Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 10 Mart - Milli Teatr Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi təqdim edib.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə xalqımızın böyük mədəni nailiyyəti olan peşəkar milli teatrın yaranması və inkişafı mərhələləri haqqında məlumatlar, Ümummilli Lider Heydər Əliyevin teatr sənəti haqqında söylədiyi dəyərli fikirlər, Azərbaycan peşəkar milli teatr gününün qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın mətni təqdim olunur.
Virtual kitab sərgisində Azərbaycanda fəaliyyət göstərən teatrlar haqqında məlumat verilir, korifey sənətkarların və teatr tamaşalarının foto və videogörüntüləri yer alır. İcmalda “Heydər Əliyev: Sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Teatr, zaman və məkan”, “Azərbaycan teatrının estetik prinsipləri”, “Ərəblinski teatrı”, “Dahiliyin sehri”, “Azərbaycan teatr antologiyası”, “Azərbaycan teatr tarixi” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və annotasiyası təqdim edilir.
Gənclər Kitabxanasında "Milli Teatr Günü" adlı ənənəvi kitab sərgisi də təşkil olunub. Burada Azərbaycan teatr sənətinin tarixindən, görkəmli nümayəndələri-korifey sənətkarların həyat və yaradıcılığından bəhs edilən kitablar, dərsliklər, kitabxana əməkdaşları tərəfindən Milli Teatr Günü ilə əlaqədar hazırlanan biblioqrafik icmal sərgilənir.
Milli Teatr Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
ABŞ-ın Los-Anceles şəhərində 96-cı "Oskar" mükafatlandırma mərasimi keçirilib.
"Report" əsas kateqoriyalar üzrə laureatların siyahısını təqdim edir.
"Ən yaxşı film" - “Oppenhaymer”;
"Ən yaxşı aktrisa" - Emma Stoun (Kasıblar və bədbəxtlər);
"Ən yaxşı aktyor" - Killian Merfi (“Oppenhaymer”);
"Ən yaxşı mahnı" - Mən nə üçün yaradılmışam? ("Barbi");
"Ən yaxşı musiqi" - "Oppenhaymer";
"Ən yaxşı ikinci plan aktyoru" - Robert Dauni kiçik ("Oppenhaymer");
"Ən yaxşı xarici film" - "Maraq zonası";
"Ən yaxşı uyğunlaşdırılmış ssenari" - "Amerika fantastikası";
"Ən yaxşı orijinal ssenari" - " Düşmə Anatomiyası " (Anatomie d'une chute);
"Ən yaxşı ikinci plan qadın rolu" - Davayn Coy Randolf ("The Leftovers");
"Ən yaxşı animasiya filmi" - "Oğlan və quş" (Kimitachi wa Dou Ikiru ka).
"Ən yaxşı sənədli film" - "Mariupolda 20 gün";
"Ən yaxşı orijinal sauntrek" - Lyudviq Qoransson ("Oppenhaymer");
"Ən yaxşı mahnı" - Mən nə üçün yaradılmışam? ("Barbi");
"Ən yaxşı vizual effektlər" - "Godzilla: Mənfi Bir";
"Ən yaxşı montaj" - Cennifer Leym ("Oppenhaymer");
"Ən yaxşı səs" - "Maraq zonası";
“Ən yaxşı makiyaj və saç düzümü” - “Kasıblar və bədbəxtlər”;
"Ən yaxşı kostyumlar" - Holli Uoddinqton (Kasıblar və bədbəxtlər);
"Ən yaxşı istehsal dizaynı" - Şauna Hit, Ceyms Prays ("Kasıblar və bədbəxtlər");
"Ən yaxşı qısametrajlı bədii film" - "Henri Şuqarın ecazkar hekayəsi";
"Ən yaxşı qısametrajlı animasiya filmi" - "Müharibə bitdi! Con və Yoko musiqisindən ilhamlanıb";
"Ən yaxşı qısametrajlı sənədli film" - "Son təmir sexi"
Azərbaycan Milli Xalça Muzeyində rəssam Lalə Hüseynovanın “Toxunuş” adlı fərdi sərgisi açılıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağəli İbrahimov, Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov və Xalq rəssamı Arif Hüseynov çıxış edərək, gənc rəssamın yaradıcılığından danışıb, ona böyük uğurlar arzulayıblar.
Qeyd edək ki, sərgidə rəssamın 40-dan artıq əsəri nümayiş olunur. Onlar ənənəvi xalça sənətini müasir incəsənət növləri ilə birləşdirərək, milli irsimizi keçmişdən gələcəyə daşıyan özünəməxsus nümunələrdir. Burada müəllifin şəxsi kolleksiyasından qrafik əsərləri, Nihal Atsızın “Bozqurdların ölümü” kitabına çəkdiyi illüstrasiyaları, həmçinin Milli Xalça Muzeyinin kolleksiyasından nadir xalçalar yer alır.
