Bilik Günü ərəfəsində – sentyabrın 9-dan 11-dək paytaxtın Nizami rayonundakı Heydər Əliyev adına parkda “Bilik” kitab sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək sərgi bu yaxınlarda yol qəzası nəticəsində həyatını itirən “Bakumoz” kitab evinin sahibi, ANAİB-in kitabçı yoldaşı Nurəddin Məmmədlinin xatirəsinə ithaf edilir.
Sərgidə məktəbli ləvazimatı, test topluları, çantalar, həmçinin bədii əsərlərin satışı olacaq.
Sərgidə iştirak edəcək 24 nəşriyyat və mağaza öz məhsullarına 80 faizədək endirimlər nəzərdə tutub.
Sərgi çərçivəsində həmçinin yazıçıların imza saatları, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi, ustad dərsləri və s. tədbirlə təşkil olunacaq.
2023-cü ildə “Azərbaycanfilm” kinostudiyasının yaranmasının 100, Azərbaycan kinosunun isə 125 ili tamam olur. Bu münasibətlə tədbirlər planı tərtib edilib.
AZƏRTAC xəbər verir ki, 2022-2023-cü illəri əhatə edən tədbirlər planında “Azərbaycanfilm”də indiyə qədər istehsal olunan filmlərin bərpası, təbliği və yeni filmlərin istehsalı nəzərdə tutulub. Bundan başqa, filmlərin təbliği ilə bağlı olan planda klassik filmlərin posterlərinin, treylerlərinin, ingilis dilində subtitrlərinin hazırlanması, köhnə filmlərimizin rəqəmsal formata keçirilməsi, sosial media ilə bağlı həftəlik müzakirə verilişlərinin hazırlanması da nəzərdə tutulub.
Tədbirlər planında “Azərbaycanfilm 100 -afişalar”, “Azərbaycanfilm 100- kadr arxasında”, həmçinin rekvizit-geyim, eskiz- dekorların sərgisi, dəyirmi masalar, konfransların keçirilməsi də öz əksini tapır. Bununla yanaşı, “Azərbaycanfilm”in 100 illik tarixini, fəaliyyət istiqamətini, həyata keçirdiyi ən uğurlu layihələri bir neçə versiyadan ibarət olan tanıtım çarxlarında nümayiş olunacaq.
Kinostudiyanın nəşrlərə bağlı planında isə, kino ilə bağlı fundamental nəşrlərin tərcüməsi və nəşri, klassik filmlərin ssenarilərinin çapı, “Azərbaycanfilm – 100” kataloqunun iki dildə hazırlanıb nəşr edilməsi nəzərdə tutulub. İstehsalın inkişaf etdirilməsi məqsədilə mütəmadi müsabiqələrin keçirilməsi, ssenari portfelinin formalaşdırılması da planda yer alıb.
Qeyd edək ki, tədbirlər planında tələbələr üçün “Açıq qapı günü – “Azərbaycanfilm” turu”nun təşkil edilməsi, hər ay bir bölgədə olmaqla seçilmiş 12 bölgədə (Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran, Zaqatala, Biləsuvar, Ağdam, Yevlax, Qazax, Şirvan ) “Azərbaycanfilm-100” kino həftəsinin keçirilməsi – həftə ərzində həmin bölgədə tamaşaçılarla kino mütəxəssislərinin görüşlərinin, film nümayişlərinin və müvafiq sərgilərin təşkil olunması xüsusilə qeyd olunub.
Türkdilli ölkələrdə və MDB məkanında “Azərbaycanfilm” tanıtım tədbirlərinin keçirilməsi də bu plana daxildir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırıması üçün tapşırıqlar verib.
Bu barədə Reporta Agentlikdən bildirilib.
Məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlər görülür.
"Gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənməli, tələbat olan xətlər üzrə avtobus sayı artırılmalıdır. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zərurililiyi diqqətə çatdırılıb.
Sərnişindaşımaların düzgün və səmərəli icra olunması üçün hərəkət iştirakçılarına o cümlədən fərdi avtomobil sürücülərinə anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Çünki bu cür hərəkətlər ictimai nəqliyyat istifadəçiləri üçün əlavə çətinliklər yaradır.
Qeyd edilənləri nəzərə alaraq vətəndaşlarımızı mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıq.
Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında piyada piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində də müvafiq işlər görülür. Eyni səviyyəli piyada keçidləri yenidən boyanır, zəruri olan yerlərdə piyada keçidlərində sarı döyünən işıqlar quraşdırılır, asfalt üzərinə “Yavaş Məktəb“ xəbərdarlığı qeyd edilir", - qurum bəyan edib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türk Standartları İnstitutunun (TSE) nümayəndələri ilə görüş keçirilib.
Report bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Xidmət rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, prioritet istiqamətlər üzrə aparılan islahatlar barədə məlumat verib. O, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə TSE arasında imzalanmış Anlaşma Memorandumu və Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, AZSTAND-ın ölkədə Türkiyənin 9 mindən çox milli standartının rəsmi nəşrlərini dərc etmək hüququna malik olmasını, TSE ilə əməkdaşlığın önəmini vurğulayıb.
