Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • "Şuşa söhbətləri" layihəsi çərçivəsində növbəti görüş

    Sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Şuşa İli” ilə əlaqədar təşkil etdiyi “Şuşa söhbətləri” (Şuşa talks) layihəsi çərçivəsində növbəti görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, görüşdə kino sənayesinin nümayəndələri, tanınmış kinoşünaslar, rejissorlar, aktyorlar, eləcə də bloger və influenserlərin iştirakı ilə “Tarixi zəfərimizə və mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş ekran əsərləri” mövzusu müzakirə olunub.

    Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə layihə haqda məlumat verərək bildirib ki, “Şuşa söhbətləri” nazirliyin bu il başladığı layihələrdəndir. Məqsəd blogerlərin, influenserlərin Şuşanın mədəni dirçəlişi ilə bağlı təkliflərinin öyrənməkdir. Qeyd edib ki, bugünkü görüş kino sahəsinə aiddir.

    Mədəniyyət Nazirliyi sektor müdiri Rüfət Əliyev nazirlik tərəfindən çəkilən filmlər, layihələr barədə məlumat verib. Bildirib ki, 2 il ərzində nazirliyin dəstəyi ilə ümumilikdə 74 sənədli-bədii film çəkilib, onlardan 30-u Qarabağ mövzusundadır. Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filmi, “Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filmi çəkilən ekran əsərləri sırasındadır. Qeyd edib ki, “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsindən 10 film çəkilib. Hazırda bu silsilədən olan filmin çəkilişləri davam edir. Eyni zamanda Türkiyənin “Bozdağ film” studiyası “Qarabağ Vətən müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilişlərini aparacaq.

    Kinorejissor, Xalq artisti Vaqif Mustafayev bildirib ki, “Fəryad” filmini çəkərkən Birinci Qarabağ müharibəsi davam edirdi: 44 günlük Vətən müharibədən sonra “Fəryad” filmi daha da baxımlı oldu və sosial şəbəkələrdə onun ikinci hissəsinin çəkilməsi barədə təkliflər irəli sürüldü. İnsanlar “Fəryad” filminin davamını görmək istəyirlər. Soruşurdular ki, nə üçün Vaqif Mustafayev “Fəryad 2” filmini çəkmir. Bu təkliflər artdıqca Mədəniyyət Nazirliyi filmin davamını çəkmək üçün mənə müraciət etdi, dövlətlə xalqın istəyi üst-üstə düşdü və beləcə “Həyat deyəsən gözəldir” filmi yarandı”.

    “Şuşa, sən azadsan!” sənədli filminin rejissoru Cavidan Şərifov filmin kadrarxası tərəflərindən bəhs edib: “Biz Şuşaya gedərkən məqsədimiz film çəkmək deyil arxiv materialları əldə etmək, müharibədən sonra dağıntıları lentə almaq idi. Rəhbərlik kadrlara baxdıqdan sonra filmin hazırlanması ilə bağlı tapşırıq verdi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində çəkilib. İkinci Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb”.

    Əməkdar incəsənət xadimi Cəmil Quliyev Qarabağda çəkilən filmlər barədə məlumat verib: “Azərbaycan kino tarixində yüksək intellektlə, daxilindəkiləri ekrana çıxartma qabiliyyətinə malik olan yeganə rejissor Səməd Mərdanov olub. O, Qarabağda köçərilərin həyatı ilə bağlı qısametrajlı film çəkib. Təəssüf ki, həmin film bu günədək qalmayıb. Rejissor Əbdül Həsənov Qarabağla bağlı bir neçə film çəkib, eləcə də rejissor Hüseyn Seyidzadə “Koroğlu” filmini çəkilişlərini Əsgəran qalasında aparmışdı. Bu rejissorlar Azərbaycan kinosuna böyük töhfələr verən insanlardır”.

    Sonra jurnalistlərin sualları cavablandırıb.

  • “Lamborghini” Bakıda yeni şou-rumunun rəsmi açılışını etdi

    Sentyabrın 28-də İtaliyanın “Lamborghini” superkar istehsalçısı Bakıda öz yeni şou-rumunun rəsmi açılışını edib.

    Bakının Zərifə Əliyeva küçəsi 31 ünvanında yerləşən şou-rumun ərazisi 225 kvadrat metr təşkil edir. Brendin ən yeni texnologiyaları ilə təchiz olunmuş şou-rumu maksimum rahatlığı və məxfi atmosferi təmin edəcək şəkildə layihələndirilib.

