Bu gündən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu ucqar kənd və qəsəbələrdə səyyar satışa başlayıb.
Report nazirliyə istinadən xəbər verir ki, məqsəd fermerləri keyfiyyətli, elit toxumla təmin etmək, vətəndaşların vaxt və pul itkisinin qarşısını almaq, vətəndaşlara Fondun əlçatanlığını, yaxınlığını təmin etmək, bununla da vətəndaş məmnunluğuna nail olmaqdır.
Səyyar satış vasitəsilə vətəndaşlara həmçinin maarifləndirici məlumatların paylanılması, payız əkini öncəsi aqronom məsləhətlərinin verilməsi nəzərdə tutulub.
Səyyar satışla bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə, eləcə də Fondun (077) 299 40 40 nömrəsinə zəng edərək məlumat almaq olar.
Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində təqdimatlardan biri Şuşa şəhərinin Mərkəzi Meydanında yerləşən Yuxarı Gövhər ağa məscidinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, Şuşa məscidləri içərisində ən monumentalı XIX əsrin böyük memarı Kərbəlayi Səfi xan Qarabağinin 1883-cü ildə tikdiyi Yuxarı Gövhər ağa məscididir.
Planı təqribən kvadrat formada olan bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhər ağa məscidlərinin konstruksiya ideyasını saxlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün balkon və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti ideyalarındandır. Yuxarı Gövhər ağa məscidinin minarə kürsülüyü təbii əhəng daşı ilə tikilib və həndəsi ornamentlər ilə bəzədilib.
1992-ci ilin mayında Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində məscid erməni vandalizminə məruz qalıb və qismən dağıdılıb.
Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi ilə Yuxarı Gövhər ağa məscidi də erməni əsarətindən qurtardı.
2021-ci il noyabrın 8-də Zəfər Günündə Yuxarı Gövhər ağa məscidində “Şükür” namazı qılınıb.
"Şuşa İli" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə müxtəlif təqdimatlarla davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, növbəti təqdimatlardan biri Vətən müharibəsi zəfərinin simvolu olan Xarıbülbülə həsr olunub.
Yalnız Qarabağda, xüsusilə Şuşada bitən, orxideyalar fəslinə, ofris cinsinə aid qeyri-adi çiçək olan Xarıbülbülə bu adın verilməsinin səbəbi onun bülbülə bənzəməsidir. Orta boylu, şah qamətli, heyrət doğuran bu çiçəyin digər adı isə Qafqaz qaş səhləbidir.
Xarıbülbüllə bağlı mövcud olan rəvayətlərdən birinə görə ömrünün sonuna qədər vətən həsrəti çəkən İbrahimxəlil xanın qızı, Fətəli şahın həyat yoldaşı Ağabəyim ağanın könlünü şad etmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Qarabağdan, Şuşadan müxtəlif ağac, gül-çiçək gətizdirib əkdirir ki, Ağabəyim ağa doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər. Əkilən hər şey bitir, təkcə Xarıbülbüldən başqa.
Tarixən Qarabağın simvolu olan Xarıbülbül Vətən müharibəsi başlayandan öz əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu ilə zəfər simvoluna çevrilməyə başladı. Otuz ildən sonra düşmən əsarətindən azad edilən Azərbaycan torpaqları kimi Xarıbülbül də qəfəsdən çıxıb, azaddır, rahat nəfəs alır. Bu gün Xarıbülbül həm də Vətən uğrunda canını fəda edən şəhidlərimiz deməkdir.
Bakı Nəqliyyat Agentliyi daha 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.
Bu barədə Reporta qurumdan bildirilib.
Məlumata görə, bunlar 37, 55, 93, 101 və 113 nömrəli müntəzəm marşrut xətləridir.
Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə hazırlanmış bölgələrə səfər planına uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov sentyabrın 22-də Göyçay rayonuna səfər edib.
Anar Kərimov Göyçay şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində mədəniyyət naziri bir sıra tarixi abidələrə və mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin maddi-texniki imkanları, cari vəziyyəti və fəaliyyət istiqamətləri haqqında məlumat alıb.
