Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı ”: Məhluqə Sadıqova

    “Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı ” adlı layihə davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri unudulmaz teatr və kino xadimi, Xalq artisti Məhluqə Sadıqovaya həsr olunub.

    Məhluqə Ələsgər qızı Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində doğulub. Beş il buradakı 1 nömrəli qız məktəbində təhsil alıb. 1930-cu ildə ailəsi Bakıya köçür və Məhluqə xanım 6 nömrəli məktəbdə orta təhsilini davam etdirir.

    O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub.

    Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb.

    Məhluqə xanım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

    O, 40 ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin aparıcılarından biri olub. “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində filmlərin səsləndirilməsində yaxından iştirak edib.

    Məhluqə Sadıqovanın sənətdə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

    Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

  • "Vinni Pux: Qan və Bal" qorxu filminin treyleri yayımlanıb

    “Dread Central” studiyasının istehsalı olan "Vinni Pux: Qan və Bal" qorxu filminin tizer-treyleri yayımlanıb.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ekran əsərində məşhur axmaq qoca ayı Vinni Pux və onun donuz dostu Pyataçok hekayənin bu versiyasında əsl sadist manyaklara çevrilirlər.

    Layihənin rejissoru Ris Freyk-Uoterfild bu ekran əsərini əsl qorxu filminə çevirmək qərarına gəlib.

    “Əsas personajların görünüşləri yenidən işlənərək qorxu janrına uyğunlaşdırılıb. Filmin pərəstişkarları bu yeni və fərqli ekran əsərini izləyə bilmək üçün bir az səbir etməli olacaqlar”, - deyə filmin rejissoru vurğulayıb.

  • Bakının Tbilisi prospektinin bir hissəsində təmir yekunlaşıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsinin təmirini başa çatdırıb.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, uzunluğu 1 630 metr təşkil edən həmin hissənin təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətləri çəkilib.

    Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftəsonları icra olunur. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilir.

  • Britaniyada dünyanın ən böyük dəniz külək stansiyası istifadəyə verilib

    Böyük Britaniyada dünyanın ən böyük dəniz külək stansiyası işə salınıb. Şimal dənizindəki “Hornsea 2” layihəsi tam gücü ilə işləməyə başlayıb.

    Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.

    Elektrik stansiyası Yorkşirin Şərqi Ridinq qraflığının sahilindən 90 kilometr şərqdə yerləşir. Qeyd edilir ki, o, təxminən 1,3 milyon evi enerji ilə təmin edə bilər - bu, aqlomerasiyasında iki milyondan çox insanın yaşadığı Mançester kimi şəhər üçün kifayət edəcək.

    “Bu, öz təhlükəsiz enerjimizə doğru yolçuluğumuzda irəliyə doğru atılmış böyük addımdır”, - Britaniyanın istefa verən Baş naziri Boris Conson deyib.

    165 külək turbinindən ibarət olan “Hornsea 2” layihəsi uzun müddət dünyanın ən böyük dəniz elektrik stansiyası sayılmayacaq. Məsələ burasındadır ki, onlar 2023-cü ildə Şimal dənizində altı milyon evi elektrik enerjisi ilə təmin edə biləcək “Dogger Bank” stansiyasının işə salınması planlaşdırılır.

  • Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransında iştirak edib

    Çexiyanın Praqa şəhərində dünyanın müxtəlif ölkələrindən 4500-dən artıq muzey mütəxəssisinin iştirakı ilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) “Muzeylərin gücü” devizi altında 26-cı Baş Konfransı keçirilib. Üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini müvafiq mövzu ətrafında fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Tədbirdə ölkəmiz ICOM Azərbaycan Milli Komitəsinin üzvləri - Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunu müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, İçərişəhər Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Qurbanova, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü, sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və digər mədəniyyət müəssisələrindən olan böyük nümayəndə heyəti ilə təmsil olunub.

    Mədəniyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hər bir nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) müvafiq sahə üzrə üzv olduqları komitələrdə iştirak və təqdimatlarla çıxış edib. Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı Çexiya və Azərbaycan muzeylərinin təcrübə mübadiləsi və birgə sərgilərin təşkili, o cümlədən mədəni sərvətlərin ölkədən qeyri-qanuni yollarla çıxarılması və qeyri-qanuni ticarətə məruz qalma ehtimalı yüksək olan daşınar mədəni sərvətlərin növlərinin müəyyən edilməsi, təhlükədə olan daşınar mədəni sərvətlər ilə bağlı fikir mübadiləsi aparıb. ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova 2019-2021-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə ölkəmizin muzey həyatında baş verən yeniliklər, təşkil olunan tədbirlər, beynəlxalq konfranslar, pandemiya dövründə muzeylərin onlayn fəaliyyəti, 44 günlük Vətən müharibəsi zamanı muzeylər tərəfindən aparılan təşviqat kampaniyaları, Azərbaycan Milli Xalça Muzeyinin Azərbaycanda ilk inklüziv muzeyi kimi fəaliyyəti haqqında ətraflı məlumat verib.

    ICOM-un Fəlakət risklərinin idarə olunması üzrə Beynəlxalq Komitəsinin iclasında “Qarabağın timsalında müharibə və hərbi münaqişələr dövründə mədəni-tarixi abidələrin və muzeylərin dağıdılması” mövzusunda təqdimatı iclas iştirakçılarına nümayiş etdirilib. İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Geyimin ritual gücü” adlı iclasda “Qurama - Azərbaycan Xalq Tətbiqi Sənəti” adlı məruzə ilə çıxış edib. “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü Pərvin Gözəlovun Muzey, silah kolleksiyaları və hərb tarixi Beynəlxalq komitəsinin iclasında “Muzeylər hərb tarixinin qoruyucusu: Azərbaycan, Türkiyə və Rusiya muzeylərinin nümunəsində” adlı məruzəsi dinlənilib və müəllifi olduğu “Naxçıvan xanlığına məxsus üç bayraq” adlı kitabı komitə üzvlərinə təqdim edilib.

    Konfrans zamanı müasir çağırışlara cavab verən yeni muzey tərifi də konfrans iştirakçılarına və beynəlxalq muzey ictimaiyyətinə təqdim edildi: “Muzey - maddi və qeyri-maddi irsi tədqiq edən, toplayan, mühafizə edən, şərh və nümayiş etdirən, daim cəmiyyətin xidmətində fəaliyyət göstərən qeyri-kommersiya qurumudur. İctimaiyyət üçün açıq, əlçatan və inklüziv muzeylər müxtəlifliyi və davamlılığı təşviq edir. Onlar təhsil, əyləncə, düşüncə və bilik mübadiləsi üçün müxtəlif təcrübələr təklif edərək etik, peşəkar və icmaların iştirakı ilə fəaliyyət göstərir”.

    Qeyd edək ki, ICOM-un 2025-ci ildə keçiriləcək növbəti Baş Konfransına Dubay şəhəri ev sahibliyi edəcək.

  • Bakıda “Best of India” moda nümayişi keçirilib

    Bakıda Hindistan dizaynerlərinin kolleksiyalarının nümayişi - “Best of India” keçirilib.

    “Report” xəbər verir ki, Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar nümayişin qonaqlarını salamlayaraq qeyd edib ki, tədbir Hindistanın müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsinə həsr olunub.

    Müvəqqəti işlər vəkili Azərbaycan ilə Hindistan arasında sıx əməkdaşlığı yüksək qiymətləndirib, hər kəsi sentyabrın 2-dən 12-dək Bakıda keçiriləcək Hindistan mallarının ənənəvi “Best of India” sərgisində iştirak etməyə dəvət edib.

    Hindistan səfirliyi tərəfindən təşkil olunan tədbir zamanı bir sıra modelyerlər qonaqlara bu ölkənin ənənəvi qadın geyimlərini – sariləri nümayiş etdirib. Üstəlik, qonaqlara bu paltarın hazırlanması prosesi haqqında videoçarx nümayiş etdirilib. Ardından Nyu Dehlidən olan dizaynerlərin sari kolleksiyası nümayiş olunub.

  • "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı": arxalıq

    "Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimat Şuşa milli geyiminin əsas elementlərindən biri olan - arxalığa həsr olunur.

    XIX-XX əsrin əvvəllərində Qarabağ bölgəsinin qadın geyimləri kompleksində çəpkən, arxalıq, baharı, kürdü və başqa geyim tipləri daha çox istifadədə olub.

    Arxalıq adətən qiymətli parçalardan tikilir və onun tikilişində əsasən tox rənglərdən istifadə olunurdu. Al rənglərdən nə yaşlı nə də cavan qadınlar istifadə etmirdilər. Milli geyiminin bir hissəsi olan arxalıq astarlı olub, belə qədər bədənə kip biçilirdi. Beldən aşağı hissədə büzmə, yaxud müxtəlif endə qırçınlı ətək tikilirdi. Qol ağzına və yaxa kəsiyinə verilən qırçınlı büzməli əlavələr isə arxalığı daha da gözəl göstərirdi.

    Gəncə-Qarabağ bölgəsinə aid olan qadın arxalıqları qol, yaxa, və bel kəsiklərinin quruluşuna görə digərlərindən fərqlənirdi. Bu arxalıqlarda bel kəsiyi zərif qırçınlı və qısa ətəkli olurdu, təxminən 8–18 sm. İkinci qrup arxalıqlar eyni ölçülü olub əlavə ətəksiz tikilirdi. Bu arxalıqlar daha çox üst qadın geyimi sayılan çəpkəni xatırladırdı.

    Qarabağ arxalıqlarının yaxa kəsiyi "gönçə" və "meydan" formasında dairəvi olurdu. Belə yaxalıq boyunca 2 sm enində ikiüzlü qırçınlanmış əlavə parça tikilirdi. Qarabağ-Gəncə bölgəsinə aid arxalıqlar həm də "nülufər qollu" (yelparəli) olması ilə fərqlənirdilər. Dirsəyə qədər düz olan nülufər qol dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq enində qırçın əlavə edilirdi.

    Qiymətli parçalardan tikilməsi, bəzək elementlərinin zənginliyi və gözəgəlimliliyi, bədənə kip oturması və s. keyfiyyətləri Qarabağın qadın arxalıqlarını burada yaşayan başqa xalqların nümayəndələrinə də sevdirə bilmiş, onlar da bu cür arxalıq tikdirib geyməyi özlərinə fəxarət hesab etmişlər.

  • Bakının Tbilisi prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

    Bu gün saat 00:00-dan sabah saat 22:00–a qədər Bakının Tbilisi prospektinin Abbasqulu ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

    Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

  • Valideyn himayəsindən məhrum olmuş uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə tədbir təşkil ediləcək

    Sentyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçiriləcək.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir mərkəzdə reabilitasiya keçən şəhid və qazi ailələri, eləcə də Ukraynada müharibədə həlak olmuş ailələrin övladları üçün nəzərdə tutulub.

    Qeyd edək ki, cari ilin avqustun 21-də Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Ukraynadakı vəziyyətlə əlaqədar 28 uşaq və onları müşayiət edən 4 nəzarətçi Bakıya gəlib.

    Sanator-Kurort Reabilitasiya Mərkəzində 21 gün ərzində Ukraynadan 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum olmuş uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək.

  • Bu gün Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 6 il ötür

    Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 6 il ötür.

    Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.

    1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.

    O, uşaqlar üçün yazılan “Qız-ulduz”, “Pişik və Sərçə” və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.

    2010-2012-ci illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda, musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.

    Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.

    Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.