Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda 30 km/saat sürət limitli zona təşkil edilib

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi paytaxtda 30 km/saat sürət limitli zona təşkil edib.

    Bu barədə Report-a qurumdan bildirilib.

    Məlumata görə, zonaya paytaxtın mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Artıq zonaya daxil olan küçələrdə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

    30 km/saat sürət limitli zonanın bır sıra üstünlükləri yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsinin artırılması, yol qəzalarının və sağlamlığa dəyən ciddi zərərlərin azaldılması, hava keyfiyyətinin yüksəldilməsi, sosial mühitin inkişafı, səs kirliliyinin azaldılması, piyada hərəkətin, velosipedlərdən istifadənin stimullaşdırılmasıdır.

    Zonaya daxil olan küçələr aşağıdakılardır:

    1 Murtuza Muxtarov küçəsi, 
    2 Zərgərpalan küçəsi, 
    3 Mirzə Fətəli Axundzadə küçəsi, 
    4 Təbriz Xəlilbəyli küçəsi, 
    5 İslam Səfərli küçəsi, 
    6 Mirzə İbrahimov küçəsi, 
    7 Əlimərdan bəy Topçubaşov küçəsi, 
    8 Rəsul Rza küçəsi,(Xaqani  ilə  Zərifə Əliyeva küçələri arasında)  
    9 Qoqol küçəsi, 
    10 Məmməd Əfəndiyev küçəsi, 
    11 Nabatxanım Aşurbəyova küçəsi, 
    12 Rza Quliyev küçəsi, 
    13 Həsən Abdullayev küçəsi, 
    14 Adil Babayev küçəsi, 
    15 Rostropoviçlər küçəsi, 
    16 Dilarə Əliyeva küçəsi, (Səməd Vurğun küçəsi ilə Azərbaycan pr. arasında) 
    17 Çingiz Mustafayev küçəsi, 
    18 Vidadi küçəsi, 
    19 Bəşir Səfəroğlu küçəsi, 
    20 Əlövsət Quliyev  küçəsi, 
    21 Həzi Aslanov küçəsi, 
    22 Tolstoy küçəsi, 
    23 Süleyman Tağızadə küçəsi, 
    24 Nizami küçəsi (Abdulla Şaiq  -  Azərbaycan pr arasında) 
    25 Əhməd Cavad küçəsi, ( Azərbaycan pr və Səid Rüstəmov  küçələri arasında) 
    26 Səid Rüstəmov küçəsi, 
    27 Tərlan Əliyarbəyov küçəsi, 
    28 H.Z Tağıyev küçəsi, 
    29 Yusif Məmmədəliyev küçəsi, 
    30 Əbdülkərim Əlizadə küçəsi, 
    31 Zərifə Əliyeva küçəsi, ( Rəsul Rza və Məmmədəmin Rəsulzadə küçələri arasında) 
    32 Yusif Məmmədəliyev küçəsi, 
    33 Yusif Bəy İbrahimli küçəsi.

  • Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artır

    Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını 2 dəfə artıracaq.

    Report xarici mətbuata istinadən xəbər verir ki, bu qərar Azərbaycan gəmilərinə də aiddir.

    "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı "Report"a təsdiq edib: "Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarlı keçid haqqı ödəyirdiksə, gələn aydan bu rəqəm 5 000 ABŞ dolları olacaq".

  • Respublika “Xatirə kitabı” redaksiyası “44 gün – Tarixi zəfər” adlı üç cildliyin birinci cildinin təqdimat mərasimini keçirəcək

    Sentyabrın 21-də Mədəniyyət Nazirliyinin Respublika “Xatirə kitabı” redaksiyası Lənkəran şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün – Tarixi zəfər” adlı üç cildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildinin təqdimat mərasimini keçirəcək.

    AZƏRTAC xəbər verir ki, mərasimə Astara, Lerik və Lənkəran rayonlarından olan şəhid ailələri dəvət olunub.

    Kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib (digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür).

