Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Anar Kərimov: “Qarabağı yenidən quracağıq”

    "Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihəsi Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlib".

    Report xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin bağlanış mərasimində çıxışı zamanı deyib.

    Nazir qeyd edib ki, bu yaradıcı düşərgəni dünyanın bütün ölkələrində gerçəkləşdirmək istəyirik:

    "Bu il sözügedən layihə Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirildi. Ağdam, Şuşa və digər bölgələrdə mədəni abidələrimiz dağıdılsa da, biz Qarabağı yenidən quracağıq. Çalışırıq ki, bölgədə sülhün yaradıcısı olaq. Əziz rəssamlar, işğaldan azad edilən rayonlardan, eləcə də Qarabağdan ilhamlanıb rəsmlər ərsəyə gətirməklə bizim mədəniyyət elçilərimizə çeviriləcəksiniz".

    A.Kərimov vurğulayıb ki, burada olarkən gənc rəssamlar Azərbaycan xalqının sülhsevər və qonaqpərvər bir xalq olduğunun şahidi oldu:

    "Şadam ki, UNESCO tərəfindən yaradılan bu layihə gələcəkdə Şuşanı dünya mədəniyyətinin böyük bir mərkəzinə çevirəcək".

  • “Sevimli Gülzar nənə” adlı viktorinaya start verilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Sevimli Gülzar nənə” adlı viktorinaya start verib.

    İdarədən AZƏRTAC-a bildirilib ki, viktorina bütün uşaqların sevimlisi uşaq yazıçısı Gülzar İbrahimovanın yaradıcılığına həsr edilib.

    Qeyd edilib ki, viktorina çərçivəsində kitabxanaya gələn azyaşlı oxuculara Gülzar İbrahimovanın qələmə aldığı əsərlər haqqında suallar veriləcək, sualları doğru cavablandıran qalibə G. İbrahimovanın “Bir zalım padşahın nağılı” kitabı təqdim olunacaq.

  • Günün fotosu: Azad Laçın şəhəri Dövlət bayrağımızın fonunda

    Məşhur fotojurnalist Reza Deqati Azərbaycanın nəzarətinə keçən Laçın şəhərində çəkilişlər aparıb.

    Tanınmış fotojurnalistin AZƏRTAC-a təqdim etdiyi fotoda Dövlət bayrağımızın azad Laçın şəhərinin ecazkar mənzərəsi fonunda dalğalandığı görünür.

    Qeyd edək ki, Reza Deqati Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizə müntəzəm səfərlər edir, erməni vandalizminin izlərini obyektivin yaddaşına köçürərək dünya ictimaiyyətinin diqqətinə çatdırılması işinə mühüm töhfələr verir.

  • Tarix-memarlıq abidələrinə müdaxilələrlə bağlı operativ monitorinq tədbirlərinə başlanılıb

    Sentyabrın 1-dən etibarən paytaxtda tarix-memarlıq abidələrinin fasadına, ümumi eksteryerinə, interyerinə, bir sözlə ilkin görünüşünə edilən müdaxilələrlə bağlı operativ monitorinq tədbirlərinə başlanılıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

    Qeyd olunub ki, istənilən qanunsuz və iznsiz müdaxiləyə qarşı ən sərt formada tədbirlər həyata keçiriləcək.

    “İcra prosesi ilə bağlı protokol tərtib ediləcək, cərimələr müəyyən ediləcək və əlavə qanunsuz müdaxilələr nəticəsində dəyən zərər aradan qaldırılacaq. Məqsədimiz heç bir fiziki və ya hüquqi şəxsi cərimələmək olmasa da, çevik tədbirlər üçün SOS təbilini elan etmək zamanı yetişib”, - məlumatda vurğulanır.

  • Bakı metrosundakı ventilyatorların 1/3-i dəyişdiriləcək

    "Bakı Metropoliteni" QSC-nin 121 güclü ventilyatoru var ki, onlardan da 39-nun dəyişdirilməsi nəzərdə tutulub.

    Bunu  Reporta açıqlamasında qurumun Elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

    "Artıq 17 vintelyator dəyişdirilib. Hazırda "Xətai" stansiyasında - 26-cı şaxtada 2 ədəd 55 kilovatlıq "VOM-20" vintelyatoru quraşdırılır. Bundan başqa, "Həzi Aslanov - Əhmədli" mənzilində - 51-ci şaxtada, tuneldə 1 ventilyator, "Neftçilər-Qara Qarayev" mənzilində - 45-ci şaxtada, tuneldə də 1 ventilyator quraşdırılacaq. Bir şaxtada iki ventilyator olur. Onların ikisini də birdən sökmək olmaz. Növbə ilə köhnə ventilyator demontaj olunub çıxarılır və onun yerinə təzə işlək ventilyator qoyulur", - o qeyd edib.

    N.Abdullayevin sözlərinə görə, bu il ölkəyə Rusiyanın "Ventprom" şirkətinin istehsalı olan 6 ventilyator gətirilib və daha 6-sının gətirilməsi nəzərdə tutulub. Gələn il isə 6-10 ədəd ventilyatorun gətirilməsi planlaşdırılır.

  • Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zəngilan rayonunun Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb.

