Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Açar” bədii filmi Fransada beynəlxalq festivalda nümayiş ediləcək

    “OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi noyabrın 29-dan dekabrın 3-dək Fransada keçiriləcək Avropanın ən yaxşı qısa film festivallarından hesab olunan 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalının “Beynəlxalq müsabiqə proqramı”na daxil edilib.

    AZƏRTAC xəbər verir ki, Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edən “Açar” filmi sözügedən festival çərçivəsində Fransanın Aix-en-Provence şəhərindəki kinoteatrlarda nümayiş olunacaq.

    Qeyd edək ki, premyerası Niderland Krallığında “Oscar”, BEFTA və Avropa Film Mükafatlarına vəsiqə qazandıran “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan “Açar” filmi oktyabr ayı ərzində İsveçdə “SAMA International Film Festival”, Makedoniyada “KineNova Skopje International Film Festival”, Türkiyədə “Accessible Film Festival” və Hindistanda “Goa Short Film Festival”da ölkəmizi təmsil edəcək.

    Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, görüntü rejissoru Cavid Oruclu, quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

    Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

  • Nikolas Keycin filmi “Golden Trailer Awards” mükafatına layiq görülüb

    Hollivud ulduzu Nikolas Keycin baş rolda oynadığı “Lionsgate Films” studiyasının “The Unbearable Weight of Massive Talent” filminin treyleri “Ən yaxşı komediya treyleri” mükafatına layiq görülüb.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, mükafatın həmtəsisçisi Evelin Breydi-Uotters bütün qalibləri təbrik edərək deyib: “Bu ekran əsərlərinin hər biri ən yüksək mükafata layiq filmlərdir. İnanırıq ki, bu cür mükafatlar növbəti uğurlu layihələrin yaranmasına öz töhfəsini verəcək”.

  • Azərbaycanda 35 kilometrlik yolda 21 körpü inşa edilib

    Azərbaycanın əhəmiyyətli yollarından biri olan 35 kilometrlik Şəki-Qax avtomobil yolunun üzərində 21 körpü inşa edilib.

    Bu barədə Reportun Şimal-qərb bürosuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

    A.Nəcəfli bildirib ki, körpülər yollarda rahat hərəkət və uzun məsafələri qısaltmaq üçün çox önəmlidir: "​Sözügedən avtomobil yolu elə də uzun olmasa da digər yollardan fərqlənir. Yolu fərqləndirən cəhət isə onun üzərində çoxlu avtomobil körpüsünün yerləşməsidir. Yol üzərində salınan 21 körpüdən ən kiçiyi 12 metr, ən uzunu isə 420 metrdir. Körpülərin ortalama eni 11.5 metr təşkil edir. Ümumi uzunluqları isə 2077 metrdir. Ən böyük körpü Şəki ərazisində, Kiş çayı üzərində yerləşir. Yolun 1-ci kilometrliyində yerləşən körpünün uzunluğu 420 metrdir. Bölgədə yaşayan sakinlər uzun illər rayonlararası məsafəni uzatmalı olurdular. Yol üzərində xeyli sayda çay olduğundan avtomobillə hərəkət çətin idi. İndi bu çayları körpülər əvəzləyib".

    A.Nəcəfli əlavə edib ki, ən çox körpü yolun 8-9-cu kilometrlik hissəsində yerləşir: "Çayın məcrası avtomobil yolunun keçdiyi hissədə 1 kilometrdən artıqdır. Daha 4 körpü isə yolun Qax rayonu ərazisindən keçən hissəsində yerləşir. Yolun 27-ci km-də, Qaşqaçay çayı üzərində 1 ədəd 54 metr uzunluğunda, 33-cü km-də, Kürmük çayı üzərində isə hər birinin uzunluğu 133 metr olan 3 ədəd körpü yerləşir. Beləliklə üzərində 21 körpü olan Şəki-Qax avtomobil yolu Azərbaycanın ən çox körpü olan yeganə yoludur."

  • Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır

    Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib.

    Bu barədə Reporta qoruqdan məlumat verilib.

    Ümumilikdə 9 şirkətin təqdim etdiyi təklifləri tender komissiyasının üzvləri qiymətləndirib və komissiyanın qərarı ilə "ARCHİCO" MMC qalib elan olunub. Tender şərtlərinə görə, şirkət avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikəcək, həmçinin tikinti başa çatdıqdan sonra binaların 24 aylıq istismarına zəmanət verəcək.

    Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir. Binalar müasir görüntülü və yerli hava şəraitinin tələblərinə uyğun olaraq tikilməkdədir.

