Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Tutxun sahəsində geoloji kəşfiyyatın aparılması üçün minalardan təmizlənir

    Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində bütövlükdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır.

    Bu barədə Reporta “AzerGold” QSC-dən məlumat verilib.

    Bildirilib ki, cəmiyyət tərəfindən 2022-2025-ci illər üzrə tərtib edilmiş kəşfiyyat proqramlarına uyğun olaraq geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işləri sürətlə davam etdirilir. “AzerGold” QSC-in geoloji kəşfiyyat qrupu bu ilin iyun ayından etibarən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli axtarışlar aparır.

    Bununla yanaşı, araşdırmalar çərçivəsində Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1 624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri də həyata keçirilməkdədir.

    Xatırladaq ki, 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.

    Qeyd edək ki, “AzerGold” QSC Azərbaycan Prezidentinin 16 mart 2020-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı çərçivəsində müvafiq fəaliyyətini davam etdirir. Sözügedən tədbirlər planına əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kiçik Qafqazın mərkəzi və cənub hissəsində nəcib və əlvan metal perspektivli sahələrdə geoloji-axtarış işlərinin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və “AzerGold” QSC-yə həvalə edilib.

  • Azərbaycan “13-cü Boğaziçi Sammiti”ndə iştirak edəcək

    Azərbaycan noyabrın 10-11-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “13-cü Boğaziçi Sammiti”ndə iştirak edəcək.

    Report bu barədə xarici mətbuata istinadən xəbər verir.

    Məlumata görə, tədbiri Beynəlxalq Əməkdaşlıq Platforması (UIP) “Böyük Transformasiya” şüarı ilə təşkil edəcək. Sammitdə 70-dən çox ölkədən məruzəçi olacağı gözlənilir. Artıq 43 ölkədən spikerlər iştirakını təsdiqləyib.

  • Azərbaycan və İsrail Xəzərin suyunun duzsuzlaşdırılması üzrə əməkdaşlıq edəcək

    "Azərbaycan İnvestisiya Şirkəti" ASC və İsrailin su emalı sahəsində tanınmış "I.D.E. Water Assets Ltd" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

    Report xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

    "Memorandumla əsasən Azərbaycan və İsrail Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlıq edəcək", - nazir qeyd edib.

  • Naftalanda velotur və velosiped kirayəsi mərkəzi istifadəyə verilib

    Naftalan şəhərində Azərbaycanın ilk regional velotur və velosiped kirayəsi mərkəzi istifadəyə verilib.

    Reportun məlumatına görə, obyekt barədə danışan Dövlət Turizm Agentliyinin nümayəndəsi Zaur Məmmədov deyib ki, indiyə qədər belə mərkəz yalnız paytaxt Bakıda olub.

    Onun sözlərinə görə, bunun üçün şəhər ərazisində 7 km uzunluğunda velosiped yolu çəkilib.

    "Velosipedlərdən artıq 2 aydır ki, test rejimində istifadə edilir. Bu layihə dövlət-özəl sektor əməkdaşlığı əsasında qurulub. Burada kartla, telefonla və QR kodla ödəniş etmək mümkündür", - deyə o, qeyd edib.

  • “Zərərli vərdişlərdən imtina” adlı seminar

    Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi müxtəlif yönümlü maarifləndirici layihələr həyata keçirməyə davam edir.

    AZƏRTAC xəbər verir ki, Masallı rayonunda narkomaniya ilə mübarizənin təşkilində mədəniyyət müəssisələrinin qabaqcıl rolunu nəzərə alaraq, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, həmçinin Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərdən imtina” adlı maarifləndirici seminar keçirilib. Seminarın keçirilməsində məqsəd sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılmasıdır.

    Tədbiri Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli açıblar.

    Seminarda gənclərin sağlam həyat tərzinə narkotiklərin mənfi təsiri və mənəvi zərbələri mövzusu ətrafında çıxış edən Masallı rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Samid Əliyev, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin layihə və tədbirlər üzrə mütəxəssisi Məlik Nuriyev, Masallı Dövlət Regional kollecinin direktoru Dilarə Mürşüdova ictimaiyyəti narkomaniya ilə birgə mübarizə aparmağa çağırıblar. Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb.

    Mütəxəssislərin çıxışlarında qeyd olunub ki, son vaxtlar gənclərin zərərli vərdişlərə qarşı meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.

    Daha sonra Masallı rayon Mədəniyyət Mərkəzində mövzuya dair “Bölgə” eksperimental teatr truppası tərəfindən interaktiv formatda səhnələşdirilmiş “Həyat tablosu” adlı pantomim tamaşası nümayiş olunub.

    Eyni zamanda, gənclər arasında sənətkarlığa marağın təbliğ edilməsi məqsədilə Masallı sənətkarlarının əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi açılaraq, baxış keçirilib.

  • Azərbaycanda “100 kənddə 100 təlim” informasiya kampaniyasına start verilib

    Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi payızlıq əkinlərin başlaması ilə əlaqədar bölgələrdə “100 kənddə 100 təlim” adı altında informasiya kampaniyasına start verib.

    Report nazirliyə istinadən xəbər verir ki, məqsəd fermerlərin bilik və bacarıqlarının artırılması, onları payızlıq əkinlər ərəfəsində düzgün aqrotexniki tədbirlər barədə məlumatlandırmaqdır.

    Layihə çərçivəsində 35 min fermerin təlimlərə cəlb olunması nəzərdə tutulur. Bu məqsədlə 18 rayon üzrə seçilmiş 100 kənddə Aqrar Təlim Mərkəzinin peşəkar mütəxəssisləri təlimlərə başlayıb.

