ABŞ-da ölümlə nəticələnən qəza səbəbindən çəkilişləri dayandırılan “Rust” filminin istehsalı yenidən başlayacaq.
AZƏRTAC xəbər verir ki, aktyor Alek Bolduin çəkilişlər zamanı həlak olan operator Qalina Hatçinsin ailəsi ilə bu barədə razılığa gəlib. Belə ki, Bolduin də daxil olmaqla, filmin bir qrup əməkdaşı səhlənkarlığa görə məhkəməyə verilmişdi. Lakin tərəflər artıq razılığa gəliblər. Metyu Hatçins mərhum həyat yoldaşı Qalinanın ruhuna ehtiram əlaməti kimi filmin çəkilişlərində əvvəlki aktyor heyətinin iştirak edəcəyini bildirib. Qeyd edək ki, “Rust” filminin çəkilişi zamanı operator Qalina Hatçins təsadüfi güllə yarasından ölmüş, rejissor Coel Souza isə ağır yaralanmışdı.
Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə oktyabrın 10-dan Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən 08:00 qatarı bir reysə istifadə edilməklə saat 07:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin edilir.
Report bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Bu səbəbdən Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir və həmin tarixdən qatar Bakıdan saat 08:00 əvəzinə saat 08:45-də yola düşəcəkdir. Qatarın Gəncədən Bakıya gəlmə saatı mövcud qrafik üzrə qalacaq.
"Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Hazırda sərnişin sıxlığını aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində hissəvi dəyişiklik edilir və sərnişinlər bu barədə əlavə məlumatlandırılacaq", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının vaqonlarının birində havalandırma sistemində texniki nasazlıq baş verib və onun fəaliyyətində müəyyən fasilələr yaranıb. Mütəxəssislər baş vermiş texniki nasazlığı qısa müddətdə aradan qaldırıb.
Oktyabrın 8-də Sabah Dövlət Turizm Agentliyi Naftalan rayonunda Turizm İnformasiya Mərkəzinin (TİM) açılışını edəcək.
Report xəbər verir ki, yeni TİM-ə hələ ki, rəhbər təyin edilməyib.
Bununla ölkədəki TİM-lərin sayı 12-yə çatacaq. Bundan əvvəl Bakı, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Gəncə, Bərdə, Lənkəran və Şəkidə TİM-lər açılıb.
Açılış mərasimi çərçivəsində Naftalanda həmçinin sağlamlıq turizmi ilə əlaqədar konfrans işinə başlayacaq.
Ələt-Astara yolunun Biləsuvar və Cəlilabad rayonları ərazisindən keçən hissəsi qəzalı vəziyyətdədir.
Bu barədə Reportun yerli bürosuna sürücülər və sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, bu yolda addımbaşı çala-çuxura rast gəlinir:
"Düzdür vaxtaşırı bəzi yerlərdə təmir işləri aparılır. Lakin bu kifayət deyil. Gərək bu yol yenidən qurulsun. Yoldan istifadə edən zaman əziyyət çəkirik. Maşınımız tez-tez xarab olur".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, problem mərhələli şəkildə həll ediləcək: "Yaxın vaxtlarda ilkin olaraq bu yolun Biləsuvar rayonundan keçən hissəsində işlərə başlanılacaq".
Oktyabrın 14-də Azərbaycan Mərkəzi Bankı, “Bakı Fond Birjası” QSC (BFB), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Şamaxı şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir keçiriləcək.
Report BFB-yə istinadən xəbər verir ki, tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təşkil olunacaq.
Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri mütəşəkkil kapital bazarının imkanları və BFB-də listinqin üstünlükləri barədə məlumatlandırılacaq. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar olacaq.
Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndiriləcək.
Bu, sayca VI belə tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax və Qəbələ şəhərlərində təşkil olunub. Məqsəd regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.
Heydər Əliyev Fondu Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyini 2022-ci ilin sentyabrından bərpa etməyə başlayıb.
Report xəbər verir ki, bunu Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bərpa işlərində əsas məqsəd ev-müzeyinin tarixi görünüşünü qoruyub saxlamaqdır.
