Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Heydər Əliyev Mərkəzində keçiriləcək mədəni-kütləvi tədbirlər təxirə salınıb

    Sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Mərkəzin parkında keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər, o cümlədən sentyabrın 17-18-nə planlaşdırılan “Art Festival” təxirə salınıb.

    Bu barədə AZƏRTAC-a Heydər Əliyev Mərkəzindən məlumat verilib.

    Allah şəhidlərimizə rəhmət eləsin!

  • Teatr Muzeyi “Cənnətim Qarabağ” adlı rubrikanı davam etdirir

    “Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şərqdə opera teatrının inkişafında özünəməxsus rolu olan Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyevə həsr olunub.

    Xanlar Məmməd oğlu Haqverdiyev 1906-cı il sentyabr ayının 26-da Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olub. Şəhərin əsilli, hörmətli ailələrindən birinə mənsub olduğundan onun mükəmməl elmə, biliyə yiyələnməsinə xüsusi diqqət yetirilirdi. Dövrünün məşhur xanəndələrinə olan rəğbəti hələ uşaq vaxtlarından onda musiqiyə maraq oyadır və o, el şənliklərində ara- sıra ifaçı kimi görünməyə başlayır. Məlahətli səsi ilə hamını özünə valeh edən gəncin öz yolunu seçməsində aktyor Əhməd Ağdamskinin də böyük rolu olur. Məhz onun təşəbbüsü ilə Xanlar Üzeyir Hacıbəylinin yanına yollanır. Onun səsi və istedadı dahi bəstəkarımız tərəfindən bəyənilir. Beləliklə, o, 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olur. Oxumaq həvəsi, çalışqanlığı və qabiliyyəti sayəsində ilk günlərdən buradakı müəllimlərin diqqətini cəlb edir. Qısa müddət ərzində milli, habelə dünya klassik musiqi sənətinin sirlərini dərindən mənimsəyə bilir. Bununla kifayətlənməyərək Xalq artisti Seyid Şuşinskidən Azərbaycan muğamlarının və Qarabağ xanəndəlik məktəbinin incəliklərini də öyrənir. Onun istedadı sənət adamlarının nəzərindən yayınmır. Belə ki, 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının xor bölməsinə qəbul edilir. Lakin gözəl səs diapazonu ilə yanaşı, həm də səlis nitqə malik olan gənc Xanlar yalnız xorda oxumaqla kifayətlənmir, həm də epizodik rollarda səhnəyə də çıxır. O, Ü. Hacıbəylinin “Leyli və Məcnun”unda Zeyd, Əbül-Qeys, “Əsli və Kərəm”ində Sofi, Z. Hacıbəylinin “Aşıq Qərib”ində Aşıq Səlim kimi obrazların öhdəsindən məharətlə gəlir. Xanəndə eyni bir tamaşada gah “Mənsuriyyə” zərbli muğamı, gah da “Şur” dəstgahı üstə füsunkar bir avazla oxuyaraq hamını səsinə heyran edə bilir. 1931-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Opera və Balet Teatrına geri qayıdan aktyor-xanəndə artıq bütün muğam operalarında baş rollarda çıxış etməyə başlayır. Hüseynqulu Sarabski, Şövkət Məmmədova, Hüseynağa Hacıbababəyov, Əli və Qəmbər Zülalov qardaşları, İsmayıl Eloğlu, Münəvvər Kələntərli, Həqiqət Rzayeva və s. kimi dövrünün peşəkar sənətkarlarla eyni səhnəni bölüşmək, qastrol səfərlərinə çıxmaq X. Haqverdiyevin yaradıcılığına müsbət təsir göstərir. Sənət dostlarının zəngin təcrübəsi onun səhnə səriştəsinin artmasında müstəsna rol oynayır. Xanəndə təkcə opera tamaşalarında iştirak etməklə kifayətlənmir, həm də muğamat və xalq mahnılarının mahir ifaçısı kimi də Azərbaycan Dövlət Şərq Orkestrinin müşayiəti ilə tez-tez konsertlər də verirdi.

