Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Elektromobillərin və hibrid avtomobillərin yeni qaydada kreditləşdirilməsinə başlanılır

    Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” oktyabrın 1-dən qüvvəyə minəcək.

    Report xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev bildirib.

    Xatırladaq ki, Qaydaya əsasən, Azərbaycanda kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək. İstehsal tarixi 3 ildən çox olan elektromobillərin kreditləşdirilməsi üçün isə ilkin ödəniş tələbi 40% olacaq.

    Həmçinin, hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi üçün istehsal tarixi 1 il və yaxud ondan az olduqda ilkin ödəniş 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% təşkil edəcək.

  • “Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir

    Ünsiyyəti hər kəs üçün daha əlçatan etməyi hədəfləyən “Nar”, BMT-nin qəbul etdiyi 23 Sentyabr Beynəlxalq Jest Dili gününə öz dəstəyini ifadə edir. Belə ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasının önəmini dərk edərək mobil operator KSM strategiyası çərçivəsində bu istiqamət üzrə mühüm sosial əhəmiyyətə malik layihələr həyata keçirir.

    “Regional İnkişaf” İctimai Birliyinin “Sosial layihələr” müsabiqəsinin qalibi olan “Doğma jest dili” lüğətinin ölkədə ilk dəfə elektron versiyası – jestdili.az saytı “Nar”ın da dəstəyi ilə ərsəyə gətirilib. Bu elektron lüğət artıq bir ildir ki, Azərbaycanda eşitmə məhdudiyyətli insanların vahid jest dili lüğəti kimi istifadə olunur. 3000-ə qədər söz və söz birləşməsinin izahedici mətnləri, 2000-dən çox jestin şəkilləri və videoları yerləşdirilən sayt eşitmə və nitq məhdudiyyətli şəxslər və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyənlər üçün böyük əhəmiyyət kəsb edir. Elektron lüğət Azərbaycan və rus dillərindədir, hər kəs üçün açıqdır və mobil cihazlar üçün də uyğunlaşdırılıb. Layihə haqqında ətraflı məlumatı hazırladığımız videoçarxdan izləyə bilərsiniz.

    Bundan başqa, mobil operator 2016-cı ildən bölgələrdə və paytaxtda eşitmə məhdudiyyətli insanların əmək yararlılığına və cəmiyyətə inteqrasiyasına dəstək üçün “Təlim Məktəbi” layihəsini həyata keçirir. Davamlı layihələrdən olan “Təlim Məktəbi” sayəsində eşitmə və nitq məhdudiyyəti olan insanlar müxtəlif peşələr üzrə praktiki təlimlərdən keçir və onların uyğun iş yerləri ilə təmin olunmasına dəstək göstərilir. Ümumilikdə, təlimlərdən bu günə qədər 100-dən çox insan faydalanıb.

    “Nar”ın eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası üçün sosial layihələri həm də BMT Qlobal sazişinin bir üzvü olaraq dayanıqlı inkişaf məqsədlərinə olan öhdəliyinə sadiqliyinin ifadəsidir.

    “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

  • Azərbaycanda yeni milli etalon laboratoriyaları yaradılacaq

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Metrologiya İnstitutu milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində yeni layihəyə start verib.

    Bu barədə Reporta Dövlət Xidmətindən bildirilib.

    Məlumata görə, metrologiya sahəsində ölçmə imkanlarının artırılması məqsədilə həyata keçirilən layihəyə uyğun olaraq, yaradılacaq laboratoriyalarda sənaye və digər sahələrdə dəqiq ölçmələrin əhatə dairəsi genişlənəcək.

    Layihə çərçivəsində həmçinin, AZMİ ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında əməkdaşlıq edilir, ixtisaslı kadrların hazırlanması məqsədilə təlimlər keçirilir.

  • Uşaq geyimlərinin Azərbaycana idxalı zamanı ƏDV-nin yumşaldılması təklif edilir

    Azərbaycana malların idxalı zamanı ƏDV-nin ödənilməsinə bank zəmanəti əsasında möhlətin verilməsi və idxal olunan uşaq geyimlərinə tətbiq edilən ƏDV-nin yumşaldılması təklif edilib.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyəti ilə Dövlət Vergi Xidmətinin nümayəndələri arasında keçirilən görüşdə qeyd edilib.

    Bununla yanaşı, elektron ticarət platformalarından sifariş olunan malların və onları gətirən karqo şirkətləri üzərində nəzarətin gücləndirilməsi təklif olunur.

    Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən bildirilib ki, geyim idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə belə görüşlərin keçirilməsi və Assosiasiya ilə qarşılıqlı əməkdaşlıq davam etdiriləcək.

  • Bakıda yeni piyada zonaları təşkil ediləcək

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni piyada zonaları təşkil etməyi planlaşdırır.

    Report bu barədə quruma istinadən xəbər verir.

