Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Polşada VI Beynəlxalq Türkologiya Konqresi keçiriləcək

    Sentyabrın 19-dan 21-dək Polşanın Varşava Universitetinin təşkilatçılığı ilə “Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adı altında VI Beynəlxalq Türkologiya Konqresi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın Polşadakı səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu konqresin təşkil olunmasında əsas tərəfdaş qismində çıxış edirlər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konqresdə fəxri qonaq qismində iştirak edəcək.

    Konqresdə türk xalqlarının tarixi, siyasəti, iqtisadiyyatı, incəsənəti, dili və ədəbiyyatı, o cümlədən bu gün və keçmişdə türklərin yaşadıqları coğrafi ərazilər, bu sahədə həyata keçirilən müasir araşdırmalar və tədqiqatlar ətrafında müzakirələrin aparılması gözlənilir.

    Konqres çərçivəsində Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunacaq panelin və Şuşanın tarixi, ictimai, siyasi, mədəni həyatını əks etdirən nadir fotolar əsasında sərginin təşkil edilməsi, muğam triosunun çıxışı, eləcə də milli mətbəx nümunələrinin təqdim edilməsi nəzərdə tutulur.

    Konqres çərçivəsində, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülər Abdullabəyovanın XIX əsrdə Azərbaycan və Polşa ədəbi əlaqələrindən bəhs edən kitabının təqdimatı da həyata keçiriləcək.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” layihəsi müxtəlif mövzular üzrə təqdimatlarla davam edir

    Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın qadın ayaq geyimlərindən biri olan "başmağ”a həsr olunub.

    XIX əsrdə daha xarakterik qadın ayaq geyimi tipi başmaq olmuşdur. Arxası açıq, hündür dabanlı, pəncə üstü̈ müxtəlif rəngli müşkü̈ və tumacdan, altlığı isə aşılanmış̧ göndən hazırlanan qadın başmaqları “zənanə”, “miyanə” və “qız başmağı” olmaqla üç̧ ölçüdə tikilir, sifarişdən asılı olaraq yüksək zövq ilə bəzədilirdi. Uc hissəsi yuxarı qatlanmış̧ formada tikilən belə başmaqlar ayaqda gözəl görünsün deyə əlvan saplarla və ya qızılı simlərlə tikilir, daban oturacağına əlvan parçalardan “döşəmə” qoyulurdu.

    Varlılarda başmağın daban döşəməsi gümüşdən və ya qızıldan kəsilən lövhəyə tutulur, ətrafına bəzəklər (naxışlar) salınırdı.

    Başmaqlar çaxmapiləklərlə (qızıl və ya gümüş̧), güləbətin və muncuq tikmələrlə tərtiblənirdi. Başmağın pəncə üstü̈ qalın parçadan (məxmərdən) tikildikdə onun üzərini güləbətin tikmə ilə bəzəyirdilər. Bu sənətlə əsasən qadınlar ev şəraitində məşğul olurdular.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” layihəsinin növbəti təqdimatı

    “Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” layihəsi müxtəlif mövzular üzrə təqdimatlarla davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində təqdimatlardan biri erməni vandalizminə məruz qalan abidələrdən olan, XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanlığının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə həsr olunub.

    Şuşa memarlıq üslubuna yeni nəfəs gətirən kompleksin tikintisinə 1977-ci ildə başlanılıb və dörd il davam edib. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat sərgilənirdi.

    Şairin abidəsi kompozisiyanın tamlığı və formaların plastik zənginliyi ilə fərqlənir. O, planda kvadrat şəkilli, aşağısı bir qədər geniş, oturacaq şəklində olan xaricdən qırmızımtıl Qarabağ mərməri ilə üzlənmiş hündür bürcdür. Türbənin oturacağının üç tərəfindən başqa bütün fasadların hündürlüyü boyunca anodlaşdırılmış alüminium şəbəkə ilə örtülüb.

