İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentlərinin rahat fəaliyyət göstərməsi üçün mobil şəhərcikdə daha 8 ədəd modul tipli yataqxana (40 nəfərlik) quraşdırılıb.
Report xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, bununla da, Parkdakı modul tipli yataqxanaların sayı 16-ya (80 nəfərlik) çatıb.
Hazırda Parkın ərazisində inzibati binanın tikintisi üçün işlər aparılır. Binada iclas otağı, müasir ofis sahələri, təlim mərkəzi, laboratoriya və s. olacaq, sahibkarlara sığorta, bank və gömrük xidmətləri göstəriləcək.
Ağdam Sənaye Parkında həmçinin, əlavə olaraq 2 ədəd 400 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb və 40 MVA elektrik yarımstansiyasının tikintisinə başlanılıb. Bundan əvvəl Parnda 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılmışdı. Park sürətli internetlə də təmin edilib.
"Ağdam Sənaye Parkında sahibkarlar üçün geniş biznes imkanları yaradılacaq. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il əmlak vergisindən, torpaq vergisindən, gəlir və yaxud mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunacaqlar. Parkın rezidentlərinə əlavə güzəştlərin (xüsusi güzəştli bank kreditlərinin təmin olunması, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, xammal idxalında gömrük və yaxud ƏDV güzəştləri) də verilməsi nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.
Azərbaycanda oktyabrın 10-na qədər Ümumdünya Kosmos Həftəsi keçiriləcək.
Report xəbər verir ki, Həftənin yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdir ("Azərkosmos").
Açılış mərasimində Elm və Təhsil Nazirliyi, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan – Fransız Universiteti, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər ali təhsil müəssisələrinin rəsmi nümayəndələri iştirak ediblər. Məqsəd kosmos və bu sahədə təhsilin əhəmiyyəti barədə ictimaiyyətdə məlumatlılığı artırmaq, davamlı iqtisadi inkişaf üçün məsafədən müşahidə peyklərindən istifadəni təşviq etmək, gənclər arasında elm, texnologiya, mühəndislik sahəsinə marağı yüksəltməkdir.
“Əminəm ki, Ümumdünya Kosmos Həftəsi çərçivəsində keçirdiyimiz tədbirlər sayəsində cəmiyyətimiz kosmosun vacibliyi və kosmosdan əldə etdiyimiz faydalar haqqında daha çox məlumatlı olacaq”, – deyə "Azərkosmos"un İdarə heyətinin sədri Saməddin Əsədov bildirib.
Qonaqlar daha sonra “Azersky” peykinin təsvirlərindən ibarət qalereya ilə tanış olublar.
"Azərkosmos" bu həftə ərzində ali təhsil müəssisələri, ABŞ-nin Azərbaycandakı Səfirliyi, “Tusi Bohm Planetarium”un dəstəyi ilə ölkədə ilk dəfə silsilə tədbirlər keçirəcək. Məktəblilərlə görüşlər, universitetlərdə seminar və sərgilər təşkil olunacaq. Tədbirlərdə Azərbaycanın kosmik sahədə gördüyü işlər, peyk layihələri, "Azərkosmos"un təhsil sahəsində həyata keçirdiyi təşəbbüslər, 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinin ölkə üçün əhəmiyyəti barədə təqdimatlar nümayiş olunacaq.
Kosmos Həftəsi üçün bu tarixlərin seçilməsi 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peyki olan “Sputnik-1” peykinin orbitə çıxarılması, dövlətlərin Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixində imzaladıqları müqavilənin qüvvəyə minməsi ilə əlaqədardır. Bu barədə qərar 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul edilib.
Azərbaycan Ümumdünya Kosmos Həftəsi təşəbbüsünə 2015-ci ildə qoşulub.
Bu gün Dövlət Turizm Agentliyinin inzibati binasında I Qarabağ müharibəsinin iştirakçısı olmuş Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub.
Report xəbər verir ki, tədbirdə Agentliyin sədri Fuad Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, həmçinin şəhidin yaxınları iştirak edib.
