Martın 29-da energetika naziri Pərviz Şahbazov Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 12:00-dan başlayaraq Qazax rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qazax şəhəri, Heydər Əliyev parkı) keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.tovuz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC korporativ sosial məsuliyyət və dayanıqlı inkişafla bağlı daha bir önəmli tədbirə dəstək olub. Şirkət növbəti dəfə “II Bakı Beynəlxalq Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə Konfrans”ın (ESG) baş sponsoru qismində çıxış edib.
“Yaşıl Dünya Uğrunda Həmrəylik İli” və Bakı şəhərində baş tutacaq COP-29-a həsr edilən konfransın keçirilməsində əsas məqsəd iqtisadiyyatın müxtəlif sahələrində və cəmiyyətdə dayanıqlı inkişafın reallaşdırılmasına nail olmaq üçün qabaqcıl təcrübə və innovativ ideyaların mübadiləsi üzrə platformanın yaradılmasıdır.
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı ekspertləri, deputatları, sənaye liderlərini bir araya gətirən konfransda Korporativ Sosial Məsuliyyət (KSM), biznes etikası, yaşıl iqtisadiyyata keçid və ESG təcrübələrinin tətbiqi, iqlim dəyişikliyi və digər aktual mövzular müzakirə olunub.
Konfransda “Azərlotereya”nın ölkəmizin inkişafında önəmli rola malik uğurlu KSM təcrübəsi paylaşılıb, şirkətin həyata keçirdiyi “Hər şey Qarabağ üçün” və “Əmanətə sədaqət” layihələri iştirakçıların marağına səbəb olub. Qeyd olunan layihələr əsasında işğaldan azad edilən ərazilərin bərpasına və dirçəlişinə dəstək göstərilməsi, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarının təhsil və yaşam xərclərinin qarşılandığı vurğulanıb.
Tədbir “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək müxtəlif prioritet mövzular üzrə örnək olan KSM təşəbbüslərin icra olunması üçün konfransın məqsədlərini və fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, “Azərlotereya” fəaliyyətində hər zaman sosial və ictimai məsuliyyət prinsiplərinə riayət edərək cəmiyyətin inkişafına nail olmaq üçün strateji layihələr hazırlayır, ölkə əhəmiyyətli tədbirlərin təşkilinə daim dəstək olmaq yolunda addımlayır.
Konfrans müxtəlif maraqlı panel çıxışları ilə davam edib.
Beynəlxalq Muğam Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycan muğamı” adlı yeni layihə çərçivəsində martın 17-dən “Muğam mühazirələri” gecələrinə başlanılacaq. Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Muğam mühazirələri” tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun rəhbərliyi ilə gerçəkləşəcək.
Muğam konserti şəklində təqdim olunacaq ədəbi-bədii gecədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışlar dinləniləcək. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılacaq, muğam dəsgahları və təsniflər təqdim olunacaq. Konsertə giriş sərbəstdir.
10 Mart – Milli Teatr Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "İki küpəgirən qarı" musiqili nağıl-tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, həm ana dilimizdə, həm də rus dilində hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əhəd Hacıyevdir.
Rəngarəng işıq effektləri, şən musiqi sədaları altında macəra dolu nağıl qəhrəmanları Dunya, Fyodr, Küpəgirən qarı, Koşşey, gözəl Yelena, üçbaşlı əjdaha teatrsevərlərə unudulmaz xoş anlar yaşadacaq.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysteri Məhəmməd Abdullayev, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.
Rol bölgüsünə əsasən, səhnə əsərində Əməkdar artist Səidə Şərifəliyeva, aktyorlar Nicat Əli, Yuliya Heydərova, Valeriya İskəndərova, Olqa Georgiyeva, Adelin Öztürk, Rauf Babayev, Leonid Klets, Ayan Qurbanova, Murad Əliyev və balet artistləri iştirak edəcəklər.
Dostluq, sevgi, cəsarət kimi gözəl mənəvi keyfiyyətlərin vacibliyinin ön plana çəkildiyi, gözlənilməz hadisələrin cərəyan etdiyi tamaşada mənfi xarakterli məşhur nağıl personajları tamamilə fərqli təqdim olunacaq.
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının TOMRİS beynəlxalq sərgisinın açılış mərasimi keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 20-yə yaxın rəssamın əsərləri nümayiş olunur.
Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tarixi şəxsiyyət hesab edilən Tomrisin Türk dünyasının mərkəzi fiqurlarından biri olduğunu diqqətə çatdırıb. “Tomris həm Qərb, həm də Şərq incəsənətinin ikonik fiqurlarından hesab olunur. Onun obrazına Herodot vasitəsilə İntibah dövrünün böyük sənətkarları müraciət ediblər. Tomrisin obrazına müraciət XX əsrdə türk rəssamları, yazıçıları və digər incəsənət xadimləri tərəfindən olsa da, XXI əsrdə o yeni ruh, yeni rəng əldə edib”, - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, bugünkü sərgi Tomris obrazına müxtəlif yanaşmaları, fərqli bədii üslubları özündə əks etdirir. “Tomris həm hökmdar, həm sərkərdə, həm də incə xanım, ana obrazlarını özündə birləşdirir. Türk tarixində və mədəniyyətində onun özünəməxsus yeri var”, - deyə S.Yusifova əlavə edib.