    Burada avtomobil həvəskarlarına eksklüziv dairəvi təcrübə təklif edilir. Şirkətin təlim almış mütəxəssisləri müştərilərə yeni və artıq hazır “Lamborghini” modellərini təklif edərək, onlara seçimlərində dəstək göstərirlər. Potensial müştərilər fərdiləşdirmə proqramı çərçivəsində məhsulların çeşidləri ilə tanış ola bilir. Eyni zamanda onlar "Ad Personam" adlanan ehtiyatlandırılmış zonada öz fərdi konfiqurasiyalarını yaratmaq imkanına malikdirlər. Bu proqram çərçivəsində sahibləri demək olar ki, limitsiz boya çeşidləri, həmçinin dəri, xüsusi tikişlər, karbon lif elementləri və yeni avtomobilləri üçün bir çox başqa özəl seçimlər gözləyir.

  • Bakıda “Payızın çalarları” adlı akvarel performansı keçiriləcək

    Oktyabrın 8-də “IWS Azerbaijan” və “IWS Khatai Art Center” tərəfindən “IWS Azerbaijan” Akvarel Cəmiyyətinin üzvü olan bir sıra rəssamlar tələfindən “Payızın çalarları” adlı akvarel performansı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Xətai Sənət Mərkəzində reallaşacaq tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunacaq.

    Tədbirdə rəssamlar akvarel texnikasında öz iş proseslərini nümayiş edəcəklər. Akvarelist rəssamlar uzun bir vərəq üzərində payız əhval-ruhiyyəsini əks etdirən öz rəsmlərini çəkərək ümumi bir rəsm əsəri yaradacaqlar.

    Hər kəs gəlib rəssamların iş prosesini müşayiət edə bilər.

    Akvarel sənəti müasir dövrdə bütün dünyada geniş yayılıb və daim inkişafdadır. Dünya akvarelist rəssamları bir-biriləri ilə ünsiyyət quraraq sənət mübadiləsi aparır və bu sənəti inkişaf etdirirlər. Akvarel sənətinin sehrli bir cazibəsi var. Eyni zamanda, mürəkkəb və sadə, sərbəst və səbir tələb edən, addımlarını qabaqcadan planlaşdırmanı nəzərdə tutan və axarına buraxma kimi təzadları birləşdirən akvarel olduqca maraqlı bir texnikadır.

  • Hollivud ulduzu Tom Hanks ilk romanını çap etməyə hazırlaşır

    “Forrest Gump” və “Cast away” filmlərinin məşhur aktyoru Tom Hanks 2023-cü il mayın 9-da debüt romanı olan "Növbəti böyük kinematoqrafiya şedevrinin yaradılması" (“The Making of Another Major Motion Picture Masterpiece”) adlı debüt romanını təqdim edəcək.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, kitabda T.Hanks 1940-cı illərdən bu günə qədər komikslər sayəsində yaradılan superqəhrəman filminin istehsalından danışacaq. Romanda bəhs olunacaq komiks də rəssam Robert Sikoryakın köməyi ilə aktyorun özü tərəfindən hazırlanıb. Əsərin süjet xətti üç zaman kəsiyində cərəyan edəcək: 1940-cı illərdə, 1970-ci illərdə və indiki dövrdə.

    T.Hanksin sözlərinə görə, kitab əsasən onun kino sənayesindəki öz təcrübəsini əks etdirir. Kitabın süjetinə görə, 1947-ci ildə Amerika əsgəri İkinci Dünya müharibəsindən sonra evə qayıdır və beş yaşlı qardaşı oğlunda xoş təəssürat yaradır. Oğlan daha sonra böyüyür və əmisini qrafik romanının personajlarından birinə çevirir.

    Qeyd edək ki, "Növbəti böyük kinematoqrafiya şedevrinin yaradılması" romanı Tom Hanksin nəşr olunacaq ikinci kitabı olacaq. 2017-ci ildə aktyor yazdığı "Qeyri-adi insan" adlı qısa hekayələr toplusunu təqdim edib.

  • Kitabxananın "Əbədi yaşayanlar" layihəsi davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şəhidlərimizə həsr olunan "Əbədi yaşayanlar" layihəsi davam edir.

    Baş idarədən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti buraxılışı Vətən müharibəsi qəhrəmanı kapitan Hətəmxan Quliyevə həsr olunub.

    Hətəmxan Məti oğlu Quliyev 1990-cı il martın 24-də Sumqayıt şəhərində anadan olub. O, 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. Daha sonra 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Hətəmxan Quliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. O, Aprel döyüşlərində də iştirak edib.

    Azərbaycan Ordusunun kapitanı olan Hətəmxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hətəmxan Quliyev oktyabrın 10-da Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalıb.

    Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Hətəmxan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Vağzalı rəqsi

    “Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimat Şuşanın milli rəqslərindən biri olan Vağzalı rəqsinə həsr olunub.

    Hər bir rəqsin melodiyasının yaranması müəyyən şərait və ya ifaçı ilə bağlıdır.

    Xalqımızın ən qədim və sevimli rəqslərindən olan “Vağzalı” XIX əsrdə Şuşada yaranıb. Rəqsin əsasını təşkil edən və əvvəllər “Qarabağın ağırı” adlanan bu qədim melodiya sonralar iki hissəyə şaxələnib, “Asta Qarabağı” və “Vağzalı” rəqslərinə bölünüb. Son dərəcə zərif, ürəyəyatımlı melodiya, incə, yumşaq hərəkətlər bu rəqsi ənənəvi toy rəqsinə çevirib. Adətən gəlin apararkən çalınır. “Vağzalı” melodiyası gəlin adamlarını müşayiət edir, toyun bu məqamındakı şadlıq təntənəsinin bir növ rəmzi kimi səslənir, xoş mərasimi daha da ruhlandırır. Olduqca cazibəli, qəşəng, son dərəcə lirik olan bu rəqs incəliklə, bir növ axıcı hərəkətlərlə ifa edilir.

    Keçmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə qədər müşayiət olunardı. İndi də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır.

    Vağzalı rəqsi olduqca cazibəli, qəşəng, son dərəcə lirik rəqsdir. Onu incəliklə, bir növ süzgün hərəkətlərlə oynamaq lazımdır. Amma müasir dövrdə bu melodiya toyun başlanğıcına və ya bitməsinə işarə kimi qəbul olunur. Görünür, bu, toyda səslənən şah əsər statusuna malik yeganə musiqi sayılır. Məhz buna görə də toylar “Vağzalı"dan başlayaraq, eyni musiqi sədaları altında bitir. Bəli, bu, nəhəng, şirin, demək olar ki, yer üzündə ən istedadlı və zəngin mədəniyyətə malik olan bir xalqın milli musiqisi və rəqsidir.

    Əminə Dilbazi, Afaq Məlikova, Kamil Dadaşov və başqaları öz ifalarında milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.

  • Bakıda 31 eynisəviyyəli piyada keçidi işıqlandırılıb

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtın iki əsas prospektini əlaqələndirən, nəqliyyatın intensiv hərəkətinin müşahidə olunduğu Müzəffər Nərimanov küçəsində piyada adacıqları inşa edib və eynisəviyyəli piyada keçidlərini işıqlandırmaqla piyada təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb.

    Bu barədə Reporta Agentlikdən bildirilib.

    Məlumata görə, ümumilikdə, Bakı şəhərinin inzibati ərazisində 31 ədəd eynisəviyyəli piyada keçidinin bu formada işıqlandırılması təmin edilib. Analoji layihələr davamlı olaraq icra edilməkdədir.

  • Bakının Göyüş Qarayev küçəsi təmir edilir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki Göyüş Qarayev küçəsinin təmirinə başlayıb.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, uzunluğu 290 metr olan adıçəkilən küçənin təmir işləri çərçivəsində köhnə örtüyün sökülərək kənara daşınması, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunur.

    2021-ci ildə Səbail rayonu üzrə ümumilikdə 9 kilometrə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 kilometr təşkil edən küçələrin təmiri işləri aparılır.

  • "Əjdahanın evi” filminin baş prodüseri layihəni tərk edəcək

    “HBO” şirkətinin "Əjdahanın evi" (“House of the dragon”) filminin çəkiliş heyətində dəyişikliklər edilib.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Əjdahanın evi” filminin icraçı prodüserlərinin sıralarında daha bir dəyişiklik olub. Coslin Diaz fantastik dramın ikinci sezonunda layihədən uzaqlaşacaq. Layihə əməkdaşlarının sözlərinə görə, prodüser C.Diazla olan müqavilə ikinci dəfə uzadılma nəzərə alınmaqla 1 il müddətinə imzalanıb, lakin müqavilənin uzadılmasına baxılmayıb.

  • VIII Bakı Beynəlxalq Kitab Sərgisinə sayılı günlər qalır

    Oktyabrın 5-9-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.

    Layihədə, həmçinin Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, eləcə də məşhur xarici yazıçılar, həmçinin aktyorlar iştirak edəcəklər. Eyni zamanda, sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik, eləcə də digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

    Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcək. Sərginin “fəxri qonaq ölkəsi” isə Türkiyədir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər də keçiriləcək. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər.