Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanın turizm imkanları almandilli ölkələrdə təbliğ edilir

    Avropa ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və əməkdaşlıq imkanlarının artırılması məqsədilə oktyabrın 10-13-də Azərbaycan Turizm Bürosu tərəfindən İsveçrənin Sürix, Avstriyanın Vyana, həmçinin Almaniyanın Münhen və Frankfurt şəhərlərində təqdimatlar təşkil edilib.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təqdimatlarda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid tərəfindən Azərbaycanın turizm destinasiyası kimi potensialı və mövcud turizm xidmətləri haqqında məlumat verilib.

    “Greenwich”, ”Avantage”, “Azerbaijan Guide Travel”, “ENC Tours” və “Victory Tours” turizm şirkətlərinin iştirakı ilə Almaniya, İsveçrə və Avstriyada turizm sahəsində fəaliyyət göstərən 150-dək turizm tərəfdaşı ilə keçirilən görüşlərdə Azərbaycanın tarixi mədəni irsi, işgüzar turizm imkanları, şərabçılıq turizmi kimi istiqamətlər üzrə təqdimatlar edilib.

    Bununla yanaşı, Sürix, Vyana və Münhen şəhərlərində 30-dək aparıcı media qurumlarının təmsilçiləri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görüşlər təşkil olunub.

  • “Köhnə radio” sənədli filminin təqdimatı olub

    Oktyabrın 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Köhnə radio” qısametrajlı sənədli filminin təqdimatı olacaq.

    AZƏRTAC xəbər verir ki, ssenari müəllifi və prodüseri Şirin Məlikova və rejissoru Mübariz Nağıyev olan sənədli film Şəki sakini, 90 yaşlı Rasim Məmmədovun ömür yoluna fokuslanır.

    Ömrünün 70 ilini dərzilik sənətinə həsr edən sənətkar Rasim Məmmədovun keçdiyi həyat yolu, bu gün də həvəslə davam etdirdiyi fəaliyyəti, iş təcrübəsi filmdə öz əksini tapıb. Bundan başqa, filmdə bir vaxtlar Şəkinin ən məşhur ustası kimi tanınan, bütün növ qadın-kişi geyimlərini yüksək peşəkarlıqla yaradan R.Məmmədovun sənətinə olan böyük sevgisi göstərilir, müasir Şəkinin fonunda onun köhnə dərzi atelyesi insanı keçmişə səyahət etdirir.

    “Köhnə radio” qısametrajlı sənədli filminin təşkilati dəstəyi Şəki Şəhər İcra Hakimiyyətinə aiddir.

  • Kitabxana “Milli istiqlal şairi Əhməd Cavad” adlı elektron bazanı istifadəçilərə təqdim edib

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq “Milli istiqlal şairi Əhməd Cavad” adlı elektron baza hazırlayıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Milli istiqlal şairi Əhməd Cavad ” adlı elektron bazada görkəmli şair, ictimai xadim Əhməd Cavadın 120 və 130 illiyinin keçirilməsi haqqında imzalanan Sərəncamların mətni, ədibin həyat və yaradıcılığını əks etdirən məlumatlar, onun haqqında söylənilən dəyərli fikirlər yer alıb. Burada Əhməd Cavadın müəllifi olduğu əsərlər, dövrü mətbuatda çıxan məqalə və şeirləri, dünya klassiklərindən tərcümə etdiyi ədəbiyyat nümunələri haqqında məlumat verilib. Bazada Əhməd Cavad haqqında yazılan kitablar, məqalələr (Azərbaycan dili ilə yanaşı, türk və rus dillərində), dissertasiya və referatlar, sözlərinə bəstələnən musiqi əsərləri də təqdim edilib.

    Qeyd edək ki, kitabxananın rəsmi saytında yerləşdirilən elektron baza ilə tanış olmaq istəyənlər bu linkə - https://ryl.az/melumat-bazalari/Ehmed_Cavad_el_melumat_bazasi/index.html keçid edə bilərlər.

  • Nazir müavini: Bu il yeni nominasiyaların UNESCO-nun dünya irs siyahısına daxil edilməsi gözlənilir

    Azərbaycan 2006-cı ildə rəsmən mədəni irsin qorunması ilə bağlı konvensiyaya qoşulduğu andan UNESCO-da aktiv fəaliyyət göstərib, bir sıra layihələrə dəstək olub.

    AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət nazirin müavini Sevda Məmmədəliyeva “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusuna həsr olunan təlim kursunda deyib.

    Bildirib ki, ötən müddət ərzində Azərbaycanın UNESCO-da ən mühüm fəaliyyəti ölkəmizə məxsus 15 nominasiyasının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi olub. Bu il də yeni nominasiyaların siyahıya daxil edilməsi gözlənilir.

