Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • "Mygov" Azərbaycan vətəndaşlarına identifikasiyalı sənəd təqdim edəcək

    "Bizim hazırladığımız yeni layihəyə əsasən, Azərbaycan vətəndaşlarının "Mygov" portalı üzərindən müraciəti əsasında onlara identifikasiyalı sənəd tədim ediləcək".

    Report xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədr müavini Ceyhun Salmanov bildirib.

    "Bununla da, həmin sənədin mötəbərliyi 1 gün ərzində təmin olunacaq. Digər dövlət qurumu sənədi götürəndə təsdiqlənmiş sənəd kimi qəbul edəcək", - o qeyd edib.

  • Azərbaycanda ƏDV-nin diferensiallaşdırılması təklif olunur

    "Biz hər şeyə 18 % əlavə dəyər vergisi (ƏDV) tətbiq edə bilmərik, bu vergi diferensiallaşdırılmalıdır".

    Report xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

    O, həmçinin təklif edib ki, ərzaq məhsulları ƏDV-yə 1-2 %-lə cəlb olunsun: "Bu, qiymətləri müəyyən qədər sabitləşdirər. Həmçinin hesab edirəm ki, hazırkı vəziyyətdə hökumət ərzaq məhsullarının idxalına gömrük vergisi tətbiq etməməlidir".

  • Şuşada azad edilmiş torpaqlarda mədəniyyət iqtisadiyyatına dair müzakirələr aparılıb

    Şuşada Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransda “Azad edilmiş torpaqlarda mədəni dirçəliş və mədəni iqtisadiyyat” mövzusunda panel müzakirəsi aparılıb.

    AZƏRTAC xəbər verir ki, startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranın moderatorluğu ilə keçirilən paneldə multidissiplinar dizayner Nejla Güvenc, investisiya məsləhətçisi və şəxsi kapital üzrə mütəxəssis Rahul Yadav, Milli Konservatoriyanın şöbə müdiri Cahangir Səlimxanov və “Experience UK” Məsləhət Şurasının üzvü Emili Smit çıxış ediblər.

    Multidissiplinar dizayner Nejla Güvenc Türkiyədə yaradıcı mədəniyyət sahəsindəki öz təcrübələrini bölüşüb. Deyib ki, mədəniyyət iqtisadiyyatının inkişafı üçün qeyri-hökumət təşkilatları da fəal şəkildə çalışmalıdır. Həmçinin bildirib ki, Türkiyədə bu sahəyə maraq son illərdə artıb. “Türkiyə bu il Avropada oyun sektoruna ən çox yatırım edən ölkədir. Həmçinin dəyişdirilə bilməyən nişanlar (non-fungible token – NFT) sahəsində də böyük inkişaf var. İnsanlar öz yaradıcılıq məhsullarını NFT şəklində virtual olaraq satışa çıxarırlar. Düşünürəm ki, Azərbaycanda da bu sahə üzrə işlər görülməlidir”, - deyə Nejla Güvenc diqqətə çatdırıb.

    Paneldə çıxış edən investisiya məsləhətçisi və şəxsi kapital üzrə mütəxəssis Rahul Yadav Şuşanın mədəniyyət iqtisadiyyatı sahəsində böyük potensialının olduğunu bildirib. Qeyd edib ki, Şuşa xüsusi platformaya çevrilməlidir. Bunun üçün müxtəlif qurumların, mütəxəssislərin bu sahədə vəzifələrinin təyin olunması üçün xüsusi strategiya üzərində işləmək lazımdır. “Azərbaycan hökumətinin infrastruktur və idarəetmədə böyük təcrübəsi var. Bu təcrübə vasitəsilə Şuşa böyük bir platformaya çevrilə bilər”, - deyə R.Yadav vurğulayıb.

    Milli Konservatoriyanın şöbə müdiri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov Şuşanın mədəni irsinin yayılması məqsədilə virtual yayımların həyata keçirilməsinin xeyirli olacağını qeyd edib. Bildirib ki, sahə üzrə peşəkar insanların buraya gəlməsi, mədəniyyət iqtisadiyyatı sahəsində işlərin görülməsi üçün imkanlar yaratmaq lazımdır.

    “Experience UK” Məsləhət Şurasının üzvü Emili Smit bildirib ki, mədəniyyət iqtisadiyyatı sahəsi üzrə Şuşada müxtəlif işlər görmək üçün böyük potensial var. Diqqətə çatdırılıb ki, gələcəkdə Şuşada virtual olaraq konfransların həyata keçirilməsi, incəsənət xadimləri ilə bir sıra proqramların təşkil edilməsi mümkündür. “İnternetdə Şuşadan canlı yayın və videolar paylaşmaq olar. Mən bu şəhərdə böyük potensialın olduğunun şahidiyəm. Mədəniyyət iqtisadiyyatı üzrə müxtəlif sahələrdə reallaşdırılacaq layihələrdə bir çox qurumların iştirakı da vacib məsələdir”, - deyə Emili Smit qeyd edib.

  • “Şuşa mədəniyyətinin inciləri”: Süleyman Ələsgərov

    Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Süleyman Ələsgərova həsr olunub.

    Süleyman Ələsgərov 1924-cü il fevralın 22-də musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinfində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan S. Ələsgərov ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində musiqi ictimaiyyətində tanınmağa başlanıb.

    Gənc bəstəkar 1943-cü ildə Üzeyir Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunub. Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. Tükənməz yaradıcılıq imkanlarına malik olmuş Süleyman Ələsgərov on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifi olub. Süleyman Ələsgərov səmərəli yaradıcılığı ilə yanaşı, həm də fəal ictimaiyyətçi olub. O, müxtəlif illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Radio və Televiziya xalq çalğı alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru, Mədəniyyət Nazirliyinin İncəsənət idarəsinin rəisi, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində işləyib.

    O, bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı idi. Qarabağda baş verən hadisələrə bəstəkar öz fikrini bəstələrində ifadə edib. “Yürüş mahnısı”, “Gənclik marşı”, Aslan Aslanovun sözlərinə “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, Qurban Musayevin sözlərinə “Biz qələbə çalmalıyıq”, Bəşir Nəzərlinin sözlərinə “Bura vətəndir” mahnıları, Bəhlul Orucoğlunun sözlərinə “Əsgər marşı”, Qüdrət Əzizin sözlərinə “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar Süleyman Ələsgərov yaradıcılığında yer alıb.

    Süleyman Ələsgərov 1999-cu il yanvarın 21-də 74 yaşında vəfat edib.

  • Məşhur aktrisa Keyt Uinslet çəkiliş meydançasında xəsarət alaraq xəstəxanaya yerləşdirilib

    Məşhur Hollivud aktrisası Keyt Uinslet Xorvatiyada yeni "Li" filminin çəkilişləri zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, filmin çəkiliş heyəti aktrisanın çəkiliş meydançasında sürüşərək yıxıldığını qeyd edib: “Keyt yıxılıb xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Bu səbəbdən də ekran əsəri üzərində iş müvəqqəti olaraq dayandırılıb. Onun vəziyyəti yaxşıdır və bu həftə tam gücü ilə çəkilişlərə qayıtmağa hazır olacaq”, - deyə filmin prodüseri vurğulayıb.

    Xatırladaq ki, Keyt Uinslet hələ 2015-ci ildən “Li” filmində baş rola dəvət olunub. Ona əsas obraz olan İkinci Dünya müharibəsi illərinin müxbiri Li Miller rolunu oynamağı təklif ediblər.

  • "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı": Molla Pənah Vaqif

    "Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində növbəti təqdimatlardan biri Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifə həsr olunub.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, təqdimatda görkəmli şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir.

    Molla Pənah Vaqif 1717-ci ildə Qazaxın Salahlı kəndində anadan olub. Molla Pənah Vaqif yaxşı təhsil almış, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz".

    Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edib eşikağası vəzifəsinə təyin edir. Onun ağıl, fərasət və bacarığını görüb çox keçmədən baş vəzir rütbəsinə yüksəldir.