  • Ssenaristlər və film həvəskarları üçün ssenari müsabiqəsi elan edilir

    “TMB Media” dram və komediya janrında qısametrajlı filmlərin çəkilişi üçün ssenari müsabiqəsi elan edir.

    AZƏRTAC xəbər verir ki, müsabiqə bir neçə mərhələdən ibarət olacaq. Qalibləri pul mükafatları və hədiyyələr gözləyir.

    Qeyd edək ki, 20-45 yaş arası istedadına və özünə güvənən təcrübəli ssenaristlər müsabiqədə iştirak etmək üçün şəxsi məlumatlarını və gördüyü işləri tmbmediaqrup@gmail.com elektron poçtuna göndərə bilərlər. İştirak üçün müraciətlər noyabrın 1-dək qəbul edilir.

  • UNESCO üzrə Azərbaycan Milli Komissiyası İcraiyyə Şurasının 215-ci sessiyasında ölkəmizin həyata keçirdiyi layihələr haqqında məlumat verilib

    Parisdə UNESCO-nun mənzil -qərargahında qurumun İcraiyyə Şurasının 215-ci sessiyası davam edir.

    AZƏRTAC xəbər verir ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev sessiyada çıxış edərək, Azərbaycan-UNESCO münasibətlərindən danışıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu münasibətlərə verdiyi töhfələri diqqətə çatdırıb, Milli Komissiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib.

    Bu il Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 illiyi qeyd olunduğunu vurğulayan Milli Komissiyanın baş katibi ötən dövr ərzində ölkəmizin UNESCO-nun prinsip və dəyərlərinin təşviqində müstəsna rol oynadığını diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan bu gün iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, eləcə də UNESCO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm və etibarlı tərəfdaşa çevrilib. Ölkəmizdə multikulturalizm, tolerantlıq və dini dözümlülük dövlət siyasəti səviyyəsində inkişaf etdirilib, mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çeviribdir.

    Qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən uğurla həyata keçirilən “Bakı Prosesi” qısa müddət ərzində mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platformaya çevrilib. O, UNESCO-nun əsas prioriteti çərçivəsində ölkəmizin Afrika qitəsində də dayanıqlı inkişafın və sülh mədəniyyətinin təşviqi istiqamətində mühüm töhfələr verdiyini xatırladıb.

    UNESCO üzrə Azərbaycan Milli Komissiyasının bu təşkilatın bütün prioritet istiqamətləri üzrə fəaliyyətini uğurla davam etdirdiyini bildirib. Azərbaycan Milli Komissiyasının bu təşkilata üzv ölkələrin Milli Komissiyaları ilə əlaqələrinin inkişafından, müştərək proqram və tədqiqat işlərində fəal iştirakından danışıb.

    2025-ci ilə qədər UNESCO-nun İcraiyyə Şurasının üzvü olacaq Azərbaycanın UNESCO ilə mədəniyyət, təhsil, elm, informasiya və kommunikasiya sahələrində geniş əlaqələr qurmasından, UNESCO ailəsinin nüfuzlu üzvünə və donor dövlətinə çevrilməsindən söz açıb. Bildirib ki, Azərbaycan Respublikası UNESCO tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə təsis edilmiş Qlobal Təhsil Koalisiyasına qoşulmuş və bu istiqamətdə ianə ayırıb.

    Milli Komissiyanın baş katibi UNESCO-Azərbaycan əməkdaşlığının genişlənməsində xüsusi rol oynayan “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”, onun əsasında yaradılmış Etimad Fondu, Azərbaycan hökuməti tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına UNESCO xətti ilə bir sıra Afrika ölkələrində qızların təhsili, maarifləndirilməsi, gender bərabərliyi, bəzi üzv ölkələrdə davamlı inkişaf üzrə qeyri-maddi mədəni irsin qorunması ilə bağlı layihələr həyata keçirilməsin haqqında məlumat verib.

    Baş katib vurğulayıb ki, Azərbaycan qlobal miqyasda həm mədəni, həm də təbii irsin qorunmasına sadiqdir. Afrikanın zəngin mədəni irsinin qorunub saxlanması, ölkəmizin Afrika Ümumdünya İrs Fonduna yardımı, eləcə də cari ilin sentyabrın 12-dən 14-dək Qanada keçirilmiş UNESCO üzrə Afrika ölkələri Milli Komissiyalarının regional iclasına məmnuniyyətlə qoşularaq, tədbirin təşkilinə dəstək göstəribdir.Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Afrika ilə münasibətlərin daha da inkişaf etdiyini bildirib.