Anar Kərimov Göyçayın Bığır kəndi ərazisində olan 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qüvvələrinə qarşı mübarizədə şəhid olmuş Qafqaz İslam Ordusu əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Burada Göyçay-Qaraməryəm döyüşlərində şəhadətə qovuşan türk qardaşlarımızın – 13 zabit, 235 əsgər və çavuşun xatirəsi əbədiləşdirilib.
Sonra nazir 1990-cı ildən fəaliyyət göstərən Göyçay rayon Bığır kənd Folklor evinə və rayon MKS-nin kənd kitabxana filialına baxış keçirib.
Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, 1984-cü ildə yaradılan muzeyin 2012-ci ildə yeni binası istifadəyə verilib, muzeyin ekspozisiyası iki mərtəbədə yerləşdirilib. Hazırda muzeydə 6758 eksponat qorunub saxlanılır, onlardan 1100-ü daimi sərgilənir.
Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi Məktəbinə gələn nazirə məlumat verilib ki, məktəb 1957-ci ildə fəaliyyətə başlayıb. 2016-cı ildə yeni bina ilə təchiz olunan məktəbdə hazırda fortepiano, skripka, tar, kamança, qarmon, xanəndə və nağara sinifləri fəaliyyət göstərir. Burada 377 şagirdin təlim-tərbiyəsi ilə 94 müəllim məşğul olur.
Qeyd edək ki, 2017-ci ildən Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləyən Alim İbrahimov 44 günlük Vətən müharibəsində Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.
Səfər çərçivəsində 1982-ci ildən Xalq şairi Rəsul Rzanın adını daşıyan Göyçay rayon Mədəniyyət Mərkəzinə də baxış keçirilib. Bildirilib ki, Mədəniyyət Mərkəzinin yerləşdiyi 1200 kvadratmetr sahəsi olan ikimərtəbəli bina 1962-ci ildə tikilərək istifadəyə verilib. 2019-2021-ci illərdə Mədəniyyət Nazirliyi tərəfindən mərkəzdə əsaslı təmir işləri aparılıb. Mərkəzin tabeliyində 9 kənd mədəniyyət evi və 17 kənd klubu fəaliyyət göstərir.
Göyçay rayon MKS-nin Mərkəzi Kitabxanasına baxış keçirən nazir kitabxananın ümumi fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat alıb.
Nazir yerli əhəmiyyətli memarlıq abidəsi Yeraltı hamama da baxış keçirib. Məlumat verilib ki, Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Yeraltı hamam adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib.
Qeyd edək ki, sözügedən müəssisələrin yerləşdiyi binaların qarşısında tikilinin təyinatı, maddi-texniki vəziyyəti və fəaliyyətinin əsas istiqamətlərinin əks olunduğu lövhələr də quraşdırılıb.
Bu gün Azərbaycanın kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Laçın rayonuna səfəri başlayıb.
Report xəbər verir ki, mediatur iştirakçıları ilk öncə Prezident İlham Əliyevin ötən gün baş çəkdiyi və inşası ilə maraqlandığı Laçın Beynəlxalq Hava Limanının iki hissədən ibarət giriş tunelində olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qarabağdakı layihələr üzrə mühəndisi Əyyub Hüseynov "Report"a bildirib ki, uzunluğu 2,4 km olacaq tunelin 350-400 metrlik hissəsi artıq hazırdır.
"Tunel 2 hissədən - iki gediş və iki gəliş yolundan ibarətdir. Hər bir tunelin hündürlüyü 8 metr, nəqliyyat vasitələrinin hərəkəti üçün icazə verilən hündürlüyü isə 5,5 metrdir. Tunellərin eni 12 metr olsa da, burada hərəkət hissəsi 8 metrdir. Tunellər bir birindən 18 metr məsafədə yerləşir", - deyə o, qeyd edib.
AAYDA rəsmisi onu da bildirib ki, Kəlbəcər-Laçın avtomobil yolu üzərində ümumilikdə 12 tunel, 26 körpü olacaq ki, bu da mövcud 109 km-lik yolun 33 km qısalaraq 76,3 km-ə düşməsinə imkan verəcək.
"Hazırda gördüyünüz tunel isə yolun 32-ci km-də yerləşir və sayca 7-ci tuneldir", - deyə Ə.Hüseynov əlavə edib.