Qeyd edək ki, görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhərində Ermənistanın işğalınadək fəaliyyət göstərib.
Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib.
Heydər Əliyev Fondu tərəfindən ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb.
Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Qara Qarayev prospektinə paralel 2-ci dərəcəli küçənin Bəhruz Nuriyev küçəsindən Babək küçəsinə qədər olan hissəsini əsaslı təmir edir.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir olunan bu hissənin uzunluğu 500 metr, eni ortalama 16 metrdir. Təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkilərinin bərpa olunub, köhnə səki daşları yenilənib. Küçəboyu mövcud piyada səkiləri 1 200 kvadratmetr sahədə bərpa olunub, 480 p/m yeni səki daşları düzülüb. Hazırda əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla aparılır.
Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq.
2022-ci ildə Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometr təşkil edən 9 küçə təmir edilib.
BP şirkəti Qarabağda istehsal edəcəyi "Yaşıl enerji"ni Abşerona transfer edəcək.
Report xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.
Onun sözlərinə görə, həmin enerjidən burada - şirkətin neft-qaz emalı prosesində istifadə ediləcək: "BP-nin layihələri Abşeron yarımadasındadır. Neft-qaz çıxarma üçün lazım olan elektrik enerjisi artıq neft-qazdan yox, bərpa edilən mənbələrdən alınacaq. Bunun da 2 il yarıma həyata keçirilməsi gözlənilir. İnanırıq ki, bu kimi layihələrin sayı artacaq", - deyə o, əlavə edib.
Xatırladaq ki, bu il martın 16-da Energetika Nazirliyi və BP arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
İşğaldan azad edilmiş ərazilərdə 162 yeni mədəniyyət abidəsi aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Şəhərsalma Forumunda mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir bildirib ki, 30 il ərzində bu ərazilərdə Azərbaycanın mədəniyyət abidələri, mədəni irsi dağıdılıb, mənşəyi dəyişdirilib və ya qanunsuz arxeoloji qazıntılar aparılıb. Bu kimi hadisələr beynəlxalq konvensiyalara ziddir. Ərazilərimiz işğaldan azad edildikdən sonra burada xarabalıqlar, vandallıq aktları aşkarlanıb.
Anar Kərimov qeyd edib ki, aparılan ilkin monitorinqlər zamanı dövlət reyestrinə salınmış 706 abidədən 403-ü tədqiq edilib. Bundan başqa, 864 mədəniyyət müəssisəsinin monitorinqi aparılıb. Həmçinin 162 yeni mədəniyyət abidəsi aşkar olunub.
A.Kərimov əlavə edib ki, hazırda nazirliyin əməkdaşları monitorinq apararkən mina təhlükəsi ilə qarşılaşırlar. Bu səbəbdən prioritet tapşırıq ərazilərin minalardan təmizlənməsi və arxeoloji işlərin təhlükəsizliyinin təminidir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “İrəvan necə varsa: keçmişdən bu günə” kitabı çapdan çıxıb. VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, dövlətimiz tərəfindən qədim Azərbaycan torpağı olan İrəvandakı mədəni irsimizin öyrənilməsinə və təbliğinə böyük önəm verilir: “İrəvanda Azərbaycan mədəniyyətinə, tarixinə aid çoxlu izlər, əsərlər var ki, geniş ictimaiyyətə təqdim edilməlidir. Eyni zamanda, beynəlxalq səviyyədə biz bunu təbliğ etməliyik. Əsrlər boyu İrəvan torpağında olan mədəni irsimizin dağıdılması, onun saxtalaşdırılması kimi faktlar ictimaiyyətə beynəlxalq səviyyədə təqdim olunmur. Ona görə də İrəvanda, Zəngəzurda olan mədəni irsimizi tədqiq edərək ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu sahədə alimlərimizin üzərinə çox önəmli iş düşür. Bu kitabın ərsəyə gəlməsində də məhz o yanaşma sezilir”.
