Sentyabrın 19-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Şuşa İli” çərçivəsində “Qardaşlıq salnaməsi” adlı konsert proqramı təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, konsert zamanı Azərbaycan və Türkiyə sənətçiləri eyni səhnəni bölüşəcəklər.
Belə ki, konsertdə solistlər Nəzakət Teymurova, Teyyub Aslanov, Firuz Səxavət, Ehtiram Hüseynov, Dünya Tekin, Özlem Üngör, Zafer Albayrak, İlker Gökkaya, Mustafa Gökay Ferah çıxış edəcəklər.
Həmçinin konsertdə Əliağa Seyidovun bədii rəhbərliyi ilə “Xarıbülbül” muğam qrupu da iştirak edəcək.
Bu ilin avqustun 24-dən 28-dək Türkiyənin İstanbul şəhərində keçirilən Arıçılıq Assosiasiyalarının Beynəlxal Federasiyasının (APİMONDİA) 47-ci Konqresində Azərbaycan balı dünyada 3-cü olub.
Report Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Arıçılıq Assosiasiyasının, Peşəkar Arıçılar Birliyinin 22 nəfərdən ibarət üzvi təmsil edib. Konqresə arıçılarla yanaşı, mütəxəssislər, sahibkarlar, texniki işçilər və rəsmi şəxslər də daxil olmaqla dünyanın 44 ölkəsindən 161 iştirakçı qatılıb. Konqresdə arıçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb, arıçılıq məhsullarının sərgisi keçirilib, istehsal olunan arı məhsullarının müsabiqəsi təşkil edilib.
Sərgidə Azərbaycan arıçıları milli pavilyonda öz məhsullarını nümayiş etdirib, ziyarətçilərə Azərbaycanın genofondu olan Bozdağ Qafqaz arısı, eyni zamanda arıçılığın inkişafı ilə bağlı dövlət dəstəyi barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib. Pavilyonda ziyarətçilərə Azərbaycan balının dadı, ətri və özəllikləri, bal nümunələri təqdim edilib.
APİMONDİA-nın strategiyasına uyğun olaraq konqresdə iştirak edən ölkələr öz məhsullarını müsabiqəyə təqdim edərək yarışda iştirak ediblər. Azərbaycan istehsalı olan arıçılıq məhsulları da müsabiqəyə təqdim edilib. Müsabiqədə ballar 7 ölkədən seçilmiş 42 nəfərlik münsiflər heyəti tərəfindən dəyərləndirilib. Balların təbiiliyi, keyfiyyəti, nəmliyi, mənşəyi, tərkibində antibiotiklər və digər qalıqların olub-olmaması yoxlanılıb, görünüşü, dadı, qoxusu, ətri qiymətləndirilib.
VII Azərbaycan Arıçılıq Konfransdakı bal müsabiqəsində 1-ci və 2-ci yer olmaqla 5 medal qazanan “Qinyətoğulları” şirkəti bu dəfə dünya səviyyəsində 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə operativ monitorinq tədbirlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, monitorinqlər ilkin olaraq Bakı şəhərində yerləşən dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-memarlıq abidələrini əhatə edir. Növbəti monitorinq sentyabrın 7-də Bakı şəhəri Azadlıq prospekti 22 ünvanında keçirilib.
Mətbuat katibinin sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr aradan qaldırılıb. Obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb. Xəbərdarlıqlara əməl etməyən obyekt sahibələrinə protokollar tərtib edilib. Həmçinin Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən, həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanmasının zərurililiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, sentyabrın 1-dən başlayan monitorinqlər nəticəsində 20-də artıq tarix-memarlıq abidəsində monitorinq keçirilib.
Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan monitorinqlər həm paytaxtda, həm də bölgələrdə yerləşən tarixi abidələri əhatə edəcəkdir. Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırır.
“10 il Sizinlə” şüarı ilə keçirilən tədbirlər sırasında bu dəfə Çingiz Mustafayevin konserti baş tutacaq.
AZƏRTAC xəbər verir ki, konsert sentyabrın 11-də Heydər Əliyev Mərkəzinin parkında reallaşacaq.
Xatırladaq ki, Çingiz Mustafayev 2019-cu ildə İsraildə keçirilən “Avroviziya” yarışmasında Azərbaycanı təmsil edib. O, müsabiqədə 5-ci yerdə qərarlaşıb.
"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti təqdimat mədəniyyət paytaxtı Şuşanın milli qadın geyiminin əsas elementlərindən biri olan “baharı”ya həsr olunur.
Şuşanın qadın geyimləri özünün rəng əlvanlığı, biçim tərzi və tikiş̧ üslubunun mürəkkəbliyi, eləcə də tip və formalarının müxtəlifliyi ilə seçilir. Şuşada geniş̧ istifadə edilən qadın üst geyim tipindən biri də baharıdır.
Baharı çox bəzəkli üst geyimidir. Biçim üsuluna və tikiş̧ texnikasına görə küləcə ilə eyni olan baharı bəzən yaxa kəsiyinin quruluşuna (düzbucaqlı və oval), qol kəsiyinə (adətən yarımqol olurdu) və ətək biçiminə görə (ətək küləcədən qısa, arxalıqdan isə uzun olurdu) fərqlənirdi. Astarlı və sırıqlı olan baharı bahalı parçalardan (məxmər, tirmə) hazırlanır, yaxası boyvəboy açıq biçilir, ətək yanları, yaxa və qol kəsikləri küləcədə olduğu kimi bəzədilirdi.