TSE-nin sədri Mahmud Sami Şahin AZSTAND ilə səmərəli əlaqələrin, birgə fəaliyyətin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə iki qurum arasında təcrübə mübadiləsinin aparılması məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi barədə razılıq əldə olunub.
Azərbaycanın dekorativ sənət mədəniyyətində özünəməxsus yer tutan zəngin və rəngarəng, həndəsi ornamentli naxışların üstünlük təşkil etdiyi bədiitikmə növü sayılan qurama sənətinə həsr edilmiş sənədli film çəkilib.
AZƏRTAC xəbər verir ki, film “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Milli Qurama Festivalı çərçivəsində çəkilib.
Filmin rejissoru Ülviyyə Könüldür.
Dövlət Turizm Agentliyi Quba rayonundakı “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda 44 qəzalı evin təmir-bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Report dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi Gürcüstana məxsus "Maqro Construction" MMC-nin yerli filialıdır.
Qalib şirkətə 4,398 milyon manat ödəniləcək.
Sentyabrın 10-da YARAT Müasir İncəsənət Mərkəzində alfa nəslinə həsr olunmuş “genafest” uşaq festivalının açılışı olacaq.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, festival zamanı uşaqlar və onların ailə üzvləri maraq dairələrinə uyğun müxtəlif ustad dərslərində, panel müzakirələrdə, instalyasiya və performanslarda iştirak etmək imkanı əldə edəcəklər.
Layihə bir sıra tərəfdaşların, Dənizkənarı Bulvar İdarəsi, “iTicket” platforması, “AzəRobot”, “ASAN radio”, “Wonderland, Kinderland”, "Avanqard" kamera orkestri, “Aquatic” Su İdman Sarayı, ENTESK, “Cosplay Club” təşkilatlarının dəstəyi ilə həyata keçiriləcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi “Yubileylər silsiləsi” layihəsini davam etdirir.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, növbəti səyyar dəyirmi masa kitabxananın əməkdaşı Elnarə Qarayeva tərəfindən Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunub.
Dəyirmi masada kitabxana əməkdaşı bəstəkarın həyatı və yaradıcılığı haqqında məlumat verib, həmçinin oxucuların mövzu ilə bağlı suallarını cavablandırıb.
Sonra kitabxanaçı oxucuları bəstəkarın kitabxananın fondunda olan kitabları ilə tanış edib.
Azərbaycan höküməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” yekunlaşmaq üzrədir.
Bu barədə Reporta "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, qurumda JICA nümayəndə heyəti ilə keçirilən görüşdə layihənin icra vəziyyəti və görülmüş işlər ətraflı müzakirıə olunub. Səhmdar cəmiyyətinin sədr müavini müavini Etibar Məmmədov Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini bildirib, içməli və tullantı su sistemlərinin yenidən qurulması layihələrinin icrasında JICA-nın rolunu yüksək qiymətləndirib.
Agentliyin Şərqi və Mərkəzi Asiya, Qafqaz departamentinin direktor müavini Tanabe Hideki “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nin uğurla həyata keçirildiyini, əhalinin sosial rifahının və məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verdiyini diqqətə çatdırıb.
Görüşdə içməli su təchizatı və tullantı su sektorunda gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində içməli və tullantı su şəbəkələri yenidən qurularaq istismara verilib. Naftalan şəhərində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşıb və qurğu istismara verilib. Xızı şəhərindəki qurğu sınaq rejimində işləyir, Xaçmaz və Qobustan şəhərləri, Altıağac qəsəbəsindəki qurğuların tikintisi üzrə son tamamlama işləri aparılır.
Azərbaycanın həndbol üzrə milli komandaları və klubları üçün nəzərdə tutulan "ABU Arena"nın adı dəyişdiriləcək.
Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Reporta verdiyi məlumata görə, ad dəyişikliyi idman qurğusundakı təmir işləri yekunlaşdıqdan sonra rəsmiləşəcək.
2004-cü ildə sırf həndbol üçün istismara verilən “ABU Arena”da tikildiyi dövrdən heç bir təmir işləri aparılmadığından, normal fəaliyyət göstərmək mümkün deyildi. Hazırda AHF idman kompleksində təmir-bərpa işləri həyata keçirilir.
Təmir işlərindən sonra "AHF Arena" kimi fəaliyyətini davam etdirəcək kompleksdə komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaranacaq. Komandaların maddi-texniki bazasının yaxşılaşdırılmasına və həndbolun inkişafına hesablanan müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Bununla da həndbolsevərlər həm Azərbaycan çempionatı, həm də, Avrokubok oyunları və milli komandaların seçmə mərhələ görüşlərini yenilənmiş “AHF Arena”da izləmək imkanı qazanacaqlar.
Qeyd edək ki, 7-8 iyunda Avstriyanın paytaxtı Vyanada Avropa Həndbol Federasiyasının baş ofisində qurumun prezidenti Mixael Viderer və AHF prezidenti Saleh Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə Avropa çempionatının Bakıda təşkil olunması ilə bağlı müzakirələr aparılıb.