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və UNESCO Baş direktoru Odre Azulenin görüşünü, qurumun Baş Direktorunun Beynəlxalq Əlaqələr və Afrika Prioriteti üzrə müavini Firmin Eduard Matokonun Azərbaycan Milli Komissiyasına ünvanladığı təşəkkür məktubunu, Azərbaycanın təşkilatın məqsədlərinə dəstəyinin yüksək qiymətləndirildiyini xatırladıb.

    UNESCO üzrə Azərbaycan Milli Komissiyası və ADA Universitetinin birgə təşkilatçılığı və UNESCO-nun dəstəyi ilə Bakıda Afrika ölkələrinin UNESCO üzrə milli komissiyalarının baş katibləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə ilk təlim proqramı həyata keçirilməsindən danışıb.

    Təlim proqramı çərçivəsində iştirakçılara mədəniyyətlərarası dialoq, gender bərabərliyi, inklüziv təhsil, sülh mədəniyyəti, iqlim dəyişikliyinin dünya irsinə təsiri, dayanıqlı inkişaf, müasir geosiyasi şərait, gənclər siyasəti, yaradıcı sənaye, milli kimlik, UNESCO Konvensiyalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi və UNESCO-nun müvafiq siyahıladına daxil edilməsi üçün nominasiya fayllarının hazırlanması prosesi və digər mövzularda mütəxəssislərin və dövlət rəsmilərinin mühazirələri təşkil olunub və təqdimatlar keçirilib.

    S. Fətəliyev diqqətə çatdırıb ki, UNESCO üzrə Azərbaycan Milli komissiyası qarşıdan gələn illərdə də müvafiq layihələrdə fəal iştirak edəcək. Bütün bu təşəbbüslər və həyata keçirilən layihələr Azərbaycanın UNESCO ideyalarının və dəyərlərinin təşviq olunmasına, təşkilatın Afrika strategiyasına verdiyi önəmin bariz nümunəsidir.

  • “Sahibsiz sanılan nəğmələrimiz”də nəğmələşən düşüncələr

    Hər nəğmənin öz tarixi, öz yaddaşı var, qəlbimizə hakim kəsilən bənzərsiz nəğmələr heç də boş-boşuna yaranmayıb. Əbəs yerə deyilməyib ki, əsl musiqinin yaşı olmur. Gözəl musiqilər daim yaşayır və yaşayacaq. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın əlimdə vərəqlədiyim “Sahibsiz sanılan nəğmələrimiz” kitabında da əbədiyaşar bəstələrdən bəhs olunur. Müəllif yenə də öz fikir və duyğuları, eləcə də sözə və səsə, bəstəyə və ifaçıya özünəməxsus yanaşması ilə oxucunu heyrətləndirməyi bacarır. Şübhəsiz, bunun kökündə, mayasında onun mənsub olduğu millətin söz və səs saxlancına sonsuz sevgisi dayanır.

    AZƏRTAC xəbər verir ki, Türkiyənin “Sofa” Yayınlarında nəfis şəkildə, yüksək poliqrafik üslubda çap olunan kitab mədəniyyətimizin və musiqimizin qədim beşiyi olan Şuşanın düşmən işğalından azad edilməsinə ərməğan olaraq hazırlanıb.

    Kitabı Türkiyə türkcəsinə türk dünyasının görkəmli ziyalısı, yazıçı-tərcüməçi İmdad Avşar çevirib. Onun kitaba yazdığı “Ön söz”də haqlı olaraq vurğulanır ki, mahnılar bizim kimliyimizdir, çünki hər şey dəyişsə də onlar dəyişməz...

    İmdad Avşar bildirir ki, hər mahnının, hər xalq musiqisinin bir kədərli, hüznlü hekayəsi var: “Xalqımızın müdrikliyindən süzülmüş bu sözlərin, deyimlərin əksəriyyətinin müəllifləri bəlli olmasa da, bunlar millətin əsl irsi və sərvətidir. Bir də sözləri və bəstəsi bizə məlum olan milli musiqi əsərlərimiz var. Bu sözləri qələmə alan şairlər də, bəstələyən sənətkarlar da eynilə “anonim” xalq mahnıları və melodiyasının yaradılması zamanı keçirdiyi acı hissləri kimi böyük ağrılar çəkiblər. Təbii ki, biz onları əsla unutmamalıyıq. Qənirə Paşayeva “Sahibsiz sanılan nəğmələrimiz”i elə bu məqsədlə yazıb. O, kitabında sanki Kərkükdə hoyrat oxuduğu üçün öldürülən şəhidlərə, Azərbaycanda “oxu tar” dediyi üçün Nargində güllələnən Mikayıl Müşfiqə, qardaşlarına “Çırpınırdın Qara dəniz” deyə səslənən və bunun üçün öldürülən Əhməd Cavada, bu şeiri bəstələdiyi üçün ölüm ayağından dönən Üzeyir Hacıbəyliyə və başqa şair və yazıçılara ithaf edib”.

