Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mərdəkan-Zağulba avtomobil yolunda yeni yerüstü piyada keçidi tikilir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci kilometrində yeni yerüstü piyada keçidi inşa edir.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, layihə üzrə keçidin uzunluğu 53,4 metr, daxili eni 3,5 metr, pilləkən və pandusların eni 1,35 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq.

    Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.

    Bundan başqa layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

  • Ekspert: “Azərbaycan minatəmizləmə sahəsində möhtəşəm işlər həyata keçirir”

    "Azərbaycan hökuməti işğaldan azad etdiyi ərazilərində minatəmizləmə sahəsində möhtəşəm işlər həyata keçirir".

    Bunu Reporta açıqlamasında şəhərsalma üzrə avstriyalı ekspert Qeorq Redlhammer deyib.

    "İşğaldan azad edilmiş ərazilərin ümumi və baş planları ilə tanış olmuşam. Bunlar, çox gözəl konseptlərdir. Biz bilirik ki, bu kimi layihələrin icrası on illiklərlə vaxt alır. Çünki hazırda həmin ərazilərdə minalar var və təmizlənir. Belə olan təqdirdə insanları kütləvi şəkildə bu ərazilərə köçürmək olmaz", - deyə o, qeyd edib.

    Xatırladaq ki, Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı sonuncu məlumata görə, ötən həftə işğaldan azad edilmiş ərazilərdə 146 mina aşkarlanıb. Oktyabrın 3-dən 8-nə qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 92, tank əleyhinə 54 mina, eləcə də 458 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

  • Yevlax Pilot Aqroparkdan ilk dəfə məhsul ixrac ediləcək

    İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC ilk dəfə Qırğızıstana ting məhsulları ixrac edəcək.

    Bu barədə Reporta Agentlikdən bildirilib.

    Məlumata görə, bu ay ixraca dair imzalanmış müqaviləyə əsasən, şirkət Qırğızıstana ümumilikdə 40 min gilas, badam və nektarin tingi göndərməyi planlaşdırır.

    Növbəti mərhələdə isə, Gürcüstana 100 min qoz tinginin, Rusiyaya isə 150 min ədəd alma, gilas və nektarin tinginin ixracı nəzərdə tutulur.

    “İSFA” aqroparkın ərazisində meyvə bağları, tinglik salıb və bu istiqamətdə işlər davam etdirilir. Şirkətin əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək. Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. Aqroparkda yerləşən təsərrüfatında ilkin mərhələdə 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

  • SOCAR-ın Bakı Ali Neft Məktəbində Polimer Tədqiqat Laboratoriyası açılıb

    Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın “Maire Tecnimont” şirkətinin dəstəyi ilə yaradılan Polimer Tədqiqat Laboratoriyasının açılışı olub.

    Report SOCAR-a istinadən xəbər verir ki, tədbirdə şirkətin prezidenti Rövşən Nəcəf, BANM-in rektoru Elmar Qasımov, “Maire Tecnimont”un baş icraçı və əməliyyat direktoru Alessandro Bernini, İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri və digər rəsmi şəxslər iştirak ediblər.

    E.Qasımov dəyəri 500 min avro olan laboratoriyanın əhəmiyyətindən danışıb, onun BANM-in tədqiqat fəaliyyətlərinə dəstək olacağını, həmçinin tələbə və müəllimlərin elmi araşdırmalarına fayda verəcəyini qeyd edib. O, bu laboratoriyanın ən aktiv laboratoriyalardan biri olacağına, burada mühüm tədqiqatlarlar aparılacağına inandığını ifadə edib. Hazırda BANM-in 14 məzununun “Maire Tecnimont”da çalışdığını vurğulayan E. Qasımov bu hadisənin əməkdaşlığın növbəti uğurlu nəticəsi olduğunu bildirib.

    R.Nəcəf isə Polimer Tədqiqat Laboratoriyasının istifadəyə verilməsinin BANM-in gələcək inkişafı baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. SOCAR-ın “Maire Tecnimont”la uzunmüddətli və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrindən danışan şirkətin prezidenti bu laboratoriyanın “Maire Technimont”la uğurlu əməkdaşlığın növbəti təzahürü, eyni zamanda, yeni tədris ilində BANM-in müəllim-tələbə kollektivinə edilmiş ən gözəl hədiyyə olduğunu qeyd edib. Müstəqillik illərində, xüsusən son 20 ildə ölkəmizdə təhsilin inkişafı istiqamətində strateji addımlar atıldığını, ölkə başçısının yüksək diqqəti və birbaşa nəzarəti ilə xüsusi dövlət proqramlarının uğurla icra edildiyini diqqətə çatdıran R.Nəcəf BANM-in maddi-texniki bazasının gücləndirilməsinin, burada beynəlxalq standartlara cavab verən müasir laboratoriyaların yaradılmasının tələbələrin gələcək karyera inkişafı, ölkəmizdə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi üçün əlverişli zəmin yaradacağını ifadə edib.