    1937-ci ilin repressiyası X. Haqverdiyevin də taleyindən izsiz ötüşmür. Bu ədalətsiz siyasət onu öz doğma vətənindən ayırır. Lakin mövcud olan ağır vəziyyət, baş verən ürək ağrıdan hadisələr aktyoru teatrdan uzaqlaşdıra bilmir. O, dövrünün dahi şəxsiyyətlərinə, ziyalılarına “düşmən kəsilən gözlərdən” uzaq olmaq və yaradıcılığını davam etdirmək məqsədilə Türkmənistanın Aşqabad şəhərinə köçür. 1938-40-cı illərdə burada fəaliyyət göstərən Azərbaycan Dövlət Opera və Balet Teatrının truppasında çalışır. Bilavasitə onun da iştirakı ilə 1940-cı ildə həmin kollektivin bazası əsasında Türkmənistan Dövlət Opera və Balet Teatrı yaradılır və teatrın səhnəsində müxtəlif xalqların, o cümlədən Azərbaycan milli operalarından partiyalar ifa edərək sənətin zirvəsinə yüksəlir. X.Haqverdiyev lirik-dramatik tenor səsə malik olduğundan Ü. Hacıbəylinin “Koroğlu” operasında Koroğlu obrazını elə gözəl ifa edir ki, bütün türkmən xalqının məhəbbətini qazanır. Beləliklə aktyor milli teatr və musiqi mədəniyyətimizin ölkə hüdudlarından kənarda təbliğində, sevilməsində əhəmiyyətli rol oynayır. Lakin qazandığı uğurlara baxmayaraq qəlbində vətən nisgili çəkən xanəndə 1942-ci ildən yenidən Bakıya qayıdır. Həmin ildən 1963-cü ilədək indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində müxtəlif illərdə Ü. Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, M. Maqomayevin “Nərgiz”, F. Əmirovun “Sevil”, Q. Qarayev və C. Hacıyevin “Vətən”, Ə. Bədəlbəylinin “Nizami”, P. Çaykovskinin “Yevgeni Onegin”, R. Qliyerin “Şahsənəm”, R. Mustafayevin “Vaqif”, C.Verdinin “Siciliya axşamları” və başqa opera və operettalarda Alı kişi, Ehsan paşa, carçı, Məcnun, İbn Səlam, Cəfər, Əlyar, Babakişi, Aşıq Səlim, Kəmaləddin, Trike, Aşıq Həsən, gürcü əsiri, Tibo kimi irili-xırdalı rollara öz imzasını atır. O, təqaüdə çıxdıqdan sonra belə teatrdan ayrılmayır, gənc aktyorların, yeni xanəndələrin yetişməsi üçün heç vaxt öz dəstəyini əsirgəmir.

    X.Haqverdiyev musiqili səhnə sənətinin inkişafında göstərdiyi mədəni xidmətlərə görə 1939-cu ildə Türkmənistan Respublikasının və 1956-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adlarına layiq görülüb. Bundan əlavə fəxri fərmanlarla və "Əməkdə fərqlənməyə görə" medalı ilə də təltif olunub. 1959-cu ilin may ayında Moskvada keçirilmiş Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak edib. Onu da qeyd edək ki, o, yazıçı-dramaturq Marat Haqverdiyevin atasıdır.

    Xanlar Haqverdiyev 74 yaşında 1980-ci il dekabr ayının 5-də Bakıda vəfat edib.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla bağlı bəyanat yayıb

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatla bağlı bəyanat yayıb.

    AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:

    “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində törədilmiş genişmiqyaslı təxribatları qətiyyətlə pisləyir və Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirir.

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olan şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir”.