    Bu vaxta qədər Respublika “Xatirə kitabı” redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr edilib. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika “Xatirə kitabı” redaksiyasının ümdə işidir və redaksiya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.

  • "Şuşa- Qarabağın dünəni, bu günü, sabahı": Üzeyir Hacıbəyli

    "Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyinin "Şuşa- Qarabağın dünəni, bu günü, sabahı" adlı layihəsi müxtəlif mövzular üzrə təqdimatlarla davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri Azərbaycan musiqi mədəniyyətinin və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunub.

    Üzeyir Hacıbəyli Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın əsasını qoyub. O, eyni zamanda, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi tanınıb.

    Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında Ağcabədi kəndində anadan olub.

    1908-ci il yanvarın 25-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Bakıda H. Z. Tağıyevin teatrında ilk tamaşası nümayiş edilib. Bu əsərlə Azərbaycanda və bütün Şərq aləmində opera sənətinin əsası qoyuldu.

    Onun müəllifi olduğu “Milli marş”, “Çırpınırdın Qara dəniz” bu gün bütün türk dünyasının himninə çevrilmişdir. “Azərbaycan marşı” isə 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul olunub.

    1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında “Koroğlu” operası ilk dəfə tamaşaya qoyuldu. Bu əsər Ü.Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir.

    Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunub.

    Xalqımız Üzeyir Hacıbəylinin xatirəsini əziz tutur. Onun Şuşada və Bakıda ev-muzeyləri açılmış, heykəlləri ucaldılmışdır. Azərbaycan Dövlət Konservatoriyasına (Bakı Musiqi Akademiyası), Azərbaycan Dövlət Simfonik Orkestrinə onun adı verilib. Bakıda Üzeyir Hacıbəylinin adına küçə, onun adını daşıyan gəmi vardır. UNESCO-nun qərarı ilə onun 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilib.

    Dahi bəstəkarın dünyaya göz açdığı gün həm də ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Təəssüflər olsun ki, sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb. Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılıb.

  • Abşeronun kənd və qəsəbələrindəki problemlərin həlli istiqamətində proqramlar hazırlanır

    Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq, Abşeron rayonunda vətəndaş qəbulları keçirilir. Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən rayonun Novxanı kəndində və Aşağı Güzdək qəsəbəsində sakinlərlə keçirilən qəbullarda rayon icra hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, sakinlərlə görüşdə Abdin Fərzəliyev Abşeron rayonunda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb və bundan sonra görüləcək işlər barəsində ətraflı məlumat verib. Rayon ərazisində fəaliyyət göstərən məktəb və bağçalarda sıxlığın müşahidə olunduğunu, bununla əlaqədar olaraq yeni tədris binalarının inşa olunacağını qeyd edən RİH başçısı, kənd və qəsəbələrdə olan problemlərin öyrənildiyini, onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlandığını vurğulayıb.

    Sonra çıxış edən sakinlər əsas avtomobil yollarında sürət təmzimləyicilərinin quraşdırılmasında, torpaq sahəsinin ayrılmasında, kanalizasiya xəttinin çəkilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində kömək göstərilməsini xahiş ediblər.

    Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

  • “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşıb

    Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşıb.

    Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin nəticəsi olaraq tədris iştirakçılarının 80 faizinin işlə təmin olunmasına dəstək göstərilib.

    Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlərə töhfə vermək və Qarabağın sosial-iqtisadi rifahının yüksəldilməsi, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçılarının da məşğulluğunun təmin edilməsi məqsədilə layihə çərçivəsində mühasibatlıq kursları təşkil edilib, kursu bitirən şəxslərin məşğulluğunu təmin etmək üçün Mühasiblərin Karyera Forumu təşkil edilib.

  • 27 sentyabr - Anım Günü ilə əlaqədar mədəniyyət ocaqlarında bir sıra tədbirlər keçiriləcək

    27 sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın mədəniyyət ocaqlarında bir sıra tədbirlər keçiriləcək.

    Bu barədə Report-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, anım günü ilə əlaqədar Akademik Milli Dram Teatrında dövlət sifarişi əsasında "Zəfər yolu" tamaşası hazırlanıb. Səhnə əsəri sentyabrın 23, 24 və 25-də oynanılacaq.

    Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrıda Vətən müharibəsinə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq.

    Həmçinin saat 12:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində anım günü ilə bağlı "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçiriləcək.

    Saat 14:00-da Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyində müharibənin qısa tarixi, şəhidlik zirvəsinə ucalan şəhidləri tanımaq və anmaq məqsədi ilə müharibənin canlı şahidləri olan qazilərin və şəhid ailələrinin iştirakı ilə “Qəhrəmanımızı tanı!” adlı tədbir təşkil olunacaq.

    Eyni zamanda Səməd Vurğunun ev-muzeyində "44 günlük Vətən müharibəsi..." adlı tədbir və qəhrəmanlarımıza həsr olunan onlayn sərgi keçiriləcək.

    Abdulla Şaiqin Mənzil-Muzeyində anım günü ilə bağlı "Zəfərə aparan yol" adlı tədbir keçiriləcək.

    Bundan başqa, Nəriman Nərimanovun xatirə muzeyində "44 günlük zəfər tariximiz" adlı sərgi və Açıq qapı təşkil olunacaq.

  • Ştefan Svayqın “Seçilmiş əsərləri” nəşr olunub

    Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti cild – dünya şöhrətli Avstriya yazıçısı Ştefan Svayqın “Seçilmiş əsərləri” kitabı nəşr olunub.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba yazıçının “Yad qadının məktubu”, “Dayə”, “Dəhşətli sirr”, “Amok”, “Qorxu”, “Ay işığında küçə”, “Bir qadının həyatından iyirmi dörd saat” hekayələri, “Bəşəriyyətin bəxt ulduzları”, “Jozef Fuşe. Siyasi xadimin portreti” kimi məşhur miniatürləri və tanınmış alman dili tərcüməçisi Vilayət Hacıyevin yazıçının həyatı və yaradıcılığı haqqında qələmə aldığı “Stefan Svayq — “Böyük avropalı” yazısı daxil edilib.

    Əsərlərin tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Zahid Məmmədov, Nəriman Əbdülrəhmanlı, Həmid Arzulu, Qabil Əhmədovdur.

  • Turizm işçiləri bundan sonra peşə bayramlarını sentyabrın 29-da qeyd edəcəklər

    “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sentyabrın 19-da Sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1494) birinci hissəsində “27-si” sözləri “29-u” sözləri ilə əvəz edilib.

  • İlham Əliyev neft sənayesi işçilərini təltif edib

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Report-un xəbərinə görə, sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Məmmədov Tapdıq Səməd oğlu

    “Tərəqqi” medalı ilə

    Abdullayeva Dilarə Ağalar qızı

    Ağayev Elçin İbarət oğlu

    Aydınov Zaur Asif oğlu

    Azakov Siyavuş İsfəndiyar oğlu

    Bunyadov Elşən Akif oğlu

    Dadaşlı İsa Rəhim oğlu

    Əbilova Arzu Kərim qızı

    Əliməmmədov Mehman Məmməd oğlu

    Əliyev Nüsrət Şıxalı oğlu

    Forrester Skott

    Henderson Nayl Köri

    Heydərov Elxan Vahab oğlu

    İlter Mustafa Mesut

    İsmayılov İlham Əmirxan oğlu

    İsmayılova Şəfəq İsrafil qızı

    Məhərrəmov Samir Fazil oğlu

    Məmmədov Əbdülhüseyn Asaf oğlu

    Mirzaliyev Elman Zərqulu oğlu

    Moylayeva Səbinə Dəmir qızı

    Mustafayev Nəcəf Lətif oğlu

    Orucov Rövşən Həsən oğlu

    Şexmametyev Rəşid İbrahimoviç

    Şəfiyev Vüsal Məmmədəli oğlu.