    Kitabı oxuduqca müəllifin böyük sevgi ilə yazdığı bənzərsiz nəğmələr haqqında fikirlərinə ötəri yanaşmaq olmur. “Çırpınırdı Qara dəniz”, “Ayrılıq”, “Əziz dostum”, “Sən gəlməz oldun”, “Neyləyim” və digər mahnılar haqqında yazılarının hər birində bu bəstələrin yaranma səbəbləri, onları unudulmağa qoymayan amillər, ilk ifaçıları, həmçinin bəstəkarları haqqında məlumatlar əksini tapıb. Bu mətinləri oxuduqca bir daha əmin olursan ki, musiqi təkcə insanın psixikasına deyil, onun orqanizminə, eləcə də mənəvi aləminə təsir göstərir. İnsan xoşuna gələn hər bir musiqini ürəyi ilə dinləyir. Alimlər ta qədimlərdən musiqi səslərinin tədqiqi ilə məşğul olublar. Onlar müəyyənləşdiriblər ki, müxtəlif tonda dinlənilən musiqi insanın halına müxtəlif cür təsir göstərir. Onu həyəcanlandırır, kədərləndirir, sakitləşdirir, sevindirir və s.

    Qənirə Paşayeva musiqilərimiz və mahnılarımıza sahib çıxarkən, millətə yol göstərən sözlərin yazarlarını, nəğmələri ilə bu millətin yaddaşında ölməz izlər buraxan bəstəkarları rəhmətlə yad etməyin vacibliyini söyləyir. Bu millət üçün hər bir əzaba qatlanan şair və bəstəkarların əsərlərinin onların adları çəkilmədən oxunmasını vəfasızlıq kimi dəyərləndirir. Türk dünyasının siyasi, sosial və mədəni problemləri ilə yaxından maraqlanan Qənirə Paşayeva da "Sahibsiz sanılan nəğmələrimiz" adlı bu kitabı ilə bizə dilimizdən düşməyən bu mahnıların söz və musiqi müəlliflərini yenidən yada salır.

    Yaşanılan hər an vaxta, hər vaxt günə, günlər aya, aylar da ilə çevrilərək tarixə dönür. Dünən yaddaş, bu gün reallıq, gələcək isə ümid yerimizdir. Dünəni tarixə çevirərək bu gün bizə qələbə sevinci yaşadanlar əbədi tarix yaradanlar və yazanlardır. Bu tarixi əbədiləşdirən bir amil də var ki, o da səs yaddaşıdır. Professor Qənirə Paşayevanın “Sahibsiz sanılan nəğmələrimiz” kitabı da sahib olduğumuz bəstələrimizə, mahnılarımıza, səs saxlancımıza ucaldılan əbədi söz heykəlidir.

  • Bakıda tarix-memarlıq abidələrinin üzərində qanunsuz reklam lövhələrinin olduğu aşkarlanıb

    “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” Milli Mükafatının builki qalibləri məlum olub. “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən verilən mükafata zəngin, genişmiqyaslı fəaliyyəti, uğurları və ölkəmizin mədəni həyatında oynadığı önəmli rolu nəzərə alınaraq Azərbaycan Milli Xalça Muzeyi də layiq görülüb.

    Bu barədə AZƏRTAC-a muzeydən bildirilib.

    Azərbaycan Milli Xalça Muzeyi davamlı şəkildə kolleksiyalarını nadir sənət inciləri ilə zənginləşdirir, ekspozisiyasını yeniləyir. Xalçaçılıq sənətinin inkişafı, qədim xalçatoxuma texnikalarının dirçəldilməsi, onların əsasında ümumbəşəri əhəmiyyətli əsərlərin yaradılması istiqamətində yeni-yeni layihələr reallaşdırır. Milli mədəni irsimizi qoruyub saxlayan muzey xarici ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir və beynəlxalq aləmdə öz nüfuzunu ilbəil artırır. Eyni zamanda, ölkəmizdə və xaricdə saysız-hesabsız sərgilər, tədbirlər təşkil edir, həmçinin elmi müzakirələr, beynəlxalq elmi-praktik konfranslar, simpoziumlar keçirir. Fəaliyyətinin bütün istiqamətlərində hər yaş qrupuna aid insanları, o cümlədən ölkəmizin ilk inklüziv muzeyi kimi fiziki məhdudiyyətli şəxsləri daim diqqətdə saxlayır.

