Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanla İran arasında mədəni əməkdaşlıq əlaqələri müzakirə olunub

    Mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Yasər Əhmədvənd ilə görüşüb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində gerçəkləşən görüş zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətinin bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.

    İranın kitab sərgisində iştirakını yüksək qiymətləndirən Anar Kərimov belə sərgilərin keçirilməsinin yazıçı və naşirlər arasında körpü rolunu oynadığını vurğulayıb, İranın Azərbaycandakı səfirliyi və İran Mədəniyyət Mərkəzi vasitəsilə ölkələrimiz arasında mədəni əlaqələrin davamlı inkişaf etdiyini bildirib.

    Sərgiyə dəvətə görə təşəkkürünü bildirən İranın mədəniyyət və islami irşad nazirinin müavini Yasər Əhmədvənd Anar Kərimovu qarşılıqlı əməkdaşlıq çərçivəsində 2023-cü ilin may ayında Tehranda keçiriləcək beynəlxalq kitab sərgisində iştirak etməyə dəvət edib.

    Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi aparılıb.

  • Bakıda yaşıllıqların sahəsi 3-4 dəfə artırılacaq

    "Bakı Bulvarı ərazisinin 2040-cı ilə qədər genişləndirilməsi, paytaxtda yaşıllıqların sahəsinin, təxminən, 3-4 dəfə artırılması nəzərdə tutulur".

    Report xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

    "Paytaxtın yeni Baş Planı çərçivəsində bulvarın uzunluğu 25 km-dən çox olacaq. Bakıda yaşıllıq sahəsinin isə indiki 920 hektardan 3 169 hektara çatdırılması planlaşdırılır", - o deyib.

  • AzTV-dən yeni layihə - “Əmanət”

    Azərbaycan Televiziyası 44 günlük Vətən müharibəsinin ikinci ildönümündə yeni layihəyə start verib.

    AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Əmanət” adlı layihə qısametrajlı filmlər silsiləsindən ibarətdir.

    Bədii-sənədli filmlərdə şəhid ailələrinə və övladlarına, qazilərə cəmiyyətin və dövlətin qayğısı, diqqəti əks olunur. Filmlərin ssenarisi real hadisələrə əsasən qələmə alınıb. Silsilənin ilk filmi “Şəhid əmanəti” adlanır və Vətən müharibəsi şəhidi Natiq İsmayılovun ailəsinin danışdıqlarına əsasən çəkilib. Belə ki, şəhidin oğlu Davud İsmayılzadə filmin baş qəhrəmanıdır. O, çörək almağa gedir və yolda ona qarşı xüsusi diqqət göstərən qonşuları ilə qarşılaşır. Çörək almaq üçün daxil olduğu dükanda isə satıcı şəhid ailəsi olduğu üçün ondan pul almır və “şəhid atan sizin pulunuzu ödəyib” deyərək yola salır.

    Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.

    Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Natiq İsmayılov 2020-ci il oktyabrın 17-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. N.İsmayılovun 4 övladı – Ömər İsmayılzadə, Behbud İsmayılzadə, Gülər İsmayılzadə və Davud İsmayılzadə Vətənə əmanət qalıb.

  • Beynəlxalq Muğam Mərkəzi Fəs Sufi Mədəniyyəti Festivalının rəsmi tərəfdaşları sırasına daxil edilib

    Beynəlxalq Muğam Mərkəzi (BMM) Mərakeşdə keçiriləcək 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında ölkəmizi təmsil edəcək. Təşkilat komitəsi Azərbaycanın milli sərvəti olan muğamı təbliğ edən BMM-ni festivalın rəsmi tərəfdaşları sırasına daxil edib.

    AZƏRTAC xəbər verir ki, musiqimizin təbliği və beynəlxalq festivalın tərəfdaşı kimi çıxış etmək Mərkəzin fəaliyyəti üçün mühüm hadisələrdən biridir.

    Qeyd edək ki, oktyabrın 22-dən 29-dək Mərakeşin milli-mənəvi mərkəz şəhəri sayılan Fəsdə keçiriləcək festivalda BMM-nin solistləri xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva rəngarəng proqramla çıxış edəcəklər. Xanəndələri nağarada Əməkdar artist Kamran Kərimov, tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov müşayiət edəcək. BMM-nin kollektivi sufi mədəniyyətini orijinal şəkildə təqdim edən festivalın açılış mərasimində və sonrakı günlərdə muğam sənətimizin möhtəşəmliyini nümayiş etdirəcəklər. Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.