  • “Warner Bros.” kino şirkətindən işçilər kütləvi ixtisar edilib

    “Warner Bros. Discovery” şirkəti satış və reklam şöbəsindən 100 işçini ixtisar etdiyini açıqlayıb.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, “Warner Bros.” kino şirkətinin yeni rəhbərliyi qarşıdan gələn iki il ərzində maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaldaraq 3 milyard dollar qənaət etməyi planlaşdırır.

    Bu proqramın bir hissəsinə istehsalın müxtəlif mərhələlərində olan, o cümlədən ekranlara çıxmağa demək olar ki, hazır olduğu halda böyük büdcəli layihələrin bağlanması da aid olunub. Təkcə “Batgirl” filmini buna misal çəkmək olar.

  • “Cənnətim Qarabağ”: Məcid Behbudov

    “Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika çərçivəsində növbəti təqdimat Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, adı musiqi tariximizə unudulmaz sənətkar kimi həkk olunmuş Məcid Behbudova həsr olunub.

    AZƏRTAC xəbər verir ki, rubrikada unudulmaz sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilir.

    Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də Şuşada anadan olub. Məcid bəyin atası Behbudalı kişi bir müddət Qarabağın Boyat kəndində Mirzalıbəy Behbudovun malikanəsində təsərrüfat işlərində çalışıb. Onun vəfatından sonra ailənin bütün qayğılarını balaca Məcid öz çiyinlərində çəkməli olur. O, varlı bir tacirin yanında işləməyə məcbur qalır. Gənc Məcid həmin bu tacirin şərq ölkələrindən alıb-gətirdiyi müxtəlif çeşnili, rəngarəng parçaları boğçasına yığıb məhəllə-məhəllə, evbəev dolanaraq malları satmağa çalışırdı. Küçələrdən keçərkən xoş avazla “Segah” və “Bayatı” üstündə “Ay arşın malı alan!” - deyə oxuyan bu cavan oğlanı artıq Şuşada hamı yaxşı tanıyırdı. Varlı şəxslərin malikanələrinə hər arşın malı aparanda onun məftunedici səsini eşidib duyanlar evlərinə dəvət edər, bir ağız muğam oxumasını istərdilər. Müştərilər bunun müqabilində gənc arşınmalçıdan mal alardılar. Beləliklə gənc Məcidin alveri həmin günlər qat-qat yaxşı gedərdi. Bu çətin həyatın müqabilində tale ona əvəzsiz bir sərvət vermişdi. O, məlahətli səsi ilə nəinki şəhər əhlinin, hətta din xadimlərinin belə diqqətini çəkirdi. Məcid tez-tez Yuxarı Gövhər ağa məscidində minacat verməyə dəvət alır, məhərrəmlik təziyadarlığında növhə oxuyur, hətta şəhərdə böyük təmtəraqla keçirilən el şənliklərində, musiqi yığıncaqlarında və şəbih tamaşalarında da məmnuniyyətlə çıxış edirdi. Bu gənc arşınmalçının gözəl səsinə valeh olan bəylər onu bir xanəndə kimi özlərinin toy və kef məclislərinə də dəvət edirdilər. Deyilənlərə görə M. Behbudov öz gələcək həyat yoldaşı Firuzə xanımla belə məclislərdən birində qarşılaşıb. Sonradan onu görməkdən ötrü həmin evə arşın malçı qiyafəsində gələrmiş. Şuşada dildən-dilə dolaşan bu hadisə illər sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasının ana xəttinə çevrilir. Üzeyir bəyin bu operettanın baş qəhrəmanı olan tacir Əsgərin timsalında məhz Məcid Behbudovun prototipini yaratdığı deyilir. Taleyin qəribəliyinə baxın ki, zaman ötüb, ata-ananın məhəbbət tarixçəsini oğlu Rəşid kinoda canlandırıb və bu film dünyalarca məşhur olub.

