Noyabrın 26-da Heydər Əliyev Sarayında məşhur rusiyalı pianoçu Yevgeni Qrinko konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, gənc və istedadlı Yevgeni Qrinko sosial şəbəkələrdə “Vals” solo kompozisiyasına çəkdiyi video sayəsində bir neçə gün ərzində məşhurlaşıb. Bəstəkarın musiqisini rus filmlərində, hətta türk kinosunda da dinləmək olar. Onun incə ritmli, bir qədər dramatik kompozisiyaları insanın hisslərinə təsir edərək, heç kəsi bu musiqiyə laqeyd qoymur.
Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, ITOCHU Korporasiyasının sədr müavini Yoşihisa Suzukinin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.
Report bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, görüşdə ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına önəm verildiyi, iqtisadi əməkdaşlığın genişləndiyi qeyd edilib, ticarət tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Sənaye, rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, turizm, bərpa olunan enerji və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb.
Tərəflər iqtisadi, xüsusi ilə ticarətin və investisiya qoyuluşlarının artırılması, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.
Müştərilərilərinə hər zaman innovativ həllər təklif edən "Yelo Bank" Google Pay təmassız ödəniş xidmətini istifadəyə verib. Artıq üzərinizdə nağd pul və ya kart daşımağa ehtiyac yoxdur. "Android" və "Wear OS" əməliyyat sistemləri əsasında işləyən elektron cihazlar (smartfon, ağıllı saat) vasitəsilə ödənişlərinizi çox rahat edə bilərsiniz. Bunun üçün sadəcə cihazı POS-terminala yaxınlaşdırmaq kifayətdir. "Google Pay" ilə ödənişlər market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və təmassız ödəniş olan hər yerdə keçərlidir.
"Yelo Visa" kartarını "Google Pay"də aktivləşdirmək olduqca sadədir. Bunun üçün elektron cihazınıza "Google Wallet™" tətbiqini yükləyib, təlimatlara əsasən "Yelo Visa" kartınızı əlavə etməyiniz kifayətdir. "Google Wallet" cüzdanında kart məlumatı cəmi bir dəfə daxil edilir.
Elektron cihazı kiliddən açmaq üçün üz tanıma, barmaq izi, şifrə kimi funksiyalar sayəsində "Google Pay" ilə ödənişlər sürətli olmaqla bərabər, təhlükəsizdir. Xüsusi tokenizasiya texnologiyası ilə ödəniş zamanı bank məlumatları smartfonda saxlanılmır və ya qarşı tərəfə ötürülmür.
Qeyd edək ki, "Google Wallet"dən istifadə üçün smartfonun təmassız ödəniş texnologiyasını (NFC) dəstəkləməsi və Android 6.0. və daha yuxarı yeniləmə olmağı kifayətdir.
Sentyabrın 14-də London şəhərin tarixi məkanlarından biri olan “Regent Street Cinema”da Əməkdar rəssam Mehriban Əfəndinin əsərləri videoinstalyasiya formatında nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan-Amerika yazıçısı və bəstəkarı Ella Leyanın rejissorluğu ilə çəkilən “Leylanın skripkası” qısametrajlı bədii filminin təqdimatı çərçivəsində həyata keçiriləcək.
“Monako Film Festivalı”nda “Angel” mükafatının qalibi olan “Leylanın skripkası” geniş ictimaiyyətə Azərbaycanın Britaniyadakı səfirliyinin sponsorluğu, Diasporla İş üzrə Dövlət Komitəsini və Amerika Yəhudi İcmasının dəstəyi ilə təqdim olunacaq.
Filmdə baş rolları gənc Hollivud aktrisası Sofiya Rossinski və məşhur azərbaycanlı skripka ustası Sabina Rakçeyeva canlandırıb. Ekran əsərini Azərbaycan şairi Nigar Həsənzadə səsləndirib.
Filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Tbilisi prospektində təmir işlərini yekunlaşdırıb.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir işləri prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər uzunluğu 1 630 metr olan hissəsində hər iki istiqamət üzrə aparılıb.
Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılıb.
Belə ki, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 39 260 kvadratmetr sahədə təmir işləri aparılıb.
Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftəsonları icra olunub. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilib. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq, zəruri hallarda iki növbəli iş qrafiki tətbiq edilib.
Təmir işləri icra olunan müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ərazidə hərəkətin təhlükəsizliyini və faziləsizliyini təmin edib.