    Türbənin şəhərə baxan tərəfi təsirli baştağ görkəmi ilə nəzərə çarpır. Baştağın atqısında ağ mərmərdən böyük hərflərlə ölməz şairin adı həkk edilib. 18 metr hündürlükdə ağ mərmər salonun mərkəzində şairin qəbri üzərində qara mərmərdən sənduqə qoyulub.

    Türbənin daxili memarlığına şəbəkələrdən süzülən işıq şüaları insanda təmtəraq və coşqunluq kimi xoş duyğular oyadır.

    1992-ci ilin may ayında Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.

    44 günlük Vətən müharibəsində Şuşa azad olunmaqla Vaqifin məqbərəsi də işğaldan qurtulub və Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

  • Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılacaq

    Sentyabrın 17-dən Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılacaq.

    Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş sərgidə Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından 64 eksponat nümayiş olunacaq. Serb xalqının mədəni irsini, onların keçmiş həyat tərzini özündə ehtiva edən bu nümunələr Balkan yarımadası və Orta Dunay düzənliyi ərazisində istifadə olunan, XIX-XX əsrlərə aid qadın və kişi geyimləridir. Əsasən gödəkcə və jiletlərdən ibarət olan eksponatların zəngin bədii tərtibatı, nəbati motivli rəngarəng naxışları Orta Dunay ərazisində kənd təsərrüfatının inkişafını, torpaqlarının zənginliyini, məhsuldarlığını simvolizə edir. Bunlar naxış elementlərinin, rənglərinin, biçiminin, formasının harmoniyasına görə yüksək zövqlə hazırlanmış, şəhər və kəndlərə məxsus gündəlik, həmçinin bayram geyimləri kimi xarakterizə olunan nümunələrdir.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Serbiya Respublikası Mədəniyyət və Media Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyinin təşkilatçılığı, Serbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən sərgi oktyabrın 16-dək davam edəcək.

    Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün serb xalqına aid ənənəvi tikmə naxışlarının tətbiqi ilə “özün rənglə”, fetr üzərində qaytanla sancma və sanama tikmələri üzrə ustad dərsləri keçiriləcək.

    Məlumat üçün bildirək ki, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında 2016-cı ildən başlanan qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində bir neçə layihə reallaşdırılıb, sərgilər keçirilib.

  • Kinomuzun ilk qadın aktrisası

    Bu gün İzzət Orucovanın anadan olmasından 113 il ötür

    Ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı - İzzət Orucovanı çəkdi. Beləliklə, İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub.

    AZƏRTAC xəbər verir ki, bu gün İzzət Orucovanın anadan olmasından 113 il ötür.

    Bu qadın Azərbaycanın ilk kino aktyoru olmaqla yanaşı, həm də ikinci xanım akademikidir. İlk xanım akademikimiz Validə Tutayuq 1968-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. Ondan 4 il sonra İzzət xanım da bu ali elmi dərəcəyə layiq görülüb. Kimyaçı akademikin həyatı həm də müəyyən dərəcədə acılarla, məşəqqətli günlərlə dolu olub.

    Cəfər Cabbarlının tövsiyəsi ilə ilk dəfə kinoda

    İzzət Orucova öz aktrisalıq karyerasını və “Sevil” filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini belə xatırlayırdı: “Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: - Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın. Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anam da, qohumlarımın çoxu da filmə baxmağa gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.

    İzzət Orucova o zaman 20 yaşında, gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib. Kinoşünas Aydın Kazımzadə xatirələrində həmin hadisəni bu cür nəql edir: “Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb. Günlərin birində o, “Təyyarə” kinoteatrında bu qızla rastlaşıb. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görüb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə, şübhəsiz, razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar, amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü xəbərsiz çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bir şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi”.

    Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb. Cəfər Cabbarlı çəkiliş zamanı hər an, hər dəqiqə İzzətin yanında olub. Xoşbəxtlikdən bu filmin bütün çəkilişləri C.Cabbarlının iştirakı ilə baş verib. Bəzi epizodlar barədə İzzət xanım öz xatirələrində yazıb və insanlara da danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı öz başından açıb onu Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edib. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verib. Film çəkilib və ekranlara çıxanda böyük uğur qazanıb. Bundan ruhlanan Cəfər Cabbarlı “Almaz”ın da ssenarisini yazıb. Baş rola da yenə İzzət xanımı təsdiq etdirib. Amma amansız ölüm böyük sənətkarı aramızdan tez aparıb. Filmin çəkilişlərini onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdiriblər. Ölümünün bir illiyində film ekranlara çıxıb.