    Hələ uşaqlıq illərindən şerə, musiqiyə, muğama böyük həvəs göstərən və xanəndə olmaq arzusu ilə yaşayan M. Behbudov 1904-cü ildə ailəsi ilə birgə Tiflisə köçür. Burada yaşayan həmyerli sənətkarlarla birgə şənliklərdə, yığıncaqlarda iştirak edən xanəndə qısa bir müddət ərzində musiqisevərlər arasında tanınaraq, böyük nüfuz və hörmət qazanır. Görkəmli aktyor, respublikanın əməkdar artisti Cəlil bəy Bağdadbəyovun xatirələrindən belə bəlli olur ki, Məcid bəy rəsmi olaraq xanəndəliyə 1906-1907-ci illərdə başlayıb. O, öz sənət dostları tarzən Məşədi Zeynal Haqverdiyev və Rzabala ilə Tiflisdən tutmuş Zaqafqaziyanın, demək olar ki, bütün şəhər və kəndlərində təşkil olunan məclislərə dəvət alırdı. Tez-tez Tiflisin məşhur “Dvoryanski klubu”nda çalıb-oxuyan xanəndə həm də teatr tamaşalarının fasilələrində də tarzənlərlə birgə çıxış edirdi. O, artıq XX əsrin əvvəllərində Gürcüstanda sayılıb-seçilən məşhur xanəndələrdən biri idi. Təsadüfi deyil ki, 1910-cu ildə “Qrammofon” cəmiyyəti tarzən Məşədi Cəmil Əmirov, qarmonçalan Kərbəlayı Lətif Əliyev, Malıbəyli Həmid, Malıbəyli Əsgər, Seyid Mirbabayev kimi dövrün şöhrətli sənətkarları ilə birlikdə Məcid Behbudovu da Riqaya dəvət edir. Geniş repertuara sahib olan M. Behbudov burada Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir neçə muğamı, xalq mahnısını, təsnifi vala yazdırır. Onu da qeyd edək ki, ümumiyyətlə, həmin illərdə M.Behbudov səsini vala yazdırmaq üçün dəfələrlə bir çox Avropa ölkələrinə dəvət almış və bu səfərlərdə xanəndəni rus və fransız dillərini mükəmməl bilən həyat yoldaşı Firuzə xanım müşayiət etmişdi.

    Qarabağ xanəndəlik məktəbinin digər yetirmələri kimi M. Behbudov da Azərbaycanda opera teatrının inkişafına yaxından kömək göstərib. O, ilk dəfə səhnəyə 1911-ci ildə Bakıda Nikitin qardaşlarının teatrında tamaşaya qoyulan "Fərhad və Şirin" operasında Xosrov rolunda çıxıb. 1915-ci ildə isə sənət yoldaşı Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasının Gəncədəki ilk tamaşasında Ələsgər Abdullayev və Murtuza Məmmədovla tərəf-müqabili olub. Sonralar xanəndə müntəzəm olaraq Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Arşın mal alan”, “O olmasın bu olsun” və s. opera və operettalarında Nofəl, Məcnunun atası, Sofi, Süleyman, Həsənqulu bəy kimi müxtəlif obrazları ifa edib.

    1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra M. Behbudov və həyat yoldaşı Firuzə Vəkilova Tiflisin mədəni və ictimai həyatında fəal rol oynayıblar. Uzun illər Məcid bəy musiqi, Firuzə xanım isə maarif sahəsində çalışıblar. Firuzə xanım şəhərdə Azərbaycan məktəblərində rus və fransız dilindən dərs deyib. Lakin 1933-cü ildə Firuzə xanımın vaxtsız vəfatı sənət eşqi ilə yaşayıb-yaradan sənətkarı dərin böhrana salır. Bu ağır itki ilə barışmayan xanəndə Tiflisi tərk edir. Bir müddət İrəvanda İncəsənət İşçiləri İttifaqının Şərq orkestrində işlədikdən sonra vətənə qayıdır və Qazaxda rayon mədəniyyət evində çalışmağa başlayır. Burada o, gənc istedadların təlim və tərbiyəsi ilə məşğul olur, onlara Qarabağ xanəndəlik məktəbinin sirlərini öyrədir.

    Ömrünün düz 40 ilini xidmət etdiyi sənətə könül xoşluğu ilə həsr edən görkəmli sənətkar M.Behbudov 1945–ci ilin sentyabr ayının 9–da Qazaxda vəfat edib. Doğulub, böyüyüb-başa çatdığı və bir zamanlar yoxsul gənc ilə zəngin qızın sevgi dastanının başladığı doğma ata-baba yurdu Şuşa uzaq olduğu üçün elə Qazaxda dəfn olunub. Xanəndə yaradıcılıq fəaliyyəti boyunca Azərbaycanın şəhərləri, Qafqaz ölkələri ilə yanaşı, İranda da qastrol səfərlərində olmuş, yerli əhali arasında xalq musiqimizi, muğamımızı təbliğ etmişdir. Onun yolunu ardınca övladları SSRİ Xalq artisti Rəşid Behbudov, Ənvər Behbudov və Əməkdar artist Nəcibə Behbudova layiqincə davam etdirib, milli mədəniyyətimizin inkişafında özünəməxsus iz qoyublar.

  • “Abdulla Şaiq - Danışan xatirələr” bədii-sənədli filminə qapalı baxış olacaq

    Azərbaycan Televiziyasının istehsalı olan "Abdulla Şaiq - Danışan xatirələr" bədii-sənədli filminə qapalı baxışı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, tədbir sentyabrın 14-də "Park bulvar"da yerləşən "Park cinema"nın VIP zalında təşkil olunacaq.

  • Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Dövlət Məşğulluq Agentliyi birgə əməkdaşlıq əlaqələrini müzakirə edib

    Postpandemiya dövründə turizm sahəsinin inkişaf perspektivləri, bu sektorda işsiz olan şəxslərə, eləcə də iş axtaran sahibkarlara dəstək mexanizimlərinin hazırlanması, regionlarda yerləşən turizm obyektlərində məşğulluğun təmin edilməsi kimi məsələlər sentyabrın 12-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri arasında keçirilən görüşdə müzakirə olunub.

    ATAA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov pandemiyadan sonra ölkə turizminin bərpa olunmağa başladığını, gəlmə turizmdə və daxili turizmdə müsbət dinamikanın müşahidə edildiyini bildirib.

    Göydəniz Qəhrəmanov müəyyən çətinliklərin və çatışmazlıqların olmasına baxmayaraq, regional turizmin inkişaf etdiyini, bu sektorda həm işsiz qalanlara, həm də işaxtaran sahibkarlara birgə dəstək göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

    Rayon və kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli turizm sahəsində fəaliyyət göstərən assosiasiyalarla əməkdaşlığın qurulmasının, bu sahədə ixtisaslı kadrların hazırlanmasının mühüm olduğunu bildirib.

    Mustafa Abbasbəyli çıxışı zamanı ATAA-nın nümayəndələrinə regionlarda yaradılan kənd qonaq evləri layihəsi haqqında məlumat verib, bu sahədə aparılan işlərlə bağlı birgə nəzarət mexanizminin və monitorinq qrupunun yaradılmasının, eləcə də hər iki qurum arasında əlaqələndirici nümayəndələrin təyin olunmasının vacib olduğunu bildirib.

    Görüş çərçivəsində peşə təhsili sahəsində görülən işlər və gələcək planlar, turizm sahəsi üzrə önəmli sayılan peşələrin əmək bazarına uyğunlaşdırılması, informasiya mübadiləsinin aparılması, eləcə də ATAA-ya üzv olan şirkətlərin nümayəndələri üçün Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi layihələr barədə məlumatlandırıcı tədbirlərin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

  • Qənirə Paşayevanın həmmüəllif olduğu “Türk ruhunun bayrağı Əhməd Cavad” kitabının təqdimatı olub

    Sentyabrın 13-də Azərbaycan İstiqlal Muzeyində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərlinin müəllifi olduğu “Türk ruhunun bayrağı Əhməd Cavad” kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, Əhməd Cavadın anadan olmasının 130 illiyi, vəfatının 85-ci münasibətilə hazırlanmış kitabın təqdimat mərasimində Milli Məclisində deputatları, elm və mədəniyyət xadimləri iştirak ediblər.