EAS Press Nəşriyyat Evi kiçik yaşlı rəssamlar arasında müsabiqə elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak etmək üçün ən əsas şərt Maqsud İbrahimbəyovun “3 alma” tərəfindən nəşr olunan “Uşaqlığın son gecəsi” və “Последняя ночь детства” hekayələrini oxumaq və kitabdakı hekayələrdən birinin məzmununa uyğun olaraq rəsm çəkməkdir. Kitabı almaq istəyənlər “LİBRAFF” və digər kitab mağazalarına müraciət edə bilərlər.
Müsabiqə uşaq və yeniyetmələrin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, mütaliəyə həvəsi artırmaq, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan klassiklərinin mədəni irsinin daha geniş təbliği məqsədilə təşkil olunur.
Bütün qaliblər tərəfdaşlar tərəfindən dəyərli hədiyyə paketləri, sertifikat və təşəkkürnamə ilə təltif olunacaqlar.
Qaliblərin rəsmləri 3 gün müddətində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində sərgilənəcək.
Müsabiqə TEAS Press Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyat bölməsinin təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, “ECAZ” (Art&Hobby Shop), “LİBRAFF”ın tərəfdaşlığı ilə həyata keçirilir.
Bakıda “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət komitəsinin sədri bu tədbirin Şuşada, daha sonra Bakıda keçirilməsinin rəmzi mənası olduğunu vurğulayıb: “Konfrans iştirakçılarının Şuşada olması və düşmən barbarlığını öz gözləri ilə görmələri mühümdür. Bununla onlar bizim qələbəmizin qurucu mədəniyyətin dağıdıcı mədəniyyət üzərində qələbəsi olduğunu anlayacaqlar.
Çox təəssüflər ki, bu qədər barbarlıq faktları – dağıdılmış ibadətgahlar, viran edilmiş mədəniyyət ocaqları, soyqırımı aktları məlum olduğu halda, bir çox dövlətlər hələ də barbarlıq törədənləri müdafiə edir. Özü də, həmin dövlətlər özlərini mədəniyyətin, demokratiyanın, insan haqlarının müdafiəçisi kimi qələmə verir. Biz isə həmişə insanlara, ölkələrə din, dil, mədəniyyət ayrımı aparmadan yanaşmışıq. Ermənistan Qarabağda, Şərqi Zəngəzurda yalnız Azərbaycan, Türk-İslam mədəniyyət abidələrini dağıtmayıb, onlar bununla bəşər mədəniyyətinə zərbə vurub, insanlığa zərər verib”.
Q.Paşayeva qeyd edib ki, Zəngilanda, Ağdamda, işğaldan azad olunmuş digər Azərbaycan şəhər və kəndlərində milli özünəməxsusluğu, tarixi hadisələri, bəşər mədəniyyətinin ən ümdə texnoloji, mədəni uğurlarını üzvi surətdə birləşdirən yaşayış məntəqələri, ağıllı kəndlər, şəhərlər tikilir. Zəngilanın “ağıllı kənd”i Ağalı artıq öz sakinlərini qoynuna alıb. Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları alternativ və bərpaolunan enerji, başqa sözlə, yaşıl mədəniyyət ünvanına dönüşür. Bunlar həm mədəniyyətdir, həm iqtisadiyyatdır, həm özünəməxsusluq həm də beynəlxalq trendlərə cavab vermə gücünün təntənəsidir.
Mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdıran Q.Paşayeva ümummilli lider Heydər Əliyevin sözlərini xatırladıb: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Mədəniyyət komitəsinin sədri vurğulayıb ki, Prezident İlham Əliyev ümummilli liderin siyasətini, mədəniyyətin inkişafı xəttini uğurla davam etdirir, yeni nailiyyətlərə imza atır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva, onun uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyətin, necə deyərlər, bilavasitə himayəçisidir.
“Azərbaycanda musiqi, xalçaçılıq, mətbəx və sənətkarlıqla bağlı mövzu üzrə yetərincə məqamları, hadisələri qeyd edə bilərik. Məsələn, Azərbaycan qədim mətbəxinin ən çağdaş formada təqdimatına aid onlarla örnək var. Azərbaycan xalçaları dünyanın harasında nümayiş olunmasından asılı olmayaraq, öz ilmələri, rəng simmetriyası və istinad etdiyi xalçaçılıq məktəbi etibarı ilə milli ruhu əks etdirir. Yaxud ABAD layihələri yeni trendlərə cavab verir, həm milli özünəməxsusluğumuzu təcalla etdirir”.