    Ağır repressiya təhlükəsi, 1937-ci ilin qara kabusu

    O zaman aktyor sənətinə qəti aid olmayan bir xanım “Sevil” və “Almaz” filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmalı olub. O dövrdə heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı - həkim və dövrünün tanınmış ziyalısı, Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan və millətçilik ruhuna sahib olan Mövsüm İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda, onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq Sibirə sürgün olunacaqdılar. Lakin bu, baş vermir. İzzət xanım ömrünü yeganə övladına və elmi fəaliyyətə həsr edərək sənətdən ayrılır.

    Azərbaycanın ilk xanım neft mühəndisi

    İzzət Orucova 1932-1959-cu illərdə V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləyib, 1959-1967-ci illərdə həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri, 1967-1997-ci illərdə Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1971-1983-cü illərdə isə Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri vəzifələrində çalışıb.

    Onun əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında yaxından iştirak edib. O, fəaliyyəti dövründə alim olmaqla kifayətlənməyib, yüksəkixtisaslı kadrlar hazırlanmasında adını akademiyanın tarixinə qızıl hərflərlə yazdıra bilib.

    Sonuncu iş yeri AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri olub. Hətta indi də, bəzi zavodlarda İzzət Orucovanın kəşf etdiyi üsullar tətbiq olunur və belə üsullara görə xeyli alimlər vaxtilə yüksək mükafatlar alıblar.

    Milli kinomuzun ilk qaranquşu Sevil AMEA-nın akademiki oldu

    1972-ci ildə İzzət Orucovanın elmdə ən yüksək elmi dərəcə - akademik adını alması həqiqətən də çoxlarının təəccübünə səbəb olub. Çoxları inanmır ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metrostansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub. Onların buna inanmamağının da əsas səbəbi İzzət Orucovanın elm sahəsində məhsuldar gördüyü işlər olub. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib.

    Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. O, dövrünün ən nüfuzlu ordenləri və bir sıra medalları ilə təltif edilib.

    İzzət Orucova 1983-cü il aprelin 22-də 73 yaşında dünyasını dəyişib. Amma o, yaratdığı rollar, yazdığı elmi əsərlərlə mənsub olduğu millətin tarixində əbədiyaşarlıq qazanıb.

  • "Əjdahanın evi" filminin reytinqi yüksəlib

    Amerikalı yazıçı Corc R.R.Martinin əsəri əsasında çəkilmiş “Əjdahanın evi” (“House of the Dragon”) filminin izləmə reytinqi xeyli artıb.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərinin bölümlərini kabel televiziyası vasitəsilə 2 milyon 536 izləyici izləyib. “HBO Max” və digər platformalarda yayımlanması ilə filmin ABŞ-dakı ümumi auditoriyası artıb.

    Bundan əlavə, "Əjdahanın evi" adlı ekran əsərinin əvvəlki bölümlərinin də baxış sayı artmaqda davam edir. “HBO” platformasında isə bütün zamanların ən uğurlu premyera bölümünün baxış sayı 30 milyona çatıb.

    Qeyd edək ki, film əjdahaların yaranma səbəbləri və başlanğıcı, həmçinin atalarının ölümündən sonra taxt uğrunda mübarizə aparan qardaş və bacı II Eyqon ilə Reyniroy Tarqarien arasındakı vətəndaş müharibəsindən bəhs edir. Bu müharibədə Vesterosun böyük iqamətgahları, həmçinin Lannisterlər, eləcə də Starklar iştirak edəcək və nəticədə bu, Tarqarien evinin ən nəhəng əjdahalarının ölümünə səbəb olacaq.