    İlk təlimlər Salyan rayonunun Kürsəngi, Xələc, Qarabağlı, Şorsulu və Neftçala rayonun Aşağı Qaramanlı kəndlərində keçirilib. Aşağı Qaramanlıdakı təlimdə iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov fermerləri təlimlərdə aktiv iştiraka çağırıb. Nazir bildirib ki, fermerlərin aqrar sahənin müxtəlif istiqamətləri üzrə təlimlərə cəlb etmək nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə illik təlim planı təsdiqlənib, plan əsasında nazirliyin müxtəlif qurumlarının əməkdaşları, o cümlədən Aqrar Təlim Mərkəzinin mütəxəssisləri müxtəlif mövzularda sahəvi təlimlər təşkil edir. Payızlıq əkinlər ərəfəsində keçirilən təlimlər fermerlərə əldə etdikləri nəzəri bilikləri təcrübədə uğurla tətbiq etməyə, nəticədə mövsümü yüksək məhsuldarlıqla və daha çox gəlirlə başa vurmağa imkan verəcək.

    Tədbirdə təlim ehtiyaclarının müəyyən olunması ilə sorğu keçirilib, fermerlərin təklifləri qeydə alınıb. “100 kənddə 100 təlim” layihəsi şətçivəsində növbəti tədbirlər gələn həftə Ağcabədi və Tərtər rayonlarında təşkil olunacaq.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Şuşa xalçaları

    "Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bugünkü təqdimat Şuşa xalçalarına həsr olunur.

    Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir.

    XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. Toxuduğu xalça və palazların sayı və keyfiyyətinə görə Şuşa XIX əsrdə Qarabağda birinci yeri tuturdu. İncəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən “Ləmpə”, “Qoca”, “Bulud” xalçaları və “Dəst xalı-gəbə” kimi xalça dəstləri burada toxunub.

    Şuşa xalçaları xovunun hündür olması, əlvan, şux koloritli, çox nazik, incə, xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü xalçaların toxunması ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır.

    Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunmuşdur. Buna nümunə olaraq, cüt “kənarə”, “başlıq”, “ayaqlıq” kimi beş hissədən ibarət “xalı-gəbə” dəstlərini misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, “Ləmpə”, “Qoca”, “Balıq”, “Buynuz”, “Açma-yumma”, “Bulud” kimi geniş yayılmış çeşnilərdən istifadə edilib.

    Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanmışdır. İpək xalçalar, əsasən, mötəbər şəxslər, zadəganlar üçün sifarişlə və ya ixrac məqsədilə toxunurdu.

    Neçə-neçə minilliklərə, uzun-uzun əsrlərə bələdçilik edən Şuşa xalçaları bu gün dünya mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının bir qolu, Qarabağın özü kimi ayrılmaz tərkib hissəsidir.

  • Bakı Şəhər Mədəniyyət Baş İdarəsində növbəti vətəndaş qəbulu keçirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev vətəndaşlarla görüşüb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, idarənin aidiyyəti sektorlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib.

    Qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb, müraciətlərin qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

    Qəbulda vətəndaşların müraciətlərinə baxılıb və araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.

    Qeyd edək ki, vətəndaşların qəbulu hər ayın ilk cümə axşamı günü keçirilir.

  • Füzulidə yeni yarımstansiyaların inşası nəzərdə tutulur

    Gələcəkdə Füzuli rayonunda əhalinin artımını və tələbatı nəzərə alaraq yeni yarımstansiyaların inşası nəzərdə tutulur.

    Reportun Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmməzadə bildirib.

    "Hazırda Füzulidə inşası davam etdirilən yarıstansiya ənənəvi yarımstansiyalardan effektivdir. Bu yarımstansiyalarda əməliyyat çevikliyi çox yüksəkdir, istənilən məlumatlar rəqəmsal formatda alınır və vahid rəqəmsal platformaya inteqrasiyası asanlaşır. Yəqin ki, bilirsiniz "Yaşıl enerji" zonasının öz tələbləri var. O tələblərdən biri də yarımstansiyaların rəqəmsal formatda idarə olunmasıdır. Bərpa olunan enerji mənbələrinin həmin yarımstansiyalara inteqrasiya olunması üçün müvafiq rəqəmsal mühit yaradılır", - o deyib.

    "Azərişıq " rəsmisi əlavə edib ki, Füzulidə tikilən yarımstansiya mövcud tələbatı tamamilə qarşılayır.

    Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzinin təməlini ötən il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qoyub. 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündə olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

  • "Bakcell"in dəstəyilə növbəti "Xəzəri qoruyaq!" kampaniyası həyata keçiriləcək

    "Bakcell" şirkətinin də tərəfdaşı olduğu “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyasının yekun aksiyası keçirilib. On ildən çoxdur təşkil olunan kampaniya bu il daha geniş miqyasda həyata keçirilib və ilk dəfə bütün Xəzər sahili rayonları əhatə edib.

    Kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

    Bu il “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası “Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” və “Carlsberg Azerbaijan” şirkətlərinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ASAN Xidmətin, "ASAN Könüllüləri" Təşkilatının dəstəyi və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə həyata keçirilib. Aksiyanın təşkilatçılığında bir çox digər təşkilat, idarə və şirkətlər iştirak edib.

    Sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə təşkil olunan təmizlik aksiyalarında 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.

    Qeyd edək ki, son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq!" şüarı ilə artıq 10 ildən çoxdur ki iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.