Barelyefi memar Toğrul Ağayev hazırlayıb. Açılış mərasimi şəhidlərin yad edilməsi ilə başlayıb. Azərbaycanın dövlət himni səsləndirikdildən sonra çıxışlar olub.
F.Nağıyev deyib ki, bu gün S.Səfərovun və digər şəhidlərimizin ruhu şaddır.
C.Qurbanov isə bildirib ki, onun üçün danışmaq çətindir: "Mən istərdim ki, bu sözləri onun ad günündə, sağlığına deyim. Amma həyat sözünü deyir. Biz Sərdarla uşaqlıqdan bir böyümüşük. Aramzıda yaş yarım fərq olub. Sərdarın atası I və II dünya müharibəsində iştirak edib. Onun ailəsi həm də mənim ailəmdir. Hesab edirəm ki, onu ruhu şaddır. Şaddır ki, bu torpaqlar azaddır.
Sərdarın qızı onunla fəxr edir. O da hazırda Daxili İşlər Nazirliyində çalışır. Çox sağ olsun cənab nazir Vilayət Eyvazov ki, ona rütbə verib. Bütün şəhidlərimizin qarşısında baş əyirik. Bir vaxtlar Sərdarın doğulduğu Kəlbəcərdən ağlaya ağlaya çıxmışdım, amma bu gün sevinə sevinə qayıdıram. Allah prezidentimizi, Ali Baş Komandanımızı qorusun! Allah ordumuzu qorusun!"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Report xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verilib.
Bildirilib ki, iki mərtəbə və terrasdan ibarət olmaqla layihələndirilən kompleksə dəmir yolu vağzalı və avtovağzal daxildir. Kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilib. Eyni zamanda, kompleksin tikintisində milli ornamentlər əsas götürülməklə, şüşə elementlərdən geniş istifadə olunacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək.
Qeyd olunub ki, kompleksdə gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası, texniki otaqlar, mağazalar, uşaqlar üçün əyləncə zonası, restoran və istirahət guşələri yaradılacaq.
Prezident İlham Əliyev kompleksin təməlini qoyub.
Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası çərçivəsində Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinə dair qısa profil hazırlanıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müvafiq veb-portalda (https://www.culturalpolicies.net/2022/09/29/first-short-profile-of-azerbaijan/) yerləşdirilən və hesabat-məruzə formatında hazırlanmış profil aşağıdakı mövzuları əhatə edir.
•mədəniyyət siyasətinin inkişaf fonu, mədəniyyət siyasəti sisteminin məqsədləri, əsas xüsusiyyətləri və təşkilati quruluşu;
• mədəniyyət siyasəti sahəsində əsas məsələlər, debatlar və perspektivlər, habelə beynəlxalq mədəni əməkdaşlıq;
• sektor və sahələr üzrə mədəniyyət müəssisələri;
• müqayisəli cədvəllərə daxil ediləcək ölkəyə aid məlumatlar;
• milli və beynəlxalq mədəniyyət qanunvericiliyi.
Məlumat üçün bildirək ki, Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1998-ci ildən etibarən davam etdirilir və Avropanın qırx iki ölkəsi ilə yanaşı bir sıra digər ölkələr tərəfindən hazırlanan milli məruzələr və təhlillər müvafiq veb-portalda yerləşdirilir. Azərbaycan tərəfi bu layihəyə 1999-cu ildən qoşularaq fəal iştirak edir. Layihənin təşkilati formatı dəyişdirildikdən sonra Mədəniyyət Nazirliyi 2021-ci ildən etibarən nazir Anar Kərimovun təşəbbüsü ilə Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tam-hüquqlu üzvlüyünə qəbul olunub.