    Əsas rolları Peddi Konsidayn, Oliviya Kuk, Emma D'Arci, Mett Smit, Stiv Tussen, İv Best, Riz Ayfens, Sonoya Midzuno, Fabien Frankel canlandırırlar.

  • Azərbaycanda kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans keçiriləcək

    Azərbaycanın ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL, sentyabrın 21-22-də ikinci dəfə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan tədbirə ev sahibliyi edəcək.

    Report xəbər verir ki, iki gün davam edəcək konfrans yerli və əcnəbi mütəxəssisləri bir araya gətirəcək.

    Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühütinin daha da dayanaqlı xarakter almasına böyük töhfə olmaqdır.

    Belə ki, tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ kimi ölkələrdən kiber mütəxəssislər, həmçinin Nozomi, CheckPoint, SocRadar, Crowdstrike, Palo Alto Networks, Avnon Group, Nubs Group, Agritask, Pyramid Analytics, See Security, MONT, Elcore, Bakotech, Softprom kimi qlobal və regional şirkətlər, o cümlədən yerli tərəfdaşlar bir araya gələcək.

    Tədbirdə texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin ediləcək.

    İkinci gündə PROSOL Şirkəti ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə CTF (Capture the Flag - Bayrağı Ələ Keçirt) yarışı təşkil olunacaqdır. Yarışda bu sahədə çalışan gənc mütəxəssislər öz bilik və bacarıqlarını sınaqdan keçirəcəklər.

  • "Kapital Bank" Zəngilanda sosial aksiya həyata keçirib

    15 sentyabr – Bilik Günü ərəfəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün Azərbaycan Mərkəzi Bankının (AMB) təşəbbüsü, "Kapital Bank" ASC və "Mastercard" beynəlxalq kart təşkilatının dəstəyi ilə sosial aksiya həyata keçirilib. Ağalı kəndinə köçürülən ilk 48 ailənin üzvləri ilə yeni məktəb binasında baş tutan tədbirdə iştirakçılara yeniliklər barədə ətraflı məlumat verilib.

    Görüşdə AMB-nin baş direktoru Fərid Osmanov, Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, "Kapital Bank"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, "Mastercard"ın Azərbaycan üzrə nümayəndəsi Emil Zeynalov və Prezidentin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov iştirak edib.

    Tədbirdə Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının ən mühüm komponentlərindən biri - nağdsız ödəniş ekosisteminin formalaşdırılması barədə məlumat verilib. Həyata keçirilən tədbirlər çərçivəsində Ağalı kəndində fəaliyyət göstərən təsərrüfat subyektləri nağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütün zəruri vasitələrlə təmin edilib. Alternativ ödəniş imkanlarının formalaşdırılması məqsədilə Ağalı kəndində ödəniş terminalları quraşdırılıb, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxil imkanı yaradılıb. Eyni zamanda, ödəniş kartlarının əldə olunması üçün müraciət edən şəxslərə bank hesabları açılıb və ödəniş kartları verilib.

    Bundan başqa "Kapital Bank" və "Mastercard"ın dəstəyi ilə təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi keşbek kampaniyasına start verilib ki, bunun da nəticəsində Ağalı kəndindəki obyektlərdə nağdsız ödəniş edən Mastercard sahibləri 10% "cash back" əldə edəcəklər.

    Layihə çərçivəsində Ağalı kənd orta məktəbinin şagirdlərinə “Smart təhsil kartı” və dərs ilinin başlanması, habelə şagirdlərin tədris zamanı daha müasir üsullardan istifadə edə bilməsi üçün 48 ailədə olan şagirdlərə planşetlər hədiyyə edilib.

  • Teatr Muzeyinin “Cənnətim Qarabağ” adlı rubrikası davam edir

    “Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan teatrının ilk peşəkar aktyorlarından biri Əbülfət Vəliyə həsr olunub.

