Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda dünyaca məşhur macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş bədii-musiqili gecə, eləcə də ədibin Fond tərəfindən Azərbaycan dilində çap olunan “Çiçəklərin nəfəsi” adlı şeirlər toplusundan ibarət kitabın təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi hissəsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, təşkilatın müşahidəçi ölkəsi olan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın və Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovarinin giriş sözləri ilə açılıb. Tədbirdə rəsmilər, beynəlxalq təşkilat rəhbərləri, Fonda üzv və müşahidəçi ölkələrin səfir və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

    Fondun prezidenti Günay Əfəndiyeva öz nitqini tarix boyu davam edən Hun-Türk birliyindən başlayıb. Bildirib ki, bu gerçəklik Avropa və Asiyanın tarix səhnəsində silinməz izlər buraxıb: “Macarıstan bu böyük həqiqətin özəyi, Qərbi Hun İmperiyasının mərkəzi olub. Müasir macar xalqı isə həm də Atillanın nəsli, onun varisləridir. Beləliklə, əsrlər boyu macar və türk xalqlarının bir-birinə bəslədiyi münasibət dostluqdan daha artıq bir səviyyədə olub. Çünki, xalqlarımız arasındakı doğmalıq ortaq keçmişə, mənşəyə, dilə və mədəniyyətə söykənir”.

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən danışan Günay Əfəndiyeva bildirib ki, qurum türk dünyasının qədim maddi-mənəvi dəyərlərini öyrənir, qoruyur və dünya miqyasında təbliğ edir. Fondun müşahidəçi ölkəsi Macarıstanın mədəniyyətinin tanınması Fondun əsas hədəfləri sırasındadır və bununla bağlı təşkilatın növbəti layihəsi macar xalqının yetişdirdiyi böyük şair Mikloş Radnotinin Azərbaycan dilinə tərcümə olunan şeirlərindən ibarət kitabının nəşr edilməsidir.

    “Mikloş Radnoti macar ədəbiyyatında öz məxsusi dəst-xəti ilə seçilən klassiklərdən biridir. Radnotinin ədəbi irsində parlaq istedadı ilə yanaşı, həm də cəsarətli, açıq sözlü xarakteri aydın nəzərə çarpır. Radnoti əsl xalq şairi idi. O, faşizmin qəddarlıqları, macar xalqına qarşı törətdiyi vəhşiliklərlə bağlı vətəndaş mövqeyini bildirir və bu barışmazlığı yüksək poetik dillə qələmə alırdı”, - deyə Günay Əfəndiyeva əlavə edib.

    Günay Əfəndiyeva Fond tərəfindən çap olunan bu kitabın macar ədəbiyyatını Azərbaycan oxucularına daha da sevdirəcəyini vurğulayaraq, Macarıstan və türk dünyası arasındakı mədəni bağların möhkəmlənməsinə xidmət edəcəyini söyləyib.

    Macarıstanın Azərbaycan Respublikasındakı səfiri Tamaş Yojef Torma tədbirdə çıxış edərək, macar şairi Mikloş Radnotinin Azərbaycan dilinə çevrilən kitabın işığına toplaşanları ürəkdən salamlayıb və şairin keşməkeşli həyatından söhbət açıb. Bildirib ki, Mikloş Radnotinin yaradıcılığı Macarıstanın ən çətin dönəminə təsadüf edib. Səfir Radnotinin İkinci Dünya müharibəsi qurbanlarından birinə çevrilsə də həyatını macar xalqına həsr etdiyini, öz şeirlərilə insanlara vətənə sevgini aşıladığını vurğulayıb. Səfir “Çiçəklərin nəfəsi” kitabının türk dünyasının bir parçası olduğunu deyib və kitabın nəşrinə görə Fondun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirib.

    Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari Mikloş Radnotinin II Dünya müharibəsi dövründə meydana gələn faciəvi hadisələrin qurbanlarından biri olduğunu qeyd edib. Yanoş Hovari, 1926-cı ildə Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayda iştirak edən türk dünyasının dəyərli alimlərinin, türkoloqlarının acı taleyindən danışıb. Səfir, Azərbaycanın iki il öncə qazandığı Qarabağ Zəfərindən söz açaraq, ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin müqəddəs ruhlarını yad edib.