Mədəniyyət siyasəti sahəsində meyar və standartlar yaratmaq üzrə aparıcı informasiya və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının qabaqcıl metodologiyasına əsasən hazırlanan milli məruzələr, müqayisəli təhlillər və statistik hesabatlar hazırda bu sahə üzrə dünyanın ən təfsilatlı və peşəkar istinad mənbəyini təşkil edir (https://www.culturalpolicies.net/database/search-by-country/). Geniş beynəlxalq auditoriyaya hesablanmış Kompendium məlumat bazası mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən mədəni proseslər haqqında obyektiv informasiyanı dünyanın siyasi, yaradıcı və intellektual ictimaiyyətinə çatdırmaq kimi səmərəli imkanlar yaradır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində professor Minarə Quliyeva Cəmşidinin “Ortaq mədəniyyət, ortaq miras” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan və Türkiyənin ortaq mədəniyyət və mirasını əks etdirən ortaq mövzular seçilərək 30 ədəd keçə sənəti nümunələri nümayiş olunub. Sərginin əsas məqsədi, müasir dövrdə türk dünyasının ortaq maddi-mədəni irsini qorumaq və gənc nəsillərə ötürməkdir. Nümayiş olunan əsərlərdə bütovlüyün təmin olunması üçün tapma, keçə, linoqravür texnikasından istifadə edilib.
Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayev açılış mərasimində Minarə Quliyeva Cəmşidinin sərgidə döymə keçə ilə çox maraqlı işlər nümayiş etdirdiyini söyləyib. Bildirib ki, rəssam üçün sərgi hazırlamaq çox böyük məsuliyyətdir, çünki insanlar sərgiyə baxdıqdan sonra öz fikirlərini ictimaiyyətlə bölüşür.
Akademiyanın Geyim və Dizayn kafedrasının müdiri Nazim Yunusov bildirib ki, Minarə xanımın təhsili heç zaman bitmir: “O, bugünədək oxuyur, öyrənir, rəssamlıq sənətinin ən dərin qatlarına enir. O, həmçinin Türkiyə ilə Azərbaycan əlaqələrinə töhfə verir. Bu, bizim üçün yeni sərgidir. Çünki Minarə Quliyeva Cəmşidi Azərbaycanda moda ilə rəssamlığı sintez edən ilk rəssamdır”.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) rəhbəri və Dünya İslam Kulinariya Birliyinin vitse-prezidenti Tahir Əmraslanov bildirib ki, Minarə xanım onun yetirmələrimdən biridir: “Minarə Quliyeva Cəmşidinin ABŞ da sərgisindən sonra mən ona musiqini rəssamlığa gətirməyi tövsiyə etdim. O, mənə şaman paltarı geyinmək istədiyini bildirdi və biz Monqolustana səfər etdik. Minarə xanım şaman olmaya-olmaya bu paltarı geyinmişdi. O istedadlı bir rəssamdır. Onun fikirləri hər zaman sənətə yenilik gətirir”.
Minarə Quliyeva Cəmşidi bildirib ki, keçə sənətinə müraciət edərkən istifadə etdiyi simvollar qədim Göytürk yazılarıdır. O, bu sərgidə Azərbaycanın “Pazırıq” xalçasını, “Koroğlu” dastanın motivlərini, aşıq sənətini keçə üzərində əks etdirməyə çalışıb, həmçinin, sərgiyə toplaşanlara və onun bir rəssam kimi yetişməsində əməyi keçən müəllimlərinə təşəkkürünü bildirib.
Sərginin açılış mərasimində ADRA-nın rəhbər heyəti ilə yanaşı, bir sıra rəsmi qonaqlar, tələbə, müəllim heyəti iştirak edib.
Qeyd edək ki, rəssam 1985-ci ildə Bakıda anadan olub. 2001-2006-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı üzrə filologiya fakültəsini, 2006-2010-cu illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və Dizayn fakültəsinin modelyer-rəssam bölməsini bitirib. 2011-2014-cü illər arasında Dokuz Eylül Universiteti Təsviri incəsənət fakültəsinin tekstil və moda dizaynı bölməsində magistr təhsilini alıb, 2016-2020-ci illərdə isə eyni bölmədə doktorantura təhsilini tamamlayıb. 2015-2017-ci illərdə UNESCO-nun Dünya Xalq Yaradıcılıq Təşkilatının vitse-prezident olaraq çalışıb. Hazırda Ankara Hacettepe Universitetində türk folkloru üzrə doktorantura təhsilini davam etdirir.
"Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yerli sakinlərin ən çox ziyarət etdiyi məkanlardan hesab edilir. Muzeyi digərlərindən fərqləndirən əsas cəhət burada sərgilənən eksponatların açıq səma altında olmasıdır.