    Agentliyin təqdim etdiyi vizualizasiyada Bakının İslam Səfərli küçəsinin avtomobillərsiz görüntüsü əks olunub. Artıq bu küçənin piyada zonasına transformasiyası aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Piyada zonasının təşkili üçün İslam Səfərli küçəsinin seçilməsi təsadüfi deyil. “Qış Parkı” ilə “Fəvvarələr meydanı”nı birləşdirən bu küçədə daha çox tarixi binalar və abidələr yerləşir. Mövcud piyada zonalarının əhatəsinin genişləndirilməsi üçün qeyd edilən ərazilərə bitişik bəzi küçələrin də avtomobilsizləşdirilməsi nəzərdə tutulur.

  • Ukraynalı sənətşünas Konstantin Doroşenko Rəngkarlıq Muzeyində mühazirə deyəcək

    Sentyabrın 28-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində ukraynalı sənətşünas, media üzrə menecer, müasir incəsənət kuratoru və publisist Konstantin Doroşenko mühazirə keçəcək.

    AZƏRTAC xəbər verir ki, “Bu xaos deyil: Ukrayna və Azərbaycan müasir incəsənətində humanizm” adlı mühazirə rus dilində keçiriləcək.

    Mühazirə müəllif tərəfindən, Azərbaycan rəssamı Rəşad Ələkbərovun Venesiya Biennalesində (2015) nümayiş olunan "Bu xaos deyil" əsərindən təəssüratlanaraq hazırlanıb.

    Həmçinin tədbir zamanı K. Doroşenko, 2015-ci ildə yazdığı "Son Dəmir dövrünün axırı" kitabına istinadən, Azərbaycan və Ukraynanın müasir rəssamları haqqında danışacaq.

  • “Cəza” monotamaşası Gənc Tamaşaçılar Teatrında

    Sentyabrın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşası teatrsevərlərə təqdim ediləcək.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, psixoloji oyun dramında rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu isə İsa Əsədovdur.

    Qeyd edək ki, səhnə əsəri ilk dəfə Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş edilib. Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

  • “Zəfər–44” adlı uşaq rəsm yaradıcılıq turnirinə qeydiyyat davam edir

    Mədəniyyət və Elm və Təhsil nazirlilikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərə həsr olunmuş “Zəfər–44” adlı uşaq rəsm yaradıcılıq turnirinə qeydiyyat davam edir.

    AZƏRTAC xəbər verir ki, 10-21 yaşarası uşaq, yeniyetmə və gənclər 2022-ci il sentyabr ayının 30-dək iştirak anketini tamamlayıb, Bakı Xətai Sənət Mərkəzinin feysbuk qrupunda yerləşdirməklə turnirin iştirakçısı ola bilərlər. Müraciət etmiş uşaqların tədbirdə iştirak günü qeyd olunmaqla siyahısı qrupda yayımlanacaq.

    İştirakçı 2 saat ərzində nəzarətçi rəssamların müşayiəti ilə sərbəst mövzuda hər hansı bir rəsm əsərini ərsəyə gətirməlidir.

    Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Plenerlər hava şəraitindən asılı olaraq Xətai Sənət Mərkəzinin qarşısında və ya daxilində keçiriləcək. Hər uşaq yalnız bir dəfə qoşula bilər. Müsabiqədə, həmçinin xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Sərgilənəcək əsərlər geri qaytarılmır. İştirakçı ən az 72 saat öncə iştirakçı cədvəlindəki gününü dəyişmə haqqına sahibdir. Hər plenerin sonunda yekun sərgi üçün ilkin seçim aparılacaq. İlkin seçilmiş əsərlər arasından ən yaxşı 44 əsər sərgilənmək üçün seçiləcək. Əsəri sərgilənəcək uşaqların siyahısı və turnirin bağlanış tarixi haqda ayrıca məlumat veriləcək. Turnirin bağlanış sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq.

  • Sabah “Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

    Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

    Reportun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya "Facebook" və "İnstagram" sosial şəbəkələri üzərindən canlı yayımlanacaq.

    Vətəndaşların sualları da canlı yayım vasitəsilə hər iki sosial şəbəkə vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

    Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

  • Bakıda təhsil sərgi-yarmarkası keçiriləcək

    Bakıda təhsil sərgi-yarmarkası - “BYF EduExpo 2022” keçiriləcək.

    Bu barədə Reporta İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

    Bildirilib ki, təhsil sərgi-yarmarkası Elm və Təhsil Nazirliyinin, KOBİA-nın və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyini inşa et!” devizi ilə baş tutacaq.

    30 sentyabr-2 oktyabr tarixlərində baş tutacaq sərgidə 50 şirkət iştirak edəcək. Sərgi çərçivəsində təhsil, psixologiya və fərdi inkişaf ekspertləri tərəfindən müvafiq mövzularda seminarlar, sərgi iştirakçıları üçün “B2B” və “B2C” görüşlər nəzərdə tutulur.

    Sərginin məqsədi təhsil sektorunda xidmət göstərən KOB subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.

    Sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə edəcəklər.

    Sərgi haqqında ətraflı məlumat əldə etmək, eləcə də qeydiyyatdan keçmək istəyənlər www.byfeduexpo.kobska.az saytından istifadə edə bilərlər.

    Sərgidə iştirak ziyarətçilər üçün tam sərbəstdir.