    Tədbirin bədii hissəsi Azərbaycanın Əməkdar artist Sahib Paşazadənin macar musiqilərini tarda ifa etməsiylə başlanıb. Daha sonra Əməkdar artist Nicat Kazımovun rəhbərliyilə Mikloş Radnotinin əsərlərindən ibarət müharibə qurbanlarına həsr olunmuş şeirlər səsləndirilib və kiçik tamaşa təqdim olunub. Musiqili-bədii gəcə qonaqlar tərəfindən alqışlarla qarşılanaraq, böyük marağa səbəb olub.

  • ATAA və Türkiyə Turizm Təşviqat və İnkişaf Agentliyi turizm əlaqələrini genişləndirir

    Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri Kənan Quluzadə Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Turizm Təşviqat və İnkişaf Agentliyinin (TGA) baş direktoru Yalçın Loğmanhəkimlə ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

    ATAA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə turizm sahəsində birgə layihələrin hazırlanması, əməkdaşlıq imkanlarının artırılması, turizm sənayesi nümayəndələri üçün tanıtım məqsədli infoturların təşkili, B2B (biznesdən-biznesə) formatlı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Eyni zamanda, Azərbaycan Turizm Bürosu ilə Türkiyə Turizm Təşviqat və İnkişaf Agentliyi arasında birgə iş birliyinin genişləndirilməsi və turizmyönümlü tədbirlərin təşkili müzakirə olunub.

    Görüş çərçivəsində Yalçın Loğmanhəkimə Azərbaycanın turizm potensialı, ölkənin yay-qış turizm mərkəzlərinin imkanları və mövcud turizm məhsulları haqqında ətraflı məlumat verilib.

    TGA-nın Baş direktoru rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlı olduğunu, bundan sonra da iki qardaş ölkənin turizm sahəsində inkişafına dəstək olacağını bildirib.

    Sentyabrın 27-də ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin İstanbul şəhəri üzrə direktoru Çoşkun Yılmazla də görüşüb.

    Müzakirələr zamanı Bakı ilə İstanbul şəhərləri arasında turizm əlaqələrinin inkişafı, turistik səfərlərin və aviareyslərin sayının artırılması, turizm məhsullarının qarşılıqlı tanıdılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Görüş çərçivəsində Göydəniz Qəhrəmanov Çoşkun Yılmazı əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Bakıya dəvət edib.

  • Xalq artisti Məhluqə Sadıqova “Cənnətim Qarabağ” rubrikasında

    “Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika çərçivəsində növbəti təqdimat Xalq artisti Məhluqə Sadıqovaya həsr olunub.

    AZƏRTAC xəbər verir ki, rubrikada unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilir.

    Məhluqə Ələsgər qızı Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində təhsil alıb. 1930-cu ildə ailəsi Bakıya köçür və Məhluqə xanım 6 saylı məktəbdə orta təhsilini davam etdirir.

    O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub.

    Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb.

    Məhluqə xanım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

    O, 40 ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin aparıcılarından biri olub. “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində filmlərin səsləndirilməsində yaxından iştirak edib.

    Məhluqə Sadıqovanın sənətdə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

    Bütün bunlarla yanaşı M. Sadıqova XX əsr milli mədəniyyət tariximizdə məharətli bədii qiraət ustası kimi də tanınıb. Uzun illər Azərbaycan radiosunda Əməkdar artist Səməndər Rzayevlə birlikdə “Bulaq” folklor-etnoqrafik verilişini aparıblar. Hər bazar günü eyni vaxtda efirə çıxan bu veriliş hər kəsi öz sehrinə salaraq, milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verir, dinləyicisinə Azərbaycan xalq yaradıcılığını sevdirirdi.

    Milli teatr sənətinin ənənələrindən bəhrələnən aktrisa səhnədə əldə etdiyi təcrübələrini kinoya da gətirib. O, “Yenilməz batalyon” (1965), “Yeddi oğul istəyirəm” (1970), “Mücrü” (1973), “Bakıda küləklər əsir” (1974), “Əgər bir yerdəyiksə” (1975), “Sehrlənmiş küpə” (1979), “Onun bəlalı sevgisi” (1980), “İşarəni dənizdən gözləyin” (1986) və s. filmlərdəki bir-birindən fərqli rolları ilə yaddaşlarda qalıb.

    Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

  • Böyük yazıçı, alim və pedaqoq

    Bu gün Mir Cəlal Paşayevin vəfatından 44 il ötür

    Böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyirdi. Elə buna görə də onun mənalı ömrü tutduğu vəzifəsindən asılı olmayaraq mənsub olduğu millətə xidmət etməklə keçib.

    XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli alimin və yazıçının vəfatından 44 il ötür.

    Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə - Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o, böyük qardaşının himayəsində yaşayıb.

    Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darül müəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

    Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

    Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.

    Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

    XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi tanınmış söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı ilə bağlıdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.

    Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

    Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazırdı: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

    İlk dəfə 1937-1939-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də təkrar çap edilib. “Bir gəncin manifesti” bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunan “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

    Mir Cəlalın “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

    Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), “Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və s. kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub.

    XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub. Filologiya təhsili alan tələbələrin birinci kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin masaüstü kitabı olmuşdur. Mir Cəlal Paşayev 1936-cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.

    Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunub.

    “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə edib.

    Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri uzun illərdir ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunub. Əməkdar elm xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz qoyub ki, bu, çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaq.

    1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq.

    Kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

    “UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu, həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.

    İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.

  • Bakının Cavanşir küçəsi təmir edilir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun 1 400 metr uzunluğa malik Cavanşir küçəsinin əsaslı təmirinə başlayıb.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, sözügedən küçədə köhnə örtük söküləcək, əsasın yararsız hissələri qazılaraq çıxarılacaq, əks dolğu işləri aparılmaqla yeni yol əsası inşa ediləcək.

    Daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.

    Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq.

    Qeyd edək ki, Xətai rayonu ərazisində ümumi uzunluğu 5 880 metr olan 5 küçədə (Şirin Mirzəyev (660 metr), Corat (1 420 metr), Oksigen (900 metr), Şahin Səmədov (1 250 metr) küçələri və Boru keçidinin döngələrində (1 650 metr)) təmir işləri icra olunaraq yekunlaşdırılıb.

    Əsaslı təmirinə yeni başlanılmış Cavançir küçəsi ilə yanaşı 980 metr uzunluğa malik Nazim Şükürov küçəsinin də hazırda təmiri icra olunur. Yaxın günlərdə isə ümumi uzunluğu 5 km olan Polad Həşimov küçəsinin və ona birləşən yolların təmirinə başlanılması planlaşdırılır. Beləliklə Xətai rayonu üzrə ümumi uzunluğu 13 km-dən çox olan küçə və yolun təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.

    Agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41,5 kilometr, 2021-ci ildə isə 14,2 kilometr uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.

  • Bakının Üzeyir Hacıbəyov küçəsində velosiped üçün duracaqlar təşkil edilib

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtın Üzeyir Hacıbəyov küçəsində velosipedlərin parklanması üçün duracaqlar təşkil edib.

    Report bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, bu addım qurumun hazırladığı "Bakıda velosiped nəqliyyatı" konseptual planına əsasən, velosiped yolu və infrastrukturun yaradılması istiqamətində tədbirlər çərçivəsində atılıb. Eyni zamanda, Sahil bağı ətrafında velosiped yollarının qurulması işləri də davam etdirilir.

    "Velosiped duracaqları şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, velosipeddən istifadəni təşviq edən vasitələrdən biridir", - agentlik bəyan edib.

  • Azərbaycan Qarabağda yak yetişdirməyi planlaşdırır

    Azərbaycan Qarabağ regionunda yetişdirilməsi üçün Tacikistandan yaklar almağı planlaşdırır.

    “Report” “Asia+” agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Tacikistanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə onlayn görüşdə bildirib.

    Tacikistanın kənd təsərrüfatı nazirinin müavini Niqina Anvari ölkəsinin Azərbaycandan mal-qara və balıqlar üçün yem idxalında maraqlı olduğunu deyib.

    Bundan başqa, Tacikistanın ixrac potensialının artması nəzərə alınmaqla, ölkələr arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsi məsələsi müzakirə olunub.