  • Nazir: Hazırda Şuşada üç məscid və iki kilsə bərpa olunur

    Hazırda Şuşada üç məscid və iki kilsə bərpa olunur.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Şəhərsalma Forumunda "Mədəni və tarixi irsin postkonflikt dövründə bərpası" sessiyasında mədəniyyət naziri Anar Kərimov deyib.

    Nazir qeyd edib ki, bununla da Azərbaycan mədəni irsə qarşı ayrı-seçkilik etmədiyini bir daha bəyan edir. Hər bir mədəni irs Azərbaycan üçün əhəmiyyətlidir, əzizdir. Çünki bu irs yalnız Azərbaycana deyil, bəşəriyyətə məxsusdur.

  • Azərbaycanda turistlər üçün heykəllər üzərində məlumat lövhəsi quraşdırılacaq

    Bundan sonra ucaldılacaq bütün heykəllərin üzərində turistlər üçün məlumat lövhələri quraşdırılacaq.

    AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

    Nazir qeyd edib ki, bu, turistlərin məlumatlandırılması baxımından əlverişli olacaq.

    Nazir tədricən bu üsulun əvvəlki heykəllər üzərində də tətbiqinin nəzərdə tutulduğunu vurğulayıb.

  • Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin anadan olmasından 87 il ötür

    Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının əlaqəsinə əsaslanan, özünəməxsus geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, görkəmli bəstəkar və pedaqoq, professor Xəyyam Mirzəzadənin anadan olmasından 87 il ötür.

    Otuzadək səhnə musiqisi, çoxsaylı estrada və caz nümunələri, mahnılar yazmış, “Violin və orkestr üçün” əsərin müəllifi Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda dünyaya göz açıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.

    Əmək fəaliyyətinə elə həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə kompozisiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

    Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqisinin nailiyyətlərindən uğurla bəhrələnərək, müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Onun ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara böyük şöhrət qazandırıb.

    Zəngin yaradıcılığı ilə Azərbaycan musiqi irsini, mədəniyyətini təbliğ etməklə yanaşı, kinomuza da töhfələr verən bəstəkar əsasən dram janrlı filmlərə musiqilər yazıb, ekran əsərlərinin məzmun ideyasını musiqi dili ilə çatdırmağa müvəffəq olub. Onun bir çox kompozisiyaları musiqi xəzinəmizin “qızıl fond”una daxildir. 40-dan artıq filmə, o cümlədən “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və s. bədii, “Abidələr danışır”, “Bakı eyvanları” və s. sənədli, “Daş”, “Günlərin bir günündə”, “Meşəyə insan gəlir” animasiya filmlərinə yazılan musiqiləri xatırlamaq bəs edir ki, bəstəkarın sənət qüdrətinə heyran qalasan. Xəyyam Mirzəzadənin bənzərsiz kino musiqilərində mövzuya uyğun olaraq vətənə, xalqa, insanlara hörmət, sevgi, həmçinin yüksək insani keyfiyyətlər tərənnüm olunur. Eləcə də çox sayda dram tamaşalarına yazdığı musiqilər yüksək dəyərləndirilib.

    Xəyyam Mirzəzadə, eyni zamanda, gözəl nəğmələrin müəllifidir. Onun bəstələdiyi mahnılar uzun illərdir ki, Azərbaycanın görkəmli ifaçılarının repertuarını bəzəyir.

    Onun mötəbər konsert salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin dünyada tanınmasında böyük töhfə olub.

    Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

    Bəstəkar enişli-yoxuşlu sənət yolu keçsə də, heç zaman usanmayıb. 1970-ci ildə Almaniyada çap edilən “50 sovet bəstəkarı” kitabında onun da yaradıcılığından bəhs olunub.

    Görkəmli bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, ikinci Fəxri xiyabanda dəfn olunub.

    Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Mirzəzadənin əziz xatirəsi musiqisevər xalqımızın, onu tanıyanların qəlbində daim yaşayacaq.

