Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Rusiyanın Baş naziri Bakıda xalça muzeyində olub

    Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda Azərbaycan Milli Xalça Muzeyində olub.

    “Report” TASS-a istinadən xəbər verir ki, Mişustini azərbaycanlı həmkarı Əli Əsədov müşayiət edib.

    Bundan əvvəl iki ölkənin baş nazirləri danışıqlar aparıblar. Yekunda ölkələr arasında əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.

    Rusiya Baş naziri Mixail Mişustinin Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcəyi gözlənilir.

  • "Meta" şirkəti sosial şəbəkələrdəki nasazlıqla bağlı məlumat yayıb

    "Meta" şirkətinin mətbuat katibi Endi Stoun sosial şəbəkələrdə nasazlığa səbəb olan texniki problemlərin aradan qaldırıldığını elan edib.

    "Report" xəbər verir ki, E.Stoun "X" səhifəsində müvafiq məzmunlu yazı dərc edib.

    “Bu gün səhər saatlarında sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi. Problemi mümkün qədər tez həll etdik”, - şirkət nümayəndəsi vurğulayıb.

    Bundan əvvəl Honq-Konq provayderi "HGC Global Communications Limited" bəyan edib ki, "Facebook" və "Instagram"dakı nasazlıq Yəmən husilərinin hərəkətləri ilə bağlıdır. Belə ki, onlar Qırmızı dənizin dibi ilə keçən 15 kabeldən dördünü zədələyib.

    Provayder zədələnmiş kabellərin qlobal trafikin 25 %-ni təşkil etdiyini açıqlayıb.

  • Kinematoqrafçılar konfransı keçirilir

    Martın 5-də Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı ittifaqların üzvlərinin iştirakı ilə konfrans keçirilir.

    AZƏRTAC xəbər verir ki, konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

    İki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.

    AKİ 1963-cü ildən fəaliyyət göstərir. İttifaqın İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayevdir. ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.

  • Azərbaycanın iki kino ittifaqı birləşib

    Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

    AZƏRTAC xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

    Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.

    Qeyd edək ki, yalnız rejissor Oqtay Mirqasımov birləşmənin əleyhinə səs verib.

  • “Çarli və şokolad fabriki” əsasında qorxu filmi çəkiləcək

    Dünyaşöhrətli ssenarist Roald Dalın “Çarli və şokolad fabriki” əsəri əsasında qorxu filmi çəkiləcək.

    AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu filmin cari ilin sonlarında nümayiş olunması planlaşdırılıb.

    Ekran əsərinin süjet xətti əsas obraz olan Çarlinin faciəvi ölümü ilə bağlı hadisəni əks etdirir.

  • Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

    Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

    "Report" xəbər verir ki, bu barədə Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı keçirilən konfransda yekdilliklə qərar qəbul olunub.

    Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilən Rasim Balayev çıxışında Şəfiqə Məmmədovanın namizədliyini geri götürəcəyini gözləmədiyini deyib və onu etimad göstərənlərə təşəkkürünü bildirib.

    Qeyd edək ki, Bakıda keçirilən tədbirdə hər iki kino ittifaqının birləşməsinə qərar verilib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

    Xatırladaq ki, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlikdən imtina edib.

  • Mədəniyyət nazirinin Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli tərəfindən martın 6-da saat 10:00-da Zaqatala rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Zaqatala şəhəri, Car küçəsi, Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala şəhərlərindən olan vətəndaşların qəbul tarixi dəyişdirilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu martın 7-də saat 10:00-da həmin ünvanda keçiriləcək.

    Qeyd edək ki, müraciət müddəti bitib.

  • Novruzda Bakı-Qəbələ qatarları hər gün hərəkət edəcək

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib.

    "Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

    Hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.

    Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

  • “Novruz görüşləri” adlı ustad dərslərinə başlanılıb

    Mədəniyyət Nazirliyinin dəstəyilə “Novruz görüşləri” adlı ustad dərslərinə başlanılıb.

    AZƏRTAC xəbər verir ki, görüşlərin keçirilməsində əsas məqsəd musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsidir.

    Tanınmış və sahəsi üzrə peşəkar şəxslərin Bakının məşhur tarixi binalarında gənclərlə ustad dərsi və interaktiv müzakirə formatında görüşlərinin təşkil edilməsi nəzərdə tutulub.

    Görüşlərin martın 5-dən 20-dək keçirilməsi planlaşdırılıb. Məkan və tarix barədə məlumat qeydiyyatdan keçən şəxslərə əvvəlcədən göndəriləcək.

    Tədbirdə tamaşaçı kimi iştirak üçün https://bitly.ws/3eSTk link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.

  • Bakı metrosunda əlavə yükləmə terminalları yerləşdirilib

    "Bakı Metropoliteni" QSC-nin iki stansiyasının texniki zonasında əlavə yükləmə terminalları yerləşdirilib.

    "Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, sərnişin məmnunluğunun artırılması, təhlükəsizlik tələbləri və hərəkət rahatlığının təmin edilməsi məqsədilə Bakı metropolitenində sərnişindaşıma ilə əlaqədar bütün sahələrdə monitorinqlər davam etdirilir. Həmçinin, bu il ölkəmiz üçün BMT-nin İqlim Dəyişikliklərinə dair Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP29) keçirilməsi də nəzərə alınmaqla, aidiyyəti qurumlarla birlikdə əlaqəli fəaliyyətin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Həm sərnişin məmnunluğu, həm də COP29-la əlaqədar məsələlərin həlli ilə bağlı yanvar ayının son günlərindən başlamaqla metropolitendə ödəniş sisteminin tətbiq edilməsi üzrə məsul qurumla birgə fəaliyyət planı hazırlanıb.

    Monitorinqlər əsasında Bakı metrosunun stansiyalarında “BakıKart” terminallarının yerləşdirilməsi və əlavə zəruri tədbirlər müəyyən edilib. Bu xüsusda təkcə Bakı metropoliteni deyil, eyni zamanda, bir sıra stansiyaların yaxınlığında yerləşən yerüstü ictimai sərnişindaşıma nəqliyyatı dayanacaqlarından istifadə edənlərin tələbatı da öyrənilib.

    “Sahil” və “28 May” stansiyalarında zəruri ehtiyac yarandığından, “BakıKart” plastik kartlarının yüklənməsi ilə bağlı metro istifadəçisi olmayan sərnişinlərin rahatlığını təmin etmək məqsədilə girişlərə yaxın olan texniki zonaların hər birində əlavə 2 ədəd yükləmə terminalları yerləşdirilib. Bu isə sərnişinlərin Bakı metropoliteninə daxil olmadan kartın alınması və gediş haqqının yüklənməsi ilə bağlı rahatlığını təmin edib. Eyni zamanda həmin stansiyalarda sərnişinlərin vestibüllərdə daha rahat hərəkəti, terminallardan daha çevik istifadə etməsi, axın üzrə sərnişinlərin daha operativ yoxlanılması və yönləndirilməsi təmin edilib.

    Hazırda digər istiqamətlər və məsələlər üzrə monitorinqlər və tədbirlər davam etdirilir. Bununla yanaşı, birgə fəaliyyət çərçivəsində gediş haqqının yeni ödəmə üsulları və imkanlarının, karta vəsaitin daha çeşidli vasitələrlə yüklənməsi, elektron imkanların yeni tətbiqlərlə genişləndirilməsi və s. istiqamətlərdə işlər görülür.