Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına baxış keçirib.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 39,8-82,2-ci km-lik (42,4 km) Zəyəm-Qırılı hissəsində tikinti işləri artıq yekunlaşdırılıb.
Layihənin 39,8 km-lik 1-ci, Gəncə-Zəyəm hissəsi üzrə tikinti işləri isə bitmək üzrədir. Sözügedən hissədə işlərin fiziki tərəqqisi 93 % təşkil edir. Layihənin 47,95 km-lik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsinin tikintisi davam etdirilir.
Ümumilikdə layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaq.
Qeyd edək ki, layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanlarda embrion transferi həyata keçiriləcək.
Bu barədə Reporta Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, əsas məqsəd üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Bunun üçün Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzinə 35 baş “Simmental” cinsindən düyələr gətirilib. Gələn aydan düyələrə Almaniyanın “Bayenr genetik” şirkətində istehsal olunan embrionların köçürülməsinə başlanacaq. Embrion transferi üçün Mərkəzin 10 mütəxəssisi Almaniyada kurslarda iştirak ediblər.
Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq tətbiq olunmayıb. Buna səbəb transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı səbəbi ilə embrion transferinə tələbin formalaşmaması idi.
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanovun sözlərinə görə, son illər Azərbaycanda böyük südçülük təsərrüfatlarının yaradılması, təsərrüfatlarda rasional, müasir idarəetmə üsullarının tətbiqi embrion transferinə marağı artırıb: "Bu üsulun tətbiqi təcrübəsi göstərir ki, məhsuldar cinslərin baş sayının artırılması təsərrüfatların rentabelliyini yüksəldir, ət və süd məhsullarının ucuzlaşmasına səbəb olur, məşğulluq və istehsal prosesinə əhəmiyyətli töhfə verir.
Embrion transferinin tətbiqi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası xaricdən damazlıq heyvan gətirilməsinə görə daha asan və daha ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanların ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayından on qat çox artırır”.
Bakıda yerləşən "Tullantıdan Sənətə” muzeyi ən çox ziyarət olunan muzeylərdəndir. Muzeyi digərlərindən fərqləndirən əsas özəllik burada sərgilənən eksponatların lazımsız əşyalardan və məişət tullantılarından hazırlanmasıdır.
AZƏRTAC xəbər verir ki, muzeydə yerli və əcnəbi sənətkarların 180-ə yaxın müxtəlif sənət nümunələri sərgilənir. Plastik qablar, sellofanlar, maşın hissəcikləri, sıradan çıxmış elektrik lampalarından hazırlanmış əsərlər ziyarətçilərin böyük marağına səbəb olur.
Tullantılardan hazırlanan müxtəlif sənət nümunələrinin təqdim olunduğu muzeyin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onlara lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Bu muzey tullantıların lazımsız əşyalar olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü sübut edir. Burada insanların lazımsız və yarasız hesab edərək atmış olduqları dəmir parçalardan zirehli adı verilmiş at kompozisiyası, yararsız elektrik lampalardan hazırlanan Qala qoyunu, plastik tullantılardan dinozavr, avtomobil hissələrindən milli musiqi alətimiz olan tara sənətkarlar ikinci nəfəs veriblər.
Qeyd edək ki, “Tullantıdan Sənətə” muzeyi 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb.
Muzeyə giriş ödənişsizdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayına olan biletlər sabah saat 17:00-da satışa çıxarılacaq.
Report bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Müntəzəm avtobus marşrutları ilə bu günədək 355 reys həyata keçirilib, 15 211 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib.
Oktyabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Səid Rüstəmovun 115 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.
Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün vəfatından 61 il ötür.
O, Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.
Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
Klassik vokal sənətinə ustalıqla yiyələnmiş Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib. Belə ki, o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edib, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnılarını və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.
Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində idi. Səlis bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik olması onun ən ümdə xüsusiyyətlərindən idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi ki, “öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.
Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır”.
Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb. İndi də “Koroğlu”dan söhbət düşəndə gözümüz önündə Bülbül canlanır. Burada aşıq sənəti xüsusiyyətləri ilə professional vokal ifaçılığını qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilib. Bununla yanaşı, Bülbül həm də digər Azərbaycan bəstəkarlarının operalarında yaddaqalan obrazlar yaradıb.
Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.
Bülbül vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən də işləyib.
Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.
Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır. O, xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. İndi əzbər bildiyimiz bir çox xalq mahnılarına Bülbül yeni həyat verib. Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkili və burada Azərbaycan xalq musiqi incilərinin bəstəkarlarımız tərəfindən məşhur xalq sənətkarlarının ifasından nota köçürülməsi musiqi tariximizdə mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu kabinet 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərib, xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub.
Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarları – Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və bir çox başqalarını musiqi kabinetində fəaliyyətə cəlb edib ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynayıb.
Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.
Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. 30 ilə yaxın düşmən əsarətində qalan doğma Şuşamız düşmən tapdağından azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.
1976-cı ildə Şuşada, 1982-ci ildə Bakıda Bülbülün memorial muzeyi açılıb. Sənətkarın Şuşadakı ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. 2021-ci il avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.
Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb. Belə ki, zəngin yaradıcılıq yolu keçmiş və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş böyük sənətkar Bülbülün xatirəsi əziz tutulub, yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bülbülün 100 illik yubileyi həm xalqımız, həm də Bülbül sənətinə pərəstiş edən bir çox xalqlar tərəfindən geniş qeyd olunub. Həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gəlmiş vokalçılar qatılırlar.
Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.
Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Bülbül özündən sonra zəngin bir irs qoyub gedib və mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.
“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, adı musiqi tariximizə qızıl hərflərlə yazılmış Cabbar Qaryağdıoğluna həsr olunub.
Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və milli musiqimizin inkişafında böyük rol oynayan sənətkarlardan biridir. O, 1861-ci il mart ayının 31- də Azərbaycanın dilbər guşələrindən biri olan Şuşanın Seyidli məhəlləsində anadan olub. Atası Məşədi İsmayıl ailəsini dolandırmaqdan ötrü kənddə boyaqçılıq edirdi. Özü yoxsulluğun çətinliklərinə bələd olduğu üçün oğlunun bir peşəyə yiyələnməsinə xüsusi diqqət yetirir, öz sənətini ona öyrətməyə çalışırdı. Lakin Şuşanın zəngin ədəbi mühitinin təsirindən balaca Cabbarda da musiqiyə böyük meyl oyanmışdı. O da böyük qardaşları kimi məhərrəmlik təziyadarlığında növhə oxumağa, şəbih tamaşalarında, dini mərasimlərdə, el şənliklərində çıxış etməyə həvəs göstərirdi. Çox çəkmir ki, Cabbar gözəl məlahətli səsi, yanıqlı oxu tərzi ilə bütün şəhərdə ad çıxarır və məclislərin bəzəyi olur. Onun bir peşəkar xanəndə kimi yetişməsində tarzən Sadıqcanın rolu danılmazdı. Gənc xanəndə 20 yaşınadək Sadıqcanla birgə Qarabağın bütün məclis və toy şənliklərində iştirak edirdi. Bu da onun şöhrətini Gəncə, Şamaxı, Bakı və daha uzaqlara yayırdı.
XIX əsrin sonu və XX əsrin əvvəllərində teatrın ən çox fəaliyyət göstərdiyi mərkəzlərdən biri Şuşa idi. 1881-ci ildə Şuşada realni məktəbin açılışı, eləcə də məşhur musiqişünas Xarrat Qulunun musiqi məktəbi açaraq gənc xanəndələri bu ocağa cəlb etməsi şəhərin mədəni həyatına müsbət təsir göstərir. Həmin dövrdən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır. Hər yay tətili zamanı hazırlanan tamaşalarda, Şərq konsertlərində Bədəl bəy Bədəlbəyli, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Əbdülbaqi Zülalov, Məşədi Zeynal, Sadıqcan kimi bir çox tanınmış şəxsiyyətlərlə bərabər Cabbar Qaryağdıoğlu da iştirak edirdi. Xanəndənin Azərbaycanda opera sənətinin meydana gəlməsində böyük rolu olub. İlk dəfə Məcnun və Fərhad obrazları məhz onun adı ilə bağlıdır. Həmçinin ilk milli operamızın ərsəyə gəlməsində də xanəndənin dolayısı ilə rol oynadığı da məlumdur. Belə ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Bakinski raboçi” qəzetində çıxan “Leyli və Məcnundan Koroğluyadək” adlı məqaləsindən belə bəlli olur ki, o, Ə.Haqverdiyevin hazırlamış olduğu “Məcnun Leylinin qəbri üstündə” tamaşasında C. Qaryağdıoğlunun yanıqlı səsindən təsirlənərək “Leyli və Məcnun” operasını yaradıb.