    Əbülfət Məhəmmədhəsən oğlu Vəliyev 1874-cü ildə (bəzi mənbələrdə bu tarix 1867, 1868 göstərilir) Azərbaycanın dilbər güşələrindən olan və Qafqazın musiqi mərkəzi sayılan Şuşada anadan olub. Ə.Vəli Azərbaycan xalqının tanınmış soylarından biri Vəliyevlərin nümayəndəsidir. Tarixçilər öz tədqiqatlarında Əbülfətin ulu babasının Qarabağ xanlığının vəzirlərindən biri olduğunu göstərirlər. Atası Mirzə Məmmədhəsən bəy Vəliyev də öz dövrünün sayılıb-seçilən adamlarından olub. O, öz savadı və nüfuzu sayəsində Şuşa şəhərinin ədəbi mühitində mühüm rol oynayıb. Bu nəslin şəcərəsini öyrənən tədqiqatçıların yazdıqlarına görə bir neçə dili sərbəst bilən Məhəmmədhəsən bəy dövlət idarələrində məmur kimi işləyib və hətta quberniya katibi olub. Bu səbəbdən öz övladlarının da mükəmməl təhsilə, biliyə yiyələnməsinə xüsusi diqqət və qayğı göstərib. Əbülfət Vəli Bakıdakı Realnı Məktəbi bitirdikdən sonra bir müddət Balaxanı məktəbində müəllimlik edib. Səhnəyə 1880-ci illərin ortalarında qardaşı şair Nəcəfqulu Vəliyevin təşəbbüsü ilə gələn Ə.Vəli XX əsrin əvvəllərində “Müsəlman artistləri cəmiyyəti”, “Nicat”, “Həmiyyət”, “Səfa”, “Müdiriyyət” teatr truppalarında həm aktyorluq, həm də rejissorluq edib. O, səhnə fəaliyyətinə Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin hazırladıqları həvəskar tamaşaları ilə başlayıb. Sonralar özünün, eləcə də sənətkar dostu Cahangir Zeynalovun quruluş verdiyi tamaşalarda da oynayıb. Əvvəllər səhnəyə ikinci dərəcəli rollarda çıxan aktyor sonralar baş rolları da ifa edir və tamaşaçıların məhəbbətini qazanır. Onun ifa etdiyi əsas rollar sırasına M.F.Azundzadənin “Hacı Qara”, “Müsyo Jordan və dərviş Məstəli şah”, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, “Daldan atılan daş topuğa dəyər”, N.Nərimanovun “Nadir şah Əfşar”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”, Şəmsəddin Saminin “Dəmirçi Gavə”, N.Kamalın “Vətən”, F.Şillerin “Qaçaqlar”, H. Heynenin “Əl Mənsur”, J.B.Molyerin “Zorən təbib” kimi tamaşalarda Xəlil yüzbaşı, Hatəmxan ağa, Fəxrəddin, Dəli Şirin, Şah Təhmas, Cavad xan, Ədhəm xan, Hacı Səməd ağa, İkinci İrakli, Gavə, Sidqi bəy, Qoca Moor, Həsən, Cənnətəli və s. daxildir.

    Xalq artisti Hacıağa Abbasov xatirələrində yazırdı ki, Ə. Vəli ifa edəcəyi obraza çox ciddi hazırlaşırdı. Tamaşa zamanı öz qrimindən əlavə, hətta digər aktyorların da qrimlənməsinə, geyiminə kömək edir, səhnənin qaydaya salınmasına diqqət göstərirdi. Həmçinin o, səhnə yoldaşlarına yaxşı məsləhətlər verir, tamaşada digər rolları ifa edəcək aktyorlarla öz fikirlərini bölüşürdü. Özü də bunu o qədər sadə, səmimi və təvazökarlıqla edərdi ki, hamı ondan razı qalardı. O, səhnədə canlandıracağı obrazı öz müşahidəsindən keçirərək real həyatdakı hadisələrlə bağlaya bilirdi. Təsadüfi deyil ki, dövrünün mətbuat səhifələrində Ə.Vəli “Qafqazın ən müqtədir aktyorlarından biri” kimi qeyd edilir, onun məharətli oyunu, istedadlı ifası, qüvvətli çıxışları haqqında yazılar verilirdi.