    Əvvəlcə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib və Dövlət Himni səsləndirilib.

    Ümummilli lider Heydər Əliyevin türk dünyasının birliyi, tarixi şəxsiyyətlərimizin tanınması, ortaq türk bədii ədəbiyyatının və poeziya aləminin yaranması istiqamətində atdığı addımlardan bəhs edən çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyev bu məqsədyönlü siyasəti uğurla davam etdirərək mühüm strategiya müəyyən edib. Böyük istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin məlum Sərəncamı bu istiqamətdə atılan mühüm addımlardandır.

    Diqqətə çatdırılıb ki, Əhməd Cavad ömrünü, canını, bütün varlığını türkçülük və turançılıq ideyalarına həsr edib. Düşmənləri ideya və təfəkküründən daim təlaş keçirdikləri üçün onun məzarının olmasına belə imkan verməyiblər. Bütün bunlara baxmayaraq, Türkiyə və Azərbaycanın müstəqilliyi yolunda yorulmaz fəaliyyət göstərən istiqlal şairimizin əziz xatirəsi on milyonlarla insanın qəlbində yaşayır. Əhməd Cavad vətənə, torpağa, Azərbaycan-Türkiyə qardaşlığına, bayraqlarımıza ən çox şeir həsr edən poeziya sərrafı kimi əbədi həyat qazanıb.

    Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbədən geniş söz açılıb. Əminliklə ifadə olunub ki, Qarabağ Zəfəri ömrünü Azərbaycan və Türkiyənin müstəqilliyi, azadlığı, bütövlüyü yolunda fəda edən Əhməd Cavad kimi böyük insanların şəxsiyyətinə ən böyük ərməğandır.

    Sonra təqdim olunan kitabın əhəmiyyəti barədə fikir və düşüncələr bölüşülüb.

  • Teatr Muzeyi “Cənnətim Qarabağ” adlı rubrikasını davam etdirir

    “Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan peşəkar teatrının ilk milli aktrisalarından olan, opera və operettalarda əksər qadın obrazlarının ifaçılarından biri Məhbubə Paşayevaya həsr olunub.

    Məhbubə Məmməd qızı Paşayeva 1905-ci ildə Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərində anadan olub. O, Üzeyir Hacıbəylinin böyük bacısı Sayad xanımın qızıdır. 1907-ci ildə Sayad xanım həyat yoldaşının qəfil ölümündən sonra övladları ilə birgə doğma ata-baba yurdunu tərk edərək Bakıya, qardaşının yanına köçüb. Ü. Hacıbəylinin bacısı uşaqlarının tərbiyəsində və yaxşı təhsil almasında, hətta ailə qurmalarında böyük rolu olub.

    Üzeyir bəyin Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və s. kimi dahilərlə dostluğu uşaqların dünyagörüşünə, habelə onların həyat yolunun müəyyənləşməsinə əhəmiyyətli təsirini göstərir. Həmin vaxtlarda aktyorlar, rejissorlar, yazıçılar, şairlər, müəllimlər, xanəndələr, bir sözlə, o dövrün məşhur ziyalıları gənc bəstəkarın evinə tez-tez qonaq gələrdilər. Onlar burada mədəniyyətə, maarifə, teatra, musiqiyə aid məsələlər ətrafında müzakirələr aparar, səhnəyə qoyulacaq tamaşaları məşq edərdilər. Bütün bunlar dayısının himayəsində böyüyən balaca Məhbubənin gözləri qarşısında baş verər, onda incəsənətə olan həvəsi daha da artırardı. Dinlədiyi hər musiqi parçası, izlədiyi hər tamaşa onu teatra hər gün bir az da yaxınlaşdırardı.