    Görülən bu və digər işlərin nəticəsidir ki, Azərbaycan Milli Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi – 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatına, həmçinin ardıcıl olaraq bir neçə il “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb, eləcə də ölkəmizin ən çox ziyarət edilən muzeyi olub.

    Bu gün “Humay” Milli Mükafatına layiq görülməsi də muzeyin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.

    Qeyd edək ki, “Humay” Milli Mükafatının rəmzi olan “Humay” ilahəsi muzeyin direktoru Şirin Məlikovaya təqdim olunub.

  • “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

    “Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri Qarabağ muğam məktəbinin ən görkəmli nümayəndələrindən biri olan İslam Abdullayeva həsr olunur.

    İslam Əbdül oğlu Abdullayev 1876-cı ilin dekabrında Şuşa şəhərində anadan olub. O, ilk təhsilini də burada - şəhər məktəbində alıb. Məktəb illəri İslamda musiqiyə coşğun həvəs oyadıb. Bunu atası Əbdül kişi hiss etsə də oğluna musiqi müəllimi tutmaq imkanı yox idi. Bir təsadüf İslamı musiqi aləminə gətirib çıxardı. Gənc İslamın məlahətli səsindən xəbər tutan şair Nəvvab onu “Xanəndələr məclisi” nə cəlb edir. İslam Abdullayev öz xatirəsində yazır ki, mən Nəvvabın məclisində ilk dəfə o dövrün məşhur xanəndələrindən Məşədi İsini, Hacı Hüsünü, Mirzə Muxtarı, Dəli İsmayılı, Keştazlı Həşimi dinləmişəm, onlardan dərs almışam.

    Gənc İslam belə bir mühitdə musiqi elminin incəliklərini öyrənir, məclislərdə xanəndə kimi tez-tez çıxış edirdi. Onun ilk müstəqil çıxışı görkəmli tarzən Sadıqcanın oğlu Əsədullanın toyunda olub.

    Buradakı ilk çıxışdan sonra İslamın şöhrəti artır. O, tez-tez Qarabağ, Gəncə, Şəki, Şirvan mahallarının el şənliklərinə dəvət edilir. Çox çəkmir ki, İslamın səsi İran məclislərindən gəlir. İslamın yanıqlı səsinə və zəngin yaradıcılığına yüksək qiymət verir, ona heyran olduqlarını bildirirlər.

    Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İslam Abdullayev geniş zəhmətkeş kütlələrinə daha yaxından xidmət etmək imkanı qazanır. O, ayrı-ayrı rayonlarda aparılan təbliğat işlərində fəal çalışır, əhali qarşısında tez-tez konsertlər verir.

    İstedadlı xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. O, eyni zamanda, Şuşa, Ağdam musiqi məktəblərində muğamdan dərs deyərək, gənc müğənnilərin yetişməsinə böyük qayğı göstərir.

    Azərbaycan xalqının milli mədəniyyəti sahəsində uzun müddət fəaliyyət göstərən İslam Abdullayev Azərbaycan SSR Əməkdar artisti kimi şərəfli ada layiq görülüb, bir neçə medalla təltif olunub.

    İstedadlı sənətkar İslam Abdullayev 1964-cü ildə 88 yaşında Bakıda vəfat edib.

  • Bakının Məhərrəm Seyidov küçəsinin təmiri yekunlaşıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin əsas yollarından birini, uzunluğu 3 200 metr, orta eni 14 metr təşkil edən Məhərrəm Seyidov küçəsinin təmirini yekunlaşdırıb.

    Report bu barədə Agentliyə istinadən xəbər verir.

    Məlumata görə, təmir çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb.

    Ərazidə mövcud piyada səkilərinin bərpası, kənarlarına yeni səki daşlarının düzülməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu istiqamətdə küçəboyu 2500 p/m yeni səki daşları düzülüb.

    Layihə ardıcıllığına uyğun olaraq ərazidə yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenilənib.

    Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

    Ümumilikdə cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri aparılan küçələrin uzunluğu 19,6 km təşkil edir.

    Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6,5 km olan küçə və yollarda təmir işləri aparılıb.