Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanda "Mobil notariat" tətbiqinin imkanları genişləndirilib

    Ədliyyə Nazirliyi "Mobil notariat" tətbiqinin imkanlarını genişləndirib.

    Report nazirliyə istinadən xəbər verir ki, artıq daşınmaz əmlaka sərəncam verilmək, o cümlədən əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək, ipotekaya qoymaq və sair hərəkətlər etmək üçün etibarnamələri də tətbiq vasitəsilə rəsmiləşdirmək mümkündür.

    İstifadəçilər özlərinə məxsus bütün daşınmaz əmlakları və yaxud konkret əmlakı göstərməklə onlar üzərində istənilən sərəncam hüququnu digər şəxsə etibar edə bilərlər.

    Xatırladaq ki, həm “Appstore”dan, həm də “Google Play”dan mobil cihazlara ödənişsiz yüklənən bu proqram təminatı vasitəsilə şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin elektron versiyasının vahid mənbədə mobil telefonda saxlanılması, onların qüvvədən düşməsi barədə məlumatın dərhal alınması, habelə həmin sənədlərdən istifadə etməsi mümkündür. Həmçinin, "Mobil notariat" vasitəsilə vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada videoyazı vasitəsilə həftənin bütün günləri 24 saat ərzində əldə edə bilərlər.

    "Mobil notariat" tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.

  • ASCO elektron bilet satışını 3 dəfə artırıb

    Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 1 668 elektron bilet satıb.

    Report ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

    Biletin qiymətinə təyinat məntəqəsinədək yerləşmə, təmiz yataq dəsti və qidalanma daxildir.

    Elektron bilet almaq üçün ASCO-nun internet səhifəsinin (www.asco.az) “Elektron xidmətlər” bölməsinin “Tarif hesablanması və bilet satışı” alt bölməsinə daxil olmaq lazımdır. Xidmətdən istifadə zamanı müştəri yükün növünə uyğun çıxdığı və gedəcəyi limanı, həmçinin sistem tərəfindən tələb olunan digər məlumatları daxil etdikdən sonra biletin qiyməti avtomatik hesablanacaq. Bərə ilə yük göndərmək istəyən müştərilər “Elektron xidmətlər” bölməsinin “Daşıma tarifləri” alt bölməsinə daxil olaraq göndərmək istədikləri yükə uyğun qiymətlərlə tanış ola bilərlər.

  • Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasından 89 il ötür

    Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair- vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.

    Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 89-cu ildönümü tamam olur. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib.

    Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.

    1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.

    Böyük sənətkar 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

    Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz əslində bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur misraları müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.

    Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

    Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlamışdır. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib. Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.

    Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.

  • "Müharibə dumanı” adlı sərginin açılışı olub

    Bakı Höte Mərkəzində müharibənin gətirdiyi fəsadlara həsr olunmuş "Müharibə dumanı” sərgisinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, sərgi Bakı Höte Mərkəzi tərəfindən Avropa İttifaqı Nümayəndəliyi, “Kapellhaus” və “Platformart”ın təşkilatçılığı ilə hazırlanıb.

    Layihədə Azərbaycan, Ukrayna, Qazaxıstan, Norveç, Nigeriya, eləcə də Almaniyadan olan rəssam və fotoqraflar iştirak ediblər.

    Sərgidə Karo Akpokiere, Orxan Hüseynov , Verena İssel, Nikita Kadan, Dmitro Kozatski, Mariya Kulikovska, Almagül Menlibayeva, Sabina Şıxlinskaya və Frank Thielin əsərləri nümayiş olunur.

    Qeyd edək ki, sərgi noyabrın 13-dək davam edəcək.

  • “Disney” “Min bir gecə nağılları” əsasında film çəkir

    Məşhur videoyayım platforması “Disney” “Min bir gecə nağılları” əsasında film çəkəcək.

    AZƏRTAC xəbər verir ki, “1001 Nights” adlanan layihənin rəhbəri Araş Ameldir.

    Filmin yayımlanacağı tarix məlum deyil.

  • Bakının Əliəşrəf Əlizadə və Tələt Şıxəliyev küçələri əsaslı təmir edilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunda 1 230 metr uzunluğa malik Əliəşrəf Əlizadə və uzunluğu 340 metr təşkil edən Tələt Şıxəliyev küçələrini əsaslı təmir edib.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, ortalama eni 9 metr olan Əliəşrəf Əlizadə küçəsində aparılan təmir çərçivəsində mövcud piyada səkiləri 5 602 kvadratmetr sahədə bərpa olunub, 2 827 p/m yeni səki daşları düzülüb, küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

    Eni 7 metr təşkil edən Tələt Şıxəliyev küçəsində 898 p/m yeni səki daşları düzülüb, 460 kvadratmetr sahədə piyada səkiləri bərpa olunub. Aparılan yenidənqurma işləri zamanı küçələrdə kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Son mərhələdə küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunub.

    Bu il Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.

  • “Qobustan” sənət toplusunun Şuşa özəl nömrəsində...

    “Qobustan” sənət toplusunun Şuşa özəl nömrəsi çapdan çıxıb.

    AZƏRTAC xəbər verir ki, dərgi ölkə Prezidentinin qərarı ilə Şuşa şəhərinin mədəniyyət paytaxtı və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə ithaf kimi işıq üzü görüb. İlk dəfə tam rəngli formatda oxuculara təqdim edilən dərgidə Şuşanın, Qarabağın sənət tariximizdəki yeri incələnir.