    Molla Pənah Vaqif öz əsərlərində şərq poeziyasının bütün klassik formalarından istifadə edib. Ancaq onun yaradıcılığının böyük bir qismi, qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır.

    1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə üz tutur. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy gəlir. Məhəmməd bəy Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır.

    Ümummilli lider Heydər Əliyevin 1982-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı böyük məqbərə bu ölməz sənətkarın ədəbiyyatımızın inkişafı sahəsindəki xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin parlaq ifadəsidir.

    1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşada mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və tarixi-memarlıq abidələrini məhv etmiş, o cümlədən Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar.

    Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra 2021-ci il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən burada təmir-bərpa və yenidənqurma işlərinə start verilib. Həmin ilin avqustun 29-da Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı həyata keçirilib.

  • Şuşada “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir

    Şuşada Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Konfransda açılış nitqləri ilə startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov çıxış edib.

    Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran bildirib ki, ötən gün qonaqlar üçün maraqlı olub. Səfər zamanı həm kədərli, həm də sevincli hisslər yaşanıb. Diqqətə çatdırıb ki, Qarabağın sürətlə bərpası və əvvəlki vəziyyətinə qayıtmasını görmək qonaqları valeh edib.

    “Bu gün dünyada mədəniyyət və yaradıcı sahədən iki trilyon dollara yaxın gəlir əldə olunur. Biz bu gün konfransda məhz bunu müzakirə edəcəyik. Qarabağın gələcəyi barədə müzakirələrin ediləcəyi tədbirlər davamlı olaraq keçiriləcək”, - deyə T.Katran qeyd edib.

    Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın işğaldan azad olunmasından sonra bu ərazilərdə mədəni və yaradıcı sənayelərin inkişafına töhfə verməkdən ibarətdir. Qeyd edib ki, Şuşa şəhəri Azərbaycan mədəniyyətində böyük rol oynayır. Şuşada Azərbaycan mədəniyyətinə töhfəsini vermiş dahi şəxsiyyətlər dünyaya göz açıb. Bu şəhər Üzeyir Hacıbəylinin Vətənidir.

    “Konfransın əsas məqsədi Azərbaycan mədəniyyətinin potensialının aşkar olunnmasıdır. Azərbaycan mədəniyyətinin fərqli cəhətlərindən biri onun sülhsevərliyidir. Mədəniyyətimiz insansevərdir, nifrət və dözümsüzlük yaymır. İstəyirik ki, bizim mədəniyyətimiz dünyanın yaradıcı sənaye bazarında öz yerini tutsun, onun yaratdığı zövq iqtisadiyyatımıza töhfə versin, mədəniyyət xadimlərinin yaratdığı məhsul dünyada tanınsın. Bizim mədəniyyət iqtisadiyyatında çox böyük potensialımız var”, - deyə nazirin birinci müavini diqqətə çatdırıb.

    Konfransda İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov qeyd edib ki, bu günlərdə Azərbaycanda mədəniyyətə hər kəs sadəcə istehlakçı kimi baxır. O bildirib ki, konfransdan əvvəl mədəniyyət iqtisadiyyatı ilə əlaqədar araşdırmalar aparılıb. Artıq əsas etibarı ilə alimlər arasında bu sahəyə maraq yaranıb.

    Sonra mədəniyyət iqtisadiyyatı üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite azad edilmiş torpaqlarda mədəni dirçəliş mövzusunda çıxış edib. Bildirib ki, tədbirin Şuşada keçirilməsi simvolik xarakter daşıyır. İşğal edilmiş ərazilərdə mədəniyyətin bərpası unikaldır. Qeyd edib ki, qonaqların bu cür xoş qarşılanması mədəniyyətin, yaradıcılığın görüntüsüdür.

    “Mədəniyyət iqtisadiyyatı dünyada aktual mövzulardan biridir. Bu sahədə məlumatların toplanılması, statistik monitorinq sisteminin olması vacib təməldir. Mədəniyyət iqtisadiyyatının inkişafı üçün ölkəyə bu sahə üzrə ixtisaslaşmış şirkətləri, müxtəlif peşə sahiblərini dəvət etmək, bir araya gətirmək vacibdir”, - deyə O.Ramasauskaite diqqətə çatdırıb.