AZƏRTAC xəbər verir ki, muzey kompleksində qədim yaşayış məskənləri, kurqanlar, digər memarlıq abidələri ilk görkəmdə olduğu kimi nümayiş etdirilir. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim evlər və məişətdə istifadə olunan əşyalar daha çox diqqət çəkir.
Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları nümayiş etdirilir.
Muzeyin bələdçisi Azərbaycanın tarixindən, Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri haqqında geniş məlumat verərək bildirdi ki, ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə. III minilliyə aid olan qədim insan yaşayış məskənidir.
Muzeyin yaradılmasının əsas məqsədi "Qala" Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisindəki abidələrin qorunması, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsidir.
Qeyd edək ki, Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan "Qala" Arxeoloji Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə "Qala" qoruğu ərazisində yaradılıb.
"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində təqdimatlardan biri Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olmuş Mir Möhsün Nəvvaba həsr olunub.
AZƏRTAC xəbər verir ki, təqdimatda Mir Möhsün Nəvvabın həyat və fəaliyyəti haqqında məlumat verilir.
Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada dünyaya göz açıb. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəyərək, Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına da yiyələnib.
Nəvvab öz evində iki teleskop qoyaraq kiçik bir rəsədxana və kimya laboratoriyası yaradıb, səma cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib edib. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı.
O, Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə heç şübhəsiz ki, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri, bina və məscidlərə vurduğu naxışlar bizə yadigar qalıb.
Milli musiqişünaslıqda Nəvvabın mühüm xidmətləri olub. O, XIX əsrin 80-ci illərində Hacı Hüsü ilə birgə “Musiqiçilər məclisi”ni yaradır. Burada musiqi sahəsinin ən aktual məsələləri barədə müzakirələr aparılırdı. Məclisdə Hacı Hüsü, İslam Abdullayev, Cəmil Əmirov, Seyid Şuşinski, Sadıxcan və digər məşhur xanəndələr iştirak edirdi.
Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Mir Möhsün Nəvvab 1918-ci ildə Şuşada vəfat edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Tələt Şıxəliyev küçəsini təmir edir.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, 450 metr uzunluğa malik olan adıçəkilən küçənin təmiri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda küçəyə yeni asfalt-beton örtüyü döşənir.
Analoji təmir işləri hazırda 1 230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində də aparılır.
Bu il Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometrdir. Artıq bu çərçivədə təmir işləri ümumi uzunluğu 4 320 metr olan Fətəli xan Xoyski prospekti, Müzəffər Nərimanov və Əbdüləzəl Dəmirçizadə küçələrində yekunlaşıb.
2021-ci ildə Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.
“Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutacaq III Maliyyə və İnvestisiya Forumunda (FIF2022) iştirak üçün qeydiyyat başlayıb.
“Facemark” MMC və “Admedia reklam agentliyinin təşkilatçılığı ilə III dəfə keçiriləcək forumun əsas məqsədi Azərbaycanın maliyyə və investisiya bazarının mövcud vəziyyətinin təhlili, bu sahədə olan çatışmazlıqlar, onların aradan qaldırılması istiqamətləri, habelə maliyyə və vergi maarifləndirməsi sahəsində dövlətin həyata keçirdiyi genişmiqyaslı tədbirlərə dəstək olmaqdan ibarətdir.
Bir gün və üç paneldən (“İnvestisisya strategiyaları”, “Maliyyələşmə strategiyaları”, “Vergi və hesabatlılıq”) ibarət olması planlaşdırılan tədbirdə ölkəmizin biznes, maliyyə sferasında fəaliyyət göstərən qərarverici şəxslər, ölkədə fəaliyyət göstərən xarici şirkət rəhbərləri, səfirliklərin iqtisadi missiyası üzrə cavabdeh şəxsləri, yerli və xarici məşhur şirkətlərin top menecerləri, sahibkarlar, şirkətlərin maliyyə, mühasibatlıq, vergi, investisiya, audit departamenti əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Maliyyə və İnvestisiya Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.fifbaku.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.