  • İordaniyanın Mədəbə şəhəri ilə Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub

    2022-ci ildə ərəb turizminin paytaxtı elan edilmiş İordaniyanın qədim şəhəri Mədəbə Azərbaycanla mədəniyyət və turizm sahələrində əməkdaşlıqda maraqlıdır.

    AZƏRTAC xəbər verir ki, ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimovun Mədəbə vilayətinin qubernatoru Nayif Əl-Hidayət ilə görüşündə əməkdaşlığın perspektivləri müzakirə edilib. Böyük Mədəbə şəhərinin meri Arif Əl-Rəvacihin də iştirak etdiyi müzakirələrdə qeyd olunub ki, bu şəhərlə Azərbaycanın mühüm turizm mərkəzləri arasında birgə layihələrin həyata keçirilməsi, habelə qarşılıqlı səfərlər və təcrübə mübadiləsi hər iki ölkə üçün faydalı olacaq.

    Səfir E.Səlimov ölkəmizin turizm potensialı, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib. O diqqətə çatdırıb ki, “Azərbaycan Hava Yolları” QSC Bakı və Əmman arasında birbaşa aviareyslər təşkil edir.

    Görüşdə Mədəbə Turizm Departamentinin rəisi Vail Əl-Ceynini Azərbaycan səfirinə turizm sektorunun fəaliyyəti və potensialı barədə məlumat verib. Azərbaycanlı qonaqlar Mədəbədəki turistik məkanları və Mozaika İnstitutunu gəziblər, burada E.Səlimova Mədəbə Mozaika Ağacı hədiyyə edilib.

  • Qaxda məşhur "Ulu körpü"də aşınmalar yaranıb

    Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrdən biri olan "Ulu körpü"də aşınmalar yaranıb.

    Reportun Şimal-qərb bürosunun məlumatına görə, körpü dağlar qoynunda yerləşən İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb.

    Ulu körpünün tikintisi üçün olduqca əlverişli bir yer seçilib. Kürmük çayının gətirdiyi sel-sularına sinə gərən bu körpü çayın yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən inşa edilib. Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir.

    Ulu körpünün inşa tarixi barədə irəli sürülən mülahizələrə görə, körpü İlisu sultanlığının mərkəzinə çevrildikdən sonra tikilib. Tağbəndin hörgüsündə istifadə olunan kərpic körpüdən bir qədər yuxarıda, Kürmük çayının sol sahilində, İlisu kəndinin ərazisində yerləşən və XVII-XVIII əsrlərə aid edilən "Sumuq qala" adı ilə tanınan müdafiə qülləsinin tikintisində işlənən tikinti materialı ilə eynilik təşkil edir. Körpünün yan divarları daşdandır. Burada müxtəlif dövrlərdə aparılmış təmir işlərinin izləri aydın görünür.

    İlisu Dövlət Tarix Memarlıq Qoruğunun Direktoru Azər Qocayev "Report"un yerli bürosuna bildirib ki, ulu körpünün başqa bir özəlliyi isə həmin dövrdə bərk materialdan inşa edilməsidir:

    "Bu material həm də qida kimi istifadə etdiyimiz yumurta sarısıdır. Ulu Körpünü hər il minlərlə turist ziyarət edir. İstər yerli, istərsə də xarici turistlər bu gözəl abidəyə səfər edir. Deyilənlərə görə, 1844-cü ilin iyununda çar Rusiyasının qoşunları İlisuya hücum edərkən sonuncu İlisu hakimi Danyal Sultan Ulu körpünü dağıtmaq fikrindən daşınıb. Körpünün dağıdılması bəlkə də rus qoşunlarının uğursuzluğuna səbəb ola bilərdi. Rus tarixçiləri Danyal Sultanın bu hərəkətinə heç cür qiymət verə bilməyərək, sadəcə təəccüblənib. Ulu körpü İlisu sultanlığını düzənlik ərazilərlə birləşdirən yeganə körpü idi. Danyal Sultan bu qərarı verməsəydi, körpü uçurular, kəndin əhalisi çətinlik çəkərdi. Bəlkə də, sultan el sənətkarlarının yaratdığı bu nadir abidəni uçurmağa qıymayıb. Digər ehtimala görə, körpü dağılsa belə, rus qoşunlarının kəndi tutacaqlarına əmin olduğundan onu uçurmaqdan çəkinib".