    Pərvin “Əziz Şuşa, sən azadsan” essesi ilə azad Qarabağda, Şuşada keçirilən mədəniyyət tədbirlərindən söz açır, tanınmış tarixçi-jurnalist Müsəllim Həsənov “Mehdiqulu xan Şuşanı niyə tərk etmişdi...” məqaləsi ilə Qarabağ olaylarının tarixi köklərinə nəzər salır, Aləmzər Sadıqqızı Şuşaya bayrağımızı sancan polkovnik Rəşid Aslanovla müharibə və Qələbəmiz haqqında söhbətləşir, professor Ziyadxan Əliyev “Şuşa-rənglərin işığında” məqaləsi ilə rəssamlıq sənətimizdə Şuşanın yerindən danışır. Həmçinin Xalq rəssamı Arif Hüseynov dərginin əməkdaşları ilə söhbətində “Qarabağnamə - Tarixin səhifələri” silsiləsinin yaranma tarixçəsini bölüşür, Narıngül Nadir “Pərdələr açılır” məqaləsi ilə Şuşa Teatrının tarixindən və 73 ildən sonra azad Şuşada açıq hava altında göstərdikləri tamaşadan danışır, Əməkdar rəssam Ülviyyə Həmzəyeva rəssam Mirmehdi Seyidovun qısa ömrünə və yaradıcılığına sığan Şuşadan söz açır, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli xalçaçılıq sənətimizdə Qarabağ və Şuşa xalçalarının özəl yeri haqqında tədqiqatlarını bölüşür. Bu nömrədə, eyni zamanda, akademik Zemfira Səfərovanın “Şuşa - Azərbaycanın musiqi qalasıdır” monoqrafiyası əsasında, Pərvin Qarabağın, Şuşanın sənət simvoluna çevrilmiş sənətkarlardan danışır, sənətşünas Leyla Nəzərli “Cabbarsız Şuşa olmaz” essesində böyük sənətkar Cabbar Qaryağdıoğlu haqqında araşdırmalarını və xanəndənin qohumu Akif Qaryağdı ilə söhbətinin təəssüratlarını bölüşür, gənc müəllif Ülvi Bahadır “Bədəlbəylilər”in timsalında məşhur Qarabağlı ailələrdən söz açır, Qarabağın simvoluna çevrilmiş şən-şux, baməzə adamlar Esmira Nəzərlinin araşdırmasına yada salınır, “Molla Nəsrəddin” qəhrəmanlarını xatırladan bu məzəli insanlar haqqında yazı elə həmin estetikada rəssam Ayxan Rəsulun çəkdiyi karikaturlərlə təqdim edilib. Eyni zamanda, türk yazıçı-tərcüməçisi İmdat Avşar “Zəfər yolundan Şuşaya dönmək” essesində Şuşaya ilk səfərinin təəssüratlarını bölüşür və Zülfiyyə Qəniyevanın “Qurama”sında Şuşa haqda kiçik, amma maraqlı faktlar yer alıb.

    Qeyd edək ki, jurnalın üz qabığında Xalq rəssamı Sakit Məmmədovun ingilis kraliçasına hədiyyə etdiyi “Cıdır düzü” əsəri verilib. Həmçinin müxtəlif yazılar rəssamlarımızın əsərləri ilə estetik, rəngarəng şəkildə təqdim edilib.

  • Müslüm Maqomayevin 80 illiyi münasibətilə konsert proqramı təşkil ediləcək

    Oktyabrın 25-də Heydər Əliyev Sarayında görkəmli müğənni və bəstəkar, Xalq artisti Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək.

    AZƏRTAC xəbər verir ki, “Əbədiyaşarlar” layihəsi çərçivəsində reallaşacaq konsert zamanı görkəmli müğənninin repertuarından olan mahnılar tanınmış incəsənət nümayəndələri tərəfindən səsləndiriləcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Kənd Təsərrüfatı Nazirliyi fermerlərə əkinlərin bəyanı ilə bağlı müraciət edib

    Əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı dekabrın 30-dək başa çatmalıdır.

    Report xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində deyilir.

    Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.

    Fermerlər bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkilən və ya yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir.

    Əgər bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, sadəcə bəyanı daxil edib “Müraciət et” düyməsinə sıxmadan fermerlər 30 dekabra qədər bəyanı dəyişdirə bilərlər. Bəyan edilən bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, fermerlər bəyanla eyni gündə “müraciət et” düyməsinə sıxmaqla müraciətini yekunlaşdıra bilər. 30 dekabra qədər onun müraciəti göndərilmədikdə fermerin subsidiyaya elektron ərizəsi formalaşmayacaq və ona subsidiya ödənilməyəcək.

    Əkin subsidiyasına müraciət bitkinin bəyan edilməsi, torpaqdan istifadə hüququnun təsdiqlənməsi, müraciətin edilməsi ardıcıllığına uyğun aparılır. Fermerlər öz elektron kabinetləri vasitəsilə müraciətləri ilə bağlı proseslərin qeyd edilən ardıcıllığa uyğun aparılıb aparılmadığını izləyə, problem müəyyən etdikdə DAİM-ə müraciət edə bilərlər.

    Əkinlərini vaxtında bəyan etməyən və ya yanlış bəyan edən fermerlərə əkin subsidiyası ödənilməyəcək.

    Qeyd edək ki, bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradır. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.

  • Şirvanda "sosial ev"lər tikiləcək

    Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus (MİDA) “MİDA” MMC Şirvan şəhərinin Naxçıvan küçəsində 8,1 hektar ərazinin şəhərsalma üzrə əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarəti işlərinin satın alınması üçün təkliflər sorğusu elan edib.

    Report xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 27-si, saat 17:00-a qədər şirkətə təqdim edə bilərlər.

    Maraqlanan təşkilatlar (012) 594-54-01 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.