C.Qaryağdıoğlu klassik Azərbaycan poeziyasının gözəl bilicisi idi və öz repertuarında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və digər Azərbaycan şairlərindən qəzəllər və təsniflər oxuyardı. Bu da həm muğamın, həm də klassik poeziyamızın xalq arasında daha geniş yayılıb sevilməsinə səbəb olub. Onun ifasındakı “Heyratı”, “Mənsuriyyə”, zərb muğamları, “Kürdü-Şahnaz”, “Mahur”, “Rast” və başqa muğamlar musiqi tariximizin qızıl fonduna daxildir.
Xanəndə güclü və təkrarolunmaz səsinin sayəsində qısa zaman kəsimində vətənin hüdudlarını aşaraq başqa ölkələrdə də şöhrət qazanmışdır. Belə ki, 1906-1915-ci illərdə qərbin bir sıra səsyazma şirkətləri şərqin məşhur xanəndələrinin səslərini qrammofon vallarına yazırdılar. Onların dəvəti ilə Cabbar Qaryağdıoğlu da tarzən Qurban Pirimovun daxil olduğu üçlük ilə bərabər Moskva, Kiyev və Varşava şəhərlərinə gedərək səsini qrammofon valına yazdırıb. Eyni zamanda o, dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunub və öz gözəl ifası ilə bütün saray əhlini məftun edib.
C.Qaryağdıoğlu əsil sənətkar kimi xalqına və incəsənətin inkişafına xidmət edirdi. O, mədəniyyət tariximizdə yalnız xanəndə deyil, həmçinin görkəmli ustad olaraq da qalıb. Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçılarından biri olmuş və uzun illər burada muğam sənətindən dərs demiş və istedadlı kadrların yetişməsində böyük əmək sərf etmişdir. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz C. Qaryağdıoğlunun tələbələri olublar. O, pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə klassik muğam musiqisinin təkmilləşdirilməsi üzərində işləyərək “Rast”, “Segah”, “Çahargah” muğamlarına yeni-yeni çalarlar əlavə edib.
Musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə və səmərəli yaradıcılıq fəaliyyətinə görə müxtəlif illərdə Xalq artisti fəxri adı və Şərəf nişanı ordeni ilə təltif edilib.
Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib milli xanəndəlik sənətini yaratmağa həsr edən, Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırılan Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də 83 yaşında Bakıda vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, miras qoyduğu zəngin irsi ilə daim könüllərdə yaşayacaq.
Sentyabrın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Cənnətə bilet” tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Bakı Uşaq və Gənclər Teatrının hazırladığı tamaşa 44 günlük Vətən müharibəsinə həsr olunub.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İlhamə Əhmədovadır.
Oktyabrın 4-də Xətai Sənət Mərkəzində unudulmaz rəssam–pedaqoq Əbdül Şərifovun xatirəsinə həsr edilmiş “Sənətini paylaşa bilən sənətkar” adlı kitabın təqdimatı keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, rəssamın keçdiyi həyat yolunu əbədiləşdirmək məqsədilə çap edilən kitabda rəssamın yaradıcılığı haqqında məlumat verilib. Eyni zamanda rəssamın yaratdığı əsərlərdən nümunələr, davamçılarından bir qrupunun əsərləri və xatirə fotoları da kitabda yer alıb.
Tədbir çərçivəsində eyniadlı sərginin açılması da nəzərdə tutulur.
Milli Arxiv İdarəsi növbəti virtual sənədlər sərgisini istifadəçilərin ixtiyarına verib.
İdarədən AZƏRTAC-a bildirilib ki, təqdim olunan bu virtual sərgi Azərbaycan professional opera və vokal sənətinin görkəmli xanım nümayəndəsi, Azərbaycan SSR Xalq artisti Sara Qədimovanın anadan olmasının 100-cü ildönümünə həsr olunub.
Nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınan və dinləyicilərin böyük məhəbbətini qazanan Sara Qədimova görkəmli ustadlardan klassik ifaçılıq sənətinin sirlərini öyrənərək yiyələnmişdi. Xanım sənətçi öz gözəl və məlahətli səsi ilə Azərbaycan xalq musiqisi nümunələrinə - muğamlara, təsniflərə, xalq mahnılarına ayrı bir rəng, çalar qataraq milli musiqi sənətini daha da zənginləşdirmişdi.
Altmış ildən artıq bir dövrü əhatə edən sənət fəaliyyətini Azərbaycan mədəniyyətinin təbliğinə həsr etmiş Sara Qədimova istər İttifaq, istərsə də bir çox xarici ölkə səhnələrində uğurlu çıxışlar edib.
O, ölkə mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətlərə görə daima dövlət tərəfindən yüksək qiymətləndirilərək, fəxri adlara və mükafatlara layiq görülüb.