyyətləri haqqında ilk kitabı Mir Cəlal Paşayev yazıb. İnanırıq ki, gələcək nəsillər də bu kitabdan çox istifadə edəcək", - deyə o bildirib.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova zəngin sənət dünyasından bəhs edən "Füzuli sənətkarlığı” kitabında şairin bədii və fəlsəfi mahiyyətinin mükəmməl şəkildə şərh olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, bu əsər Füzuli yaradıcılığının araşdırılmasında ən böyük və qiymətli mənbələrdən biridir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Milli Məclisin deputatı Ceyhun Məmmədov kitab haqqında fikirlərini bölüşüblər.
Təqdimat mərasimində muzeyin kolleksiyasından böyük şairin obrazı və poeziyasını əks etdirən əsərlər nümayiş olunub, həmçinin Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası tərəfindən Füzuli poeziyasına bəstələnmiş klassik əsərlər və muğam triosunun ifaları səsləndirilib.
Kitab XVI əsrdə yaşayıb-yaratmış dahi şairimiz Məhəmməd Füzulinin ədəbi yaradıcılığı və sənəti, o cümlədən şeir mədəniyyəti və bədii nəsri haqqında elmi araşdırmaları əks etdirir. Mir Cəlal Paşayev əsərində Füzuli yaradıcılığının ayrı-ayrı mərhələləri və motivlərinin araşdırılması ilə yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən göstərməyə nail olub.
Martın 12-də Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanaların mütəxəssisləri üçün KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində treninqlərin keçirilməsinə başlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, treninqin keçirilməsində məqsəd aktiv, sürətlə inkişaf edən və yaxşı strukturlaşdırılmış kod bazasına malik, istifadəçi interfeysi konfiqurasiya edilə və uyğunlaşdırıla bilən, açıq mənbəli, inteqrasiya edilmiş kitabxana sistemi olan KOHA-nın Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalarda tətbiqinə dəstək olmaqdır.
Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov sistemin öyrənilməsi və region kitabxanalarında tətbiqinin Milli Kitabxananın 850 mindən çox fondundan istifadə etmə imkanı yaradacağını deyib.
Həmçinin Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsi Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov da fikirlərini bölüşüb.
Martın 16-dək davam edəcək treninqlərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə, Lənkəran, Şəki şəhər, Ağcabədi, Ağstafa, Xaçmaz, Ağdaş, Sabirabad, Biləsuvar, Şamaxı, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı Rayon Mərkəzləşdirilmiş Kitabxana sistemlərindən, ümumilikdə, 18 mütəxəssis iştirak edir.
Xalq şairi Süleyman Rüstəm Azərbaycan şeirinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. Onun yaradıcılığında yeni həyatın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur. Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. Xalq şairinin hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. Təsadüfi deyil ki, Süleyman Rüstəm XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub.
O, yaradıcılığında Azərbaycanın dilbər guşələrini vəsf edib, elə buna görə də vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 118 il ötür.
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.
Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.
Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.
“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.
Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.
İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.
Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.