Anar Kərimov qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən qonşu ölkələrin arxivlərində araşdırmalar aparılacaq: "Türkiyə, İran, Rusiya və Gürcüstanın arxivlərində araşdırmalara başlayacağıq ki, belə elmi mənbələr, bu sahədə olan kitablarımız daha da çoxalsın. Belə layihələrimiz çox olmalıdır. “İrəvan necə varsa: keçmişdən bu günə” bu layihə üzrə nəşr olunan ilk kitabdır. Növbəti mərhələdə bu kitabın xarici dillərə tərcümə edilməsi də planlaşdırılır. Beynəlxalq ictimaiyyət bilməlidir ki, indiki Ermənistan ərazisi olan İrəvan tarixi Azərbaycan torpağıdır. Onun da əyani sübutları məhz İrəvanda olan tarixi irsimizdir”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan tarixşünaslığında İrəvan məsələsi daha çox Ermənistan mövzusunun tərkib hissəsi kimi öyrənilib: “Kitabın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, burada İrəvan qalası haqqındakı rəvayətlərdən tutmuş, İrəvan şəhərinin salınmasından başlayaraq günümüzə qədərki dövrü, onun ətrafında olan məsələlər zəngin arxiv sənədləri, ilkin mənbələr əsasında ictimaiyyətə təqdim edilir. İrəvan şəhərini XIX əsrin ortalarına qədər idarə edənlərin hamısı azərbaycanlılardır. Bu və ya digər faktlar bir daha onu göstərir ki, İrəvan birmənalı şəkildə Azərbaycan şəhəri olub. Kitabda tədqiq edilən bütün problemlər Qərbi Azərbaycan tarixi və həmin bölgə üzrə həyatın bütün sahələrinə dair materiallar kontekstində nəzərdən keçirilib. Bu da kitabın əhəmiyyətini daha da artıraraq onu bu sahə üzrə unikal mənbəyə çevirib”.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru professor Kərim Şükürov bildirib ki, kitabda ilk dəfə olaraq Azərbaycanın tarixi İrəvan şəhəri kompleks şəkildə tədqiq olunub: “Kitaba baxanda onun üzərindəki rəng diqqəti cəlb edir. Bu rəng təsadüfi seçilməyib, İrəvan xanlığının bayrağından gələn bir rəngdir. Həmin rəngin fonunda Azərbaycan mədəni irsinin bir nümunəsi olan Göy məscid verilib. Bu, İrəvanın müsəlman şəhəri olmasının bir göstəricisidir”.
Daha sonra çıxış edən tarixçi Səbuhi Hüseynov kitab haqqında məlumat verdi. Dedi ki, kitabın birinci fəsli İrəvan şəhərinin coğrafiyası və tarixinin əsas dövrlərindən bəhs edir. İkinci fəsildə ermənilərin və Ermənistan dövlətinin İrəvanın azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti, üçüncü fəsildə İrəvan şəhəri və ümumən Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) toponimiyası və epiqrafik abidələri araşdırılıb. Dördüncü fəsildə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi Azərbaycan dilinin İrəvan dialekti, orada Azərbaycan məktəbləri və müəllimləri, folklor, ədəbi mühit, mətbuat, teatr, memarlıq və s. məsələlər öyrənilib. Beşinci fəsil İrəvan tarixinin erməni saxtalaşdırıcılarının tənqidinə həsr edilib. İrəvan şəhərində Azərbaycan mədəni və tarixi irsinin sonuncu yadigarı – Təpəbaşı məhəlləsinin tarixi, bu günü və mühafizəsi məsələləri isə nəşrin altıncı fəslində araşdırılıb.
Kitab strukturu, irəli sürülən problemlərin əhatə dairəsi və həllinə görə Azərbaycan irəvanşünaslığına böyük töhfə olmaqla onun yeni istiqamətlərini də müəyyən etməyə imkan verir.
Qeyd edək ki, kitab Mədəniyyət Nazirliyinin 1 aprel 2021-ci il tarixli əmri ilə təsdiq olunmuş Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiyanın qərarına əsasən, “Aspoliqraf LTD” MMC-nin mətbəəsində çap olunub. Kitabın elmi məsləhətçisi mədəniyyət naziri Anar Kərimov, layihənin rəhbəri və elmi redaktoru AMEA Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovdur.