Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət naziri Anar Kərimov Milli Azərbaycan Ədəbiyyatı Muzeyini və Hüseyn Cavidin ev-muzeyini ziyarət edib

    “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin ev-muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülən zəruri tədbirlər çərçivəsində nazir Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva və Nazirliyin Aparatının Muzey, qalereya və sərgilər şöbəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin ev-muzeyini ziyarət etdilər.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Hüseyn Cavidin ev-muzeyinin baş direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı nazirliyin nümayəndələrini muzeyin tarixi, görkəmli şairin həyat və yaradıcılığını əks etdirən ekspozisiyası ilə tanış edib. O, məhz yaşadığı evdə Hüseyn Cavidin ev- muzeyinin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Gülbəniz Babaxanlı muzeyin fəaliyyət göstərdiyi illər ərzində Hüseyn Cavid yaradıcılığının təbliği məqsədilə həyata keçirilən tədbirlər və nəşrlər barədə ətraflı məlumat verib. Anar Kərimov öz ürək sözlərini və muzey haqqında təəssüratlarını Hüseyn Cavidin ev-muzeyinin rəy kitabına qeyd edib.

    Daha sonra Nazirliyin nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər. Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Nazirliyin nümayəndələrini Azərbaycan ədəbiyyatının müxtəlif tarixi dövrlərini özündə əks etdirən muzeyin zəngin ekspozisiyası ilə tanış edib. Rafael Hüseynov çıxış edərək Azərbaycan ədəbiyyatının düzgün tədqiqi və təbliği məqsədilə muzeydə aparılan elmi-tədqiqat işlərindən danışıb.

    Görüşdə nazir Anar Kərimov muzeylərin yalnız Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən, milli mədəniyyətin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən müəssisə kimi deyil, həmçinin elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyindən bəhs edib. Nazir Azərbaycan dövlətinin daim xalqın maddi-mənəvi və milli dəyərlərinin qorunub saxlanılmasına, inkişafına xidmət edən strateji siyasi kursa üstünlük verdiyi üçün Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq muzeylərlə bağlı bir sıra fərman və sərəncamların imzalandığını bildirib.

    Görüş çərçivəsində həmçinin muzey əməkdaşları ilə tanışlıq və muzeyin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

  • Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalında ölkəmiz də təmsil olunur

    Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalının təntənəli açılış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, 1968-ci ildən keçirilən beynəlxalq festival ötən il Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yenidən bərpa olunub.

    Dünyanın 35 ölkəsindən gələn 300-dən artıq kinematoqrafçı, rejissorlar, tanınmış artistlər, kino sahəsinin mütəxəssisləri kinofestivalda iştirak edirlər.

    Əvvəlcə iştirakçılar, festivalın fəxri qonaqları qırmızı xalıdan keçərək, mətbuat nümayəndələri ilə görüşüblər.

    Tədbirin əvvəlində Özbəkistan Prezidentinin müşaviri Adil Abduraxmanov dövlət başçısı Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrik məktubunu oxuyub.

    Ölkəmizi bu kino bayramında “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev, rejissor və kinoşünas Ayaz Salayev, rejissor və prodüserlər Oleq Səfərəliyev, Asif Rüstəmov, İlqar Nəcəf, Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova təmsil edir. Festivalda Azərbaycandan Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdiriləcək.

    Açılış mərasimində bildirilib ki, kinofestival çərçivəsində dünyanın müxtəlif ölkələrinin 150 bədii və sənədli filmi nümayiş olunacaq. Daşkənddə və Özbəkistanın regionlarında 100-dən çox yaradıcılıq tədbirlərinin, müzakirə və görüşlərin keçirilməsi nəzərdə tutulur.

    Daşkənddəki Kinematoqrafiya evində 1500-dən artıq gənc kinematoqrafçıları birləşdirən kinoklaster yaradılıb və istedadlı gənclər bu istiqamətdə biliklərə yiyələnirlər.

    Qeyd edək ki, “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kinosu günlərinin açılışı da keçiriləcək

  • Şuşadan mədəniyyət iqtisadiyyatı ilə bağlı mesajlar səslənəcək

    Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə sentyabrın 18-20-də Şuşa və Bakı şəhərlərində “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşəcək tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.

    Birinci hissəsi Şuşada, ikinci hissəsi isə Bakıda keçiriləcək beynəlxalq konfransda 15-ə yaxın ölkədən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər mədəniyyət iqtisadiyyatı ilə bağlı aktual məsələləri müzakirə edəcək və bu istiqamətdə öz təkliflərini səsləndirəcəklər.

    Tədbirin əsas məqsədi mədəniyyət sahəsində gəlirliliyin, yaradıcı sənayelərin ölkə iqtisadiyyatında payının artırılması, yaradıcı sənayelərin ixrac potensialının gücləndirilməsi kimi məsələlərin müzakirəsi və bu sahəyə ictimai marağın təşviq olunmasıdır.

    Konfransa dəvət olunan xarici ekspertlər mövzu üzrə beynəlxalq təcrübəni bölüşəcək və yerli iştirakçılarla qlobal tendensiyalara dair fikir mübadiləsi aparacaqlar.

    Beynəlxalq elmi-praktik konfrans, eyni zamanda, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı kimi statusunun beynəlxalq aləmdə təbliğinə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən artıq qısa müddət ərzində aparılmış bərpa və yenidənqurma işlərinin beynəlxalq aləmdə tanınmasına xidmət edəcək, həmin ərazilərdə mədəni və yaradıcı sənayelərin inkişafına töhfə olacaq.

  • Oğuz-Şəki avtomobil yolunun əsas hissəsi yenidən qurulub

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Oğuz-Şəki avtomobil yolunun əsas hissəsinin yenidən qurulmasını başa çatdırıb.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, hissənin 7 kilometri 3-cü texniki dərəcəyə uyğun, 27,6 kilometri isə 2-ci texniki dərəcəyə uyğun şəkildə qurulub.