    A.Bernini isə BANM ilə səmərəli əməkdaşlıqdan bəhs edib, 2016-cı ildən qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla həyata keçirildiyini bildirib, “Maire Tecnimont”un əməkdaşlıq etdiyi müxtəlif universitetlər arasında ilk dəfə BANM-də yaradılmış bu laboratoriyanın əməkdaşlığın yeni mərhələsinin təməlini qoyacağını vurğulayıb. O, BANM-in Azərbaycanın ən nüfuzlu təhsil müəssisələrindən biri olduğunu qeyd edərək qarşıda daha böyük plan və hədəflərin nəzərdə tutulduğunu ifadə edib.

    K.Taffuri isə İtaliya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini qeyd edib, istifadəyə verilən bu laboratoriyanın Azərbaycanda təhsilin daha da inkişafına mühüm töhfə verəcəyini bildirib.

    Çıxışlardan sonra tədbir iştirakçıları Polimer Tədqiqat Laboratoriyasında yaradılan şəraitlə tanış olublar. Laboratoriya tələbə və müəllimlərin elmi araşdırmalar aparmaları üçün bütün zəruri şəraitin yaradıldığı, mövcud avadanlıqların tədqiqatların aparılması və materialların spesifikasiya tələblərinə nəzarətin təhlilinə imkan verdiyi diqqətə çatdırılıb.

    Daha sonra SOCAR ilə “Maire Tecnimont” şirkəti arasında mövcud və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsinə dair ikitərəfli görüş keçirilib.

  • Bu gün istiqlal şairi Əhməd Cavadın anım günüdür

    Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anım günüdür. XX əsrin otuzuncu illərinin sonunda günahsız yerə repressiya qurbanı olmuş Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın öldürülməsindən 85 il ötsə də xalqımız öz şair oğlunu heç vaxt unutmayıb.

    AZƏRTAC xəbər verir ki, bu il Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncam ilə Əhməd Cavadın anadan olmasının 130 illiyi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilir.

    Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi; mərdliyi, igidliyi, xalq yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə xatırlanırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoyub. Cavad beş yaşına çatmamış atası dünyasını dəyişib. O, ilk təhsilini molla məktəbində alır, üç il orada oxuyur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında alıb (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirib. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs deyib. Birinci Cahan müharibəsi başlayanda müharibəyə gedib, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərib. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olub. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərib.

    Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olub, həm Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edib. Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunur. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyir. O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlib. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.

    Göründüyü kimi Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.

    Əhməd Cavad Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri idi. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Seyfəlidə məktəb və uşaq bağçaları açılması Könüllünün tikilməsi Ə.Cavadın adı ilə bağlıdır. Təsadüfi deyil ki, M.Müşfiq Könüllü kəndinə şeir qoşmuş, oranı “Cavadkənd” kimi təsvir etmişdir.

    Ə.Cavad “Yaşıl qələmlər” adlı cəmiyyətin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. ADR-in milli marşlarının əksəriyyətini o yazmışdı. Bu gün dünya meridianlarında səslənən himnimizin mətnini də o qələmə almışdır. Lakin Əhməd Cavadı şagirdlərə təkcə şair kimi tanıtmaq düzgün olmazdı. O, konkret faktlara istinad edilməklə istedadlı şair, publisist, tərcüməçi, jurnalist, xeyriyyəçi, cəbhəçi-döyüşçü, politoloq, Azərbaycan Demokratik Cümhuriyyətinin baş ideoloqlarından biri kimi tanıdılmalıdır.

    1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir.

    Ə.Cavad ikinci dəfə haqqında danışacağımız “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan ozamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan -doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir.

    Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.

    Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır.

    Nəhayət, 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

    Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabı çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görür.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

    Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!

  • “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı”: Çövkən oyunu

    “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa-Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, növbəti təqdimat Şuşanın ən sevimli oyunlarından olan - ənənəvi Qarabağ atüstü oyunu Çövkən oyununa həsr olunub.

    Çövkən, bəzən çovqan - at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış çövkən adlanılan alətdir.

    Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunurdu. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir.

    Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşada Cıdır düzündə çövkən yarışları keçirilib. Qarabağda bu oyun ötən əsrin 80-ci illərinin axırına kimi məşhur olub.

    Qarabağ atı ilə oynanılan çövkən oyunu 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.

  • “Azərsu” Sumqayıtda pilot layihənin icrasını yekunlaşdırıb

    “Azərsu” ASC Sumqayıtda abonentlərin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədilə həyata keçirdiyi pilot layihənin icrasını yekunlaşdırıb.

    Report bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, şəhərin 8-ci mikrorayonunda icra olunan layihə 45 çoxmənzilli yaşayış binasını əhatə edib. Bir neçə il öncə həmin binaların daxili su təchizatı sistemləri yenidən qurularaq sayğaclaşma işləri aparılsa da, mövcud infrastukturun imkanları yuxarı mərtəbələrdə yaşayan sakinləri dayanıqlı içməli su ilə təmin etməyə imkan vermirdi. Binalara gün ərzində səhər və axşam qrafik rejimlə, ümumilikdə 8 saat içməli su verilirdi. Üstəlik bəzi hallarda yuxarı mərtəbələrdə suyun təzyiqinin aşağı olması sakinlər üçün narahatlıq yaradırdı.