    Bu barədə Reporta TƏBİB-dən məlumat verilib.

    Tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Poliklinikası (Nərimanov rayonu) və 12 saylı Şəhər Poliklinikasında (Sabunçu rayonu) aparılır.

    Ümumilikdə, 25 ailənin (125 nəfər) biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçirilir.

    Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır.

    Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürüləcək şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Təbrizli məhəlləsi

    “Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri Şuşa şəhərinin 17 məhəlləsindən biri olan Təbrizli məhəlləsinə həsr edilib.

    Yüz illərdən bəri Qarabağın qəlbi sayılan Şuşanın özəlliklərindən biri də şəhərin tarixi ayrı-ayrı məhəllələrdən ibarət olmasıdır. Şuşa şəhəri yarandığı vaxtdan etibarən yeni-yeni məhəllələrlə genişlənməyə başlayıb. Bu formalaşma XIX yüz ili əhatə edən üçüncü mərhələ ilə başa çatıb. Bu tarixdə şəhərin dağlıq qərb hissəsində yeni 17 məhəllə salınmışdı.

    Pənahəli xanın hakimiyyət dövründə Şuşanın ilk böyük və qədim məhəlləsi olan Təbriz məhəlləsində əhalinin çox hissəsini Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edirdi. Qarabağın bir çox şairləri də bu məhəllənin sakinləridir. Həmin şairlərdən Ağa Hüseyn Arif, Abdulla Canızadə, Süleyman Faxir, Əbdül Şahin, Mirzə Nəcəfqulu Şəms-Zakir, Fərruxi və başqalarının adını çəkə bilərik. Təbrizli məhəlləsinin sakinləri Qarabağ mədəniyyətinə təkan verdilər.

    Təbrizli məhəlləsinin sakini, iki dünyəvi məktəbdə müəllim olan Əbdüləli Muxtarovun Azərbaycanda maarifçiliyin yaranmasında böyük rolu var.

    Bu məhəllənin bünövrəsi qoyulana qədər Qarabağda Xudadad adı yox idi. Qarabağa bu adı Təbrizdən gətirilib. Ad daşıyıcılardan biri Xudadad xan Dünbili Təbrizin hakimi olmuşdu. Məhəllə sakinlərindən biri bu adı öz oğluna qoymuşdu. Şuşa şəhərinin digər məhəllələrində tanınmış birisini çağıranda adının sonuna, Təbrizli məhəlləsində isə önünə ağa sözü əlavə edilirdi.

    Ümumiyyətlə, Şuşanın başqa məhəllələri kimi, Təbrizli məhəlləsi də şəhərin tarixinin ayrılmaz hissəsini təşkil edir.

  • Bakı-Sumqayıt qatarının hərəkət qrafiki müvəqqəti dəyişdirilir

    Biləcəri – Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarların qrafiklərində müvəqqəti dəyişikliklər ediləcək.

    Bu barədə Reporta "Azərbaycan Dəmir Yolları "QSC-dən bildirilib.

    Məlumata görə, sentyabrın 3-ü saat 09:00-dan sentyabrın 8-i saat 19:00-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtı yeni qrafiklə olacaq.

    Aparılan təmir işləri Bakıdan Gəncəyə yola düşən sürət qatarının hərəkət qrafikinə təsir etməyəcək. Lakin Gəncədən Bakıya gələn sürət qatarı 10 dəqiqə gecikmə ilə ünvana çatacaq.

    Təmir işləri ilə əlaqədar olaraq Bakı istiqamətində hərəkət edən Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarına və Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə müvəqqəti olaraq Biləcəri stansiyasının meydan tərəfdəki deyil, əks tərəfdəki platformasında aparılacaq.

  • Azərbaycanlı musiqiçilər Gürcüstanda keçiriləcək beynəlxalq musiqi festivalında iştirak edəcəklər

    Gürcüstanda ənənəvi olaraq hər il keçirilən beynəlxalq klassik musiqi festivalı - “Tsinandali - 2022” bu il sentyabrın 2-də başlayacaq.

    AZƏRTAC xəbər verir ki, klassik musiqi festivalında Gürcüstan musiqiçiləri ilə yanaşı, Azərbaycan, Ukrayna, Türkiyə, Qazaxıstan və Ermənistan musiqiçiləri iştirak edəcəklər.

    Festival sentyabrın 2-də Kaxeti bölgəsinin Tsinandali kəndindəki knyaz Çavçavadze adına konsert sarayında keçiriləcək.

    Sentyabrın 11-də başa çatacaq musiqi bayramında dünya miqyaslı dirijorların rəhbərliyi ilə müxtəlif ölkələrin klassik və bəstəkar mahnıları də səslənəcək.

  • Muğam Mərkəzində “Sazın-sözün Butası” adlı konsert təşkil olunacaq

    Oktyabrın 3-də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Sazın-sözün Butası” adlı konsert proqramı təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, konsert proqramı tanınmış şair Səadət Butanın yaradıcılığına həsr ediləcək.

    Konsertdə tanınmış saz-söz adamları, muğam ustaları çıxış edəcəklər. Biletləri şəhərin kassaları və iticket.az saytından əldə etmək olar.