Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Türkiyəli rejissor əfsanəvi aktrisa Marlen Ditrix haqqında serial çəkəcək

    “Troya” və bir çox başqa filmlərdən tanınan alman əsilli amerikalı aktrisa Diana Kruger “Marlen” serialında əfsanəvi aktrisa Marlen Ditrix obrazını canlandıracaq.

    AZƏRTAC daily.afisha saytına istinadla xəbər verir ki, ekran əsərini “Mənim anam Marlen” kitabı əsasında türkiyəli rejissor Fatih Akın çəkəcək.

    Ekran əsəri “Bombero International” və “UFA Fiction” şirkətləri tərəfindən hazırlanacaq. F.Akın həm də serialın ssenari müəllifi kimi çıxış edəcək.

    Aktrisa Diana Kruger bundan əvvəl F.Akınla bir filmdə də çalışıb. Filmdə aktrisa türk ərinin etnik nifrət zəminində öldürülməsinə görə qisas almaq istəyən qadını canlandırıb. Bu rola görə o, 2017-ci ildə Kann Film Festivalında mükafat alıb.

  • “ZƏFƏR – 44” rəsm yaradıcılıq turnirində 700-ə yaxın yeniyetmə və gənc iştirak edir

    Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “ZƏFƏR – 44” adlı uşaq rəsm yaradıcılıq turnirinə müraciətlərin qəbulu başa çatıb. Yaradıcılıq turniri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunub.

    Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turnirdə iştirak etmək üçün ölkəmizin müxtəlif güşələrindən 700-ə yaxin yeniyetmə və gənc qeydə alınıb.

    Qeydə alınan iştirakçılar sentyabrın 28-dən başlayaraq 15 nəfərlik qruplarla gündə 1 və ya 2 dəfə olmaqla, saat 10:00 və 14:00-da növbəli şəkildə hava şəraitindən asılı olaraq Xətai Sənət Mərkəzinin qarşısında və ya daxilində plenerə dəvət olunurlar. Onların 2 saat ərzində nəzarətçi rəssamların müşayiəti ilə sərbəst mövzuda hər hansı bir rəsm əsərini ərsəyə gətirmələri nəzərdə tutulub. Turnirin gündəlik fəaliyyətini Xətai Sənət Mərkəzinin sosial media (feysbuk, instaqram və yutub) hesabları üzərindən izləmək mümkündür.

    Plenerlər bitdikdən əsərlər arasından ən yaxşı 44-ü sərgilənmək üçün seçiləcək.

    Turnirin bağlanış sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək.

    Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək.

    Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq.

  • Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyi dövlət səviyyəsində qeyd ediləcək

    Prezident İlham Əliyev oktyabrın 3-də Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 iliyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planını Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlayıb həyata keçirəcək.

    Sərəncamda bildirilir ki, 2022-ci ilin dekabr ayında Azərbaycan milli mətbuatının böyük nümayəndəsi Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur. Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparıb. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil edib. Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi Ömər Faiq Nemanzadə də totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olub.

  • İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib

    İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Reporta verilən məlumata görə, vandalizm aktlarından zərər çəkən Qala divarları tamamilə bərpa edilib.

    Son bir il ərzində İdarə dəfələrlə vandalizm aktları ilə qarşılaşıb. Monitorinq nəticəsində 70-dən çox zərəryetirmə faktı aşkarlanıb. Bir müddət əvvəl ictimaiyyətə dünya əhəmiyyətli abidə olan Qala divarlarına qarşı vandalizm aktı barədə məlumat verilib. Qala divarını zədələyən şəxslər aidiyyəti strukturlarla birlikdə vaxtında müəyyən edilmiş və barələrində qanuni tədbirlər görülüb.

    Qala divarında vandalizm izlərinin aradan qaldırılması istiqamətində aparılan bərpa işləri ötən həftə başa çatdırılıb. İş beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında yerli heyət tərəfindən həyata keçirilib.

    Bildirilib ki, İçərişəhər və Qala qoruqları Azərbaycanın tarixi irsinin bir hissəsidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunmasıdır.

  • IV Dünya Köçəri Oyunları çərçivəsində qurulan Azərbaycan çadırı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb

    Türkiyənin Bursa vilayətinin İznik rayonunda “Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında keçirilən IV Dünya Köçəri Oyunları çərçivəsində Türk Dövlətləri Təşkilatına ayrılmış ərazidə qurulan Azərbaycan çadırı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən qurulan çadırda zəngin tariximiz, mədəniyyət nümunələrimiz təbliğ edilib.

    Bundan başqa çadırda qurulan fotosərgidə Azərbaycanın Vətən müharibəsində qazandığı rəşadətli Qələbə, böyük Zəfərdən sonrakı proseslər, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə dair həqiqətlər, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən nəhəng quruculuq işləri əks olunub.

    IV Dünya Köçəri Oyunlarının açılışı günü Türk Dövlətləri Təşkilatı üçün ayrılmış ərazidə qurulan sözügedən sərgi rəsmi şəxslər tərəfindən ziyarət edilib.

    Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sərgini ziyarət edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyevaya, Azərbaycan tərəfindən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənova və digər rəsmi şəxslərə sərgidə nümayiş olunan fotoların tarixi barədə ətraflı məlumat verib.