TÜRKSOY-un Baş katibi Sultan Rayev qeyd edib ki, bu sərgi 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Türk dünyası xalqlarının qadınlara verdiyi önəmi vurğulamaq məqsədilə ilk qadın hökmdar və sərkərdə olan Tomrisə həsr edilib. “Tomris haqqında çoxlu tarixi əsərlər yazılıb, kino və teatrda onun obrazı yaradılıb. Həm dünya, həm də türk rəssamlarının böyük diqqətini çəkib və mədəni irsimizə də zənginlik qazandırıb. Bu sərginin Azərbaycanda açılmasının xüsusi əhəmiyyəti var. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Tomris Xatun bu torpaqlarda yaşayıb və Türk dünyasının ilk qadın hakimi adını alıb”, - deyə Baş katib söyləyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz növbəsində müasir rəssamların əsərlərinin ortaq irsimizi, qəhrəmanlarımızı, tariximizi, ənənələrimizi ifadə etdiyini deyib. O vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi ortaq köklərə sahib türk xalqları arasında körpülərin qurulmasına öz töhfəsini verir.
Qazaxıstan Rəssamlar İttifaqının üzvü Batagöz Toleş, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Səlhab Məmmədov, Xalq rəssamı Sakit Məmmədov sərgi haqqında fikirlərini bölüşüblər.
Çıxışlardan sonra TÜRKSOY tərəfindən sərgidə əsərləri nümayiş olunan rəssamlara mükafat təqdim edilib. Azərbaycan Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Amerikalı müğənni Teylor Svift dinləyicilərinə yeni albomunun final versiyası barədə məlumat verib.
AZƏRTAC “The Hollywood Gossip”ə istinadla xəbər verir ki, Teylor Svift Sinqapura etdiyi “The Eras Tour” konsert turu zamanı öz “The Tortured Poets Department” adlı yeni albomunun son versiyasını nümayiş etdirib.
“Bu, sonuncu versiyadır. Albomda “The Black Dog” adlı mahnı var. Onu dinləyəcəyiniz günü səbirsizliklə gözləyirəm”, – deyə müğənni bildirib.
T.Sviftin yeni albomu aprelin 19-da işıq üzü görəcək. Bu, amerikalı müğənninin 11-ci studiya albomudur. “The Black Dog”dan başqa alboma “The Manuscript”, “The Bolter”, “The Albatross” adlı 3 bonus mahnı da daxil edilib.
Bir çoxlarının fikrincə, bu kompozisiyaların hər biri T.Sviftin 6 il birlikdə olduğu Co Elvindən 2023-cü ilin aprel ayında ayrıldıqdan sonra yaşadığı iztirabları təsvir edir.
“The Black Dog” treki və albomu buraxıldıqdan sonra bütün dünyada bu ifadənin axtarışının sürətlə artdığı ortaya çıxıb. Psixoloqların fikrincə, bir çoxları üçün bu, qəm-qüssə ilə müşayiət olunan və vaxtilə sevimli olan məşğuliyyətdən insanın əlini-qolunu soyudan depressiya vəziyyətini xarakterizə edir.
Parisdə “Maisonneuve & Larose”, “Hemispheres” nəşriyyat evlərinin ofisində Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin (CNRS) tədqiqatçısı, XX əsrin əvvəllərindən Yaxın Şərq və Mərkəzi Asiyanın İslam tarixçisi və bu dövrə aid rus, özbək, tacik, Azərbaycan və İran ədəbiyyatının tərcüməçisi Stefan Düdvanyonun (Stephane A. Dudoignon) Cəlil Məmmədquluzadənin novellaları əsasında hazırladığı “Dəllək və digər novellalar” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin “Dəllək”, "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "Kişmiş oyunu", “Pirverdinin xoruzu”, “Quzu”, “Xanın təsbehi", "Molla Fəzləli" kimi novellaları yer alıb.
“Dəllək və digər novellalar” kitabının təqdimatında müəllif Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqında məlumat verib. Onun Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında fəaliyyətindən, yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolundan söz açılıb. Bildirilib ki, ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşri ilə o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalıb. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib. XX əsin əvvəllərində C.Məmmədquluzadənin Təbrizdə olduğu müddətdəki fəaliyyətindən danışılıb.
Qeyd edilib ki, tənqidi realizm yolunu tutmuş C.Məmmədquluzadə əsərlərində o zaman hökm sürən feodal-patriarxal münasibətlərini, çar məmurlarının və din xadimlərinin özbaşınalığını, mövhumat və xurafatı, İran və Türkiyə inqilablarını, qadın azadlığı kimi məsələləri qələmə alıb.