Məxmərdən tikilən astarlı baharının yaxası açıq, qolu qısa tikilirdi. Yaxa, ətək, qol ağzı, cib, yan tikiş̧, bel kəsiyi boyunca tikmələrlə bəzədilirdi. Baharıda adətən qızılı tikmə texnologiyasından istifadə edilirdi.
Çinin paytaxtı Pekində “Azərbaycan - İnvestisiya və Ticarət İmkanları” forumu keçirilib.
Bu barədə Reporta İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən ( AZPROMO) bildirilib.
Məlumata görə, forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəsinin Aparatının və Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının təşkilatçılığı ilə Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində baş tutub. Tədbirdə iş adamları və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov, Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Çin iqtisadi əlaqələri, ölkəmizin əlverişli investisiya mühiti, yerli məhsullarımızın Çinə ixracının genişləndirilməsi imkanları haqqında məlumat verib, birgə layihələrin icrası barədə fikirlərini bölüşüblər.
Çinin Kommersiya Nazirliyinin rəsmisi Vu Pencü, Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Qao Yuanyuan, Çin Beynəlxalq Ticarət və İqtisadi Əməkdaşlıq Akademiyasının Avrasiya Tədqiqat İnstitutunun direktoru Lyu Huaçin, Çin Sənayesinin Xarici İnkişaf Assosiasiyasının baş katibinin müavini Can Honq, Azərbaycan Şərabçılığının (Çin) Təşviqat Mərkəzinin direktoru Huan Yüton, Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Çin üzrə nümayəndəsi Eko Cao Çin şirkətlərinin Azərbaycandan olan tərəfdaşları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb, əlaqələrin inkişafı imkanlarını qeyd ediblər.
Forum çərçivəsində “Made in Azerbaijan” brendinin keyfiyyətli və rəqabətqabiliyyətli qida və içki məhsulları və ölkəmizin turizm potensialı barədə təqdimatlar keçirilib.
Tədbirdə əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb və Çin şirkətlərininin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonu moskvalı tamaşaçılara “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filmini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, “Mədəniyyət körpüləri: Rusiya-Azərbaycan” filminin təqdimatı sentyabrın 10-11-də “Maket Moskvı” (“Moskvanın maketi”) pavilyonunda keçiriləcək.
Bu ekran əsərində Rusiya ilə Azərbaycan arasında dərin mədəni və tarixi əlaqələrdən bəhs edilir. Film Moskvanın mərkəzində əslən Azərbaycandan olan görkəmli şəxsiyyətlərlə bağlı tarixi məkanlara virtual ekskursiya təsiri bağışlayır. Bu film iki pavilyonun müştərək layihəsidir.
Filmin təqdimatı sentyabrın 10-da saat 14:10-da “Maket Moskvı” pavilyonunda olacaq.
Sentyabrın 9-da Sabunçu rayon Mərkəzi Kitabxanasında Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Elçin Əhmədov tərəfindən “Müasir dövrdə kitabxana-informasiya fəaliyyətinin nəzəri və təcrübi məsələləri” mövzusunda treninq təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, treninq Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şöbə müdirlərinin iştirakı ilə keçiriləcək.
Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İranının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixinin, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfə vurğulanıb, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub. Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, kino həftələrinin, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrinin qorunması və digər birgə tədbirlərin görülməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları tərəfindən Milli Qəhrəman, şəhid Məhərrəm Seyidov haqqında məlumat hazırlanıb
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, məlumatda M.Seyidovun həyat yolu və döyüş şücaətlərindən söhbət açılıb. Qeyd edilib ki, 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olan Məhərrəm Mirəziz oğlu Seyidov Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlayıb. O, Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışıb. Milis kapitanı idi.
1990-cı il yanvarın 16-da erməni silahlı birləşmələri Kərki kəndində öz azğın əməllərinə başladıqları zaman təhlükə barədə Şərur rayon Daxili İşlər Şöbəsinə məlumat daxil olur və bir qrup polis əməkdaşı hadisə yerinə göndərilir. Məhərrəm Seyidov da bu sırada idi. Yanvarın 18-də Sədərəyə yaxın postlarda qanlı döyüşlər gedirdi. Düşmən böyük itki vermişdi, lakin geri çəkilmək istəmirdi. 1990-cı il yanvarın 19-da Sədərəyin müdafiəsi təmin olunsa da, kapitan Azər Seyidov mühasirəyə düşmüşdü. Onu azad etmək üçün Məhərrəm döyüşə atılır. M.Seyidov çətinliklə də olsa, öz döyüş yoldaşını mühasirədən çıxarmağına baxmayaraq, özü qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Qeyd edək ki, M.Seyidov ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə də təltif olunub. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Şərurda M.Seyidovun adına küçə və tuncdan büstü də var. 2 nömrəli Şərur şəhər orta məktəbi onun adını daşıyır.