    Qeyd edək ki, rəsmi açılışı sentyabrın 29-da olan və dörd gün davam edən oyunlarda 13 idman növü üzrə 102 ölkədən 3 mindən çox idmançı çempionluq uğrunda mübarizə aparıb. IV Dünya Köçəri Oyunlarının keçirildiyi kənd dörd gün ərzində təxminən bir milyon nəfər tərəfindən ziyarət olunub.

  • Metronun Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti ləğv edilib

    "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti aradan qaldırılıb.

    Bunu Reporta qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

    "Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkil edilməsinə dair işlərin başlanması ilə əlaqədar sentyabrın 6-dan xəttin “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları 30 dəqiqə tez - saat 23:30-da bağlanırdı və qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu. Həmin işlərin I mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət ləğv edilib. Sərnişinlər adi iş rejimi qaydasında (saat 00:00-a qədər) stansiyalarının xidmətindən istifadə edə bilərlər", - o deyib.

  • İnvestisiya cəlb etmək istəyən startap 1 il Mərkəzi Bankın nəzarətində olacaq

    Azərbaycan Mərkəzi Bankı startapların fəaliyyətini tənzimləmək üçün xüsusi tənzimləmə rejimi yaradır və bu bizneslərin birillik fəaliyyətinə nəzarət edəcək.

    Bunu Reporta eksklüziv açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fərid Osmanov deyib.

    “Qanunvericilik paketinin tərkibində xüsusi tənzimləmə rejimi olan “Sandbox”un yaradılması nəzərdə tutulub. Bu o deməkdir ki, hər hansı bir startap maliyyə bazarlarına girməyi hədəfləyibsə, o gəlib tənzimlənmə rejimindən keçəcək. Mərkəzi Bank onları dəstəkləyəcək", - F. Osmanov bildirib.

    Onun sözlərinə görə, AMB 12 ay müddətində onlara dəstək göstərəcək: "Həmin startaplar müvafiq qanunvericilik çərçivəsində, hər hansı limitlər, istifadəçi sayı, əməliyyat sayı və s. çərçivədə 1 il ərzində öz fəaliyyətlərini göstərəcək. Bu müddətdə müəyyən sınaqlar, testlər ediləcək. Requlyator da bu prosesə baxacaq və müəyyən düzəlişlər edəcək. Ondan sonra isə test mərhələlərini uğurla keçdiyi təqdirdə artıq maliyyə bazarlarına daxil ola biləcək”.

    Qeyd edək ki, 2021-ci ilin may ayından etibarən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və yaxud kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən mikro və yaxud kiçik sahibkarlıq subyektlərinin təsisçiləri arasında orta və (və ya) iri sahibkarlıq subyekti olarsa, bu zaman həmin təsisçilərin hüquqi şəxsdə payının 49%-dən çox olmaması zəruridir. “Startap” şəhadətnaməsi gəlir və yaxud mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də şəhadətnamə almış digər startap məhsulu və yaxud xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlər üçün verilir.

    “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

  • Sabahdan Bakıda arıçılıq məhsullarının yarmarkası fəaliyyətə başlayır

    Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayacaq.

    Bu barədə Reporta Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

    Yarmarkaya hazırlıq işləri artıq yekunlaşıb və qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsullarının “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından sərgi-satış yarmarkasının keçiriləcəyi ünvana daşınması prosesi başa çatıb.

    Qeydiyyatı təsdiqlənmiş arıçılar məhsullarını anbara təhvil veriblər. Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi 120 tona yaxındır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.

    Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Bu il keçiriləcək yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək.

    Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna malik arıçılar iştirak edəcəklər. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara biləcək.

    Vətəndaşlar 1-20 oktyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək yarmarkaya gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

  • Sergey Yeseninin yaradıcılığına həsr edilmiş ədəbi gecə keçiriləcək

    Oktyabrın 4-də Bakıdakı Rus evində Sergey Yeseninin yaradıcılıəğına həsr edilmiş ədəbi gecə keçiriləcək.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, «Гой ты, Русь моя родная» (“Ey mənim doğma Rusiyam”) adlı ədəbi gecədə şairlər və “Günay” teatrının artistləri rus poeziyasının gümüş əsrinin ən böyük müəlliflərindən birinin şeirlərini oxuyacaqlar.

    Sergey Yesenin Bakını çox sevir və buraya tez-tez gəlirdi. Onun bir sıra məşhur şeirləri burada yazılıb.

    Yesenin poeziyası hər şeyi - doğma təbiətin rənglərini və musiqisini, Vətənə məhəbbət hissini, gələcəyə uzaqgörən baxışı əhatə edirdi. Təbiət onu sanki məhz poeziya, bütün canlılara məhəbbət və mərhəmət üçün yaratmışdı.

  • “Peşəsi: ssenarist” layihəsi şəki mərhələsinə star verilib

    Azərbaycan Kinematoqrafçılar İttifaqı, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihəsinin Şəki mərhələsi başlayıb.

    AZƏRTAC xəbər verir ki, 8 müəllif öz bədii film ssenarisi ilə birgə layihəyə seçim şansı qazanıbar. Ssenari barədə əsas məlumatlar verildikdən sonra hər iştirakçının müəllifi olduğu ssenari üzərində komanda və mentorun xüsusi işi baş tutacaq.