    Ə.Vəli istedadlı, mütərəqqi düşüncəli bir aktyor, bacarıqlı rejissor və təşkilatçı idi. Onun tamaşalarda yaratdığı dolğun obrazlar milli teatrımızın tərəqqisində müstəsna rol oynayıb. Keçən əsrin ortalarından başlayaraq 1918-ci ilə qədər olan müddət ərzində onun adı keçməyən tamaşa demək olar ki, yox idi. Mənbələrdən bəlli olur ki, Ə.Vəli teatr truppalarının bütün tamaşalarında müxtəlif janrlı rollar oynamaqla bərabər, həm də gənc və həvəskar aktyorların tərbiyəsinə də diqqət yetirib. Habelə ilk faciə aktyorlarımızdan Hüseyn Ərəblinskinin istedadının aşkar edilməsində, onda mütərəqqi fikrin genişləndirilməsində Ə.Vəlinin böyük rolu olub. O dövrün sənədləri sübut edir ki, Azərbaycan səhnəsinin bu iki görkəmli sənətkarı həmişə birgə fəaliyyət göstəriblər. Ancaq H.Ərəblinskinin həyatı, yaradıcılığı ətrafında araşdırmalar aparıldığı halda, Ə.Vəlinin fəaliyyəti təəssüflər olsun ki, unudulub. Halbuki bu iki peşəkar aktyor arasındakı fikir və sənət birliyini görkəmli dramaturq və teatr xadimi Ə.B.Haqverdiyev də görüb duymuş və özünün "Sənət qurbanı" və "Ac həriflər" adlı əsərlərində onların surətini yaratmışdır.

    Ə.Vəli səhnədə yaratdığı obrazlar və gördüyü işlərlə humanist və maarifçi ideyalar da yayıb. O, eyni zamanda, bir peşəkar kimi milli teatr yaratmaq yolunda daim inadla çalışıb. Səfər təşkil etməkdə, insanları bir qayə ətrafında birləşdirmək də xüsusi bacarığı və səriştəsi olduğundan qastrol tamaşalarında adətən truppanın müdiri, rejissoru və təşkilatçısı olub. Müsəlman aktyorlarının bir dəstəsi məhz onun rəhbərliyi ilə İrəvan, Tiflis, Batum, Suxumi, İstanbul, Ağməscid, Yalta şəhərlərində qastrol səfərlərinə gediblər. Onun Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Nəriman Nərimanovun “Nadir şah Əfşar”, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”, “Hacı Qəmbər”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, “Dağılan tifaq”, Üzeyir bəy Hacıbəylinin “Məşədi İbad” əsərlərinə səhnə quruluşu verdiyi də bəllidir.

    Peşəkar teatrımızın təşəkkülünün ilk mərhələlərində səhnə sənətinin inkişafı üçün 25 illik xidməti ərzində öz töhfələrini və əməyini əsirgəməyən Əbülfət Vəli 1918-ci ildə Göyçayda gözlərini dünyaya əbədi olaraq yumub.

    Onu da qeyd edək ki, 1918-ci il dekabr ayının 3–də “Azərbaycan” qəzetində aktyorun ölümü ilə bağlı Kərim bəy Məlikovun yazdığı vida məqaləsində onun acınacaqlı vəziyyətdə dünyasını dəyişdiyi göstərilib.

  • “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli filmin çəkilişlərinə başlanılıb

    “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi yeni layihənin icrası ilə bağlı qədim tarixi mədəniyyətə malik Basqal qəsəbəsində çəkilişlərə başlayıb.

    AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan kəlağayısından bəhs edən “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli filminin çəkilişlərinə başlanılıb.

    Basqal Azərbaycanın kəlağayı sənətinin vətəni, milli-mədəni irsimizin beşiyidir. Çəkiliş zamanı kəlağayının hazırlanma prosesi lentə alınıb.

    Sənədli filmin çəkilişləri davam edir. Sənədli film noyabrın 1-dək ictimaiyyətə təqdim olunacaq.