Aparılan təmir işləri bitəndən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospekt müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri işləri icra olunur. Bu çərçivədə Tbilisi prospekti ilə yanaşı artıq II Alatavanın 2 kilometr uzunluğa malik daxili yolları və 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov küçəsinin də təmiri yekunlaşıb.
2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3,5 kilometr olan küçələrdə təmir işləri aparılıb.
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Seyid Şuşinskiyə həsr olunub.
Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. O, 1889-cu il aprelin 12-də dünyaya göz açıb. İlk təhsilini mədrəsədə alan Seyid, dini mərasimlərdə və xalq şənliklərində çıxış edib. Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühiti həlledici rol oynayıb.
Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta məşhur xanəndələri heyran qoyub. Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin böyük əməyi olub. O, Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudarmış.
Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı. Seyid həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, “Mənsuriyyə”ni eyni şövqlə oxuyarmış. O, öz ifaçılığında klassik şairlər - Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edib. Seyid 1911-ci ilədək Şuşada yaşamışdı.
O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapıb. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edib. “Molla Nəsrəddin” jurnalının bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərib.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Seyid Şuşinski musiqi təhsil ocaqlarında muğam dərsləri deyib, gənc nəslə muğamın sirlərini öyrədib. Görkəmli bəstəkar Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi Seyid Şuşinskinin böyük köməyi olub.
Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, Xalq artisti, Əməkdar müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb.
Görkəmli xanəndə 1965-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə başlanan “Polşa kino günləri”nin açılış filmi “Balkondan” tammetrajlı sənədli filmi olacaq. Sentyabrın 6-da Azərbaycan kinoteatrında nümayiş olunacaq filmin rejissoru sənədli film ustası Pavel Lozinskidir.
AZƏRTAC xəbər verir ki, 2021-ci ildə “Locarno Beynəlxalq Film Festivalı”nda “Tənqid həftəsi” (“Semaine de la critique”) bölməsində Qran-Pri qazanan filmdə rejissor öz balkonundan insanlara nəzər salır. Gülərüz, kədərli, bir sözlə, müxtəlif xarakterə malik insanlar onun gözləri qarşısından keçir. Müəllif onları dayandırır, danışdırır, həyatları ilə maraqlanır. Rejissor balkonunda kamera ilə iki ildən artıq dayanaraq, oranı müzakirə, etiraf etmə məkanına çevirir. “Balkondan” filmi, demək olar ki, kino tarixinin başlanğıcına radikal dönüşdür, çünki burada insanlar kameranı ilk dəfə görürmüş kimi ona maraq göstərir.
Xalq artisti Siyavuş Aslanın anadan olmasından 87 il ötür
Onun milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələri, çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Əvəzolunmaz sənətkarın təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələri bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirilib. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi bacarıb. Xalq artisti, unudulmaz sənətkar Siyavuş Aslan yaratdığı obrazlarla cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilib.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan görkəmli aktyor zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Siyavuş Aslanın anadan olmasının 87-ci ildönümü tamam olur.
Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958–1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984–1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə edib, çıxışlarını teatrsevərlər və kinosevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarıb.
Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Siyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb. Siyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbidir.
Onun üçün oynaya bilməyəcəyi rol yox idi. O, “Hamlet”, “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran” , “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı” və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib.
Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şərəf”, “Şöhrət” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
2013-cü ilin iyunun 27-də dünyasını dəyişən unudulmaz sənətkarımız Siyavuş Aslan yaratdığı parlaq obrazlar qalereyası ilə sənətsevərlərin qəlbində, o cümlədən teatrımızın, kinomuzun tarixində əbədi olaraq qalacaq.
"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri Şuşa şəhərinin Ocaqqulu küçəsində yerləşən Zöhrabbəyovun evinə həsr olunub.
Evin sahibi Şuşanın məşhur soylarından biri Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Mirzə Əkbər bəy dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.
Ev XIX əsrdə, Arran memarlıq məktəbi üslubunda inşa edilib. Memarı Kərbəlayı Səfixan Qarabağidir.
Evin tikintisi üçün Abbasqulu bəy Türkiyədən, İrandan gözəl ustalar dəvət etmişdir. 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib. Hər mərtəbədə 200-250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarlı aşbazxana və digər otaqlar var idi.
Sonralar Abbasqulu bəyin evi müsadirə edilir, özü isə ailəsi ilə birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib.
Erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. İşğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb.
Bakıda və Abşeron yarımadasında sentyabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Reporta verilən məlumata görə, gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 % olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.