Təqdimatda iştirak edən tədqiqatçılar C.Məmmədquluzadənin həyat və yaradıcılığına dair biliklərini bölüşüblər. Təqdimatda tədqiqatçılar, tələbələr, jurnalistlər və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Finlandiyanın Espoo şəhərinin Lippulaiva kitabxanasında fotoqraf Etibar Cəfərovun müəllifi olduğu “Azərbaycan-Multikulturalizm diyarı” adlı növbəti kitab-albomun təqdimatı və eyniadlı fotosərginin açılışı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə nəşr olunmuş kitabda ölkəmizin multikultural dəyərləri barədə məlumatlar öz əksini tapıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, Helsinki Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli ictimaiyyətin, eləcə də ölkəmizə dost münasibət bəsləyən icmaların üzvləri, Helsinki, Espoo, Tampere, Nokia və Vanta şəhərlərində yaşayan diaspor nümayəndələri iştirak ediblər.
Espoo şəhər kitabxanasının sabiq direktoru, kitabxananın layihələr departamentinin rəhbəri Yana Turni Azərbaycanın multikultural və tolerant dəyərlərinin zənginliyindən danışıb, dünya mədəniyyətləri sırasında xüsusi yeri olduğunu bildirib. O, Azərbaycan günlərinin keçirilməsinin yerli ictimaiyyətin maraqla qarşıladığını deyib.
Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova çıxışında xalqımızın multikultural dəyərlərinin Azərbaycan diasporuna təsir imkanlarından bəhs edərək, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və əldə olunan uğurlar barədə fikirlərini bölüşüb.
Müəllif E.Cəfərov kitabın ərsəyə gəlməsindən, nümayiş olunan fotoların tarixçəsi və Azərbaycan multikulturalizminin, milli adət-ənənələrinin rəngarəngliyindən söz açıb.
DİDK-nın şöbə müdiri Xıdır Kazımov dünyada multikultural dəyərləri qoruyan ölkələr arasında Azərbaycanın ön sıralarda olduğunu, bu dəyərlərin təbliği məsələsində diasporumuzun üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, Azərbaycanda müxtəlif mədəniyyətlərin formalaşmasında dövlət dəstəyindən danışıb və Dövlət Komitəsinin bu istiqamətə yönəlmiş layihələrini dəstəkləməyə hazır olduğunu bildirib.
“Azərbaycan-Multikulturalizm diyarı” kitabı ziyarətçilərə və kitabxanaya hədiyyə edilib. Gün ərzində 100-dən çox şəxs fotosərgini ziyarət edib.
Qeyd edək ki, Helsinkinin “Oodi” kitabxanası və Finlandiyada fəaliyyət göstərən Azərbaycan Evi də “Azərbaycan-Multikulturalizm diyarı” adlı fotosərgiyə ev sahibliyi edib.
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkilatçılığı ilə milli kino sənətkarlarının yubileylərinə həsr olunmuş "Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar" adlı layihəyə başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.
Həmçinin kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması əsas məsələlərdən sayılır.
Layihə çərçivəsində cari il ərzində Nizami Kino Mərkəzində kino sənətkarlarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin mütəmadi olaraq nümayişi təşkil ediləcək.
İtaliyanın Milan şəhəri görkəmli bəstəkarlarımızın klassik əsərlərinin səsləndirildiyi “Musiqi sərhəd tanımır” adlı konsert proqramına ev sahibliyi edib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Konsert proqramı Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı, eləcə də Avropada yaşayan və Azərbaycandan olan musiqiçilərin iştirakı ilə keçirilib. “Villa Clerici” incəsənət muzeyinin konsert salonunda Tofiq Quliyevin, Qara Qarayevin, Fikrət Əmirovun, Vaqif Mustafazadənin, Vasif Adıgözəlovun və digər görkəmli Azərbaycan bəstəkarlarının klassik əsərləri səsləndirilib.
Tədbirdə çıxış edən italyan mədəniyyət xadimi Ancelo Montovani qonaqlara Azərbaycan mədəniyyəti, musiqisi barədə geniş məlumat verib. Bildirilib ki, Azərbaycan dünya səhnəsində öz musiqisi ilə seçilir və musiqi sənətimiz çoxəsrlik zəngin inkişaf yolu keçib.
Almaniyanın Düsseldorf şəhərində yaşayan azərbaycanlı piano ifaçısı, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Səbinə Məmmədovanın, İtaliyanın Milan şəhərində yaşayan opera müğənnisi Çinarə Şirinin və tarzən Sahib Paşazadənin ifası qonaqlar tərəfindən böyük heyranlıqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan musiqisinin təbliği məqsədilə diasporumuzun təşəbbüsü və təşkilatçılığı ilə xarici ölkələrdə mütəmadi olaraq müxtəlif konsert proqramları keçirilir.