    Konfrans işini “Azad edilmiş torpaqlarda mədəni dirçəliş və mədəni iqtisadiyyat” mövzusunda panel müzakirəsi ilə davam etdirib.

    Qeyd edək ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşən tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.

    Beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər iştirak edirlər.

  • Əhməd Ağdamski “Cənnətim Qarabağ” rubrikasında

    “Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrikanın növbəti təqdimatı Əməkdar incəsənət xadimi Əhməd Ağdamskiyə həsr olunub.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, təqdimatda unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir.

    Peşəkar teatr tariximizdə özünəməxsus yeri olan opera artisti, teatr fədaisi Əhməd Ağdamski kimi tanınan Əhməd Bəşir oğlu Bədəlbəyli 1884-cü il yanvarın 5-də Ağdamda ziyalı ailəsində doğulub. Məşhur Bədəlbəyli nəslindən olan Əhməd bəy eyni zamanda dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğma xalası oğludur. Hələ uşaq yaşlarından xalq mərasim tamaşalarında iştirak edən Ə.Ağdamskinin sənətə olan böyük marağı onu teatra gətirib çıxarıb. O, səhnə fəaliyyətinə “Nicat” xeyriyyə cəmiyyətinin teatr truppasında başlasa da, sonralar həm də “Səfa” mədəni-maarif cəmiyyətinin truppasında, Hüseynqulu Sarabskinin “Müsəlman opera dəstəsi”ndə və “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib. Lirik tenor səsə, məlahətli və geniş diapazonlu ifa bacarığına malik olduğundan, milli aktrisaların yoxluğu ucbatından əsasən opera və operettalarda qadın rollarını ifa etməklə böyük şöhrət qazanıb.

    XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə cəhalətin hökm sürdüyü bir dövrdə müsəlman qadınların səhnəyə çıxması qadağan idi. Qeyri millətlərdən olan qadın aktrisalar isə ana dilimizi səlis bilmirdilər və hər saatda inciyib tamaşanı yarımçıq qoyub gedirdilər. Bu səbəbdən də qadın rollarında kişi aktyorlarımız səhnəyə çıxmaq məcburiyyətində qalırdılar. İlk müsəlman operası olan “Leyli və Məcnun”da da elə bu hal baş verdi. Leyli rolunda ilk dəfə aşpaz şagirdi Əbdürrəhman Fərəcov, ardınca isə sonralar opera tariximizdə adı əbədi qalan Ə.Ağdamski çıxış etdi. Belə ki, premyeradan sonra Ə. Fərəcov qadın rolunu oynamaqdan imtina etdiyindən Üzeyir bəy Leyli obrazı üçün yenidən aktyor axtarışına çıxır. Həmin vaxt Əhməd bəy “Realnı” məktəbində təhsil alırmış. Bu təhsil ocağının qaydalarına əsasən tələbələrin teatrda oynaması, həmçinin axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Əhməd bəy üçün bu icazə alınır və o, Leyli rolunu oynamağa razı olur. Lakin xurafatın, nadanlığın mövcud olduğu bir zamanda Əhməd Bədəlbəyli təhqirlərə məruz qalmamaq üçün ictimai qınaqdan çəkinərək tanınmasın deyə bütün sənədlərdə adını “Miri” yazdırır. Dövrün qəzetlərində, tamaşaların proqramlarında Leyli rolunu ifa eləyən şəxs kimi “Miri” adlı birini göstərirlər. Ancaq sonradan Əhməd Bədəlbəyli “Ağdamski” təxəllüsünü götürərək şəxsiyyətini aşkar edir. Aktyorun Leyli rolunda çıxışı Üzeyir Hacıbəylinin o qədər xoşuna gəlir ki, sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir.