    Yolboyu köhnə örtük sökülüb, yararsız qrunt çıxarılıb, yol yatağı və yol əsasının inşası, əks-dolğu, suötürücü boruların quraşdırılması, su keçidlərinin tikintisi, genişləndirmə işləri görülüb. Yeni asfalt-beton örtüyü döşənib.

    Layihəyə əsasən Zəyzidçay üzərində yerləşən körpü sökülərək yeni körpü inşa edilib, 9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) təmiri son mərhələdə davam etdirilir və 3,4 kilometrlik Oğuz şəhərinə giriş yolu yenidən qurulub.

    Paralel olaraq, zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr, dayanacaq, siqnal dirəkləri, əyrixətli dəmir tirlərin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin, piyada zolaqlarının çəkilməsi işləri də yerinə yetirilib.

  • Bakı metrosunun qış hərəkət qrafikində dəyişiklik edilib

    “Bakı Metropoliteni” QSC-nin qış hərəkət qrafikində dəyişiklik edilib və sərnişin sıxlığı nəzərə alınaraq pik saatların vaxtı gün ərzində 2 saat artırılıb.

    QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Report-a açıqlamasında faktı təsdiq edib:

    “Əvvəlcədən sıxlıq yaranacağı təqdirdə, nəzərdə tutulmuş ehtiyat tədbirləri çərçivəsində səhər və axşam saatlarında pik saatların həcmi müvafiq olaraq 1 saat artırlıdı. Belə ki, ilk olaraq səhərlər pik saatlar 07:30-09:30 arası, axşam vaxtı isə 17:30-19:30 müəyyən edilmişdi. Amma ötən gün aparılmış monitorinqlər nəticəsində sərnişin sıxlığını nəzərə alınaraq bu vaxtlar müvafiq olaraq 07:00-10:00 arası, 17:00-20:00 arasına dəyişdirilib.

    Əlavə etmək istəyirəm ki, mütəmadi olaraq monitorinqləri davam etdiririk. Sərnişin sıxlığı azalarsa yenidən əvvəlki qaydada sərnişin daşınması həyata keçiriləcək”.

    Qeyd edək ki, qış qrafikinə görə, qatarlar arasındakı interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda 2,5 dəqiqə müəyyən olunub. Gecə saatlarında isə interval 3 dəqiqəyə qədər artırıla bilər.

  • Sarayevoda Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilib

    Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda V Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilib.

    AZƏRTAC xəbər verir ki, “Al Jazeera Balkans”ın təşkil etdiyi və bu il “Ağ göyərçin” şüarı ilə keçirilən festivalda insan hekayələrindən bəhs edən filmlər nümayiş olunub. Festival çərçivəsində dünyanın müxtəlif yerlərindən və region ölkələrindən 12-si müsabiqə kateqoriyasında olmaqla 25 sənədli film təqdim edilib.

    Münsiflər heyətinin qərarına əsasən, “Baş mükafat” Qorki Qlazer Müllerin “Düşmənin uşaqları” sənədli filminə verilib. Sənədli film 7 nəvəsini həbsdə olduqları İŞİD terror təşkilatının Suriyadakı düşərgəsindən xilas etməyə çalışan bir adamın hekayəsindən bəhs edir.

    Julie Bezerra Madsenin “Görməli hər şey” sənədli filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

  • Türk yurdunun musiqi aləmi

    Sentyabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Türk yurdunun musiqi aləmi" adlı konsert proqramı təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsert proqramında dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (solist Çinarə Heydərova qanun) çıxış edəcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.

  • Azərbaycan və Gürcüstan arasında birgə investisiya fondları yaradılacaq

    Azərbaycan və Gürcüstan startaplarının maliyyələşdirilməsi üzrə birgə investisiya fondları yaradılacaq.

    Report-un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə keçirilən “Beynəlxalq Rəqəmsal Əlaqə Sammiti – 2022”də iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinin Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib.

    Nazir müavininin sözlərinə görə, hər iki ölkədə yaradılan startapların regional bazarlara çıxışı təmin ediləcək.

    "Nazirlik olaraq müxtəlif həm özəl, böyük korporasiyalarla, yerli korporasiyalarla, həm də kiçik "venture" studiyalarla danışıqlar aparılır ki, startapların maliyyələşməsi üzrə kiçik və böyük fondlar yaradılsın. Bu baxımdan, startapların maliyyələşməsinin regional aspekti də var. Bu ondan ibarətdir ki, bildiyiniz kimi adətən kiçik, yerli bazar üçün yaranan startaplar çox böyük maliyyə cəlb edə bilmir. O baxımdan vacibdir ki, bu startapların geniş bazarlara çıxışı olsun. İlk növbədə qonşu ölkələrdə olan bazarlar. Biz də Gürcüstanda bu danışıqları aparırıq ki, birgə investisiya fondlarının yaradılmasını, birgə layihələrin yaradılmasını dəstəkləyək və həm Azərbaycanda həm Gürcüstanda yaranan startaplar hər iki bazara çıxış əldə edə bilsinlər”, - deyə nazir müavini bildirib.

    Xatırladaq ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin cari ilin aprel ayında Gürcüstana baş tutan səfəri zamanı həmçinin hər iki ölkə arasında startaplar sahəsində əməkdaşlıq da müzakirə olunub.

  • Azərbaycanda aqrar sektor 3 % böyüyüb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 7 milyard 428,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.

    Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,6 % artaraq 4 milyard 087,7 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 2,7 % artaraq 3 milyard 341,1 milyon manata çatıb.

  • Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb

    Sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramına olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır.

    Həmçinin teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.