    Layihə çərçivəsində binaları içməli su ilə təchiz edən mövcud nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb. Stansiyanın idarəetmə sistemi tamamilə yenilənib və avtomatlaşdırılıb. Yeni yaradılan hidrofor sistemi sakinlərin təzyiqli və fasiləsiz içməli su ilə təmin olunmasına imkan verir. Bununla da, 4 684 abonentin (təxminən 17 min sakin) içməli təminatı əsaslı şəkildə yaxşılaşdırılıb.

    Ötən illərdə Sumqayıtda görülmüş işlər nəticəsində fasiləsiz su alan abonentlərin xüsusui çəkisi 93 %-ə, sayğaclaşma səviyyəsi isə 91 %-ə çatıb.

  • Bakının Rövşən Cəfərov küçəsi təmir olunub

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nəsimi rayonunun Rövşən Cəfərov küçəsini təmir edib.

    Report xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

    Bildirilir ki, ortalama eni 9,5 metr təşkil edən küçənin təmir olunan hissəsinin uzunluğu 550 metrdir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, yararsız səki daşları yenilənib, küçəyə yeni asfalt-beton örtüyü döşənib.

    Bundan başqa küçədə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub və layihə hündürlüyünə qaldırılıb, küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunub.

  • “44 gün – tarixi Zəfər” çoxcildliyinin növbəti təqdimatı

    Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən çap edilən “44 gün – tarixi Zəfər” adlı üçcildliyin I cildinin (“A-Ə” hərfləri üzrə) təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində gerçəkləşən tədbirdə çıxış edən Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Azərbaycan xalqının mübariz və sarsılmaz olduğunu söyləyib.

    Vətən müharibəsində Qələbəmizdən danışan N.Məmmədova bildirib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi artıq zərurətə və mənəvi ehtiyaca çevrilmişdi. Vətən müharibəsi qəhrəman oğulların sayəsində 44 günə bunu gerçəkləşdirdi. Vətən uğrunda şəhid və qazi olan oğullarımızın qəhrəmanlıqları xalqımızın yaddaşına ədəbi yazılıb.

    Kitab haqqında məlumat verən baş redaktor ilk təqdimat mərasiminin Bakıda, ikincisinin Gəncə, üçüncüsünün isə Masallıda keçirildiyini söyləyib: “44 gün – tarixi Zəfər” kitabının I cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində, Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib.

    Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Azadə Novruzova, “Mədəniyyət/Culture” jurnalının baş redaktoru Zöhrə Əliyeva və digərləri çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

    Qeyd olunub ki, xalqımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarını heç vaxt unutmayacaq. Bildirilib ki, Respublika Xatirə Kitabı Redaksiyası “Bakı-xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bədii-publisistik kitabların nəşrini həyata keçirir.

    Tədbir çərçivəsində bu seriyadan nəşr edilmiş “El harayına can deyən şəhid Elcan” kitabının da təqdimatı olub.

    Kitabın müəllifi Elvin Arifoğlu vurğulayıb ki, əsər Vətən müharibəsində şəhid olmuş Elcan Muradovun həyat yoluna həsr olunub. 19 yaşlı Elcanın gəncliyə örnək davranışları, mənəvi keyfiyyətləri real hadisələr əsasında bədii formada təqdim olunur.

    “Azəri” poliqrafiya müəssisəsində çap olunan kitabın redaktoru Kəmalə Mirzəyevadır.

  • Respublika Gənclər Kitabxanası görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazasını hazırlayıb

    Azərbaycanın tarixində ilk ərəbşünas qadın, böyük alim Aida İmanquliyeva bütün həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edərək, şərəfli bir ömür yaşamış, bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti ilə böyük nüfuz qazanıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlayaraq oxuculara virtual rejimdə təqdim edib.

    AZƏRTAC xəbər verir ki, elektron bazada şərqşünas alim Aida İmanquliyevanın həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri və s. kimi məlumatlar öz əksini tapıb. Elektron resursda Vasif Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida İmanquliyeva haqqında səsləndirdikləri fikirlər, eyni zamanda, görkəmli şəxsiyyətə məxsus foto və videoxatirələr yer alıb.

    Bundan əlavə kitabxananın əməkdaşları tərəfindən görkəmli alimin həyat və elmi fəaliyyətinə həsr edilmiş, özündə çoxlu sayda kitab və dövrü mətbuat nümunələrini, cəmləyən “Nəciblik nümunəsi” adlı virtual sərgi və “Gözəllik və müdriklik timsalı –Aida İmanquliyeva” adlı məlumat bülleteni də hazırlanıb.

    Qeyd edək ki, Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru olub. Neçə-neçə kitabların, tərcümələrin müəllifi olan Aida xanım Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olub, Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil edib.