    M. Paşayevanın sənətə gəldiyi illər teatrın çətin vaxtlarına təsadüf edirdi. Belə ki, o illərdə hətta kişilərin də səhnəyə çıxması hər deyəndə xoş qarşılanmırdı, bəzən həyatları bahasına başa gəlirdi.

    Teatrda tanınmış səhnə xadimləri Əhməd Bədəlbəyli-Ağdamski, Zülfüqar Sarıyev, Hüseynağa Hacıbababəyov, Əli və Qəmbər Zülalov qardaşlarından dəyərli məsləhətlər alaraq onların zəngin səhnə təcrübəsini mənimsəyən aktrisa tamaşadan-tamaşaya püxtələşir və daha sanballı rollara təkliflər alır. Ü. Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu”, “Arşın mal alan”, “O olmasın bu olsun”, Z. Hacıbəylinin “Aşıq Qərib”, M. Maqomayevin “Şah İsmayıl”, “Nərgiz” opera və operettalarındakı Leyli, Əsli, Xanəndə qız, Gülçöhrə, Asya, Gülnaz, Şahsənəm, Ərəbzəngi, Naznaz, Ənbər kimi obrazlar aktrisanın repertuarının əsasını təşkil edir. Xatirələrdə Üzeyir bəyin "Koroğlu" operasını yazarkən Xanəndə qız obrazını Məhbubə xanım üçün nəzərdə tutduğu, bu ariyanı məhz onun səsi üçün yazdığı göstərilir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə M. Paşayeva həmin ariyanı paytaxt tamaşaçıları qarşısında elə gözəl ifa edib ki, həmin çıxışa görə ona qızıl saat hədiyyə olunduğu da söylənilir. Səhnə bacarığından əlavə gözəl əl qabiliyyətinə və zövqə malik olan sənətkarın "Koroğlu" operasının tamaşası üçün yaxalıqlar, sinəliklər, araxçınlar belə hazırladığı məlumdur. 1948-ci ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərən aktrisa bu sənət ocağının səhnəsində Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov kimi sənətkarlarla tərəf-müqabili olub. Aktrisa sonrakı illərdə Azərbaycan Dövlət Xor Kapellasında və Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Qeyd edək ki, bəzi mənbələrdə M. Paşayevanın soyadı “Zeynalova” kimi də gedib.

    Opera sənətimizin inkişaf dövründə özünəməxsus ifa tərzi ilə öz dəst-xətini yaradan M. Paşayeva mənsub olduğu görkəmli nəslin nüfuzunu ləyaqətlə doğrultmuşdur. Onun 1967-ci ildə lentə alınan "Koroğlu" operasından Nigarın ariyası, "Arşın mal alan"dan Gülçöhrənin ariyası, "Şah Abbas və Xurşid Banu" operasından Xurşidin təsnifi, xalq mahnısı "Yar bizə qonaq gələcək", bayatılar üstündə "Qarabağ şikəstəsi" kimi səs yazıları bu günümüzə mirasdır.

    Məhbubə Paşayeva 1970-ci ildə Bakı şəhərində vəfat edib.

  • Xalça Muzeyində mühazirə - “Süjetli Şuşa xalçaları”

    Sentyabrın 17-də Azərbaycan Milli Xalça Muzeyində “Süjetli Şuşa xalçaları” adlı mühazirə keçiriləcək.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, iştirakçılar muzeydə qorunub saxlanılan XIX - XX əsrlərə aid Şuşaya aid süjetli xalçaların ideya və bədii quruluşu, eləcə də həmin dövrdə yaşamış insanların həyat tərzi barədə maraqlı məlumatlar əldə edəcəklər.

    Mühazirə muzeyinin direktor müavini, baş fond mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova tərəfindən təqdim olunacaq.

    İştirak üçün öncədən qeydiyyatdan keçmək vacibdir.