    Ə.Ağdamskinin oynadığı qadın rolları xarakter etibarilə bir-birindən fərqlənirdi. O, bu obrazların hər birini tamam ayrı səpkidə canlandırır, tək oyun tərzini deyil, hətta səsini belə dəyişdirirdi. “Kürdü-Şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Şur”, “Bayatı-Kürd” kimi mürəkkəb muğamları, Leyli, Gülçöhrə, Şahsənəm və s. obrazların ariyalarını oxuması bunun isbatıdır. Aktyor düz 12 il səhnəyə qadın qiyafəsində çıxır. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “Rüstəm və Söhrab, “Şah Abbas və Xurşidbanu”, Zülfüqar bəy Hacıbəylinin “Aşıq Qərib” opera və operettalarında Leyli, Əsli, Gülnaz, Gülçöhrə, Minnət, Təhminə, Xurşidbanu və s. onun əsas rolları sırasına daxildir. O, hətta, 1916-cı ildə səssiz olaraq lentə alınan “Arşın mal alan” tammetrajlı bədii filmində Gülçöhrə roluna da çəkilib.

    Aktyor XX əsrin 20-ci illərinin əvvəllərində doğma vətəninə - Qarabağa qayıdaraq, Ağdamda teatr truppası yaradıb. O, bir çox tamaşaların rejissoru olmaqla yanaşı, həm musiqili, həm də dram əsərlərində bir xanəndə-aktyor kimi də çıxış edib. 1934-cü ildə Ağdaşa köçüb və burada ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olub.

    Əhməd Ağdamski 1954-cü il aprelin 1-də Ağdaş rayonunda vəfat edib.

  • Hüseyn Cavidin “Ana” mənzum dramı Şuşa Teatrının səhnəsində

    Sentyabrın 24-də yeni mövsümdə Şuşa Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Ana” mənzum dramı nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədovdur.

    Qeyd edək ki, bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” mənzum dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik bir qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın, oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mətanət göstərir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakteri baxımından yaddaşlarda dərin iz buraxır.

  • Azərbaycanda "Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırılıb

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə “AzInTelecom” MMC-nin yaratdığı Vahid Elektron Xidmətlər Portalında növbəti yeni xidmət istifadəyə verilib.

    Bu barədə "Report"a nazirlikdən bildirilib.

    Dövlət Radiotezliklər İdarəsinin (DRİ) təqdim etdiyi “Radiomaneələrlə bağlı müraciət” xidməti ilk dəfə olaraq elektronlaşdırılıb. Bugünədək radiotezlik istifadəçiləri və vətəndaşlar qarşılaşdıqları radiomaneələrlə bağlı DRİ-yə kağız daşıyıcılarda məktub vasitəsilə müraciət edirdilər.

    Hazırda xidmət tam rəqəmsallaşdırılıb və Vahid Elektron Xidmətlər Portalı üzərindən istifadəyə verilib. Artıq istifadəçilər portala daxil olaraq kağız sənədlərdən istifadə etmədən daha sürətli formada radiomaneələrlə bağlı DRİ-yə müraciət edə biləcəklər.

    Elektronlaşdırılma bu xidmətdən istifadəni daha da əlçatan etməklə yanaşı, bu işə sərf olunan vaxtı minimuma endirir. Müraciətlərə baxılması radiomaneə mənbəyinin tapılması tələb olunmadığı halda 3 gün, tələb olunduqda 7 gün, digər şərtlər altında 30 gün ərzində ödənişsiz olaraq təmin edilir.

    Bu xidmətdən istifadə üçün istifadəçinin portala elektron qeydiyyatlı girişi tələb olunmur.

    Qeyd edək ki, RİNN müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır. Ümumilikdə 18 xidmət portala inteqrasiya edilib, digər 39 xidmətin yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulub.

    Portalda təqdim edilən qeydiyyatlı elektron xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün isə, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.

    Portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli elektron xidmətlər təqdim etməkdir. RİNN ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması və tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.

    Portalın yaradılması həmçinin elektron xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin, şəffaflığın və interaktivliyin daha da artırılmasına təkan verəcək.