  • İsa bulağı “Cənnətim Qarabağ” rubrikasında

    “Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı layihə davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində təqdimatlardan biri dillərə dastan olan Şuşa qədər məşhur İsa bulağına həsr olunub.

    Azərbaycanın dilbər guşələrindən olan Şuşa ötən əsrin sonlarınadək Qafqazın ən unikal mədəniyyət mərkəzlərindən biri idi. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan bu heyrətamiz şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır. Şuşa erməni qəsbkarları tərəfindən işğalınadək füsunkar təbiətinə, iqlim şəraitinə görə bir çox məşhur kurortlardan üstün olmasına baxmayaraq şuşalılar istirahət üçün daha çox təbiətə üz tuturdular. Onlar adətən meşəliyin əhatəsində olan bulaq başında dincəlməyə üstünlük verirdilər. Şəhərin ətrafında adi və mineral suyu olan çoxlu bulaq vardı. Bu yerlər, əsasən İsa bulağı, Daşaltı, Səkili bulağı, Turşsu, Dəvəbatıran, Fındıqlı göl və s. idi.

    İsa bulağına o dövrdə qismən çınqılla örtülmüş torpaq yol aparardı. Təyin olunan yerə qədər atla, ya da faytonla ən uzağı bir-iki saata getmək olardı. İstirahətə gedənlər yola sübhdən çıxar, axşama yaxın qayıdardılar. Uzun yol qət edib bura gələn hər kəs büllur kimi təmiz, sərin sudan içmək üçün bulağın başına toplaşardı. Meşələrin üstündən həmişə kabab bişirilən ocaqların tüstüsü qalxardı. Dincələnlər özləri ilə xüsusi seçilmiş məşhur Qarabağ qoyunları, samovar, qab-qacaq götürərdilər. Şuşa yaxınlığındakı dağ çəmənliklərində bəslənilən qara rəngli qoyun cinslərinə xüsusilə dəyər verilirdi. Xalçalar və palazlar iri gövdəli, qollu-budaqlı ağacların kölgəsinə sərilər və onların üstünə yastıqlar və mütəkkələr düzülərdi. Hamı ortaya sərilmiş süfrənin ətrafında oturar, manqal və bulaq başına yığışardılar. Şişlərə çəkilən kababı yedikdən sonra mütləq bulaq suyundan dəmlənmiş çay içilərdi.

    Bundan əlavə yay aylarında bulağın ətrafında poeziya və musiqi məclisləri də təşkil olunardı. Ayrı-ayrı musiqiçilər, çalğıçı dəstələri istirahət edənləri əyləndirirdilər. Qarabağın bir çox sənət adamlarını, görkəmli yazıçı və şairlərini, milli teatrımızın görkəmli xadimlərini, habelə muğam ustalarını da bu ecazkar təbiətin qoynunda görənlər az deyildi. Dünya gözü ilə ömründə bir dəfə də olsun İsa bulağına gəlib onu görən hər kəsi özünə heyran edən bu əsrarəngiz məkanın təsvirlərinə bir çox əcnəbi rəssamların əsərlərində rast gəlmək mümkündür. Bunlardan biri də XX əsrin 30-40-cı illərində Azərbaycanda yaşayıb-yaratmış teatr rəssamı Fyodor Qusak tərəfindən çəkilmiş və bu gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunan eskizdir.

    Onu da xatırladaq ki, Şuşa 1992-ci il mayın 8-də öncələr öz çirkin məqsədlərinə çata bilməyən mənfur düşmən tərəfindən işğal еdildikdən sonra torpaqlarımızdakı bütün erməni vandalizminin qurbanı olan digər tarixi abidələrimiz kimi İsa bulağı da illərdir, əsarət altında idi. 2020-ci il noyabr ayının 8 - də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz öz şücaəti ilə Şuşa şəhərini işğaldan azad etdi. Vətən müharibəsindən sonra şəhərdə aparılan yenidənqurma tədbirləri nəticəsində İsa bulağı yenidən bərpa olundu.

  • Bakıda VIII Beynəlxalq Kitab Sərgisi açılıb

    Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.

    Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib: “Kitab insanın bilik, vərdişlər qazanmasında böyük yer tutur. İnsan nailiyyətlərinin hamısını kitabla əlaqələndirirlər. Kitabsız insan cəmiyyətinin inkişafını təsəvvür etmək olmaz. İndi kitab elektron aləmdə yaşamaq üçün rəqabət aparır. Azərbaycan dövləti, cəmiyyəti elmə böyük hörmətlə yanaşır. Bu gün Azərbaycan Respublikasının kitab çapı dövlətin diqqət mərkəzindədir”.

    Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilir.

    Tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

    Bildirib ki, sərginin əsas məqsədinin cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

    Nazir qeyd edib ki, 15 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur.

    “Səkkizinci Bakı Kitab Sərgisinin digər əvvəlki illərdən fərqi onun daha geniş formada təşkil olmasındadır. Təbii ki, 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayesi sahəsində bir dönüş nöqtəsi olub. Artıq Azərbaycanda bu sahədə yeni dünya standartlarına cavab verən təcrübə formalaşdırılıb. Amma builki sərgimizin keçən ilkindən fərqi ondadır ki, bu il naşirlərin sayı , ümumiyyətlə kitab sənayesi subyektlərinin sayı keçən ilkindən demək olar ki, 30-40 faiz daha çoxdur. Bu il ilk dəfə olaraq, ölkəmizdə kitab sərgisində Türkiyə “fəxri qonaq” statusunda iştirak edir. “Şuşa İli”nə həsr olunan Bakı Beynəlxalq Kitab Sərgisində bütün konstruksiyalar, kitab məhsulları mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib”,- deyə Anar Kərimov bildirib.

    Anar Kərimov əlavə edib ki, builki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Ümumilikdə 110 –dan çox nəşriyyatın iştirakı gözlənilir. Türkiyədən və digər ölkələrdən kifayət qədər məşhur qonaqlar dəvət olunub: “Qonaqlar içərisində İlbər Ortaylı, Fatih Ərdoğan, Xasiyət Rüstəm kimi məşhur simalar var”.

    Sərgi müddətində “Qarabağa kitabla gedək” aksiyasının davam edəcəyini bildirən Anar Kərimov qeyd edib ki, hazırda bu aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 min 212 nüsxə kitab toplanıb: “Təşkilat Komitəsi tərəfindən sərginin son günü “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq”.

    Nazir çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik edib, sərgi iştirakçılarına uğurlar arzulayıb.

    Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam qeyd edib ki, Türkiyə və Azərbaycan arasında dostluq münasibəti əbədi və sarsılmazdır: "Biz daim birlikdə istənilən sahədə tərəfdaşlıq mübadiləsi edirik. Türkiyədə də bu yaxın illər ərzində müxtəlif başlıqda xeyli sayda kitab işıq üzü görüb".

    Kitab sərgilərinin keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar kitabın cəmiyyət həyatındakı rolundan danışıb. Söyləyib ki, kitab cəmiyyətin mərkəzində duran əsas anlayışlardan biridir, kitab mədəniyyətdir: “Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir. Tədqiqatlar göstərir ki, balaca yaşlarından daha çox kitab oxuyanlar, həmçinin valideynləri daha çox kitab oxuyan uşaqlar gələcəkdə daha yüksək akademik nailiyyətlər əldə edirlər. Bu da bir daha kitabların mütaliə vasitəsi kimi həyatımızda nə qədər önəmli yer tutduğunu göstərir”.

    Qeyd edilib ki, bu ilki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik, eləcə də digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

    Beş gün ərzində müxtəlif formatda tədbirlər təşkil ediləcəyini bildirən natiqlər bildiriblər ki, sərginin “fəxri qonaq ölkəsi” Türkiyədir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər də keçiriləcək. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edirlər.

    Qeyd edək ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.

  • Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi nəzərdə tutulur

    Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası nəzərdə tutulur.

    Report xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

    O, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma qruplarının iyerarxiyası, infrastrukturun yaradılması, yol-nəqliyyat xətlərinin inkişafı haqqında məlumat verib.

    Komitə rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla hazırlanıb.

    "Biz Qarabağ və Şərqi Zəngəzur üzrə rayonların, şəhərlərin baş planlarını hazırlayırıq. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin baş və müfəssəl planları hazırlanır", - o əlavə edib.