“Toxunuş” sərgisi təbiətlə insanın minilliklər boyu davam edən ünsiyyətinin, möhtəşəm vəhdətinin sənət dili ilə ifadəsidir. Buradakı əsərlər 4 təbiət ünsürünün – su, od, hava və torpağın daxili monoloqunun, o cümlədən müəllifin sərhədsiz yaradıcılıq dünyasının, zəngin təxəyyülünün, duyğu və düşüncələrinin mücərrəd şəkildə təqdimatıdır. İnsanın ətraf mühitlə sıx qarşılıqlı əlaqəsini göstərən kompozisiyaların əsas ilham mənbəyi isə mədəni, tarixi cəhətdən dərin fəlsəfi məna daşıyan xalça motivləridir.
Sərgi martın 12-dək davam edəcək.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı fotosərgiyə baxış olub. Fotoşəkillərdə Qərbi Azərbaycan ərazisində Azərbaycanın tarixi, dini abidələri, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər mahallarda xalqımız tərəfindən yaradılan mədəni irs nümunələri öz əksini tapıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək deyib: “Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycan ərazilərində min illərlə yaratdığı böyük mədəniyyət və mədəni irs nümunələri var. Ermənilər böyük güclərin dəstəyi ilə bir əsrdə dörd dəfə Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edib. Onların öz yurdlarından qovulması tarixi ədalətsizlikdir. Qərbi azərbaycanlılar dəfələrlə ağrı və acılarla müşayiət olunan deportasiyaya məruz qalıblar. Hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bu hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və bütün beynəlxalq konvensiyalar bu hüququ tanıyır”. Samir Abbasov sonda soydaşlarımızın gec-tez öz doğma yurdlarına qayıdacağına inandığını bildirib.
Özbəkistanda Qərbi Azərbaycandan olan icma nümayəndələri azərbaycanlıların doğulduqları ata-baba yurdlarına qayıtmalarının onların hüquqları olduğunu qeyd edərək, min illərlə bu ərazilərdə yaşayaraq böyük bir mədəni irs yaratdıqlarını vurğulayıblar. Onlar tarixən bu ərazilərdə erməni millətçilərinin azərbaycanlılara məxsus abidələri dağıtmağa və izlərini itirməyə çalışsalar da buna nail ola bilmədiklərini qeyd edərək, doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını söyləyiblər.
Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş və istehsalçısı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi olan “Nəsil ağacı” sənədli filmi nümayiş etdirilib. Qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və insan taleləri üzərində qurulan ekran əsərində deportasiyaya məruz qalan azərbaycanlı əhalinin çətin və faciəli həyatı öz əksini tapıb.
Ekran əsəri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.
Mənzil-qərargahı Londonda yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) Azərbaycan Günü və Novruz bayramı qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən EBRD-nin prezidenti Odil Reno-Basso, bank ilə Azərbaycan arasındakı uğurlu münasibətlərdən, həyata keçirilən layihələrdən, regionumuzun inkişafına verilən töhfələrdən danışıb. Tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edən Odil Reno-Basso əməkdaşlıq perspektivlərinə müsbət baxdığını vurğulayıb və COP29 tədbirinin uğurlu keçirilməsi üçün Azərbaycan tərəfi ilə yaxın əməkdaşlığın vacibliyini bildirib.
Daha sonra çıxış edən Qafqaz üzrə Regional Direktor Alkis Drakinos genişmiqyaslı nəqliyyat və infrastruktur layihələrin müvəffəqiyyətlə aparılmasına toxunub.
Öz növbəsində ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Azərbaycanda Bank ilə əməkdaşlığa verilən əhəmiyyətdən, mühüm birgə layihələrin həyata keçirilməsindən söhbət açıb. Səfir COP29-un bütün region üçün önəmini vurğulayıb, bu baxımdan davamlı inkişaf, bərpaolunan enerjiyə keçid və iqtisadi inkişaf məsələlərinin aktuallığını, Azərbaycan ərazisindən keçən və nəzərdə tutulmuş dəhlizlərin, o cümlədən Orta Dəhlizin dünya və region üçün vacibliyini diqqətə çatdırıb. Daha sonra səfir Novruz bayramı, onun tarixi və ənənələri barədə bəhs edib, yenilik rəmzi sayılan Novruzun regionda və dünyada yeni dövrün başlanğıcı olacağına dair əminliyini bildirib.
Daha sonra tanınmış skripkaçı Ceyla Seyidovanın ifasında Azərbaycan və beynəlxalq klassik musiqi inciləri təqdim edilib.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Bu gün Xalq artisti Xuraman Hacıyevanın anadan olmasının 79-cu ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, Xuraman Hacıyeva çəkildiyi filmlər və televiziya tamaşaları ilə, səhnədə yaratdığı obrazlarla yaddaşlarda iz buraxmış aktrisadır.
O, 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Arşın mal alan" bədii filmində Asya rolunu canlandırıb və bu ekran işi aktrisaya şöhrət gətirib. Sonralar Seyid Hüseynin "Gənclik macərası" televiziya tamaşasında ifa etdiyi Şirinnaz ilə daha da məşhurlaşan aktrisa çalışdığı teatrda bir-birindən maraqlı obrazlar yaradıb.
Sevilən aktrisalardan olan Xuraman Hacıyeva 1945-ci il martın 7-də Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və oradakı dram teatrında aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirib. 1972-ci ildə Bakıya gələrək Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Aktrisa teatrdakı fəaliyyətinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Gənc Tamaşaçılar Teatrında oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç) aktrisanın yaradıcılığında xüsusi yer tutur.
Xuraman Hacıyeva 2005-ci il fevralın 15-də Bakıda vəfat edib, Ucar rayonunda dəfn olunub.
Bu gün Xalq rəssamı Salam Salamzadənin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, görkəmli fırça ustasının anadan olmasının 116-cı ildönümü tamam olur.
S.Salamzadə 1908-ci il martın 7-də Bakıda anadan olub. O, sənətin sirlərinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda yiyələnib və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Hələ tələbə ikən "Şərq qadını" və "İnqilab və mədəniyyət" jurnallarında bədii tərtibatçı işləyib, illüstrasiyalar çəkib. Rəssam yaradıcılığı boyu süjetli tablo, portret, mənzərə və natürmort janrlarında maraqlı, məna və məzmun yükünə malik sənət əsərləri qalereyası ərsəyə gətirib. S.Salamzadənin Bakı, Moskva və Kiyev şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Rəssam, həmçinin ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1982) fəxri adlarına, eləcə də Nasir adına Beynəlxalq mükafata (1974) layiq görülüb. Əsərləri ölkəmizlə yanaşı, xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
Yaradıcılığında tematik tablolar çəkmək üslubu başlıca yer tutmuş istedadlı fırça ustası portret və mənzərə rəsmləri ilə də böyük tamaşaçı marağı qazanıb. S.Salamzadə Azərbaycan modernizminin nümayəndələrindən biridir.
Rəssam dəfələrlə Yaxın və Orta Şərq ölkələrində olub, həmin ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaradıb. Dünyanın bir sıra ölkələrində keçirilən fərdi sərgilərində çoxsaylı əsərləri nümayiş etdirilib.
Salam Salamzadə Azərbaycan təbiəti və məişət səhnələri təsvir olunan tabloların, portret və mənzərələrin müəllifidir. "Nəriman Nərimanov", "Günəş altında", "Suya gedən qadınlar", "Çay plantasiyası" və sair əsərləri məşhurdur. Dəfələrlə yaxın və orta şərq ölkələrində olub, həmin ölkələrin həyatını və təbiətini təsvir edən tablolar yaradıb.
1997-ci il mayın 12-də Bakı şəhərində vəfat edib.
Martın 14-də, saat 09:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonları və Gəncə şəhərinin sakinlərini qəbul edəcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula martın 13-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans işə başlayıb.
"Report"un məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının (PA) İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, Komissiya çərçivəsində daha səmərəli və çevik koordinasiya/kommunikasiyanın təşkil edilməsi, eləcə də inklüzivliyin və vahid sinerjinin yaradılması hədəflənir.
O qeyd edib ki, bu il üçün əsas hədəflər islahat təşəbbüslərinə özəl sektorun və maraqlı tərəflərin daha geniş cəlb edilməsi, işçi qruplarda təmsil olunan özəl sektor nümayəndələrinin rolunun gücləndirilməsidir.
"Ötən il komissiya çərçivəsində bir sıra iqtisadi təşəbbüslər irəli sürülüb, islahat layihələri hazırlanaraq aidiyyəti qaydada təsdiq edilib. Komissiyanın mandatına uyğun olaraq aidiyyəti dövlət qurumlarının təşəbbüsü ilə prioritet istiqamətlərdə 5 yeni işçi qrup və 2 yeni əlaqələndirmə qrupu yaradılıb. Ümumilikdə, komissiya çərçivəsində 25 işçi qrup, 2 əlaqələndirmə qrupu və spesifik sahələr (ekoloji nəqliyyat, elmi potensial, sərhəddə ticarət) üzrə 4 altqrup fəaliyyət göstərir və komissiyanın işçi qruplarının üzvlərinin ümumi sayı 660-dan çoxdur", - deyə PA rəsmisi əlavə edib.