    Qeyd edək ki, hazırda Ulu körpü tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

  • Rəngkarlıq Muzeyində uşaqlar üçün ustad dərsləri

    Oktyabrın 15-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində 8-12 yaşlı uşaqlar üçün “Little YARAT” adlı ustad dərsləri təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, ustad dərsi Azərbaycanın Əməkdar rəssamı Yelena Haqverdiyeva tərəfindən keçiriləcək.

    Tədbir zamanı gənc iştirakçılar taxta səthi üzərində akril boyalar ilə fərqli ornamentlər çəkəcək, rəng və fiqurlar ilə vəhdət yaratmağı öyrənəcəklər.

    Ustad dərsləri Ucal Haqverdiyevin “Mövcudluqda ünsiyyət” retrospektiv sərgisi çərçivəsində təşkil ediləcək.

  • “Arşın mal alan” operettası yenidən Marionet Teatrında

    Oktyabrın 15-22-28-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası nümayiş etdiriləcək.

    AZƏRTAC xəbər verir ki, marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə səsləndirilir.

    Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçu, musiqi aranjemançısı Cavanşir Quliyev və kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslıdır.

    Marionetləri Nazim Hüseynov, Əli Allahverdiyev, Həsən Yaqubov, Hikmət Aydınoğlu, Fikrət Hacıyev və Aytən Qurbanova idarə edəcəklər.

  • Şuşa Teatrının səhnəsində uşaq tamaşası - “Göyçək Fatma”

    Oktyabrın 16-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Azərbaycan xalq nağılı "Göyçək Fatma"nın motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov olan nağıl tamaşanın əsas qəhrəmanı Fatmadır.

    Qeyd edək ki, tamaşada bütün hadisələr Fatmanın anası öldükdən sonra baş verir. Ögey ana yetim Fatmanı sevib əzizləmək əvəzinə onu amansız şəkildə istismar edir. Fatma isə saflığından və sadəliyindən əl çəkmir. Sonda Fatma heç ağlına da gəlmədiyi bir anda ölkə şahzadəsi ilə ailə qurur. Şifahi xalq ədəbiyyatı nümunələrindən biri olan "Göyçək Fatma" nağılının da insanlara vermək istədiyi mesaj ondan ibarətdir ki, dünyada heç vaxt pislər qalib gəlmir. İnsanın qəlbinin təmizliyi isə, onu ən uca və ali təbəqələrə qaldırır.

  • Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının illik ümumi yığıncağı keçirilib

    Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının illik ümumi yığıncağı keçirilib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Federasiyaya üzv olan yaradıcı sahələri təmsil edən assosiasiya və birliklər, kreativ şirkətlərin nümayəndələri və yaradıcı sahələrdə çalışan fərdi sahibkarlar iştirak edib.

    Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə ölkəmizdə son illərdə yaradıcı sənayelərin inkişafı istiqamətində görülən işlərdən, bu sahədə dövlət-özəl tərəfdaşlığı ilə gerçəkləşmiş tədbirlər və layihələrdən bəhs edib, eləcə də yaradıcı sənayelərin inkişafı ilə əlaqədar qarşıda dayanan hədəflər və öhdəliklər barədə iştirakçılara məlumat verib. Xüsusi olaraq, yaradıcı sənaye sahələri üzrə aktiv təşkilatlanma proseslərindən bəhs edərək, son illərdə neçə-neçə yeni yaradıcı birliklər və müasir assosiasiyaların yaradıldığını, dövlət qeydiyyatına alındığını diqqətə çatdırıb.

    Ardından, Federasiyanın İdarə Heyətinin sədr müavini Telman Məlikzadə Federasiya üçün britaniyalı ekspertlərlə birgə hazırlanmış təşkilati strategiya haqqında məlumat verib və strateji istiqamətlər (təşkilatdaxili, xarici və sektoral) üzrə nəzərdə tutulan fəaliyyətlər haqqında vacib məqamları qeyd edib. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin yaradıcı sənayelərin inkişafı üzrə müvafiq fəaliyyətlərin icrasında məsul qurumlarla birgə yaradıcı sənaye təmsilçilərinin də aktiv birgə iştirakda rol almasının vacibliyini qeyd edib.

    Sonra, Federasiya üzvləri ilə təşkilati məsələlər, yaradıcı sənayelərdə fəaliyyət göstərən təşkilatların fəaliyyətləri, yeni yaranmış təşkilatların üzləşdiyi çətinliklər, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirə aparılıb və ayrı-ayrı sahələrə dair aktual məsələlər ətrafında tövsiyə və təkliflər səsləndirilib.

    Sonda, müzakirə predmeti olaraq görüşdə səsləndirilən aktual təklif və tövsiyələr əsasında Federasiya üzvləri tərəfindən müvafiq qurumlara müraciətlərin hazırlanıb göndərilməsi razılaşdırılıb.