Mədəniyyət sahəsində gəlirliliyin, yaradıcı sənayelərin ölkə iqtisadiyyatında payının artırılması, yaradıcı sənayelərin ixrac potensialının gücləndirilməsi kimi məsələlərdən danışan komitə sədri deyib: “Mədəniyyətin iqtisadiyyatı, yaradıcı sənayelər idarəetmə mədəniyyəti, intellektual mədəniyyətlə sıx bağlıdır. Belə hesab edirəm ki, uşaqlarımız orta məktəb illərindən yaradıcılığa həvəsləndirilməli, onların istedadı, qabiliyyəti üzə çıxarılmalı, dəstəklənməlidir. Bu sahədə uyğun proqramlar işlənməlidir, mədəniyyət, təhsil, vergi, gömrük və digər əlaqədar dövlət orqanları yaradıcı sənayelərin inkişafı üçün birgə çalışmalı, səyləri birləşdirməlidir”.
Qənirə Paşayeva çıxışının sonunda Vətən müharibəsində və Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-13-də törətdiyi təxribatlar nəticəsində canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.
Azərbaycanın bir sıra mədəniyyət ocaqlarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Anım Günü ilə əlaqədar Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə "Zəfər yolu" tamaşası hazırlanıb. Səhnə əsəri sentyabrın 23, 24 və 25-də nümayiş olunacaq. Həmçinin sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsinə həsr olunan "Bir nəfəs qədər" tamaşası təqdim ediləcək. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində anım günü ilə bağlı "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbirlə yanaşı, eyni zamanda, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində müharibənin qısa tarixi, şəhidlik zirvəsinə ucalanları tanımaq və anmaq məqsədilə müharibənin canlı şahidləri olan qazilərin və şəhid ailələrinin iştirakı ilə “Qəhrəmanımızı tanı!” adlı tədbir keçiriləcək.
Səməd Vurğunun ev-muzeyində də keçirilməsi nəzərdə tutulan "44 günlük Vətən müharibəsi..." adlı tədbir və qəhrəmanlarımıza həsr olunan onlayn sərgi bu sıralamaya aid edilir. Abdulla Şaiqin mənzil-muzeyində anım günü ilə bağlı "Zəfərə aparan yol" adlı tədbir və Nəriman Nərimanovun xatirə muzeyində "44 günlük zəfər tariximiz" adlı sərgi, eləcə də “Açıq qapı” təşkil olunacaq.
Azərbaycanda "Yerli heyvan genefondunun növlərinin qorunması və saxlanması, şəcərə xətti üzrə qiymətləndirilməsi (bonitrə) təlimatı” və “Mobil yem kalkulyatoru” tətbiqi hazırlanıb.
Report bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən verir.
Qurumun Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, təlimatda yerli cinslərin, həmçinin yerli iqlimə uyğunlaşmış cinslərin fotoları və sözügedən cinslərin xarakterik xüsusiyyətlərinə aid qısa məlumatlar doğma dilimizlə yanaşı rus və ingilis dillərində öz əksini tapıb. Tədqiqatlar və genetik araşdırmalar davam edir, gələcəkdə kataloq daha da təkmilləşdiriləcək və elektron formada xüsusi platformaya yüklənəcək.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev isə bildirib ki, təlimat nazirlik və institutun birgə təşəbbüsü ilə 6 fərqli şəcərə xətti üzrə işlənib hazırlanıb. Sənədə ilk dəfə olaraq arı və dovşan cinslərinin də şəcərə xətti üzrə qiymətləndirməsi daxil edilib, cinslərin əsas xüsusiyyət və göstəriciləri, xüsusi bal cədvəlləri əks etdirilib. Hazırlanmış təlimatlar elektron formatda xüsusi platformaya yüklənəcək.
Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai bildirib ki, aqrar sahədə,o cümlədən heyvandarlıqda yeni innovasiya və texnologiyaların tətbiqinin əsas məqsədi məhsuldarlığı artırmaqla yanaşı, ət və ət məhsullarının maya dəyərinin aşağı salınması və xaricdən asılılığın minimuma endirilməsidir.