    Tərəflər pambıq, çəltik və digər məhsuldarlıqla bağlı potensialın olduğu yeni sortların yetişdirilməsi sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Onlar kənd təsərrüfatı məhsullarının emalı üzrə birgə müəssisələrin yaradılması, Azərbaycandan Tacikistana şabalıd, rozmarin və zeytun ağaclarının idxalını müzakirə ediblər.

    Onlayn görüşdə müzakirə edilən məsələlərdən biri də kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrların hazırlanması mövzusu idi.

  • “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək

    “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək.

    Report xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

    İnşa müsabiqəsi Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında baş tutacaq.

    Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. Müsabiqənin hər iki mərhələsi kompüter əsaslı olmaqla rayon (şəhər) mərhələsi 27 sentyabr-15 oktyabrda yerlərdə, ölkə mərhələsi isə 21 oktyabrda Bakı şəhərində keçiriləcək.

    Müsabiqənin ölkə mərhələsində iştirak üçün limit müəyyənləşdirilib. Belə ki, Bakı şəhərindən 12 nəfər; Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri və Abşeron rayonunda hər birindən 2 nəfər; digər şəhər və rayonların hər birindən 1 nəfər; Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki, digər qurumlara tabe və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə 10 nəfər iştirak edə bilər.

    Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinə ölkə mərhələsində inşaların müvafiq meyarlar əsasında qiymətləndirilməsi və qaliblərin seçilməsi məqsədilə mütəxəssislərdən ibarət müsabiqə komissiyanın təşkili tapşırılıb. Müsabiqə qalibləri tutduqları yerlərə görə müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif ediləcək.

    Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

  • Mədəniyyət ocaqlarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilir

    Azərbaycanın bir sıra mədəniyyət ocaqlarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilir.

    AZƏRTAC xəbər verir ki, Anım Günü ilə əlaqədar Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə "Zəfər yolu" tamaşası hazırlanıb. Səhnə əsəri sentyabrın 23, 24 və 25-də nümayiş olunub. Həmçinin bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsinə həsr olunan "Bir nəfəs qədər" tamaşası təqdim ediləcək. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində anım günü ilə bağlı "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbirlə yanaşı, eyni zamanda, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində müharibənin qısa tarixi, şəhidlik zirvəsinə ucalanları tanımaq və anmaq məqsədilə müharibənin canlı şahidləri olan qazilərin və şəhid ailələrinin iştirakı ilə “Qəhrəmanımızı tanı!” adlı tədbir keçiriləcək.

    Səməd Vurğunun ev-muzeyində də keçirilməsi nəzərdə tutulan "44 günlük Vətən müharibəsi..." adlı tədbir və qəhrəmanlarımıza həsr olunan onlayn sərgi bu sıralamaya aid edilir. Abdulla Şaiqin mənzil-muzeyində anım günü ilə bağlı "Zəfərə aparan yol" adlı tədbir və Nəriman Nərimanovun xatirə muzeyində "44 günlük zəfər tariximiz" adlı sərgi, eləcə də “Açıq qapı” təşkil olunacaq.

  • "Titanik" filminin yeni versiyası hazırlanacaq

    “Lightstorm Entertainment” studiyası, həmçinin “Avatar” filminin yaradıcıları olan Ceyms Kameron və Con Landau tərəfindən faciəvi sevgi hekayəsindən bəhs edən “Titanik” tarixi dramının texniki parametrləri baxımından tam yenilənmiş versiyası hazırlanaraq təqdim olunacaq.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, “Lightstorm Entertainment” studiyasının yeni versiyada hazırlayacağı “Titanik” filmi təkcə 4K deyil, həm də yüksək dinamik diapazonda olmaqla, saniyədə 48 kadr sürətində olacaq.

    “Ekran əsərinin görüntü keyfiyyəti ilə yanaşı, həmçinin səs imkanları da yenilənəcək, çünki “Titanik” filmi çəkilən zaman indi istifadə etdiyimiz geniş imkanlara malik müasir texnologiyaların çoxu mövcud deyildi. Misal üçün onu da vurğulamaq olar ki, hətta 3D səs texnologiyası olan Dolby Atmos da yalnız 2012-ci ildə çıxıb”, - deyə C. Landau şərh edib.